FACT-INFO.AZ » İQTİSADİYYAT » COP29-a ev sahibliyi Azərbaycana nə verəcək?
9-01-2024, 11:00 | İQTİSADİYYAT
COP29-a ev sahibliyi Azərbaycana nə verəcək?

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı İki həftə dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

COP nədir?

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib. Qeyd etmək yerinə düşər ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.

Azərbaycan və yaşıl iqtisadiyyat

COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, - deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.

Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Bu prioritetlər qəbul edilənə qədər 2020-ci il yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilə əsasında 2022-ci il yanvarın 13-də “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. 2022-ci il martın 15-də isə Bakıda “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb.

Həmçinin 2022-ci il dekabrın 15-də Azərbaycanın Energetika Nazirliyi və Avstraliyanın “Fortescue Future Industries” (FFI) şirkəti arasında ölkəmizdə bərpaolunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpaolunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 qiqavatadək layihələrin araşdırılmasını və reallaşdırılmasını nəzərdə tutur. Beləliklə, Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin təqribən 12 qiqavatı FFI şirkəti, təqribən 10 qiqavatı “Masdar” şirkəti, bir hissəsi isə “ACWA Power” şirkəti tərəfindən istehsal olunacaq.

Ötən il fevralın 3-də Bakıda keçirilən ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası ilə yanaşı, ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası baş tutub. Bu iclas Azərbaycanın bərpaolunan enerji istehsalı məsələsinə nə dərəcədə önəm verdiyini göstərir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Qərar lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib

COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.(Azərtac)




Baxış sayı: 110
Bir əsrin işığında türkologiya Bu gün, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30