FACT-INFO.AZ » CƏMİYYƏT » Görkəmli şairin anadan olmasından 108 il ötür
5-06-2016, 14:20 | CƏMİYYƏT
Görkəmli şairin anadan olmasından 108 il ötür

Onun ömür kitabını vərəqlərkən gənc yaşlarında həyatı tərk etmiş bir şairin çoxsaylı əsərlərinə heyrətlənməyə bilmirsən. Şübhəsiz, məsələ təkcə əsərlərin sayında deyil. Hər biri şedevr hesab olunmağa layiq bu əsərlərin hər misrası, hər bəndi həyatdan nakam köçmüş müəllifin özü ilə oxucusu arasında yaratdığı əbədi mənəvi körpüdən xəbər verir. O körpü ki, şairin bu günümüz üçün də müasir olan həyat ideallarını bizlərə çatdırmaqdadır. “Yenə o bağ olaydı...”, “Oxu, tar!”, “Sənə qurban”, “Sənin gülüşlərin”, “Əbədiyyət nəğməsi”, “Həyat sevgisi”, “Sənin gözlərin”, “Mənim eşqim”, “Ürək” və digər şeirlər hər birimizin qəlbinə yaxındır.

Sən onun eşqilə,məhəbbətilə,

Vurmadın ömrünü başa ürəyim,

Sevgi hədəfini nişan alanda

Dəydimi oxların daşa ürəyim!?

İyunun 5-də belə gözəl, lirik, bənzərsiz şeir-sənət nümunələrinin müəllifi, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 108 yaşı tamam olur. Lakin o, bütün zamanlarda hər bir azərbaycanlının düşüncəsində gənc, coşqun, qəlbi həyat eşqi ilə dolu, eyni zamanda, sözün qədrini bilən, hadisələrə fəlsəfi yanaşan müdrik şair olaraq qalmaqdadır.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli iki dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. Son iş yeri isə indi Mikayıl Müşfiqin adını daşıyan Bakı şəhərindəki 18 nömrəli orta məktəb olub.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:

Yazmaram ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa;

Burdaca el durub məndən sordu ki:

Gözdən yaş çıxarmı ürək yanmasa?

Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”

“Özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim” yazan Mikayıl Müşfiq dahi şairin yaradıcılığından yaradıcı şəkildə bəhrələnib.

Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.

Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.

Mikayıl Müşfiq yaradıcılığında humanizm əsas aparıcı xətdir. Şairin fəal vətəndaş mövqeyi hər zaman özünü göstərir. “Dilənçi” şeirində “fəhlə-kəndli” cəmiyyətindəki ziddiyyətlərdən birinin – soyuq qış günündə körpə qızın dilənməsinin təsviri müəllifin mövcud rejimə etirazının bədii ifadəsidir. Onun poeziyasında insana yüksək qiymət, sevgi və digər bəşəri mövzular xüsusi yer tutur.

Demək, yer də mənim, göy də mənimdir,

Hüzurumla cahan nə bəxtiyardır

- yazan şair cahanın bəxtiyarlığını məhz onun insan qarşısında durmasında görür ki, bu da insana verilən ən yüksək qiymətin poetik ifadəsidir. Onun şerlərində irqindən, milliyyətindən asılı olmayaraq bütün xalqlar birdir.

Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.

Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.

Şair əmək, təhsil, ziyalı, səfil həyat keçirən uşaqlar, gənclərin düzgün tərbiyəsi, Vətənin görkəmli şəxsiyyətləri, sənət və sənətkar, həyat eşqi, təkliyin acı aqibəti, qadına hörmət, anaya məhəbbət və digər mövzuları poetik sənətkarlıqla işləyib. Maraqlıdır, şair çox körpə ikən anasını itirsə də, onun “Ana” şeiri poeziyamızda bu mövzuya həsr edilmiş ən yaxşı əsərlərdən biri hesab olunur:

Ana, ana!… Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.

Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında” 2007-ci il 16 aprel tarixli Sərəncamına uyğun olaraq şairin yubileyi dövlət səviyyəsində qeyd edilib, ölkəmizin hər guşəsində silsilə tədbirlər reallaşdırılıb.

Ruhun şad olsun, Müşfiq! Vaxtilə böyük uzaqgörənliklə “Oxu, tar!” harayı saldın. Bu gün ən qədim milli musiqi alətimiz nəinki bütün dünyada oxuyur, hətta tar ifaçılıq sənətimiz daha uzağa gedərək UNESCO–nun Bəşəriyyətin Qeyri–maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Biz bir vaxtlar Mikayıl Müşfiqin təşnə olduğu bu uğura Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gərgin zəhməti, yorulmaz fəaliyyəti sayəsində çatmışıq.(AZƏRTAC)

 

 




Baxış sayı: 1 991
“Milli iqtisadi inkişafda yeni idarəetmə mexanizmi: hərəkətverici qüvvələr və istiqamətlər” Bu gün, 15:00 Vaşınqton konfransı - “Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” Bu gün, 11:00 Naxçıvanda regional iqtisadiyyatı inkişaf etdirmək üçün görülən işlər Bu gün, 11:00 Tramp İrana qarşı dəhşətli sanksiya və iqtisadi müharibənin başlandığını elan etdi Bu gün, 10:30 Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir - XİN Bu gün, 10:00 “Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib Bu gün, 09:00 Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun! Bu gün, 08:30 Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir - XİN Dünən, 21:00 Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir Dünən, 17:30 Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər Dünən, 16:30 Xan Şuşinskinin 125 illiyinə həsr olunmuş kitab sərgisi açılıb Dünən, 16:30 Bu ölkənin televiziyaları siyasi atmosferi çirkləndirməklə məşğul olurlar Dünən, 15:30 Rusiya və Ukrayna "103-ün 103-ə" formulunda əsir dəyişdi Dünən, 14:00 Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz Dünən, 10:30 Azərbaycan şairinin kitabı ingilis dilində çap olunub Dünən, 09:30 Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 09:00 DSX Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirib 18-08-2026, 19:30 ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib 18-08-2026, 18:30 “Professor Kamil Vəli Nərimanoğlu - 80” adlı sərgi təqdim olunub 18-08-2026, 15:00 Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb 18-08-2026, 14:00 İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər 18-08-2026, 12:00 Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb 18-08-2026, 12:00 Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar 18-08-2026, 11:30 TRT-nin “Azərbaycan rüzgarı” proqramı Xalq artisti Elza İbrahimovaya həsr olunub 18-08-2026, 09:30 Ərdoğan ilə Tramp arasında telefon danışığı olub 18-08-2026, 08:30 Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib 18-08-2026, 08:00 Müslüm Maqomayevin xatirəsi yad edilib 17-08-2026, 19:00 Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var 17-08-2026, 18:30 Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər 17-08-2026, 17:30 Azərbaycan əhalisinin sayı açıqlandı 17-08-2026, 17:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31