Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətlərin daha da inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynayıb. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında “Şərq-Qərb” enerji dəhlizinin mühüm qolunu təşkil edən və ümummilli lider Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib. Bu hadisə Ümummilli Liderin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzilərinin inanmadığı üç dəniz əfsanəsinin reallığa çevrildiyi gün kimi tarixə düşüb. Regionda əməkdaşlığın genişlənməsi istiqamətində növbəti addım 2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri tərəfindən Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı sənədin imzalanması olub.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir.
Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərini daha da möhkəmləndirməsi dövlətimizin xarici siyasətinin mühüm istiqamətidir. 2010-cu il avqustun 16-da “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”nin, eləcə də “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” nin imzalanması mühüm əhəmiyyət kəsb edir. Heç şübhəsiz, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sənədin imzalanması çox düzgün və gələcəyə hesablanmış bir addım oldu.
Azərbaycanın geostrateji mövqeyi Avropanı Asiya ilə birləşdirən körpü olmağa nadir imkan yaradır. Bu baxımdan, 2007-ci ildə təməli qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın Türkiyə ilə birləşdirilməsini nəzərdə tutan layihədir. Bu dəmir yolu sayəsində artıq Avropa Anadolu və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşir.
Qeyd etmək lazımdır ki, “Dəmir İpək Yolu” adlanan Bakı-Tbilisi-Qars layihəsi Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük əhəmiyyət daşıyır. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edib. Bakı-Tbilisi-Qars dəmir yolu Ermənistanın təcridini dərinləşdirməklə yanaşı, bu təcavüzkar dövlətin işğalçılıq siyasəti ilə təcrid edilməyə çalışılan Naxçıvanın daha etibarlı dəmir yolu şəbəkəsi vasitəsilə Bakı ilə birləşməsi üçün də mühüm imkan yaradır. Belə ki, gələcəkdə Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin də çəkilməsi ilə Ermənistanın təcrid etməyə çalışdığı Naxçıvan Qars vasitəsilə Azərbaycanın digər əraziləri və Avropa ilə fasiləsiz dəmir yolu əlaqəsi qura biləcək. 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın beynəlxalq tranzit və logistika mərkəzinə çevrildiyini bir daha sübut etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 24-25-də Türkiyə Respublikasına səfəri iki dost və qardaş dövlətin gələcək əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci toplantısı keçirildi. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunaraq “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu” və iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair 5 sənəd imzalandı. Bununla yanaşı, 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi iki dost və qardaş dövlətin münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir.
2018-ci il iyulun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi səfəri zamanı iki dövlət başçısı mətbuata bəyanatlarla çıxışlarında müasir dövrdə Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək zirvədə olduğunu bildirdilər. Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş dövlətin bütün məsələlərdə bir yerdə olduğunu, bütün beynəlxalq məsələlərdə bir-birini daim dəstəklədiyini vurğuladı. Xüsusilə, Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycana böyük dəstək göstərdiyini vurğulayaraq qeyd etdi ki, dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir. Türkiyənin bu məsələ ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına uyğundur və eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığına, dostluğuna əsaslanır. Azərbaycan da öz növbəsində, bütün məsələlərdə daim Türkiyəni dəstəkləyir. Bizim birgə fəaliyyətimiz bundan sonra da davam etdiriləcəkdir”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan əlaqələrinin “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf etdiyini diqqətə çatdıraraq bildirdi ki, TANAP layihəsi təkcə Azərbaycan-Türkiyə əlaqələri deyil, eyni zamanda, Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir və bizi ciddi mənada maraqlandırır və bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda, strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. Türkiyə Respublikasının Prezidenti qeyd etdi ki, digər bir məsələ isə, xüsusilə, Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə olaraq əlimizdən gələni etdik. Bu məsələni daim diqqət mərkəzində saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik.
2018-ci il sentyabrın 15-də keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövlətin 100 il bundan əvvəl olduğu kimi, hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyev paradda çıxışında bir-birinə bu qədər yaxın, bu qədər bir-birinə arxa-dayaq olan Azərbaycan və Türkiyə kimi dünyada ikinci belə nümunənin olmadığını bildirərək deyib: “Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. Türkiyə böyük iqtisadi gücə sahib bir ölkədir. Təsadüfi deyil ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulur. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. Türkiyənin dünya miqyasında çox güclü ordusu var. O, dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir”.
Dövlət başçısı İlham Əliyev yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakının işğalçılardan azad edildiyini bildirərək qeyd etdi ki, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik: “Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır. Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında iki qardaş dövlətin hər zaman bir-birinə dəstək olduqlarını vurğulayaraq bildirdi ki, Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyub. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikasının olmasının heç də təsadüfi olmadığını qeyd edən Rəcəb Tayyib Ərdoğan deyib: “Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik”.
Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik sözlərini diqqətə çatdıraraq bildirib: “Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir Vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir”. Türkiyə əsgərlərinin bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd etdiyini bildirən Türkiyə dövlətinin başçısı bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyini vurğulayaraq bu bayramın gələcək nəsillərə ötürəcəyimizin ən böyük ərməğan olduğunu diqqətə çatdırdı.
Tariximiz, soyumuz, mədəniyyətimiz bir olan iki dövlət kimi dəyərləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, Qafqaz İslam Ordusu bundan yüz il əvvəl qardaşlarını zülmdən xilas etmək üçün Azərbaycana gedərkən bu düşüncə ilə hərəkət emiş və 1918-ci ildə apardığı, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da rol oynayan mübarizəsi bugünkü Azərbaycanın müstəqilliyinin təməllərinin atılmasına da töhfə vermişdir. Bununla yanaşı, Azərbaycanın illərdir qanayan yarası olan Qarabağ problemini həmişə Türkiyənin öz problemi, orada yaşanan faciələri öz faciəsi hesab etdiyini bildirib.
2020-ci il fevralın 25-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirildi. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunduqdan sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclasının Protokolu” və iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair 13 sənəd imzalandı.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bildirdi ki, Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir: “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə birdir, niyyətimiz, amalımız da birdir. Azərbaycanın Türkiyə ilə birgə həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolunun uğurla fəaliyyət göstərdiyini vurğulayan dövlət başçısı İlham Əliyev Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumunun xüsusi əhəmiyyət daşıdığını bildirdi: “Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokadada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır”.
Bu gün dünya miqyasında dost və qardaş dövlətin güc mərkəzi olduğunu bildirən Prezident İlham Əliyev qeyd etdi ki, nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi: “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, dörd bir tərəfimizdə münaqişələr, terror və asayiş problemləri yaşandığı bir vaxtda Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər. Türkiyənin dövlət başçısı qeyd etdi ki, buna görə sarsılmaz əlaqələrimiz qədər, güclü ordularımıza da borcluyuq və bu mənada istər ordularımızın həmrəyliyi, istərsə də müdafiə sənayesi sahəsində atdığımız addımlar da gələcəkdə müstəqilliyimizin ən böyük təminatı olacaqdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırdı ki, Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur: “Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik...Xocalıda insanlığın gözləri önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən biri törədilmişdir. 106-sı qadın, 63-ü uşaq olmaqla 613 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Tarixə “qara gecə” olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq”.
Qeyd etmək lazımdır ki, ki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. Buna misal olaraq, “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı - 2019” və “Heydər Əliyev - 2020” təlimlərini göstərmək olar. Bununla yanaşı, Bakıda 2018-ci ildə “ADEX-2018” və İstanbulda 2019-cu ildə “İDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan verib.
Bu baxımdan, iyul ayının sonundan Azərbaycanda başlayan genişmiqyaslı Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimləri təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib. Tərəflər arasında hərbi əməkdaşlığın digər vacib tərəfi müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsidir.
Eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təcavüzü nəticəsində yaranan gərgin hərbi vəziyyətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana son hücumlarını kəskin şəkildə qınadığını bildirib. Türkiyə Prezidenti qeyd edib ki, Dağlıq Qarabağın işğalından indiyədək bu bölgədə davam edən gərginliyin Ermənistanın sistemli hücumları nəticəsində müharibəyə çevrilməsindən narahatıq və sonuncu hücumlar Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə olunmaqla həyata keçirilib: “Heç şübhəsiz, bu hücum Ermənistanın əndazəni aşan hərəkətidir. Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın haqq və hüququnun müdafiəsi, torpaqlarına qarşı yönələn təcavüzün qarşısının alınmasında tərəddüd etməyəcək. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq və yanında olmaqda davam edəcəyik...Ermənistanın Azərbaycana qarşı hücumları zamanı azərbaycanlı qardaşlarımızı tək buraxmadıq, buraxmayacağıq. Türkiyə qardaş Azərbaycana sona qədər öz dəstəyini verəcək”.
Ümumiyyətlə, təhlil onu söyləməyə əsas verir ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, eyni zamanda ən çətin anlarda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir.
Baxış sayı: 2 625