FACT-INFO.AZ » SİYASƏT » “Enerji əməkdaşlığı siyasi formatdan azad olmalıdır”
1-03-2016, 09:25 | SİYASƏT
“Enerji əməkdaşlığı siyasi formatdan azad olmalıdır”

Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının keçirilməsinin əhəmiyyətindən danışdı, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirdi. Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlətimizin başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırdı, bu layihənin “Cənub Qaz Dəhlizi"nin reallaşmasında mühüm rol oynadığını bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”, - deyən dövlətimizin başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirdi, bir məqamı da vurğuladı ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını dedi, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirdi.

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlətimizin başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu dedi, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə etdi. “Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”, - deyən dövlətimizin başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq etdi.

Azərbaycanın energetika naziri Natiq Əliyev Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına verdiyi dəstəyin işlərin daha səmərəli həyata keçirilməsinə imkan yaradacağını vurğuladı.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Xəzər dənizinin təbii resurslarının Avropa bazarlarına çatdırılmasının əhəmiyyətindən danışdı. “Biz Avropa İttifaqı olaraq enerji təhlükəsizliyini ölkələrimiz üçün mühüm məsələ hesab edirik”, - deyən Maroş Şefçoviç Cənub-Şərqi Avropa, həmçinin Balkan ölkələrində layihəyə böyük marağın olduğunu dedi. Beynəlxalq maliyyə təşkilatlarının bu layihəyə marağını və dəstəyini yüksək qiymətləndirən Maroş Şefçoviç “Cənub Qaz Dəhlizi” layihəsinə Avropa İttifaqının dəstəyini ifadə etdi.

Qısa fasilədən sonra Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı öz işini davam etdirdi.

Energetika naziri Natiq Əliyev texniki cəhətdən mürəkkəb layihə olan “Cənub Qaz Dəhlizi” ilə bağlı ötən dövrdə görülən işlərdən danışdı, tədarük olunacaq qazın Avropa ölkələrinin təchizatında mühüm rol oynayacağını dedi. Fransa, İspaniya, İtaliya, Yunanıstan kimi iri Avropa ölkələrinin layihəyə böyük maraq göstərdiyini deyən Natiq Əliyev bu layihənin reallaşmasının yeni iş yerlərinin açılmasına imkan yaratdığını bildirdi.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak TANAP layihəsinin əhəmiyyətindən danışdı. O, “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm qolu olan TANAP-ın reallaşmasında Türkiyənin siyasi, iqtisadi və texniki dəstəyinin davam etdiriləcəyini bildirdi.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn bu layihənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını dedi. Amos Hokstayn enerji təhlükəsizliyi sahəsində mövcud çətinliklərdən və onların aradan qaldırılması yollarından danışdı. ABŞ təmsilçisi Birləşmiş Ştatların “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməkdə davam edəcəyini diqqətə çatdırdı.

Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hosker bu toplantını təşkil etdiyinə görə Azərbaycan hökumətinə təbriklərini çatdırdı. Ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsini dəstəklədiyini deyən Edmund Hosker Birləşmiş Krallıq ilə Azərbaycan arasında uğurlu işbirliyindən danışdı, bu layihənin reallaşmasında ölkəmizin rolunu vurğuladı.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı bütün işlərin cədvələ uyğun yerinə yetirildiyini bildirdi, 2016-cı ilin layihənin icrasında mühüm dövr olacağını diqqətə çatdırdı.

Transanadolu qaz kəməri layihəsinin baş meneceri Saltuk Düzyol TANAP kəməri üçün ilk qazın 2018-ci ildə tədarük olunacağını, 2020-ci ildən isə qazın axınının başlanacağını bildirdi. TANAP-ın baş direktoru layihənin texniki göstəriciləri barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi.

Sonra TANAP layihəsi ilə bağlı qazanılan nailiyyətləri əks etdirən videoçarx nümayiş olundu.

Transadriatik qaz kəməri layihəsinin icraçı direktoru İn Bradşav TAP-ın tikintisinə 2016-cı ildə başlanılacağını bildirdi. O, slaydlar vasitəsilə layihə çərçivəsində görülən işlərdən danışdı. “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev, Asiya İnkişaf Bankının özəl sektor əməliyyatları üzrə baş direktoru Tod Frilyand, Avropa İnvestisiya Bankı Qrupunun nümayəndəsi Massimo Deufemia, Avropa Yenidənqurma və İnkişaf Bankının baş rezident-əlaqələndiricisi Nil Makkeyn, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri Jan Van Bilsen “Cənub Qaz Dəhlizi"nin strateji baxımdan önəmindən danışdılar.

Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze layihənin həyata keçirilməsində bu toplantının əhəmiyyətindən danışdı, ölkəsinin “Cənub Qaz Dəhlizi"nə dəstək verdiyini bildirdi.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak qısa vaxtda layihə ilə bağlı müəyyən uğurlara nail olunduğunu və ölkəsi tərəfindən növbəti addımların atılacağını dedi.

Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral ehtiyatlar üzrə baş katibi Mixail Verroiopoulos əsas diqqəti layihə çərçivəsində şirkətlər arasında əlaqələrə çəkdi, layihənin icrası zamanı ətraf mühitin qiymətləndirilməsinə dair işlərdən danışdı.

Albaniyanın energetika və sənaye naziri Damian Gjiknuri bildirdi ki, ölkəsi enerji strukturunu təkmilləşdirmək və müasirləşdirmək niyyətindədir, bu baxımdan “Cənub Qaz Dəhlizi" Albaniya üçün xüsusi önəm daşıyır.

İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti ölkəsinin bu layihəyə dəstəyindən məmnunluğunu ifadə etdi, “Cənub Qaz Dəhlizi"nin reallaşmasının Avropa qaz siyasəti üçün önəmini vurğuladı.

Bolqarıstanın energetika naziri Temenujka Petkova birləşdirici kəmərlər, texniki-iqtisadi əsaslandırmalar barədə danışdı, ölkəsində və Yunanıstan ərazisində ətraf mühitin və mülkiyyət məsələlərinin qiymətləndirilməsi ilə bağlı işlərin görüldüyünü dedi. Layihənin icrasına dair Türkiyə ilə müştərək qrupun yaradılacağını deyən bolqarıstanlı nazir “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasının ölkəsinə öz təbii ehtiyatlarını şaxələndirməyə imkan yaradacağını diqqətə çatdırdı.

Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç Albaniya və Monteneqro ərazisində texniki dəstək məsələlərinin müzakirəsindən və bu layihənin Avropa Komissiyasının maraqlarına cavab verməsi üçün lazımi işlərin həyata keçirilməsindən danışdı.

Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Paneniç enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu deyərək bildirdi ki, bu layihə Xəzər dənizinin təbii ehtiyatlarının bir çox ölkələrə çatdırılmasına töhfə verəcək.

Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bu tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. Avropa Komissiyasının vitse-prezidenti “Cənub Qaz Dəhlizini dəstəklədiklərini vurğuladı və bu dəhlizin yalnız şaxələndirməyə deyil, enerji təhlükəsizliyi və iqtisadi-siyasi əlaqələrin gücləndirilməsi işinə töhfə olduğunu bildirdi. Bu prosesə verdiyi təkana görə Avropa İttifaqı adından Azərbaycana minnətdarlıq edən Federika Moqerini “Cənub Qaz Dəhlizi"nin Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələ olduğunu vurğuladı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayan Federika Moqerini bildirdi ki, regionda sabitliyin bərqərar olunması zəruridir və Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülhün qorunmasındakı səyləri davam etdirir.

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç aparılan müzakirələrin səmərəli olduğunu bildirdi. Qeyd etdi ki, bütün ölkələrdə layihənin gedişatı ilə bağlı tərəqqi var. “Cənub Qaz Dəhlizi"nin çox vacib regionda reallaşdırıldığını deyən Maroş Şevçoviç bu toplantını növbəti dəfə təşkil etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin yaxşı tarixi və potensialı olduğunu, xarici ticarətimizin yarısının Avropa İttifaqı ölkələrinin payına düşdüyünü bildirdi. Azərbaycanın uzun illər özünü etibarlı tərəfdaş kimi göstərdiyini qeyd edən dövlətimizin başçısı belə tədbirlərin davamlı olacağına, bundan sonra da bütün məsələlərin öhdəsindən uğurla gəlinəcəyinə əminliyini ifadə etdi. Layihəni dəstəkləyən ölkələrə, xüsusilə ABŞ-a minnətdarlığını bildirən Prezident İlham Əliyev imzalanacaq Bəyannamədə Azərbaycanın strateji rolunun xüsusi qeyd olunacağını bildirdi. “Cənub Qaz Dəhlizi" iri infrastruktur layihəsidir”, - deyən dövlətimizin başçısı onu güclü əməkdaşlıq layihəsi kimi xarakterizə etdi. Layihə iştirakçıları olan ölkələr arasında əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, bu, səmimi əməkdaşlıq və açıq tərəfdaşlıq layihəsidir. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu diqqətə çatdıran dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyini bildirdi. Azərbaycanın neft tarixindən danışan Prezident İlham Əliyev bildirdi ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin neft və qaz sahəsində geniş beynəlxalq əməkdaşlıq şəbəkəsini yaradıb.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının işğalçıların torpaqlarımızdan çıxması ilə bağlı 4 qətnamə qəbul etdiyini, münaqişənin hələ ki, həllini tapmadığını, bütün çətinliklərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini vurğuladı, ölkəmizin iri layihələr icra etdiyini, şaxələndirilmiş neft-qaz kəmərlərinə malik olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayaraq toplantı iştirakçılarını gələn il Məşvərət Şurasının üçüncü toplantısına dəvət etdi.

Sonra “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Birgə Bəyannaməsi imzalandı.

Sonda xatirə şəkli çəkdirildi.

Bununla da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işini başa çatdırdı.




Baxış sayı: 1 841
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031