FACT-INFO.AZ » SİYASƏT » Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilib
4-05-2020, 19:55 | SİYASƏT
Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilib

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev Zirvə görüşündə açılış nitqi söyləyib.

O deyib ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Prezident bunun Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə Görüşü olduğunu qeyd edərək ölkənin sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onun təşəbbüsü ilə aprelin 10-da COVID-19-a qarşı təşkil edilən Zirvə Görüşünü xatırladıb.

Zirvə görüşündə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verərək vurğulayıb ki, pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Ölkədə həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Son üç həftə ərzində Azərbaycanda xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında müsbət dinamika yaranıb.

Prezident İlham Əliyev pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün görülən işlərdən də danışıb, bu məqsədlə 3.5 milyard manat məbləğində sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu bildirib.

Sammitdə dövlət başçısı qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb.

Sonra BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande çıxış edərək deyib ki, heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz. Biz BMT olaraq çox böyük məmnunluqla bu kimi təşəbbüsləri dəstəkləyirik və istəyirik ki, COVID-19 virusunun yayılmasının qarşısını alaq. Biz istərdik ki, həmçinin bütün dövlətlər, millətlər arasında olan bərabərsizlik aradan qaldırılsın.

Daha sonra BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub. Baş katib bu təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. Müraciətdə vurğulanıb ki, bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdəikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxışında Azərbaycanın təşkilata verdiyi dəstəyi yüksək dəyərləndirib. O, Azərbaycan hökumətinə və xalqına ÜST-yə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkür edib, həmçinin təşkilata əlavə olaraq 5 milyon dollar həcmində yardım göstərdiyi üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Baş direktor pandemiya ilə mübarizədə qlobal həmrəyliyin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq deyib ki, səylərimizi bütün cəmiyyət səviyyəsində müxtəlif sahələri əhatə edən, çoxtərəfli fəaliyyətə əsaslanan uzunmüddətli hazırlığa yönəltməliyik.

Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat da Zirvə görüşünün təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edərək bildirib ki, pandemiyaya qarşı mübarizədə Qoşulmama Hərəkatının oynadığı rol danılmaz və əhəmiyyətlidir. BMT ilə olan işgüzar münasibətlərimiz bizdən onu tələb edir ki, biz əl-ələ verib birgə addımlayaq. Bu virusa qarşı bütün dünya miqyasında aparılan mübarizəyə gəldikdə, istənilən hər hansı siyasi sərhədləri, hər hansı bir ideologiyanı, məfkurəni kənara qoymalıyıq. Biz nümayiş etdirməliyik ki, biz birgə işləməklə necə böyük ülvi məqsədlərə xidmət edən dövlətlərik.

Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətində COVID-19-un dünyanın müxtəlif guşələrinin biri-birinə nə dərəcədə bağlı olduğunu göstərdiyini, bunun oyanış üçün qlobal çağırış olduğunu qeyd edib. O, Qoşulmama Hərəkatının Zirvə görüşünün çağırılması təşəbbüsünü alqışlayaraq deyib ki, pandemiyanın məğlub edilməsi qlobal yanaşmanı və əlaqələndirilmiş cavab tədbirlərini tələb edir.

Sammitdə 40-dan çox üzv ölkənin dövlət və hökumət başçıları da çıxış ediblər.

Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilib.

Bu Zirvə görüşü bir daha təsdiqlədi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.

***

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü işə başlayıb.

APA-nın xəbərinə görə, dövlət başçısı Zirvə görüşündə giriş nitqi söyləyib.

Prezident İlham Əliyevin giriş nitqi

- Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli BMT Baş Assambleyasının sədri.

Hörmətli beynəlxalq təşkilatların rəhbərləri.

Zati-aliləri.

Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə Görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.

Təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişdir. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşdur.

Zirvə Görüşündə iştirakına görə Təmas Qrupuna daxil olan dövlətlərə təşəkkürümü bildirirəm.

Mən, eyni zamanda, Zirvə Görüşünə qatılan BMT Baş Assambleyasının sədrinə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoruna və Afrika İttifaqının Komissiyasının sədrinə öz minnətdarlığımı ifadə etmək istərdim.

BMT baş katibi cənab Antonio Quterreşə və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borelə videomüraciətinə görə təşəkkürümü bildirirəm.

Zati-aliləri, 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə Görüşü keçirildi. Zirvə Görüşündə qəbul olunmuş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapdı. Eyni zamanda, bu sənədlərdə 65 illiyi bu günlərdə qeyd edilən “Bandunq prinsipləri”ndə yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olundu. 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycan üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Bizə göstərilən böyük inam və etimada görə bir daha minnətdarlığımı bildirirəm.

Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır.

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdır. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü bunu göstərir.

COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmır. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.

BMT Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk.

Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət müraciətimiz əsasında mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olmuşdur. Azərbaycana göstərdiyi dəstəyə və Zirvə Görüşümüzdə iştirakına görə doktor Tedros Adhanom Qebreyesusa təşəkkürümü bildirirəm. Bu Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə Görüşüdür. Sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mənim təşəbbüsüm ilə aprelin 10-da COVID-19-a qarşı Zirvə Görüşü keçirilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru həmin Zirvə Görüşündə də iştirak etdi və dəyərli tövsiyələrini verdi.

Qoşulmama Hərəkatının “Ümumdünya Səhiyyə Təşkilatı və onun Baş direktoruna dəstək” adlı 9 aprel tarixli bəyanatını məmnuniyyətlə qeyd etmək istərdim.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırdı.

Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirmişdir. Mənim Sərəncamımla ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır.

Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir.

Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılmışdır. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir.

Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilmişdir.

Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanmışdır.

Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir. Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır.

Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq, xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir. Xüsusi karantin rejimi mayın 31-nə qədər uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-dən etibarən yumşaldılır.

Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.

Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir.

İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur.

Banklar tərəfindən sahibkarlara yeni verilən kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcəkdir.

Pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üçün vergi güzəştləri və vergi tətilləri ediləcəkdir.

Bütün bunlar atılan addımların yalnız bir hissəsidir. Ümumiyyətlə, dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşlarımız tərəfindən çox yüksək qiymət verilir.

Hörmətli həmkarlar, pandemiya şəraitində ölkələrimiz arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsi vacibdir. Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynamışdır. Pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir.

Eyni zamanda, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir.

Zirvə Görüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir.

Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır.

Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik.

Hamımız üçün bu çətin dövrdə mən bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət edirəm.

Diqqətinizə görə minnətdaram.

X X X

Sonra BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande çıxış edib.

BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciətindən sonra Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat çıxış ediblər.

Daha sonra Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciəti təqdim olunub.

Zirvə görüşü digər çıxışlarla davam edir.Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında bu gün videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşü keçirilir.

***

APA-nın məlumatına görə, 2019-cu ilin 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş XVIII Zirvə Görüşündə sədrlik Azərbaycana verilib.

Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçiriləcək. 40-dan artıq üzv ölkənin dövlət və hökumət başçılarının qatılacağı videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının Prezidenti, Afrika İttifaqının sədri və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının Ali nümayəndəsi da iştirak edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib.

Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir.

Azərbaycan nəinki milli səviyyədə COVID-19-a qarşı mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal səviyyədə də COVID-19-a qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə öz əhəmiyyətli töhfəsini verir.




Baxış sayı: 947
Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib Bu gün, 11:00 Azərbaycan kəlağayısının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub Bu gün, 10:30 ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb Bu gün, 10:00 Moldovanın Aİ-yə üzv olmaq üçün real şansı var Bu gün, 09:30 “Azərbaycan kəlağayısı günü” Bu gün, 09:30 Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Dünən, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Dünən, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Dünən, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Dünən, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Dünən, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Dünən, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Dünən, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Dünən, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib 25-11-2024, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 25-11-2024, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930