FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Səttar Bəhlulzadə fenomeni
16-12-2019, 10:15 | MƏDƏNİYYƏT
Səttar Bəhlulzadə fenomeni

Hələ sağlığında müasirləri onu “Aramızda gəzən dahi” deyə çağırırdılar. Özünün bundan xəbəri yox idi. Bilsəydi inciyərdi. Tərifi xoşlamazdı. Çəkdiyi əsərləri üzünə tərifləyəndə də haldan-hala düşər, daxili aləminin işığı duyulan nadir gözlərini nəhayətsiz bir nöqtəyə zilləyərək “İşləyirik də... hələ çox şey eləmək lazımdı”, - deyib söhbətin yönümünü dəyişməyə çalışardı.

Sağlığında bu cür şəksiz təsdiq, ölməzlik qazanmaq tək-tək adama qismət olur. El məhəbbətini qazanmaq asan deyil. Səttar Bəhlulzadə doğrudan da xoşbəxt sənətkar idi. Onun əsərlərini fəhlə də, ziyalı da çox yaxşı başa düşür, oradakı həyat həqiqətlərinin lirik-poetik və romantik-fəlsəfi şərhinə inanırdı. Həyatdan, doğma torpaqdan aldığını birə-beş ona qaytardığı üçün bəlkə də bu qədər sevildi, “Sənətin Məcnunu” ayaması ilə hamının əzizinə çevrildi...

Proloq

“Səttar nağılı” Abşeronun qədim Əmircan kəndindən başlanır. Burada 1909–cu ilin 15 dekabrında çörəyi torpaqdan çıxan Bəhlul kişi ilə Hökümə xanımın ailəsində dünyaya göz açan Səttar Bəhlulzadə üçün kəndin əski memarlıq tikililəri, burada toxunan məşhur “Xilə” xalçaları gözəlliyə açılan ilk pəncərə olmuşdur. Abşeronun digər kəndləri ilə müqayisədə o qədər də bağ–bağatlı olmayan Əmircan kəndi daha çox oxumuş adamları, ziyalıları ilə məşhurdur. Bu mənada həmkəndlisi Səməd Mənsurun həyatda gördüklərinə və göstərilənlərə haqlı olaraq “həpsi rəngidir” deyib, müasirlərinin yatmış duyğularını oyatmağa çalışdığı bir zamanda Səttarın taleyini bu gerçəkliyi rənglərlə ifadə edəcək rəssamlıq sənətinə bağlamağa qərar verməsini də təbii saymaq olar...

Rəssam olmağa qərar verən Səttar ixtisas təhsilini əvvəlcə Bakıdakı rəssamlıq texnikumunda, sonra isə Moskvadakı V.İ.Surikov adına Rəssamlıq İnstitutunda alıb. Uzaq Moskvada diplom işi üçün ona yaxın olan Babək mövzusunu seçəndə də heç kəs ona etiraz etməyib. O, başqalarından fərqlənərək diplom işi olaraq bir yox, iki əsər – “Babək üsyanı” və “Bəzz qalasının müdafiəsi” tablolarını işləyib. Lakin İkinci cahan savaşının başlaması ona diplom müdafiə etməyə imkan verməyib. Müharibədən sonra hələ də diplomsuz qalan rəssama dəfələrlə Moskvaya gəlib diplom işini müdafiə etmək təklif olunsa da, o, buna etiraz edib və “Məgər diplomsuz rəssam olmur” cavabını verib...

Azərbaycan təbiətinin məcnunu

“Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir”. Bu Səttar Bəhlulzadənin yaradıcılığını səciyyələndirən və doğma Azərbaycan torpağına sevgisini əks etdirən öz sözləridir. O, doğrudan da bir qərinəlik yaradıcılığı ilə yurdumuzun əsrarəngiz təbiətinə olan Məcnun məhəbbətini həm özümüzə, həm də bütün dünyaya göstərə bildi. Onun doğma Abşeronla yanaşı, Qubaya, Şuşaya, Naxçıvana, Şamaxıya, Gəncəyə, Lənkərana, eləcə də yurdumuzun digər dilbər guşələrinə davamlı yaradıcılıq səfərlərindən sonra özündə Azərbaycan torpağının bənzərsiz gözəlliyini əks etdirən sayagəlməz əsərləri yarandı. “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, “Doğma düzənlər”, “Cıdır düzü”, “Muğanda bahar”, “Dədəgünəş”, “Qədim Şamaxı”, “Naxçıvan dağları”, “Abşeronun tacı” tabloları həmin səfərlərin nəticəsində gerçəkləşən sənət inciləridir... Səttar Bəhlulzadə adlarını çəkdiyimiz və dilə gətirmədiyimiz yüzlərlə əsəri ilə Azərbaycan rəssamlığına əsl poetik ruh gətirdiyini birmənalı olaraq təsdiqləmişdir. Bu poetikanın, lirik bədii şərhin məğzini ölməz Füzulinin fəlsəfi poeziyası, milli miniatür və xalçalarımızın, muğamlarımızın acılı-şirinli ruhu və rəssamın Vətən torpağına sonsuz bağlılığı təşkil edir...

Səttar Bəhlulzadə fenomeni

Səttar Bəhlulzadə bənzərsizliyini şərtləndirən təkcə onun sənəti deyildi. O, bir insan kimi də bənzərsizdi. Bu mənada onun əliaçıqlığını xüsusi vurğulamaq istərdik. Əgər desək ki, dünyada bu vaxta qədər Səttar kimi ikinci bir səxavətli rəssam olmayıb, yanılmarıq. Çoxdan dünyamız Səttar əsərlərinin qeyri–rəsmi, ümmansız sərgisinə çevrilib. Bu gün Azərbaycanımızla yanaşı, dünyanın ən müxtəlif ölkələrində, o cümlədən nüfuzlu muzey və şəxsi kolleksiyalarda onun rəngkarlıq və qrafika əsərlərinin saxlanılması da bunun təsdiqidir. Bütün yaradıcılığı boyu çox məhsuldar işləməsi ilə sayagəlməz bədii irs yaradan rəssamın yalnız Azərbaycanın və keçmiş SSRİ məkanındakı muzeylərin saxlanclarında toplanan 200 əsəri rəsmi şəkildə qonorarla alınıb, sayı bir neçə yüzlərlə ölçülən, qalanını isə Səttar Bəhlulzadə təmənnasız olaraq ürəyinə yatan adamlara hədiyyə verib. Başqa sözlə desək, o, heç kimə əsər satmayıb. Çünki Səttar belə Səttar idi...

Ötən əsrin əllinci illərinin sonunda Moskvada təhsilini başa vurub ailəsi ilə birlikdə Bakıya qayıdan və bu gün çağdaş rəssamlığımızın klassiklərindən sayılan Xalq rəssamı Tahir Salahovun mənzilinin olmadığını bilən Səttar Bəhlulzadənin paytaxtda yeni tikilən “Rəssamlar evində” ona ayrılmış ikiotaqlı mənzili gənc həmkarına verməsi o vaxt çoxları tərəfindən gözlənilməz qarşılansa da, Səttar üçün bu, adi insani münasibətin nümunəsi idi...

Şəxsi maşını da yox idi. İstəsəydi ala da bilərdi, amma elektrik qatarını onu Əmircandan şəhərə aparıb gətirən ən gözəl minik sayırdı. O, sanki həyatdan, təbiətdən götürdüyü sadəliyə və təbiiliyə haram qatmaq istəmirdi. Səttar, sözün əsl mənasında, bu günahlı dünyanın günahsız uşağıydı. O, günaha batmadı. Çünki Səttarın, sadəcə, buna heç vaxtı da yox idi. Onun bu əvəzsiz keyfiyyətini bütün müasirləri də bilirdi. Əlindən heç nə gəlməyən də, böyük ixtiyar sahibi olan da..

Daim gənc rəssamlarla əhatələnməsindən xüsusi zövq alan Səttarın onların ali təhsil almalarına şəxsən qayğı göstərməsi də yeri gələndə onlara mənəvi və maddi dəstək olması, hətta bu sətirlərin müəllifi üçün Buzovnaya - qız qapısına “hə” almağa getməsi də əsl atalıq qayğısı idi, desək həqiqəti ifadə etmiş olarıq...

Böyük sənətkar ömrünün 65-ci baharında, oktyabr ayının 13-də Moskvada vəfat edib. Üç gün sonra isə onunla Bakıdakı Aktyor evində vida mərasimi keçiriləndən sonra vəsiyyətinə uyğun doğulduğu Əmircan qəsəbəsində - anasının uyuduğu məzarlıqda dəfn olunub. Bir çoxları kimi heç vaxt Fəxri xiyabanın həsrətini çəkməyən rəssamın ruhən sevimli anasına, ünsiyyətə üstünlük verdiyi sadə adamlara qovuşmaq istəyinin əleyhinə getməyə də heç kəs cürət etmədi, bunu ona qıymadı. Səttar belə Səttar idi. Bu haqqı da o, sağlığında qazanmışdı...

Səttar Bəhlulzadə fəlsəfəsi

O, dünyaya gələrkən kəşf edəcəyi ideal gözəllik tapmaq yükünü də çiynində - ruhunda gətirmişdi. Sonda arzuladığı ideal təbiət eşqinə yetişə bilməsi də onun həyatı, təbiəti dərk etməsindən keçdi. Həyatı anlamaq insana həm də kədər gətirsə də, Səttar elə bu kədərin özü ilə dünyanı – təbiəti dərk etdi. Çox gənc yaşlarından təbiətə vurulan və ona inanan Səttarın bu vurğunluğunu və səmimiliyini ali yaradıcı da, onun insanlara bütün bəxş etdikləri də qəbul etdi və az qala “Bizdən nə götürə bilirsən, götür”, – dedi. Rəssam da bu cür dəyərləndirməyə ürəkdən səs verdi və elə o gündən də Əmircandan “çıxdı” və bütün Azərbaycan onun evinə çevrildi. Bütün mənalı həyatı və yaradıcılığı ilə Vətənə də əsl oğul oldu. Çox qısa zaman kəsiyində hamının əzizinə çevrilməsi, onu hamının özününkü, doğması hesab etməsi də, Səttarın bütün mənalarda qəbulunun ifadəsi idi. Onun xalq içində hələ sağlığında “Aramızda gəzən dahi” deyə çağırılması da artıq hökumətin onu ən yüksək formada dəyərləndirməsindən də yüksəkdə dururdu. Odur ki, 1974–cü ilin bir payız günü Bakıdakı Aktyor evindən Əmircandakı kənd məzarlığına anası ilə ruhi görüşə çiyinlərdə, əllər üstündə gedəndə də rəssam artıq qoyub getdiyi “iz”dən nigaran deyildi...

Səttar bu qədər təzadlı olan dünyamızda özünü həm də lirika ilə ifadə edən təklənmiş “kədər məcmusu” idi... Rəssamın əsərləri onun özünü dərk edəndən anbaan unutmağa çalışdığı kədərin “qonşuluğunda” yaradılsa da, bütünlükdə, nəticə etibarilə çox tutumlu bir sevinc ensiklopediyasıdır. Belə ki, burada hər şey var – sənətkarlıq da, onu şərtləndirən müdriklik də, gözəllik də, duyğulandırıcılıq və zəngin yaşantı da... Bu tablolar, əslində, insanın dünyayla ruhani görüşünün bədii ifadəsidir. Odur ki, Səttarın rəngləri həm də Füzuli ruhunda, fəlsəfə dilində danışır. Ancaq onun ilğıma bənzər şaşırdıcı tabloları heç də hansısa estetik terminə illüstrasiya deyildir. Onlar mahiyyətcə Azərbaycan rəssamlığında yeni səhifə, milli təsviri sənətimizdə oxşarı olmayan, düşündürücülüyünə görə isə çoxqatlı estetik kateqoriyaya çevrilən fəlsəfi mənzərələrdir. Ona görə də Səttar Bəhlulzadə həm də Azərbaycan rəssamlığında “fəlsəfi mənzərə”nin banisi sayılır...

Gözəllik onun Tanrısı idi. Səttar elə bil gözəlliyi duymaq, onu başqalarına kəşf etməkdən ötrü yaranmışdı. Çoxlarına adi görünən dağa, daşa, gülə, çiçəyə, müxtəlif donlu ağaclara hopmuş cüzi gözəllikdən belə heyrətlənə bilirdi. Sonra da bu heyrətini elə bir biçimdə kətan üzərində əbədiləşdirirdi ki, başqaları da bu ecazkarlıq qarşısında heyrətini gizlədə bilmirdi. Doğrudan da rəssamın əsərlərində təbiətin gözümüzdə adiləşən guşələri elə heyrətamiz ifadə vasitələri ilə çəkilib ki, sanki insan oğlu ilə təbiət bir–birinə meydan oxuyur. Biri ağlasığmaz gözəllik yaratdığı, digəri isə bu gözəlliyi dərindən duyduğu üçün... Onlara baxanda dünyamızın kosmosdan çəkilən şəkilləri, nağıllarda təsvir olunan əfsanəvi mənzərələr yada düşür. Çünki Səttar tabloları da duyulası dərəcədə kosmik və ovsunlayıcıdırlar. “Xəzər gözəli”, “Torpağın arzusu”, “Kəpəzin göz yaşları”, “Bazardüzü ətrafı”, “Azərbaycan nağılı” və “Mavi nağıl” əsərləri dediklərimizi təsdiqləyən sənət nümunələridir. Bu tablolarda həm də Səttar dühasının bənzərsizliyinə, yüksək sənətkarlığına, adi mənzərəni düşündürücü fəlsəfəyə bələmək istedadına, bütünlükdə Səttar Bəhlulzadə fenomeninin mahiyyətini görür, ona şahidlik edirik...

Bütün ömrü boyu ağzı Füzuli misralı olan Səttarın şairin çoxqatlı poeziyasına həsr olunmuş yüzlərlə əsəri göstərir ki, Məcnun məhəbbətinin yanğısına, Füzuli poeziyasının alovuna Səttar Bəhlulzadə özü də ayaq qoyub, əsl mənada yanıb–yaxılıb. Məcnunun halına yana–yana özü də sənətin Məcnununa dönüb. Qeysi Məcnun eləyən nakam, əlçatmaz məhəbbəti, Səttarı sənətin Məcnununa çevirənsə rənglərə və doğma torpağa vurğunluğu oldu, desək, həqiqəti ifadə etmiş olarıq...

Epiloq

Heç kim yüz on il əvvəl qədim Əmircandakı adi bir kəndli ailəsində dünyaya göz açan oğlan uşağının adını sənət tarixinə yazacağını, bir qərinəlik yaradıcılığı ilə sənət aləmindəki çox məşhur simalardan birinə, dünyanın Səttarına çevriləcəyini bilmirdi... Öz alın yazısını bizlərdən fərqli olaraq oxumağı bacaran Səttarsa 65 illik ömrünü onun son və əbədi ucalıq nöqtəsinə - sənət zirvəsinə yönəldə bildi. Ən böyük qazancı da bir vaxtlar saçlarını ağartdığı atasının üzünü ağartması, xalqına başucalığı bəxş etməsi oldu...

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Ziyadxan Əliyev




Baxış sayı: 2 120
Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30 Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar muzeyə hədiyyə olunub 30-01-2026, 10:00 Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyəcək - Rəsmi 30-01-2026, 09:00 Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib 30-01-2026, 07:30 Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər 29-01-2026, 21:30 Özbəkistan Prezidenti: Türkiyə dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir 29-01-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728