FACT-INFO.AZ » SİYASƏT » "Amulsar" problemi: Paşinyan üçün siyasi dilemma
11-09-2019, 20:05 | SİYASƏT
"Amulsar" problemi: Paşinyan üçün siyasi dilemma

Ermənistan hakimiyyətinin səbatsız xarici siyasət yeritdiyi çoxdan məlumdur. Nikol Paşinyan baş nazir seçiləndən sonra isə vəziyyət daha da ağırlaşıb. Ekspertlər onun siyasi karyerasının özü üçün faciəvi sonluqla bitəcəyi haqqında proqnozlar verirlər. Son zamanlar bunu təsdiq edən hadisələr artıb. Ermənistan cəmiyyəti “Amulsar” qızıl mədəni ətrafında yaranmış siyasi böhranın gərginliyi altındadır. Hazırda bu problemi həll etmək mümkün olmur. Çünki N.Paşinyana həm Moskvadan, həm də Vaşinqtondan təzyiq göstərilir. Ümumiyyətlə, bu cür vəziyyətin yaranması səbəbləri arxasında hansı məqamların dayandığı ilə bağlı müxtəlif fikirlər vardır. Biz məsələnin üzərində geosiyasi kontekstdə geniş dayanmağa ehtiyac görürük.

“Qısır dağ”dakı mədən: baş nazirin başağrısı

Ermənistanın baş nazirinin siyasi karyerasını dar ağacında bitirmə ehtimalının olduğu haqqında bir müddətdir ki, KİV-də proqnozlar verilir. Məsələ konkret olaraq onun asılıb-asılmamasında deyil. Obrazlı şəkildə N.Paşinyanın idarəçilik üsulunun və geosiyasi kursunun perspektivinin olmadığı ifadə edilir. Təcrübə göstərir ki, doğrudan da, Ermənistan hakimiyyəti olduqca ziddiyyətli və gərgin bir vəziyyətlə üzləşib.

Erməni mətbuatı artıq bir aydır ki, “Amulsar” mədəni haqqında informasiyalar yayır. “Amulsar” sözü “Qısır dağ” kimi tərcümə olunur. Ancaq 2006-cı ildə orada 31 milyon ton filiz, 40 ton isə qızıl olduğunu aşkarladılar. Kəşfiyyat işlərini 10 il müddətində Britaniya-Amerika şirkəti olan “Lydian Armenia” aparıb. 2016-cı ildən isə onun istismarına start verilib. Statistik məlumata görə, şirkət bu işə 400 milyon ABŞ dolları sərmayə qoyub. Ermənistan hakimiyyəti bu məbləği ölkə tarixinin ən böyük sərmayə proqramı adlandırır. Əlbəttə, Ermənistan üçün 400 milyon dollar böyük rəqəm sayılmalıdır, çünki bu ölkə üçün 100 milyon da çox sayılır. Lakin Azərbaycanın həyata keçirdiyi layihələr fonunda 400 milyon olduqca xırda rəqəmdir.

Hər bir halda ermənilərin bu “nəhəng” layihə ilə fəxr etməsi çox çəkmədi. Ekspertlər vurğulayırlar ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvana bu il avqustun 12-13-də səfər edəndən sonra qızıl mədənini istismar edənlərin qara günləri başlayıb. N.Paşinyan N.Patruşev gedəndən dərhal sonra “suveren və müstəqil” qərar qəbul edərək, “Amulsar” işi ilə bağlı olan yüksək vəzifəli ermənini işdən çıxarıb, eyni zamanda, qızıl mədəninin istismarına qadağa qoyub.

Avqustun 15-də isə Ermənistan İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryan “Earth Link & Advanced Resources Development” (ELARD) beynəlxalq ekspert qrupunun geniş bir rəyini təqdim edib. Orada göstərilib ki, “Amulsar” ekoloji təhlükə törətmir. Yaxşı qərarlarla isə riskləri idarə etmək olar. Bundan sonra avqustun 19-da baş nazir N.Paşinyan çıxış edərək “Amulsar”ı istismar etməyin mümkün olduğunu yenə də “suveren və müstəqil” qərarla elan edib. Əsl həngamə də bundan sonra başlayıb.

Məsələ ondan ibarətdir ki, həmin çıxışında N.Paşinyan işarə verib ki, “Amulsar”ın istismarının qadağan olunması qərarı bir sıra başqa şirkətlər tərəfindən siyasiləşdirilir. Onlar pul verərək insanları yolları kəsməyə təhrik edir və qızıl-filiz yataqlarını özləri ələ keçirmək istəyirlər. Burada maraqlısı odur ki, N.Paşinyan üçün “bumeranq effekti” başlayıb. Onun bir vaxtlar özünün hakimiyyətə gəlmək üçün istifadə etdiyi üsuldan indi özünə qarşı istifadə edirlər.

Sonra aydın olacaq ki, N.Paşinyana badalaq gələnlər arasında onun parlamentdəki müttəfiqi Qaqik Sarukyan da var. Bu adamın həmin mədənə iddialı olduğu üzə çıxıb. Q.Sarukyan sentyabrın 9-da çıxış edərək belə deyib ki, əgər xalq razı deyilsə, iddiasından əl çəkə bilər. İndi mədəni istismar edən şirkət isə 400 milyondan danışır, lakin real elə bir mənzərə yoxdur. Yəni Q.Sarukyan da hesab edir ki, “Amulsar” ilə bağlı fərqli qərar olmalıdır.

Erməni ekspertlər bunları Q.Sarukyanın ikiüzlülüyü kimi qiymətləndiriblər. Onun bir vaxtlar Robert Koçaryana, Serj Sarkisyana və başqa siyasətçilərə eyni zamanda xidmət etməsini xatırladıblar. Yekun olaraq belə qənaətə gəlinir ki, “Amulsar” məsələsi də siyasi aspektlidir. Əsas problem bu prosesin arxasında kimlərin dayanmasındadır. Baş nazir N.Paşinyan avqustun 23-də Cermuxa gedərək etirazçılarla söhbət edib. Fəallar “Amulsar” qoruq kimi qalsın” şüarı ilə çıxış edirlər. Ancaq insanlar N.Paşinyanın dediklərini qəbul etməyiblər. Avqustun 28-də baş nazir ELARD nümayəndələri ilə görüş keçirib və ondan sonra yenidən müəmmalı danışıb. Aydın görünürdü ki, baş nazir tərəddüd edir. Bu hadisədən “Lydian Armenia” narazılığını bildirib və aranı qatan şirkətlər haqqında Ermənistan hakimiyyətindən informasiya istəyib.

Siyasi tərəddüdlər: bumeranq Nikola qayıdır

Ondan bir gün sonra Rusiyanın Ermənistandakı səfiri Cermuxdakı istirahətindən foto paylaşıb. Bundan ekspertlər baş verənlərin arxasında Moskvanın dayandığı nəticəsini çıxarıblar. Görünür, sentyabrın 2-də ABŞ-ın ticarət palatasının məsələ ilə bağlı mövqe bildirməsi də təsadüfi deyil. Amerikalılar N.Paşinyanın bütün bu işlərin arxasında kimlərin dayandığını aydınlaşdırıb tədbir görəcəyinə ümid edirlər.

Bütün bunlardan sonra N.Paşinyan daha geniş tərkibdə iclas keçirərək, müzakirələr aparıb, onların nəticəsini sentyabrın 9-da elan edib. Yenidən mədənin istismar edilməsindən bəhs edib. Buna siyasilər də reaksiya veriblər. “Sasna Srer” qruplaşmasının rəhbəri Jirayr Səfilyan N.Paşinyanla görüşərək, “Amulsar”ın istismarı qərarından dönməyin onun üçün çox pis qurtara biləcəyini, eyni zamanda, Ermənistanın beynəlxalq etibarının sıfıra enəcəyini bildirib.

Konkret olaraq, J.Səfilyan deyib ki, fürsət gözləyən qüvvələr küçələrdə etiraz aksiyaları təşkil edəcəklər və baş naziri öz üsulu ilə hakimiyyətdən yıxacaqlar. Bununla həm Ermənistanın demokratikliyi, həm də “məxməri inqilab” nağılları puç olacaq. Üstəlik, N.Paşinyan məhkəmə qarşısında cavab verəcək. Onu siyasi mənada dar ağacına çəkəcəklər.

Deməli, əslində, “Amulsar” hadisələri N.Paşinyanı öz metodu ilə vurmaq üçündür. Bir vaxtlar küçədə qətiyyətli görünən N.Paşinyan indi nə edəcəyini qətiləşdirə bilmir. Bir ay ərzində üç dəfə qərarını dəyişib. Moskva təzyiq edəndə, onun sözünü deyir, Vaşinqton etiraz edəndə isə dərhal mövqeyini dəyişir. Bu, tipik erməni tərəddüdüdür və onu ifadə edir ki, Ermənistan hələ də dövlət kimi formalaşa bilməyib.

Həmin kontekstdə R.Koçaryan tərəfdarlarının da etirazlara başlaması maraq doğurur. Ekspertlər hesab edirlər ki, bu iki hadisə bir-biri ilə bağlıdır. Eyni zamanda, erməni KİV-lərinin məlumatlarına görə, Kremldən N.Paşinyana R.Koçaryan məsələsini müsbət həll etmək üçün on gün vaxt verilib.

Bu deyilənlər Ermənistanla bağlı maraqlı geosiyasi nəticələr çıxarmağa əsas verir. Məlum olur ki, Ermənistan hakimiyyəti növbəti dəfə dalana dirənib – o, böyük güclərin maraqları arasında sıxılır. Bundan başqa, Rusiyanın “Amulsar” problemini qaldırması yalnız R.Koçaryanla bağlı görünmür. Kreml həmin addımla bütün dünyaya nümayiş etdirir ki, N.Paşinyanın suverenlikdən, iri layihələrdən, böyük sərmayə qoyuluşundan dəm vurmasının real əsası yoxdur. Bu məsələlərdə əsl söz sahibi Moskvadır. Buna görədir ki, artıq 400 milyon dollar sərmayə qoymuş Qərb şirkəti belə Ermənistandan cibiboş yola salına bilər.

Bunlar N.Paşinyanın siyasi olaraq tam iflası deməkdir. Moskva bir zərbə ilə onu yerlə-yeksən edir. Təbii ki, Ermənistanda etiraz aksiyaları bundan sonra yeni mərhələdə davam edəcək. N.Paşinyan indi hakimiyyət dəhlizindən küçəyə baxır. Yəqin ki, özünü orada görmək istərdi. Çünki hakimiyyətdə olmaqdan küçədə ağzına gələni danışmaq daha asandır. Ancaq artıq gecdir. Ona sübut edirlər ki, demokrat və ya liberal olmaq asan deyil. Bunun üçün güclü cəmiyyət, siyasi ənənə və əsl demokratik ruh lazımdır. Bunların heç biri isə ermənilərin tarixində olmayıb.

Belə görünür ki, N.Paşinyanın siyasi rəqibləri daha da fəallaşacaqlar. Onlar hiss edirlər ki, N.Paşinyan rasionalizmdə və real siyasətdə çox zəifdir. Onun məğlubiyyəti qaçılmazdır. Ermənistanın daxili ziddiyyətlər içində çırpınması onun regiondakı geosiyasi mövqeyinə də təsir edəcək. Bu baxımdan hazırkı erməni iqtidarının, ümumiyyətlə, siyasi perspektivinin olmadığı nəticəsini çıxarmaq çətin deyildir.

Ancaq əsas məsələ bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsindədir. Burada ümumi vəziyyət sabitlikdən çıxa bilər. Kənardan olan təsirlərin neytrallaşdırılması mürəkkəbləşir, çünki mübarizə aparanlar çox güclüdürlər. Qalır yerli dövlətlərin konstruktiv siyasət yeritməsi. Ermənistan isə hələlik bunun iqtidarında deyil.

Newtimes.az




Baxış sayı: 1 266
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031