FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan Prezidentinin 15 illik fəaliyyətinə işıq salan dəyərli nəşr
28-12-2018, 09:40 | SİYASƏT
Azərbaycan Prezidentinin 15 illik fəaliyyətinə işıq salan dəyərli nəşr

Qarşımızda təzəcə nəşr olunan bir kitab var: “İlham Əliyev – On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018)”. Tipoloji xarakterinə görə foto-albom formatında buraxılan kitabın məzmunu barədə qısa, lakonik informasiyanı onun bir neçə sətirlik anonsundan almaq olur: “Kitabda zəngin faktlar əsasında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi on beş illik fəaliyyəti dövründə ölkənin dinamik inkişafının dolğun mənzərəsi yaradılır. Azərbaycanda aparılan köklü islahatlar sayəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması, sosial-mədəni, ordu quruculuğu və xarici siyasət sahəsində əldə edilən nailiyyətlər tutarlı dəlillərlə əsaslandırılır. Ölkədə ictimai-siyasi sabitliyin və demokratik təsisatların daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı görülən işlər şərh olunur.

Kitab Azərbaycanın müasir tarixi ilə maraqlanan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur”. Əslində, anonsun son cümləsindəki “geniş oxucu kütləsi” ifadəsini “Azərbaycanı sevən hər kəs” sözləri ilə də əvəz etmək olar. Çünki bu kitab İlham Əliyevin on beş illik prezidentlik dövrünün uğur salnaməsi kimi həm də Azərbaycanın keçdiyi inkişaf mərhələsinin elmi-publisistik ifadəsidir. Həm Azərbaycanın, həm də onun Prezidentinin uğur salnaməsi, kitabda qeyd olunduğu kimi, öz başlanğıcını ümummilli liderimiz Heydər Əliyevin 2003-cü ildə prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyev haqqındakı bu sözlərindən başlayır: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Heydər Əliyevin uzaqgörənlik təfəkkürü ilə xalqa müraciətlə dediyi bu fikirlər fonunda İlham Əliyev bir müddət sonra onun rəhbərliyi altında sürətlə inkişaf edən Azərbaycanın uğurlarını nəzərdə tutaraq deyirdi: “O, (Heydər Əliyev - C.M.) inanırdı və bilirdi ki, davamçıları onun sona çatdıra bilmədiyi işləri tamamlayacaqlar. Belə də oldu… Biz fəxr edirik ki, onun ideyalarını yaşadırıq, müstəqilliyimizi möhkəmləndiririk, Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik”.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu, tərtibçi müəllifləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov olan bu dəyərli nəşrin ümumi ruhu Heydər Əliyev inamının gerçəkləşməsi üzərində qurulub. Burada hər kəsin anlayacağı, hər kəsin son on beş ildə şahidlik etdiyi, hər kəsin Azərbaycan və onun inkişafından qürur duyduğu mükəmməl bir süjet xətti var. Azərbaycan vətəndaşının öz ölkəsinin uğurlarına və bu uğurlara başçılıq edən Prezidentinə inamını professor Əli Həsənovun qısa “Ön söz”ü aydın ifadə edir. Müəllif Prezident İlham Əliyevin dövlətçilik tariximizin iftixar nöqtəsi olan Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi qiyməti onun özündən gətirdiyi sitatla diqqətə çatdırır: “Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində ilk demokratik respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha göstərir ki, azərbaycanlılar azadlıqsevər və mütərəqqi xalqdır”.

Kitabın əsas süjet xətti Prezident İlham Əliyevin dövlətçilik siyasətinin iki mühüm amilinə - milli dövlətçilik, müstəqillik uğrunda mübarizə tarixinə və dövlətçiliyimizin inkişafında misilsiz rol oynamış Heydər Əliyev məktəbinə əsaslanır. Bu da öz növbəsində, Prezident və xalqın birliyi konsepsiyasına söykənməkdədir. Bütün bunları nəzərdə tutan professor Əli Həsənov “Ön söz”də kitabın qayəsini belə səciyyələndirir: “Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə Prezident seçdi. İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” vədinə sadiq qalması qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və güclü etibar qazandırdı. Elə bu səbəbdən 2008, 2013 və 2018-ci illərdə keçirilən növbəti prezident seçkilərində İlham Əliyev yenidən inamlı qələbə qazandı. Oktyabrın 15-də Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 ili tamam oldu. Bu kitabda Azərbaycan Respublikasının Prezidenti vəzifəsində onun 15 illik fəaliyyətinin əsas yekunlarını oxuculara çatdırırıq”.

Yuxarıda kitabın qarşıya qoyduğu mövzunun maraqlı bir süjet xətti üzərində qurulduğunu xüsusi qeyd etdik. Bu süjet xətti ayrı-ayrı mövzular üzrə təqdim olunur. Ümumi süjet xətti o qədər axıcıdır ki, mövzuları xüsusi fərqləndirməyə və işarələməyə ehtiyac qalmır. Oxucu kitabın hər səhifəsində özünün şəxsən şahidi olduğu milli inkişafın, Azərbaycanın uğurlarının həm mətnlə, həm də illüstrasiyalarla - fotoşəkillərlə aydın görməkdədir. Bununla belə, oxucunun ayrı-ayrı bölmələr kimi qəbul etdiyi mövzuları bir daha diqqətə çatdırmaq istərdik: “Uğurlu strateji kursun və səmərəli dövlət idarəçiliyinin əsas nəticələri”, “Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib”, “Yeni Azərbaycan Partiyasının VI qurultayı. 08 fevral 2018-ci il”, “Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə MDB məkanında birinci yerə yüksəlib”, “Azərbaycanda həyata keçirilən nəhəng transmilli layihələr ölkəni mühüm tranzit və logistika mərkəzinə çevirib”, “Yenilənmiş sosial-mədəni, təsərrüfat və turizm infrastrukturu, Azərbaycan brendi “ASAN xidmət”, “Şəhid ailələrinə, müharibə veteranları və əlillərinə, məcburi köçkünlərə diqqət və qayğı”, “Ordu quruculuğunun və milli maraqlara söykənən xarici siyasətin uğurlu nəticələri”, “Azərbaycanda elmin inkişafı, milli-mənəvi dəyərlərin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılması təmin edilib”, “Gəncliyin inkişafına dövlət qayğısı, idman sahəsində əldə olunan nailiyyətlər”, “Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayıb”, “Prezident İlham Əliyevin təltif olunduğu ordenlər”. Kitabda fundamental idarəçilik və onun ölkəyə bəxş etdiyi uğurlar iki formatda ifadə edilir: mətnlə və bu mətni müşayiət edən fotolarla.

Kitabın mətni öz aydınlığı, məntiqi ardıcıllığı, faktlara elmi-fəlsəfi və publisistik baxışı ilə diqqəti xüsusi cəlb edir. Məsələn, “Uğurlu strateji kursun və səmərəli dövlət idarəçiliyinin əsas nəticələri” kimi fundamental bir mövzu yüksək ümumiləşdirmə keyfiyyətinə malikdir və oxucu bir neçə səhifədə 15 illik dövrün hərtərəfli mənzərəsini görə bilir. Bu mətnin ilk abzası, sanki sonrakı mövzulara prelüdiya rolunu oynayır və oxucunu inkişafın ümumiləşdirilmiş parametrləri ilə tanış edir: “Ümumi formada qiymətləndirilərsə, qeyd edilməlidir ki, İlham Əliyev 15 illik prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olmuşdur. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli birlik və vətəndaş həmrəyliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır”.

Sonrakı ayrı-ayrı mövzuları əhatə edən mətnlərin hamısında milli inkişafımızda Prezident İlham Əliyevin xidmətləri xalqın yaddaşında iz salmış faktlarla təqdim olunur. Azərbaycanda demokratiyanın tam formalaşması prosesində medianın rolunu yüksək qiymətləndirən ölkə başçısının bu sahənin inkişafına göstərdiyi şəxsi qayğısı, iqtisadiyyatın dinamik inkişafına, qeyri-neft sektorunun, kənd təsərrüfatının dirçəldilməsinə istiqamətlənmiş fəaliyyəti, bu gün dünyanın təqdir etdiyi və bəzən hətta heyran qaldığı transmilli layihələrin reallaşma sürəti, ölkə əhalisinin sosial-mədəni həyatının yüksək göstəricilərlə təmin edilməsi, ordu quruculuğundakı misilsiz uğurlar, torpaqlarımızın işğaldan azad edilməsinə yönələn tədbirlər planı, şəhid ailələrinə, müharibə veteranlarına dövlət qayğısı və digər bu kimi mühüm sahələri əks etdirən hər bir istiqamətlə bağlı mətnlər İlham Əliyevin 15 illik prezidentlik dövrünün ən böyük uğurları kimi oxucuya çatdırılır.

Əlbəttə, müasir KİV sisteminin, informasiya texnologiyasının görünməmiş inqilabi inkişafı nəticəsində Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri hər gün cəmiyyətə çatdırılır. Televiziyanın müasir vizuallıq imkanları bu xidməti maraqlı görüntülərlə tamaşaçıya təqdim edir. Milli mətbuatımız bu xidmətin bütün parametrlərini analitik publisistika ilə qələmə alır. Lakin səmimiyyətlə etiraf edək ki, kitabın bu sahədəki rolunu heç nə ilə əvəz etmək olmur. Bir tərəfdən, əgər kitab ilk dəfə səmadan gəlibsə, səmavi kitablar Allahın yer üzünə, xilqətə bəxş etdiyi bir nemət kimi müqəddəsdirsə, onda elə “kitab” sözünün özü də müqəddəslik semantikasını ehtiva edir. Digər tərəfdən, min illərdən bəri qorunub saxlanan və bu gün müqəddəsliyi ilə hər kəsin karına gələn kitab bütün informasiya vasitələrindən uzunömürlüdür. Məsələyə bu baxımdan yanaşsaq, “İlham Əliyev – On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018)” kitabı nəinki bugünkü nəsil üçün, bəlkə daha çox gələcək nəsillərə bir hədiyyədir. Müəlliflər kitabın adındakı “salnamə” sözünü nahaqdan işlətməyiblər. Salnamə bir kitab formatı, reallıqları qeydə alıb gələcəyə aparan qədim əlyazma formatı kimi özü də tarixi yaddaş anlamına gəlir. Haqqında söz açdığımız kitab, yuxarıda da qeyd etdiyimiz kimi, həm də reallığı dəqiq əks etdirən fotoşəkillərlə zəngindir. Bu fotolar İlham Əliyevin Prezident kimi fəaliyyətinin vizual görüntüləridir. Tərtibçi müəlliflər onları mətnə uyğun o qədər dəqiq seçiblər ki, mətn və foto sinxronu müasirliyin heyrətamiz faktı kimi diqqəti cəlb edir. Bu fotoşəkillər İlham Əliyevin ölkə daxilində və ölkə xaricindəki görüşlərinin dolğun ifadəsi kimi 15 illik prezidentlik dövrünün “uğur salnaməsi”ni tamamlayır. Bu fotoşəkillər Azərbaycanımızın, Bakımızın, regionlarımızın inkişafını poliqrafik yolla əbədiləşdirən vizual faktlar kimi qiymətlidir.

Kitab bütün parametrləri, o cümlədən poliqrafik icrası ilə diqqət çəkir. “Zərdabi LTD” MMC nəşriyyatının məhsulu olan bu kitab özü-özlüyündə həm də ölkəmizdə poliqrafiyanın nə dərəcədə inkişaf etdiyinə əyani sübutdur. Nəşrin poliqrafik icrasının özündə də Azərbaycana və onun Prezidentinə böyük sevgi və ehtiram duyulur.

Sonda kitabın daha bir keyfiyyətini qeyd etmək istərdik: “İlham Əliyev – On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018)” kitabı hələlik iki dildə - Azərbaycan və rus dillərində nəşr olunub. Kitabın ingilis və ərəb dillərində də nəşri hazırlanır. Bu, çox vacib bir faktdır. Çünki İlham Əliyevin Prezident kimi fəaliyyət göstərdiyi on beş ildə Azərbaycan dünya arenasında öz yerini daha da möhkəmləndirib və tanınıb. Bu kitab dünyanın bizim Prezidentimizin xalq üçün, Vətən üçün göstərdiyi xidmətlərlə daha yaxından tanış olması üçün çox dəyərli mənbədir.




Baxış sayı: 1 362
TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri bir araya gəliblər Bu gün, 13:30 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib Bu gün, 11:00 Azərbaycan kəlağayısının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub Bu gün, 10:30 ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb Bu gün, 10:00 Moldovanın Aİ-yə üzv olmaq üçün real şansı var Bu gün, 09:30 “Azərbaycan kəlağayısı günü” Bu gün, 09:30 Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Dünən, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Dünən, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Dünən, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Dünən, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Dünən, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Dünən, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Dünən, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Dünən, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib 25-11-2024, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 25-11-2024, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930