FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: "Məktəb fondu ən müasir standartlara cavab verəcək"
15-09-2018, 09:25 | SİYASƏT
Prezident İlham Əliyev: "Məktəb fondu ən müasir standartlara cavab verəcək"

Trend-in məlumatına görə, bunu Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev məktəbin bir qrup müəllim və şagirdi ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Sabahınız xeyir olsun, mən sizi ürəkdən salamlayıram və qarşıdan gələn yeni dərs ili münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Yeni dərs ili ərəfəsində biz Maştağa qəsəbəsinin Savalan yaşayış massivində yeni məktəbin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bu məktəb sakinlərin xahişi ilə tikilib. Mənə verilən məlumata görə, bu yaşayış massivində məktəb yox idi. Ona görə həm uşaqlar, həm valideynlər böyük əziyyət çəkirdilər. Göstəriş verildi və qısa müddət ərzində belə gözəl məktəb tikildi. 960 şagird yerlik məktəbdə indi oxumaq, işləmək üçün bütün şərait yaradılıb. Ərazisi də böyükdür. Böyük idman meydançası var. Yəni, burada işlər ən yüksək səviyyədə aparılıb. Hesab edirəm, bu gözəl təşəbbüs bir daha onu göstərir ki, Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir. Əlbəttə, harada ki, məktəbin inşasına ehtiyac var, biz orada mütləq məktəb tikintisi ilə məşğul oluruq, o cümlədən bu yerdə". Prezident İlham Əliyev deyib ki, bu il bütövlükdə Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub:

"Demək olar ki, Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Hələ də təmirə ehtiyacı olan məktəblər var və biz onları gələn illərdə təmir edəcəyik. Ölkəmizdə isə bu il 200-dən çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. O kəndlərdə ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə idi. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da ümid edirəm ki, gələn il başa çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək. İstəyirəm ictimaiyyət onu da bilsin ki, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir. Məktəbdə uşaqlar yaxşı oxumalıdır. Bir halda ki, belə gözəl şərait var, burada təhsilin keyfiyyəti də yüksək olmalıdır. Məktəb, eyni zamanda, müəllimlərin iş yeridir və müəllimlərin şəraiti də yaxşılaşır. Müəllim olmaq istəyənlərin sayı artır, müəllim peşəsinin hörməti artır və bu, çox sevindirici haldır. Çünki müəllim uşaqların, gənclərin tərbiyə olunmasında valideynlərlə bərabər aparıcı rol oynayır.

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Mənə verilən məlumata görə, bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. Bu, müəllim peşəsinə olan marağın ən bariz nümunəsidir. Müqayisə üçün deməliyəm ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi, indi isə 2 min. Bu, ilk növbədə, məktəb fondunun müasirləşdirilməsini, məktəblərin əksəriyyətində gözəl şəraitin olmasını, müəllimlərin məişət problemlərinin həllini göstərir".

Dövlət başçısı bildirib ki, son illər ərzində müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir:

"Bu, çox sevindirici haldır. Ona görə müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq. Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcəkdir.

Uşaqlar isə yaxşı oxumalıdırlar, gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün, ilk növbədə, gərək bilikli, savadlı olsunlar. Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz. Ona görə, ilk növbədə, uşaqlar maraqlı olmalıdırlar ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm ölkəmizin inkişafına töhfə versinlər. Əlbəttə ki, gənclərin tərbiyəsi ilə bağlı həm müəllimlər, həm valideynlər ciddi məşğuldurlar və mən bunu alqışlayıram. Azərbaycan gəncləri vətənpərvər gənclərdirlər və bundan sonra da bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdırlar". Azərbaycan Prezidenti deyib:

"Bilirsiniz ki, bu gün ölkəmizin dünyadakı rolu, əhəmiyyəti artır. Bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə icra edilə bilməz. Yaşadığımız regionda bizim siyasətimizdən, qərarımızdan çox şey asılıdır. Əlbəttə, bu amili nəzərə alaraq Azərbaycana təsir etmək istəyən xarici qüvvələrin də sayı az deyil. Azərbaycan vətəndaşları bunu bilirlər. Ancaq bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəksinlər. Ona görə ki, bizim çox güclü siyasi iradəmiz, güclü iqtisadi potensialımız var. Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik. Hesab edirəm, Prezident kimi fəaliyyətim dövründə bu əsas nəticələrdən biridir ki, bu gün Azərbaycan tam müstəqil siyasət aparır.

O siyasət ki, milli maraqlar və ənənəvi dəyərlər üzərində qurulubdur və elə etməliyik ki, gələcək nəsil də öz gələcəyini bu istiqamətdə görsün. Gələcək nəsil də, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır. Belə olan halda Azərbaycan daim müstəqil siyasət aparacaq. Çünki bizim siyasətimiz həyatda öz əksini tapıb. İndi baxın, dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial böhranlar, inqilablar geniş vüsət alıb. Təhlükə mənbələri getdikcə artır. Getdikcə daha çox narahatedici məqamlar üzə çıxır. Ancaq Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda insanlar sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar". Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda sosial və iqtisadi məsələlər öz həllini tapır:

"İndi baxın, ölkəmizə nə qədər böyük investisiyalar qoyulur. Əgər biz təkcə təhsil sahəsini götürsək, üç min məktəbin tikintisi böyük maliyyə vəsaiti tələb edir. Yollar, su xətləri, elektrik xətləri, qazlaşdırma, hərbi gücümüzün möhkəmləndirilməsi, energetika və nəqliyyat layihələrimiz. Bütün bunları biz öz hesabımıza etmişik. Bu gün dünya miqyasında, xüsusilə yaşadığımız regionda Azərbaycan seçilən ölkələrdəndir. Sülh, əmin-amanlıq, inkişaf, sosial rifah Azərbaycanda təmin edilir və bundan sonra da təmin olunacaq. Çünki bizim gələcəyimizlə bağlı heç bir narahatlıq, heç bir şübhə yoxdur. Çünki biz bundan sonra da ancaq inkişaf yolu ilə gedəcəyik.

Bunu təmin etmək üçün biz, ilk növbədə, daha güclü olmalıyıq. Bir daha demək istəyirəm ki, bizim siyasətimizə heç bir qüvvə təsir edə bilməz. Bunu son 15 il ərzindəki vəziyyət dəfələrlə təsdiqləyib. Siz gənclər gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Ölkəmizin, xalqımızın taleyi sizdən asılı olacaq. Ona görə siz həmişə bilməlisiniz ki, ilk növbədə, milli maraqlardır, ilk növbədə, Vətənin xoşbəxtliyidir, ilk növbədə, müstəqil siyasət aparılmalıdır. Əlbəttə ki, valideynlər, müəllimlər, bütövlükdə cəmiyyət bu işdə öz rolunu oynayır və oynayacaq. Belə gözəl məktəbdə oxumaq və tərbiyə almaq üçün bütün şərait var. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun”.




Baxış sayı: 1 847
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031