FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: “Azərbaycan Xəzərdə 260-dan çox gəmisi olan donanmaya malikdir”
12-08-2018, 20:35 | SİYASƏT
Prezident İlham Əliyev: “Azərbaycan Xəzərdə 260-dan çox gəmisi olan donanmaya malikdir”

“Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”. Modern.az xəbər verir ki, bunu prezident İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında çıxışı zamanı bildirib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib: “2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini verib. Həmin Zirvə Toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Orada ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılıb. Sammitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri razılaşdırılıb. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər bu gün imzalanacaq “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapmışdır. Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir.

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməsi prosesinin başa çatdırılmasına kömək edəcək. Bu kontekstdə Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış sazişlərin böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etmək istərdim. Bununla yanaşı, Azərbaycan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın və onun protokollarının, eləcə də “Xəzər dənizində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş”in razılaşdırılması prosesində də fəal iştirak edib. Bu istiqamətdə aparılan beştərəfli qarşılıqlı fəaliyyətin mühüm nəticəsi kimi cari il iyulun 20-də Moskva şəhərində Xəzəryanı dövlətlər arasında Çərçivə Konvensiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair Protokolunun imzalanmasını yüksək dəyərləndiririk. Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun bioresurslarının mühafizəsi və artırılması ölkəmiz üçün prioritet məsələlərdən biridir. Son illər Azərbaycanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr icra edilir”.

Prezident qeyd edib ki, müstəqillik dövründə Azərbaycanın həyata keçirdiyi neft-qaz əməliyyatları da ən yüksək beynəlxalq ekoloji standartlara cavab verir: “Azərbaycan Dövlət Neft Şirkəti SOCAR neft-qaz əməliyyatları zamanı ISO Beynəlxalq Standartlaşma Təşkilatının tələblərinə uyğun idarəetmə sistemi qurmuş və sertifikatlaşdırmışdır. Bu istiqamətdə həyata keçirilən layihələr Dünya Bankı Ekspert Şurası tərəfindən iki dəfə “Ali Mükafat”a layiq görülmüşdür. 2015-ci ildən etibarən Azərbaycanda neft-qaz əməliyyatları aparan bütün şirkətlər üçün ən müasir avadanlıqlarla təchiz edilmiş Tullantıların İdarə Edilməsi Mərkəzi yaradılıb. Neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Azərbaycan infrastrukturun inkişafına böyük önəm verir. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə görə Azərbaycan dünyada infrastrukturun inkişafı səviyyəsi üzrə 26-cı, rəqabətqabiliyyətlilik indeksi üzrə isə 35-ci yerləri tutur. Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır. 2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Biz qarşıdakı illərdə bu marşrutla yükdaşımaların dəfələrlə artmasını gözləyirik. Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır. Biz bu layihəyə böyük əhəmiyyət veririk. Azərbaycan ərazisində bu layihənin reallaşması üçün bütün işlər başa çatıb.

Ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınıb. Bu isə yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir.

Azərbaycan Xəzərdə 260-dan çox gəmisi olan donanmaya malikdir. Bu gəmilərin bir hissəsi yüklərin fasiləsiz tranzitinin təmin edilməsi işində əsas rol oynayır. 2013-cü ildə Azərbaycanda ən müasir texnoloji standartlara cavab verən gəmiqayırma zavodu istifadəyə verilmişdir. Bu zavodda bütün növ gəmilər, o cümlədən yük gəmiləri, tankerlər, hərbi gəmilər, neft-qaz əməliyyatlarında istifadə edilən gəmilər istehsal oluna bilər. İndiyədək onlarca gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi isə təmir edilib. 2017-ci ildə istifadəyə verilən, 400 milyon ABŞ dollarına yaxın dəyərində “Xankəndi” gəmisi dünyada ən yüksək beynəlxalq standartlara uyğun şəkildə inşa edilmiş bu cür mövcud 10 gəmidən biridir. Hesab edirəm ki, Xəzəryanı ölkələr bu zavodun imkanlarından istifadə edə bilərlər. Bu ilin may ayında Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşası başa çatıb. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın imkanları 25 milyon tona çatdırıla bilər. Ələt limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına verdiyi növbəti töhfələrdən biridir. Azərbaycan Xəzəryanı ölkələrin sərhəd və gömrük xidmətləri arasında əməkdaşlığın möhkəmlənməsi işində də fəal rol oynayır. Biz qaçaqmalçılıq, narkotrafik və digər qanunsuz fəaliyyətlərlə mübarizədə fəal və səmərəli iş aparırıq. Ölkəmizin Sərhəd Xidməti Xəzəryanı dövlətlərin müvafiq qurumları ilə ikitərəfli və çoxtərəfli formatlarda sıx əməkdaşlıq edir. Dənizdə qanunsuz fəaliyyətin profilaktikası və aradan qaldırılması üzrə birgə tədbirlər həyata keçirilir”.

İlham Əliyev qeyd edib ki, Azərbaycan regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz dəyərli töhfəsini verir: “Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regional təhlükəsizlik üçün böyük təhdid doğurur. Ermənistanın işğalı nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının təxminən 20 faizi işğal olunmuş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. Bir çox aparıcı beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul etmişlər. Bu sənədlər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir.

BMT Təhlükəsizlik Şurası 20 ildən artıqdır ki, münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bu qətnamələr öz qüvvəsini itirməyib. Lakin Ermənistan bu qətnamələrə əməl etmir, beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Ermənistan işğal olunan torpaqlarda qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməyə çalışır. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının çoxsaylı tarixi, memarlıq və dini abidələrini məhv etmişdir. İşğal edilən Dağlıq Qarabağ və onun ətrafındakı 7 digər rayon tarixi və əzəli Azərbaycan torpağıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Çıxışımın sonunda əminliyimi bildirmək istərdim ki, Sammitdə qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”.




Baxış sayı: 1 738
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30