FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: “Biz ili uğurla başa vururuq”
15-12-2017, 21:00 | SİYASƏT
Prezident İlham Əliyev: “Biz ili uğurla başa vururuq”

“Bu gün ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələr fəaliyyətə başlayır. O müəssisələr ki, idxaldan asılılığı aradan götürəcək. Bu, məni çox sevindirir. Çünki bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın”.

Bu sözləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının açılış mərasimindəki çıxışı zamanı deyib.

İlham Əliyev bildirib ki, Sumqayıt Kimya Sənaye Parkı fəaliyyətə başlayandan sonra artıq Azərbaycanda şüşə idxalı dayandırılacaq.

“Əksinə, Azərbaycan özü şüşələri ixrac edəcək. Nəzərə alsaq ki, bu gün Bakıda və digər şəhərlərdə yüzlərlə yaşayış binası, müasir göydələnlər tikilir, şüşəyə tələbat çox böyük olacaq”.

Azərbaycan Prezidenti deyib ki, son vaxtlar xalçaçılığın inkişafına çox böyük diqqət göstərilir və artıq qısa müddət ərzində on xalça fabriki açılıb.

“Gələn il də on fabrik açılacaq və bütövlükdə otuz xalça fabrikinin yaradılması nəzərdə tutulur. Əlbəttə ki, bu fabriklərin uğurlu fəaliyyəti üçün yerli xammal lazımdır və əyirici-boyaq fabrikinin təməli də bu gün qoyulub. Bu, dövlət investisiyası hesabına yaradılacaq müəssisədir. Beləliklə, biz bütün xalçaçıları, həm bu fabriklərdə çalışan, eyni zamanda, fərdi qaydada işləyən xalça ustalarımızı öz xammalımızla təmin edəcəyik”.

Prezident çıxışında daha sonra bildirib:

“Bu gün, eyni zamanda, siqaret fabrikinin təməli qoyulubdur. Bu fabrikin də çox böyük əhəmiyyəti var. Biz indi siqaret idxalından asılıyıq. Əlbəttə, biz hamımız istəyirik ki, Azərbaycanda siqaret istehlakı azalsın, insanlar bu pis vərdişdən əl çəksinlər. Ancaq hələ ki, bu, belə deyil. Əlbəttə, daxili istehsal xarici istehsalı əvəzləməlidir. Bu fabrikdə istehsal olunacaq məhsul daxili tələbatın əlli faizini bağlayacaq. Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda, xarici bazarlara ixrac edəcəyik. Bu gün Azərbaycanda tütünçülük çox sürətlə inkişaf edir. Əlbəttə ki, tütünçülüyün son məhsulu olan siqaret istehsalı da Azərbaycanda yaradılır. Pestisid zavodunun tikintisi artıq öz həllini tapıb. Bu da çox vacib sahədir. Mənim göstərişimlə bu sahəyə böyük diqqət ayrılır. Çünki bu günə qədər biz yenə də idxaldan asılıyıq. İndi daxili tələbatı bu parkda yaradılan zavod tam ödəyəcək. Gələcəkdə - növbəti mərhələdə isə ixrac imkanı da yaradılacaq. Bu, kənd təsərrüfatının inkişafına çox böyük təkan verəcək. Çünki kənd təsərrüfatı sənaye istehsalı ilə bərabər, bizim əsas, prioritet istiqamətimizdir. Düzgün aqrotexniki tədbirlərin görülməsi nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik.

Bu müasir və çox böyük imkanlara malik olan Data Mərkəzinin açılması da çox əlamətdar hadisədir. Bu, dünyanın ən son texnologiyalarına əsaslanan mərkəzdir. Azərbaycan bu sahədə də dünya miqyasında liderlik nümayiş etdirir. Bildiyiniz kimi, blokçeyn texnologiyası bu gün dünyada çox böyük diqqətə malik olan bir sahədir. Bir çox ölkələr, şirkətlər bu texnologiyanı öz ölkələrinə gətirmək üçün çalışırlar, fəaliyyət göstərirlər. Burada da Azərbaycan ön sıralardadır. Belə böyük və müasir, bütün dünya standartlarına cavab verən Data Mərkəzinin yaradılması onu göstərir ki, biz gələcəyə baxırıq, biz ölkəmizi dünyada gedən mütərəqqi proseslərə uyğun şəkildə inkişaf etdiririk. Bu, həm elm mərkəzidir, həm sənaye müəssisəsidir və həm də böyük biznes sahəsidir. Bir sözlə, bir gündə Sumqayıtda, görün, yeddi müəssisəyə təkan verilir, onların fəaliyyəti təmin edilir. Əgər biz Sumqayıt Kimya Parkının digər rezidentlərini də əlavə etsək, görərik ki, bu, doğrudan da dünya miqyasında böyük bir sənaye mərkəzidir. Çünki hazırda “SOCAR Polymer” və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1 milyard 700 milyon dollardır. Bu, bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin edək, həm də ki, böyük ixrac imkanları yaradılacaq.

Qeyd etdiyim kimi, bu sənaye parkında bütövlükdə 15 rezident var. Həm xarici, həm də daxili investorlar burada fəaliyyət göstərirlər. Əgər biz vaxtında bu qərarı qəbul etməsəydik və dövlət öz tərəfindən bütün lazımi tədbirləri görməsəydi, o cümlədən maliyyə dəstəyini göstərməsəydi, əlbəttə ki, bu gün bu park da olmayacaqdı və biz bu gözəl imkanlardan məhrum ola bilərdik. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti gələcəkdə daha da genişləndiriləcəkdir. Burada böyük ərazilər var, yeni layihələr təqdim olunur, yeni layihələr nəzərdən keçirilir. Ona görə bu parkın çox böyük gələcəyi var. Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir - həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik.

O ki qaldı, sənaye zonalarının yaradılmasına, bu proses ölkəmizdə geniş vüsət alıb. Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb, Hacıqabul, Masallı, Sabirabad rayonlarında oxşar zonalar yaradılır. Mingəçevir Yüngül Sənaye Parkında birinci böyük fabrikin açılışı gələn ilin əvvəlində nəzərdə tutulur. Yəni, Azərbaycanda sənayeləşmə prosesi sürətlə gedir. Bunun təməlində bizim siyasətimiz, xarici və yerli investorların inamı dayanır. Çünki ancaq sabit olan ölkələrə investisiya cəlb olunur. Azərbaycan o ölkələrdəndir ki, çox gözəl beynəlxalq nüfuza malikdir, iqtisadi cəhətdən uğurla inkişaf edir. Davos Forumunun hesablamalarına görə, ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Bu gün Sumqayıtda bu 7 müəssisənin, bundan əlavə, bu müəssisələri qidalandıran yarımstansiyaların fəaliyyətə başlaması bizim düzgün siyasətimizi bir daha göstərir və biz 2017-ci ili uğurla başa vururuq.

Sumqayıtın ümumi inkişafı məni çox sevindirir. Mən on səkkizinci dəfədir ki, Sumqayıtda səfərdəyəm. Bu il ikinci dəfədir ki, gəlmişəm. Şəhərdə bütün infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir. Fasiləsiz içməli su ilə təminat 94 faizə çatıbdır, qazlaşma 100 faizdir, elektrik enerjisi ilə heç bir problem yoxdur, yeni yollar salınır. Biz bu il Bilgəh-Sumqayıt sahilboyu yeni yolun salınmasını təmin etdik. Sosial obyektlər, məktəblər, xəstəxanalar, Olimpiya kompleksi, Paralimpiya mərkəzi, “ASAN xidmət” mərkəzi yaradılıb. Bu gün biz “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışını qeyd edəcəyik. Yəni, həm sosial, həm iqtisadi sahədə, sənaye sahəsində çox böyük inkişaf var. Sumqayıt bulvarı isə, - mən bunu bulvarın açılışında da demişəm”, - bir möcüzədir. Çünki qısa müddət ərzində belə bulvarın salınması doğrudan da çox böyük hadisədir. İnsanların rahat yaşaması, işlə təmin olunması üçün bütün işlər görülür. Bir daha demək istəyirəm ki, Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir. Bir məsələni də qeyd etməliyəm ki, bütün müəssisələr ən yüksək ekoloji standartlara malikdir. Bunu mən xüsusi tapşırmışdım. Çünki bilirsiniz ki, vaxtilə Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi. Hətta bütün beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt ekoloji cəhətdən bəlkə də ən gözəl və təmiz şəhərlərdən biridir. Bax, biz buna nail ola bilmişik. Buna görə Sumqayıtın ekoloji vəziyyətinin daim yaxşılaşdırılması diqqət mərkəzindədir və bu gün buranın təmiz havası, gözəl iqlimi əminəm ki, sumqayıtlılar üçün də çox önəmlidir.

Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıbdır. Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycan belə gözəl əsərlər yaradır və xalqımıza bəxş edir. Burada, bu görüşdə iştirak edən bütün vətəndaşlar bu gün açılışında və təməlinin qoyuluşunda iştirak etdiyim müəssisələrin nümayəndələridir. Mən sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm".




Baxış sayı: 1 961
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031