FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda müşavirə keçirilib
4-09-2017, 09:30 | SİYASƏT
Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda müşavirə keçirilib

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı. Prezident İlham Əliyevin giriş nitqi - Biz bugünkü müşavirədə ölkəmizdə çay, çəltik, sitrus meyvələri istehsalının inkişafı məsələlərini müzakirə edəcəyik. Şadam ki, son vaxtlar ölkəmizdə bu sahələrə dövlətin dəstəyi hesabına diqqət artır. Bu, çox sevindirici haldır. Ümumiyyətlə kənd təsərrüfatının hər bir sahəsi bizim üçün çox önəmlidir və son illər ərzində bu sahəyə göstərilən diqqət öz nəticəsini verir. Əlbəttə, ilk növbədə, biz ərzaq təhlükəsizliyi məsələlərini həll etməli idik və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bununla bərabər, biz kənd təsərrüfatının bütün ənənəvi sahələrini inkişaf etdirməli idik. Əslində 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının da əsas məqsədi bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik ki, biz bu məqsədlərə çatmışıq. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə, 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çox konkret proqramlar idi. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir. Bu illər ərzində biz iqtisadi inkişafımızın əsasını qoyduq. Çünki proqramın icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur demək olar ki, köhnəlmişdi. Biz özümüzü elektrik enerjisi ilə, qazla təmin edə bilmirdik, idxaldan asılı idik. Belə olan halda, sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi. Biz, ilk növbədə, inkişaf üçün baza yaratdıq. Son illərdə 20-dən çox elektrik stansiyası tikilib. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini xarici ölkələrə də ixrac edirik. Azərbaycanda qazlaşdırma çox aşağı səviyyədə idi. Xatırlayıram, 2000-ci ildə parlament seçkiləri ərəfəsində mən Lənkəran rayonuna gəlmişdim. O vaxt vətəndaşlarla görüş zamanı ən çox qaldırılan məsələ təbii qazın olmaması idi. Mən o günləri xatırlayıram. Ancaq bu gün Lənkəran rayonunun təxminən 90 faizi qazlaşdırılıb. Ölkə üzrə isə qazlaşdırma 93 faizə çatıbdır. Növbəti illərdə bütün bölgələrdə qazlaşdırma işləri davam etdiriləcəkdir. Biz təbii qazı ixrac etməyə başlamışıq və ölkəmizə çox lazım olan valyuta gəlir. Biz son illər ərzində 11 min kilometrdən çox yol salmışıq və dünən də bir neçə yol layihəsinin açılışını etdik. Bu yollar bütün bölgələri bir-biri ilə bağlayır. Şəhərlərarası yollar, magistral yollar, qonşu ölkələrlə əlaqə yaradan yollar, kənd yolları ilə bağlı işlər çox geniş vüsət alıbdır. Bu, həm sosial layihələrdir, eyni zamanda, iqtisadi layihələrdir. Çünki fermerlər, sahibkarlar yaxşı bilirlər ki, yol olmadan inkişafdan söhbət gedə bilməz. Çünki gözəl yol kənd təsərrüfatının da, turizmin də inkişafına çox böyük təkan verir. Bu gün biz bunu əyani şəkildə görürük. Bir sözlə, biz sürətli iqtisadi inkişaf üçün əvvəlki illərdə yeniləşmiş, müasir infrastruktur yaratdıq ki, bundan sonra bunun əsasında uğurla inkişaf edə bilək. Bununla paralel olaraq sosial infrastruktur məsələlərinə də böyük diqqət göstərilmişdir. Əlbəttə, bunun da çox böyük mənası var. Çünki həmişə qeyd etdiyim kimi, bu gün də qeyd etmək istəyirəm ki, bütün işlərimizin, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə təhsillə, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olmuşdur. Son illərdə 3 mindən çox məktəb, 600-dən çox tibb mərkəzi yaradıldı və onlar bu gün insanlara xidmət göstərir. Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır, eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb. Yenə də qeyd etmək istəyirəm, əgər vaxtilə biz infrastruktur layihələrinə böyük vəsait ayırmasaydıq, bu gün inkişaf o qədər də sürətli olmazdı. Biz son illərdə ölkəmizdə işsizliyin kəskin azalmasına nail olduq və Azərbaycan bu göstəriciyə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Azərbaycanda işsizlik təqribən 5 faiz səviyyəsindədir. Xüsusilə bu gün bu qədər ki, inkişaf var, kənd təsərrüfatına bu qədər vəsait qoyulur, son 2 il ərzində minlərlə ictimai iş yeri yaradılıbdır, işləmək istəyən özü üçün iş tapar. Yaradılan 1 milyon 600 mindən çox iş yeri də bizim siyasətimizin əlamətidir, onun təzahürüdür. Fermerlərin, sahibkarların işini yüngülləşdirmək üçün bir çox önəmli tədbirlər görülmüşdür. İlk növbədə, onlara maddi resurs verilməli idi. Biz də bunu edirik. Son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilmişdir və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulmuşdur. Kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıbdır. Metodik tövsiyələr verilir. Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni, biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük. Bu ilin 7 ayında ticarət dövriyyəmizin müsbət saldosu əhəmiyyətli dərəcədə artıbdır. Yəni, biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir. Bir sözlə, 2017-ci ildə də Azərbaycan uğurlu inkişaf dinamikasını saxlayır, onu möhkəmləndirir, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atır. Beləliklə, biz gələcək inkişaf üçün də gözəl şərait yaradırıq. Kənd təsərrüfatının inkişafı isə bizim üçün prioritet sahədir. Hesab edirəm ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur. İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa. Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Dünən təsərrüfatlarla tanış olarkən mən yeni texnikanı da gördüm. Bu texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə, mümkün deyil. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni, sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək. Azərbaycan ictimaiyyəti bilir ki, son vaxtlar kənd təsərrüfatının müxtəlif sahələri üzrə dövlət proqramları qəbul edilmişdir. Bu proqramlar çox konkret proqramlardır. Orada bütün tapşırıqlar verilib, maliyyə təminatı təşkil edilib. Biz bu proqramların icrası nəticəsində kənd təsərrüfatının da şaxələndirilməsinə nail olacağıq. Ərzaq təhlükəsizliyi əlbəttə ki, bizim üçün əsas məsələlərdən biridir. Son illər ərzində bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bizim üçün ənənəvi olmayan sahələri inkişaf etdirmişik. Biz əvvəlki illərdə - sovet dövründə əti, südü, toyuq ətini Azərbaycana başqa respublikalardan gətirirdik. Bu gün bu sahələr üzrə çox böyük inkişaf var. Ət istehsalı təxminən 100 faiz səviyyəsində daxili imkanlar hesabına təmin edilir. Toyuq əti 100 faiz, hətta ixrac edirik. Süd isə 80 faiz daxildə istehsal olunur. Görüləcək tədbirlər nəticəsində biz 100 faiz səviyyəsinə çatacağıq. Bizim üçün ənənəvi olan sahələr də bu gün uğurla inkişaf etdirilir. Pambıqçılıq. Biz pambıqçılığın şöhrətini bərpa etdik. İki il ərzində çox böyük işlər görüldü. Pambıq sahələri 17 min hektardan 136 min hektara çatdırıldı. İki müşavirə keçirildi – Sabirabadda və Saatlıda. Tütünçülük, fındıqçılıq, baramaçılıq sürətlə inkişaf edir. Qax rayonunda müşavirə keçirildi və tütün sahələri 3200 hektara çatdı. Fındıq bağlarının sahəsi 55 min hektara çatdı, 80 min hektara çatacaq. Barama istehsalı isə indi ölkəmizin bütün bölgələrində geniş vüsət alıb. Dünən Lənkəranda tut tingləri sahəsinə də baxış keçirdim. Görürəm ki, Lənkəranda da bu sahəyə böyük maraq var. Baxmayaraq ki, sovet vaxtında baramaçılıq Lənkəranda və bu zonada inkişaf etdirilmirdi. Bu sahələrin inkişafı məşğulluğu artırır, idxaldan asılılığı azaldır, ixrac potensialımızı gücləndirir. Bizim məqsədimiz bundan ibarətdir. Bugünkü müşavirədə isə bizim üçün ənənəvi olan çayçılıq və çəltikçilik sahələrinin inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik. Azərbaycanda bu sahələrin böyük ənənələri var. Eyni zamanda, cənub zonasının ənənəvi kənd təsərrüfatı məhsulu sitrus meyvələridir. Son vaxtlar bu istiqamətdə də önəmli addımlar atılır. Əminəm ki, bugünkü müşavirədən sonra bu üç önəmli sahənin inkişafına yeni təkan veriləcək. Çünki dövlət artıq bu sahələrə öz dəstəyini çox ciddi şəkildə ortaya qoyur. Onu da qeyd etməliyəm və bizim təcrübəmiz göstərir ki, dövlət dəstəyi olmadan kənd təsərrüfatı uğurla inkişaf edə bilməz. Çünki dövlət bütün lazımi tədbirləri görür, vəsait qoyur, infrastruktur yaradır, texnika ilə, gübrələrlə təmin edir, laboratoriyalar təşkil edilir. Bütün ölkə üzrə toxumçuluq, baytarlıq, aqrokimya laboratoriyaları təşkil olunub. Metodik tövsiyələr verilir. Eyni zamanda, bu yaxınlarda yaradılmış tədarük-təchizat qurumu da fermerlərə kömək göstərir, məhsulu onlardan alır. Ona görə bu üç ənənəvi sahəyə çox böyük diqqət göstərilir və göstəriləcək. Əminəm ki, müşavirənin nəticəsində biz bu sahələrdə daha da sürətli inkişafı görəcəyik. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh QARAŞOV çıxış edərək dedi: -Möhtərəm cənab Prezident. İcazə verin, Sizi Lənkəran ictimaiyyəti adından salamlayım və “Xoş gəlmisiniz” deyim. Cənab Prezident, son illərdə Sizin diqqət və qayğınız nəticəsində qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafında böyük nailiyyətlər əldə olunub. Bir il ərzində pambıq, tütün, fındıq, barama, bu gün isə çay, çəltik və sitrus meyvələri istehsalına dair respublika müşavirələrinin keçirilməsi, həmin sahələrin inkişafı ilə bağlı Dövlət proqramlarının qəbulu Sizin də qeyd etdiyiniz kimi, aqrar sahədə böyük dəyişikliklərə səbəb olub. Bu dövr Azərbaycanın müasir tarixində inqilabi dönüş illəri kimi qalacaq. Aqrar sahədə aparılan islahatlar və bu sahəyə dövlət qayğısı bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına ödənilməsinə, xarici bazarlardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsalının artırılmasına səbəb olub. Sizin aqrar sahənin inkişafı ilə bağlı tapşırığınıza uyğun olaraq digər bölgələrdə olduğu kimi, rayonumuzda da lazımi işlər görülür. Yerlərdə maarifləndirici tədbirlər keçirilir, mülkiyyət formasından asılı olmayaraq torpaq sahələrindən istifadə vəziyyəti öyrənilir. Cənab Prezident, 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı sayəsində Lənkəran sürətlə inkişaf edərək aqrar-sənaye rayonuna çevrilib. Həmin dövrdən başlayaraq rayonumuzun simvolu sayılan çayçılıq aparıcı sahə olub. Ulu Öndərin xeyir-duası ilə tutumu 52 milyon kubmetr olan Yuxarı Xanbulançay dəryaçasının istifadəyə verilməsi rayonda əkin sahələrinin, o cümlədən çay plantasiyalarının genişlənməsinə, məhsul istehsalının artımına və 30 mindən çox sakinin daimi işlə təmin edilməsinə səbəb olub. Plantasiyalardan yığılan 16 min tondan çox yaşıl çay yarpağından 4,2 min ton quru çay istehsal olunub ki, bu da respublikada o dövrdə çaya olan tələbatın 50 faizini təşkil edib. Əldə olunan gəlirlər minlərlə ailənin yaşayış səviyyəsinin yaxşılaşmasına, qəsəbə və kəndlərin abadlaşmasına sərf edilib. Təəssüflər olsun ki, 1990-cı illərin əvvəllərində bütün sahələr kimi çayçılıq da tənəzzülə uğramış, baxımsızlıqdan sıradan çıxmışdı. Sizin aqrar sektora olan diqqətiniz, digər sahələrdə olduğu kimi, çayçılığın da inkişafına böyük təkan verib. Hazırda rayonda 568 hektar çay sahəsi mövcuddur ki, onun da 456 hektarı yeni salınmış plantasiyalardır. Məhsul verən 214 hektar sahədən 102 hektarı son illərdə salınan ərazilərdir. Keçən il rayonda 313 ton yaşıl çay yarpağı istehsal olunub, 3 milyon manat gəlir əldə edilib. Cənab Prezident, Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycanın çay ixrac edən ölkə olmaqla yanaşı, həm də çay istehsalı üçün xammal idxal edən ölkə olduğunu diqqətə çatdırdınız və bunun üçün yeni çay plantasiyalarının salınmasını, müasir texnologiyaların tətbiqini tövsiyə etdiniz. Tövsiyənizi əldə rəhbər tutan sahibkarlar və fermerlər mövcud çay plantasiyalarını yaxın gələcəkdə 1000 hektara çatdırmağı və 4 min daimi iş yeri açmağı qarşıya məqsəd qoyublar. Əgər müasir tinglik təsərrüfatı yaradılarsa, xüsusi təyinatlı texnikalar və müasir suvarma avadanlıqları gətirilərək lizinq yolu ilə fermerlərə verilərsə, əlavə çay plantasiyası salmaq və daha çox iş yeri yaratmaq mümkündür. Cənab Prezident, Lənkəranda sitrus bağlarının kütləvi şəkildə salınmasına ötən əsrin 70-ci illərindən başlanılmışdır. Həmin illərdə dövlət və şəxsi təsərrüfatlarda feyxoa, limon, naringi, portağal bağları salınıb və min tonlarla məhsul yığılıb. Tənəzzül illərində digər sahələr kimi, bu sahəyə də diqqət azalıb, plantasiyaların çoxu baxımsızlıqdan sıradan çıxıb. Sizin kənd təsərrüfatının inkişafına verdiyiniz dəstək digər sahələr kimi, subtropik və sitrus meyvəçiliyinin inkişafına marağı qat-qat artırıb. 2015-ci ildən başlayaraq “Gilan Orchards” MMC tərəfindən Koreya Respublikasından gətirilmiş “Hallabonq” sitrus meyvə ağacları 100 hektar sahədə əkilib. Hazırda sitrus bağlarının ümumi ərazisi 1228 hektar, burada çalışan işçilərin sayı 2700 nəfərdir. Ötən il yığılmış 12,8 min ton məhsul ölkəmizin və Rusiyanın bazarlarına çıxarılıb. Cənab Prezident, çəltikçilik cənub zonası üçün ənənəvi təsərrüfat sahəsi olub. Ötən əsrin 60-cı illərinədək Lənkəranda becərilmiş “Haşimi”, “Həsəni”, “Ənbərbu”, “Qırmızı Əmbərbu”, “Çampo”, “Sədri” və digər düyü növləri özünəməxsus dadı, keyfiyyəti ilə seçilmiş və keçmiş ittifaqın müxtəlif şəhərlərinə, hətta xarici ölkələrə göndərilmişdir. Lakin sonradan bu sahə tamamilə unudulmuşdur. Aqrar sektora olan dövlət dəstəyindən ruhlanan sakinlərimiz yenidən bu gəlirli sahə ilə məşğul olmağa başlamışlar. Bu il qabaqcıl texnologiyanın tətbiqi nəticəsində çəltik əkini 526,5 hektara çatdırılmış və burada çalışan işçilərin sayı 1068 nəfər olmuşdur. Növbəti illərdə çəltik sahələrinin 1000 hektara çatdırılması və toxumçuluq təsərrüfatının yaradılması nəzərdə tutulur. Çəltiyin istehsalı üçün rayonda illik emal gücü 7 min ton, düyü qurutma gücü 10 min ton olan yeni zavod tikilib. Lənkəranda istehsal edilən düyü daha keyfiyyətli olduğu üçün onun alıcısı çoxdur və satışı üçün kifayət qədər bazar var. Gələcəkdə daxili tələbatı ödədikdən sonra artıq qalan məhsulu xarici bazarlara çıxarmaq nəzərdə tutulur. Cənab Prezident, yaranmış imkandan istifadə edərək diqqətinizə çatdırmaq istəyirəm ki, kənd təsərrüfatının, xüsusən də baramaçılığın inkişafına dövlət dəstəyindən ruhlanan sakinlərimizdə də rayonumuz üçün əvvəllər o qədər də ənənəvi olmayan bu sahəyə maraq yaranıb. Əhalinin məşğulluğunu təmin etmək üçün ötən il rayonumuzda ümumilikdə 54 min 700 tut tingi əkilib ki, onların da 40 mini Çindən gətiriləndir. Yeni salınan tut bağlarında olan yem bazası bizə imkan verir ki, növbəti ildə ilkin olaraq 3 ton barama istehsal edək. Zati-aliləri, Vətənimizin xoşbəxt gələcəyi naminə qarşıya qoyduğunuz vəzifələr şərəfli olduğu qədər də məsuliyyətlidir. Üzərimizə düşən məsuliyyəti dərindən dərk edərək Sizi əmin edirik ki, bu şərəfli vəzifələrin layiqincə yerinə yetirilməsi üçün xalqımızla birlikdə lənkəranlılar da bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər. Diqqətinizə görə sağ olun. “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt MƏMMƏDOV çıxış edərək dedi: -Möhtərəm cənab Prezident. Sizi bölgəmizin sahibkarları adından salamlayır, bu mötəbər tədbirdə çıxış üçün mənə imkan yaradıldığına görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 80-ci illərində keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilmiş minlərlə azərbaycanlı gəncdən biriyəm. Təhsilimi başa vurduqdan sonra əmək fəaliyyətimə Rusiyanın Perm şəhərində başlamışam. 2000-ci illərin əvvəllərində, cənab Prezident, Sizin müdrik rəhbərliyiniz altında həyata keçirilməyə başlayan Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən misilsiz tarixi işlər bir azərbaycanlı kimi məni də Vətənə, doğma bölgəmizə qayıtmağa sövq etdi. 2010-cu ildə “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətini yaratdım və o vaxtdan həmin müəssisəyə rəhbərlik edirəm. Bölgəmiz üçün ənənəvi çayçılıqdan başladım. Ötən müddət ərzində 460 hektar sahədə çay plantasiyası salmış, 2015-ci ildə gündəlik 12 ton yaşıl çay yarpağı emal edən müasir çay fabriki tikib istifadəyə vermişik. Cənab Prezident, 2015-ci il aprelin 11-də fabrikimizə gəlişiniz və o zaman verdiyiniz tövsiyələr bizim üçün fəaliyyət proqramı olmuşdur. Ali diqqətinizə məruzə edirəm ki, tövsiyələrinizə uyğun olaraq, şirkətimiz artıq İSO 9001, 14001, 18001, beynəlxalq keyfiyyət, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi standartları çərçivəsində fəaliyyət göstərir və LOCON Avropa ekoloji təmiz qida sertifikatı ilə istehsal etdiyimiz qara çay, orqanik “Aztea” brendi ilə həm yerli və həmçinin xarici bazarlarda satılır. -Möhtərəm cənab Prezident, Siz, eyni zamanda, Nazirlər Kabinetinin bu ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çayçılığın inkişafı, məhsuldarlığın yüksəldilməsi məqsədilə çay istehlakçıları qarşısında dünya təcrübəsinin öyrənilməsi, mütərəqqi texnologiyalardan istifadə edilməsi kimi vəzifələr qoymusunuz. Məruzə etmək istəyirəm ki, müəssisəmizdə artıq bu istiqamətdə bir sıra işlər görülüb. Tingçilik təsərrüfatının yaradılması üçün xaricdən mütəxəssislər dəvət olunub, işçilərimiz üçün treninqlər təşkil edilib və təcrübə-sınaq işləri üçün müvafiq sahə ayrılıb. Müəssisəmiz çayçılıqdan əlavə çəltikçilik və sitrus meyvəçiliklə də məşğul olur. Cari ildə Astara və Lənkəran rayonlarında 340, Biləsuvar rayonunda isə 300 hektar sahədə çəltik əkini aparılıb. Gələn il əkin sahəsini 1000 hektara çatdırmağı planlaşdırırıq. Toxumçuluq təsərrüfatı yaratmış və yerli fermerləri 60 tondan artıq çəltik toxumu ilə təmin etmişik. Eyni zamanda, 105 hektar sahədə sitrus meyvələri əkilib, feyxoa, limon, portağal, naringi istehsalına başlanılıb. Astara rayonunda 340 nəfər, Lənkəran rayonunda 418 nəfər, Biləsuvar rayonunda isə 70 nəfər üçün daimi iş yeri yaratmışıq. Bütün bunlara məhz Sizin davamlı sosial-iqtisadi inkişaf siyasətiniz sayəsində nail olmuşuq. Azərbaycanda zəngin tarixi ənənələri olan çayçılıq və çəltikçiliyin, habelə sitrus meyvəçiliyinin hərtərəfli dəstəklənməsi məqsədilə dövlət tərəfindən müxtəlif yardım və təşviq mexanizmlərinin, o cümlədən güzəştli kreditlərin, son məhsula görə subsidiyaların təmin edilməsi, eləcə də aqrolizinq xidmətlərinin göstərilməsi bu sahələrin inkişafını daha da sürətləndirib. Ölkəmizdə həyata keçirdiyiniz uğurlu iqtisadi siyasətin nəticəsi olaraq sahibkarlar üçün yaradılmış əlverişli şəraitdən maksimum yararlanmağa çalışırıq. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə çayçılıq və çəltikçilikdə istifadə olunan 1 milyon 366 min manat dəyərində 26 adda xüsusi texnika bizim müəssisə üçün lizinqə verilmiş və dövlət tərəfindən həmin vəsaitin 40 faizi və ya 546 min 478 manatı bizə güzəşt olunmuşdur. Bu il əlavə olaraq ümumi dəyəri 570 min manat olan bir ədəd “Laverda” markalı çəltikbiçən kombayn bizim üçün ayrılmışdır. Möhtərəm cənab Prezident, Siz bizi hərtərəfli dəstəkləyirsiniz, inkişafımız üçün hər cür şərait yaratmısınız. Bu, məsuliyyətimizi artırır, qarşımızda böyük vəzifələr qoyur. “Made in Azerbaijan” brendinin təbliği, məhsulların ixrac edilməsinin təşviqi istiqamətində imzaladığınız fərman və sərəncamlar, verdiyiniz göstərişlər sahibkarlarda böyük ruh yüksəkliyi yaradıb. Hər ötən gün qazanılan təcrübə bizi əmin edir ki, bölgəmizdə çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin böyük gələcəyi var. Eyni zamanda, digər sahələrdən fərqli yanaşma tələb edən çayçılığın inkişafı ilə bağlı bir sıra məsələləri qeyd etmək istəyirəm. Çay çoxillik bitkidir, hər torpaqda bitmir. Əkiləndən 7 il sonra məhsuldarlığa çatır və ilk illərdə daha çox qulluq tələb edir. Torpağında çay əkən kəndli yeddi il sonra gəlir əldə edə bilər. Odur ki, əhaliyə pay torpağı kimi verilmiş yararlı torpaqların könüllü birləşdirilməsi və bu birliklərin stimullaşdırılması üçün onlara müvafiq subsidiyaların ayrılması, torpaq sahiblərinin öhdəliklərinin hüquqi əsaslarının tənzimlənməsi məqsədəuyğun olardı. Əminliklə deyə bilərəm ki, belə əhəmiyyətli addımların atılması qarşıda duran məsələlərin həllini tapmasında, bu sektorun iqtisadiyyatın gəlirli sahələrdən birinə çevrilməsində imkanlarımızı artıracaq. Möhtərəm cənab Prezident, regionların davamlı inkişafı, infrastruktur layihələrinin icrası, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması ölkəmizin gücünü, qüdrətini daha da artırır. Bizə yaradılmış şəraitə, sahibkarların himayədarı və dayağı olduğunuza görə Zati-alinizə sonsuz minnətdarlığımızı bildiririk. Biz sahibkarlar üzərimizə düşən məsuliyyəti dərindən dərk edirik. Sizi əmin edirik ki, verdiyiniz tapşırıqların vaxtında və yüksək keyfiyyətlə icrası naminə var qüvvəmizlə çalışacaq, bütün səylərimizi səfərbər edəcəyik. Diqqətinizə görə minnətdaram. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil HÜSEYNOV çıxış edərək dedi: -Möhtərəm cənab Prezident. Müəllifi və təşəbbüskarı olduğunuz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası, Sizin qeyri-neft sektorunun davamlı yüksəlişi ilə bağlı qəbul etdiyiniz qərarlar və verdiyiniz tapşırıqlar xüsusən də ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorda böyük canlanma yaradıb, onun tarixi şöhrətini özünə qaytarmağa başlayıb. Rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Əhalisinin sayı 222 min nəfər olan Masallı respublikanın ən sıx əhali yaşayan və az torpaqlı rayonları sırasındadır. Təhlillər göstərir ki, rayonda 37 min ailənin istifadəsində olan əkinəyararlı 24 min hektara yaxın sahənin 82 faizi dəniz səviyyəsindən aşağıda yerləşməklə şoran və təkrar şoranlaşmış torpaqlardır. On min hektara yaxın sahə isə bilavasitə Xəzər dənizi sahilindədir və onun bir hissəsi daim subasmalara məruz qalır. Son illərədək rayonda əkin sahələrinin 60 faizə qədərində taxıl yetişdirilir, 25 faizə qədəri istifadəsiz qalırdı. Rayonun torpaq-iqlim şəraiti üçün əlverişsiz sayılan taxıl əkinlərinin hər hektarından 10-20 sentner məhsul götürülür, bu qədər sahədə cəmi 150-180 iş yeri yaranırdı. Bu sahə bizim rayonda iqtisadi cəhətdən qeyri-rentabellidir. Cənab Prezident, ötən ilin sentyabr ayında Masallıda olarkən yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı verdiyiniz tapşırıq və tövsiyələrin icrası ilə bağlı əhali və mütəxəssislərlə müntəzəm məsləhətləşmələr aparılır, təbii iqlim şəraitinə uyğun əkin strukturuna yenidən baxmaqla torpaq mülkiyyətçiləri əmək tutumlu, daha gəlirli, bazarda çox tələbat duyulan məhsulların istehsalına istiqamətləndirilir. Nəticədə fermerlər tərəfindən səmərəsiz taxıl əkinləri ilkin olaraq 35 faizə qədər azalıb, həmin sahələr hesabına tərəvəz, çəltik, giləmeyvə, faraş kartof, tərəvəz, noxud, sarımsaq, tütün, qarğıdalı kimi bitkilərin əkinləri xeyli genişləndirilib. Əkin strukturunda baş verən bu dəyişiklik nəticəsində rayonda bitkiçilik məhsullarının istehsal həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,2 faiz artıb, əkinlərin rentabelliyi taxıla nisbətən bir neçə dəfə yüksək olub, 6400 hektarda 13 min 178 iş yeri yaranıb. Aprel ayından başlayaraq yüzlərlə əlavə işçi qüvvəsinə tələbat yaranıb və bu gün də tələbat var. İstehsal edilən məhsullar əsasən ixracyönümlü olub, bu ilin 7 ayında yaxın və uzaq xarici ölkələrə Azərbaycan brendi ilə ümumilikdə 29 milyon manata yaxın tərəvəz, faraş kartof, sarımsaq və çiyələk ixrac olunub. Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən əvvəllər bu bölgənin ən gəlirli sahəsi olan çayçılığın inkişaf etdirilməsi məqsədilə dağlıq ərazidə yeni texnologiyaya əsaslanan 42 hektar çay plantasiyası salınıb, 60 hektarda isə əkin işləri yaxın aylarda başa çatdırılacaq. Bu əraziyə rayonun daxili imkanları və digər maliyyə mənbələri hesabına 11 kilometr asfalt, 6 kilometr çinqıl döşənərək yol çəkilib, “Azərsun” şirkəti tərəfindən suvarma sistemi qurulub. Hazırda burada 50-yə yaxın iş yeri yaradılıb. “Azərsun” şirkəti tərəfindən daha 200 hektara qədər sahədə çay plantasiyasının salınması üçün torpaq mülkiyyətçiləri ilə danışıqlar aparılır. Yaxın illərdə çay plantasiyasının rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar var. Tapşırığınıza əsasən 1000 hektarı əhatə edən yeni çay plantasiyası salınması üçün hazırlıq işləri görülüb, torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri, müvafiq nazirliklərin, “Astaraçay” şirkətinin rəhbərliyi ilə müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Həmin sahələrdə bu ilin payızından başlayaraq çay əkinlərini aparmaq mümkündür. Cari ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılıb. Keçən il 7 hektarda, bu il isə 195 hektarda üç növ çəltik əkilib, kənardan asılılığı azaltmaq üçün 10 hektarda çəltik toxumçuluğu yaradılıb, müasir texnologiya əsasında yeni çəltik emalı zavodunun tikintisinə başlanılıb. Gələn il çəltik əkinlərinin iki dəfə artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulur. Bunun üçün vaxtilə rayonda mövcud olmuş və sonradan baxımsızlıq nəticəsində və istifadə edilmədiyindən sıradan çıxmış 77 sututarın daxili imkanlar və “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin bilavasitə yaxından köməyi ilə bərpa olunmasına başlanıb. Bu sututarlar istifadəyə verildikdən sonra əlavə yaranacaq 8-10 milyon kubmetr suvarma suyu ilə ən azı 600-700 hektar tütün və çəltik sahələrini suvarmaq mümkün olacaq. Bu, bizim mövcud su ehtiyatlarımızın 20 faizindən çoxdur. İxracyönümlü məhsul istehsalının artırılması üçün verdiyiniz tapşırıqların icrası ilə bağlı rayonda əlavə tütün, giləmeyvə, faraş kələm əkinləri də genişlənir, yeni sitrus bağları salınır. Çox hörmətli cənab Prezident, Sizi əmin etmək istəyirik ki, tapşırığınıza müvafiq olaraq, kənd təsərrüfatının bir çox sahələrinin dinamik inkişafının təmin edilməsi üçün bundan sonra da bütün imkanlar səfərbər olunacaq, qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq. Diqqətinizə görə çox sağ olun.




Baxış sayı: 1 793
Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00 Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov 22-11-2024, 10:30 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb 22-11-2024, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930