Tariximizin şərəfli səhifəsi olan 44 günlük Vətən müharibəsi hər zaman öyrənilməli və geniş ictimaiyyətə çatdırılmalı mərhələdir. Qələbəmizə töhfə verən, tarixi anlara şahidlik edən insanlardan biri Azərbaycan Tibb Universitetinin professoru, AMEA müxbir üzvü, tanınmış cərrah Nuru Bayramovdur. Nuru müəllim həmin dövrü belə xatırlayır.
-27 sentyabr 2020-ci ildə, səhər çağı müharibənin başlanmasını eşitdim. Heç tərəddüd etmədən düşündüm ki, biz həkim olaraq fəaliyyətə keçməliyik və öz proqramımı hazırladım. Həmin vaxt ölkəmizdə pandemiya şəraiti olduğuna görə, təmaslarda məhdudiyyət var idi. Mən həm Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında, həm də DTX-nın hospitalında çalışırdım. Həmin vaxt Tədris Cərrahiyyə klinikası daha çox COVİD xəstələrinin müalicəsi ilə məşğul olurdu. Mövcud vəziyyəti nəzərə alaraq klinikamızda müharibədə ağır yaralanmış hərbçilərimizin müalicəsini təmin etmək əsas məsələyə çevrilmişdi. Mən o zamamkı Tibb UniversitetininTədris Cərrahiyyə klinikasının direktoru Surxay müəllimə bu məqamı bildirdim. O da bu məsələyə çox müsbət yanaşdı. Beləliklə klinika mövcud situasiyaya tam hazırlandı.
Müharibə şəraitini nəzərə alaraq gənc cərrahlarımız üçün müalicə protokolları hazırladıq
Amma bizim qarşımızda duran mühüm məsələlərdən biri o idi ki, cərrahlarımız müharibə şəraitində, ağır yaralanmış hərbiçilərimizin müalicəsi ilə necə məşğul olmalıdır. Çünki hamının bu sahədə təcrübəsi yetərli deyildi. Mən özüm I Qarabağ müharibəsində Tərtərdə hospitalda çalışmışdım. Müəyyən qədər təcrübəm var idi. Ümumiyyətlə, müharibə yaralanan, müxtəlif bədən xəsarəti alan hərbçilərin müalicəsi ilə bağlı dünya təcrübəsi, kitablar yazılıb. Ona görə, mövcud təcrübələrə istinad edərək təcili olaraq, biz gənc cərrahlarımız üçün müalicə protokolları hazırladıq. Pandemiya şəraitini nəzərə alaraq onlayn təlimlər keçdik. Bunun çox müsbət nəticələri oldu. Həkimlərimizin bir qismi cəbhə bölgələrinə yollandılar, qalanları isə paytaxtımızdakı xəstəxanalarda yaralanmış əsgərlərimizin müalicə ilə məşğul olurdular. Mən həm DTX hospitalında, həm Tibb Universiteti Tədris Cərrahiyyə klinikasında, həm də Gömrük Hospitalında çalışırdım. Müalicə alan və yeni gətirilən ağır yaralanmış əsgərimizə hər gün baş çəkidim, müalicənin davamı ilə bağlı lazımı müalicələri həyata keçirdim, məsləhətlər verirdim. Demək olar ki, günün nə zaman keçdiyini hiss etmirdik. Hər bir həkimimiz öz işinə böyük ruh yüksəkliyi ilə yanaşırdı.
Ali Baş Komandanın qələbə xəbərlərini eşitmək bizə güc verirdi
Axşamlar televizorun qarşısında əyləşib Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dilindən qələbə xəbərlərini eşitmək bizim bütün yorğunluğumuzu çıxarırdı. Bütün tibbi heyət, hər bir həkimimiz böyük zövqlə, coşquyla çalışırdı. Təbii ki, döyüşlərdə itkilərimizin olmasına, bəzən gənclərimizin ağır yaralanmasına üzülürdük. Amma qələbəyə inamımız böyük idi. İşğal altında qalmış hər kəndin, şəhərin azad olunması bizi qələbəyə yaxınlaşdırırdı. Biz xəbərləri mətbuatdan, cəbhədən gələn əsgərlərimizdən də alırdıq. Amma ən böyük qələbə xəbərini, azad olunma müjdəsini Cənab Prezidentdən eşidirdik. 8 noyabrda Şuşanın alınması xəbəri bizim zəfərimizin əsasının qoydu. Nəhayət ki, 10 noyabrda düşmən tərəfi təslimçilik sənədini imzaladı, 44günlük müharibə bizim tarixi zəfərimizlə başa çatdı. Bu hər bir azərbaycanlı, o cümlədən biz həkimlər üçün ifadə olunmayacaq möhtəşəm hadisədir. Çox xoşbəxt insanlarıq ki, qələbəyə həkim olaraq öz töhfəmizi verdik. O zaman mən Cənab Prezidentə onlayn məktub yazaraq Qarabağ Universitetinin yaradılmasının zərurətindən söhbət açmışdım. Həmin universitetdə tibb fakültəsinin və Azərbaycanın tarixi, mədənı dəyərləri, həmçinin aqrar sahə ilə bağlı fakültələrin açılmasını bildirmişdim. Həmin universitetin yaradılmasında, fəaliyyətində biz müəllim olaraq, bütün intellektual potensialımızı ortaya qoymağa hazır idik. Bu gün şad oluruq ki, Xankəndində belə möhtəşəm Qarabağ Universiteti fəaliyyət göstərir. Azərbaycanın təhsil sistemində bu universitetin rolu artmaqdadır.
Bizim nəslin ömür yolu
Bizim nəslin ömür yolu Azərbaycanın çox maraqlı dövrünə təsadüf edir. Deyərdim ki, uşaqlığımız SSRİ-nin nisbətən zəngin dövrünə, 70-ci illərə təsadüf edir. Tələbəçilik illəri, aspiratura dövrü imperiyanın dağılma ərəfəsi idi. Münaqişələr başlamışdı, müəyyən çətinliklər, qıtlıq və s.var idi. Sonra Azərbaycan müstəqilliyini bərpa edir, torpaqlarımızın işğalı dövrü başlayır. Mən I Qarabağ müharibəsində Tərtərdə orta məktəbdə yaradılmış hospitalda həkim kimi çalışdım. Xalqımız münaqişədən çox əziyyət çəkdi, itkilər verdi. Nəhayət ki, Azərbaycan 30 ildən sonra həm torpaqlarını işğaldan azad edir, həm suverenliyini təmin edir, həm regionda qüdrətli dövlətə çevrilir. Biz bütün çətinliklərə baxmayaraq, ölkəmizin suveren, azad dövrünü gördük. Tarixi zəfərimizə şahid olduq, töhfə verdik. Bu da xoşbəxtlikdir. Hər nəslə belə anlar qismət olmur.
Fact-info.az
Baxış sayı: 75
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted

