FACT-INFO.AZ » SİYASƏT » Cümhuriyyətin yaranmasının 100 illiyi dövlət səviyyəsində qeyd ediləcək - SƏRƏNCAM
16-05-2017, 22:10 | SİYASƏT
Cümhuriyyətin yaranmasının 100 illiyi dövlət səviyyəsində qeyd ediləcək - SƏRƏNCAM

Sərəncamda bildirilir ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur:

 Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı eyni zamanda milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

 Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycanı Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

 Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin".




Baxış sayı: 1 687
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031