FACT-INFO.AZ » SİYASƏT » Əfsanəvi rejissor Kaleriya Kislova: Ömrümdə Heydər Əliyev qədər səmimi insan görməmişəm
15-05-2017, 09:25 | SİYASƏT
Əfsanəvi rejissor Kaleriya Kislova: Ömrümdə Heydər Əliyev qədər səmimi insan görməmişəm

 

Sovet televiziyasının əfsanəsi sayılan Kaleriya Venediktovna Kislova həyatının yarım əsrdən çox hissəsini bu sahəyə həsr edib. O, çoxlu populyar verilişlərin yaradılması üzərində çalışıb, 1974-cü ildə informasiya baş redaksiyasında – “Vremya” proqramında işləməyə başlayıb. SSRİ Dövlət Mükafatı laureatı, RF Əməkdar İncəsənət Xadimidir. “Şərəf nişanı” ordeni, “Vətən qarşısında xidmətlərinə görə” ordeninin II dərəcəli medalı, RF Prezidentinin təşəkkürnaməsi ilə təltif olunub.

Çoxillik peşəkar fəaliyyəti dövründə Kaleriya Venediktovna SSRİ-nin və Rusiyanın birinci şəxsləri – L.Brejnev, Y.Andropov, M.Qorbaçov, B.Yeltsin ilə işləyib. Lakin məhz Heydər Əliyev onun məxsusi rəisi, sonradan isə həm də xeyirxah dostu olub. Kaleriya Kislova “Moskva-Baku” portalına eksklüziv müsahibəsində Azərbaycan xalqının Ümummilli Lideri haqqında xatirələrini bölüşüb. AZƏRTAC müsahibənin xülasəsini təqdim edir.

“Heydər Əliyev haqqında çox danışa bilərəm, - K.Kislova söhbətinə belə başladı, - ömrümdə Heydər Əliyev qədər səmimi insan görməmişəm. Bakıya ilk dəfə 1978-ci ildə gəlmişəm. O vaxt mən “Vremya” proqramının baş rejissoru və Leonid Brejnevin şəxsi rejissoru idim. Baş katib Azərbaycana təyyarə ilə gəlməli və Bakı şəhərini təltif etməli idi. V.İ.Lenin adına sarayda (indiki Heydər Əliyev Sarayı) Heydər Əliyev mənə yaxınlaşdı və aparatların hazır olması barədə məlumat verməyimi xahiş etdi. Kameralar artıq yerləşdirilmişdi və mən Heydər Əliyevi bütün kameraların yanına apararaq hər şeyi ona göstərdim. Mən bütün birinci katiblərlə tanış idim, demək olar ki, bütün müttəfiq respublikalarda olmuşdum və istər bu hadisədən əvvəl, istərsə də ondan sonra heç vaxt heç kəs kameraların düzülüşünə və çəkilişlərə bu cür diqqət yetirmirdi.

Bu səfər müddətində SSRİ Mərkəzi Televiziyasının çəkiliş qrupu düz bir ay Azərbaycanda qaldı. Bu, əfsanəvi ay idi. Biz çox işləyirdik, hətta Heydər Əliyevlə bərabər respublikanın səması üzərində uçmuşam. Leonid İliç Azərbaycanı çox sevir və orada özünü çox sərbəst hiss edirdi. Heydər Əliyevlə onun arasında qarşılıqlı anlaşma və yaxşı insani münasibətlər vardı”.

K.Kislova 1981-ci ili ürəkağrısı ilə xatırlayır. Həmin il onun valideynləri Novosibirskdə bir-birinin ardınca dünyasını dəyişdi. Kaleriya Venediktovnanın həyatının bu ağır günlərində Heydər Əliyev ona zəng edib: “Kaleriya, zəng etmişəm ki, sizə dərin hüznlə başsağlığı verim. Deyin, sizə nə kömək edə bilərəm? Başa düşürəm ki, siz o şəhərdə təksiniz, üstünüzə çox qayğı düşüb. Mən oraya adamları göndərə bilərəm, sizə kömək edərlər”.

Mən dedim: “Təşəkkür edirəm Heydər Əliyeviç. Çox sağ olun. Bu telefon zəngi və bu başsağlığı mənim üçün çox əlamətdar oldu, ona görə ki, mənim dostluq etdiyim və Novosibirskdə olduğumu yaxşı bilən moskvalı rəhbərlərimdən heç biri mənə zəng etməmiş və belə sözlər deməmişdi”.

Növbəti dəfə K.Kislova Bakıya 1982-ci ildə L.Brejnev ilə bərabər gəlmişdi. Baş katib Azərbaycana ağır xəstəlikdən sonra gəlmişdi – Daşkənddə səfərdə olarkən körpücük sümüyünü sındırmış və uzun müddət müalicə olunmuşdu. Bakı aeroportunda L.Brejnevin qarşılanmasından sonra ali qonağı müşayiət edən kortej şəhərə yola düşdü, orada Sovet İttifaqının birinci şəxsinin çıxış etməsi üçün tribuna düzəldilmişdi.

Əfsanəvi rejissor xatırlayır: “Brejnev maşından çıxdı, yuxarıdakı tribunaya baxdı, “Ora? Yox. Mən yorulmuşam”, - dedi və qayıdıb maşında əyləşdi. Heydər Əliyevin də həmin maşına əyləşməkdən başqa çarəsi qalmadı. Maşın dönüb getdi. Biz isə artıq efirdə idik və mən göstəriş verdim ki, işi davam etdirsinlər. Mənim səyyar televiziya stansiyalarım yolboyu ta iqamətgaha qədər düzülmüşdü. Qərara aldıq ki, meydanda hər şey davam edəcək – rəqslər, mahnılar... Bütün meydan insanla dolu idi. Mən də belə bir mənzərə montaj etdim: maşın gəlir, insanlar meydanda rəqs edirlər. Elə təsəvvür yaranmışdı ki, sanki bütün şəhər böyük bir meydandır. Axşam “Vremya” proqramını göstərəndə hər şey təkrarlandı. Leonid İliç baxıb demişdi: “Əcəb qəşəng idi. Amma mən görməmişəm”.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçiləndən sonra K.Kislova tez-tez onunla ezamiyyətə getdiyini bildirərək deyir: “Bu ezamiyyətlərdə məni ən çox heyrətləndirən onun maşından çıxıb insanlarla söhbət etməsi idi. Sonralar Qorbaçov və başqaları da maşından çıxmağa başladılar, amma bu işi başlayan Heydər Əliyev olub. Voloqdada baş vermiş bir hadisə yadıma düşür. O, insanlarla söhbət edirdi, bu arada bir qadın ona yaxınlaşdı. Qadın onunla Azərbaycan dilində danışmağa başladı, lakin Heydər Əliyev onun rus dilinə keçməsini xahiş etdi: qoy heç kəs fikirləşməsin ki, onlar nə isə məxfi bir məsələni müzakirə edirlər. Heydər Əliyev qadının əslən haradan olmasını, Voloqdaya necə gəlib çıxmasını, rus ərinin onu incidib-incitmədiyini soruşdu, ona salam göndərdi – tamamilə sərbəst şəkildə”.

K.Kislova xatırlayır ki, Heydər Əliyev keçmiş Sovet İttifaqının yeganə rəhbəri idi ki, ezamiyyətlərdə onu müşayiət edən jurnalistlərlə ünsiyyətdə olur, hətta onlarla bərabər nahar və şam yeməyi yeyirdi: “O, həmişə insanların arasında olmağa çalışırdı. Belə vaxtlarda biz hətta müəyyən məsələləri müzakirə etməyə başlayırdıq: ya axşamçağı iş günü barədə öz təəssüratlarımızı, ya da səhər qarşıda bizi nələr gözləməsi barədə planlarımızı”.

Məşhur rejissor “Moskva-Baku” portalına müsahibəsində Heydər Əliyevin Moskvada ona mənzil ayırması barədə də danışıb. Bir dəfə Kaleriya Venediktovnanın xəstələnməsindən xəbər tutan Heydər Əliyev öz şəxsi həkimini onun yanına göndərmişdi: “Mən işə çıxanda isə Nazirlər Sovetinin İşlər İdarəsindən mənə zəng vurub dedilər ki, mənim üçün mənzil ayrılıb. Fikirləşdim ki, mənimlə zarafat edirlər, axı mən mənzil almaq üçün heç bir ərizə yazmamışdım. Məlum oldu ki, həkim mənim yanımdan qayıdanda Heydər Əliyev soruşub: “O qadın hansı şəraitdə yaşayır?” Həkim isə demişdi ki, mənim ümumi sahəsi 38,76 kvadratmetrə bərabər olan üç balaca otağım var”.

“1985-ci il Heydər Əliyev üçün çox çətin il oldu. Həmin dövrdə Zərifə Əziz qızı özünü pis hiss edirdi. Mən onu səfərdən əvvəl görmüşdüm. Biz iki dəfə görüşmüşdük – Leninskiye Qorıda qadınları qəbul edərkən, sonra isə Böyük Teatrda, Heydər Əliyev 8 mart münasibətilə orada məruzə ilə çıxış edirdi. Zərifə xanım məni çağırıb dedi: “Bilirəm ki, siz Altaya uçacaqsınız, orada Heydər Əlirza oğlunun qaldığı yerdə yaşayacaqsınız. Fikir verin ki, ona soyuq dəyməsin. O, papaq qoymağı və şərf bağlamağı xoşlamır, o yerlər soyuqdur, o isə cənub adamıdır”. Zərifə xanım onun qayğısına elə qalırdı”.

1985-ci il aprelin 15-də Zərifə Əliyeva dünyasını dəyişdi.

“Mən Heydər Əliyevin yanına getdim. Onun kabinetinə girəndə Heydər Əliyevin üzünə baxanda ürəyim ağrıdı – bu, tamam başqa adam olmuşdu. Təxminən səhər saat 11-in yarısı idi. O, xəstəxanadan təzəcə gəlmişdi. Bütün gecə orada olmuş, yatmamışdı. Çox sarsılmışdı, rəngi qapqara idi. Mən yaxınlaşıb ona bəzi sözlər dedim, amma belə vəziyyətdə bu sözlərin nə xeyri vardı. O, göz yaşlarını saxlaya bilmədi. Mən də onunla bərabər hönkürdüm. O mənə dedi: “Başa düşürsənmi mən təkcə xanımımı yox, dostumu itirmişəm. O, çox yaxşı dost idi...”

Sonra dəfn mərasimi oldu, Zərifə Əziz qızını Novodeviçye qəbiristanlığında dəfn etdilər. Qohumlar və siyasi büronun bütün üzvləri toplaşmışdı. Təkcə Mixail Qorbaçov gəlməmişdi...”

“Hələ Əliyevlərin bütün ailəsi Bakıda yaşayanda İlham Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi idi və Moskvada yaşayırdı. Yayın axırlarında məhsul yığımı dövrü idi. Biz müxbirlərdən materiallar alırdıq. Mən onları gözdən keçirib münasib olanları seçirdim. Bir də belə bir plyonka gördüm: “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi rayonlara səfər edir”. Əvvəlcə buna fikir vermədim, şəkillərə və mətnə nəzər saldım, sonra diqqətlə baxanda gördüm ki, Heydər Əliyevi müşayiət edən qrupda onun oğlu İlham da var. Əvvəlcə gözlərimə inanmadım, sonra iri planda baxıb yəqin etdim. Bu, həqiqətən o idi. Axı avqust ayı yay tətilinin sonu idi, bütün “qızıl” gənclik haradasa çimərlikdə dincəlirdi... O isə kolxozlara və tarlalara səfər edən atasını müşayiət edirdi”.

 K.Kislova müsahibəsinin sonunda deyir: “Onu əbəs yerə Azərbaycanın xilaskarı adlandırmırlar. Ona görə ki, həmin vaxt onun 70 yaşı olmasına və bir neçə dəfə infarkt keçirməsinə baxmayaraq, özündə qüvvə tapmışdı. O, çox müdrik insan idi, cəsarətli qərarlar qəbul etməyi bacarırdı. Məhz o, vətəndaş müharibəsinin qarşısını aldı və ölkəni ən ağır vəziyyətdən çıxardı”.




Baxış sayı: 1 727
Şuşa Bəyannaməsi Azərbaycanın və regionun təhlükəsizlik çətiridir Bu gün, 14:00 “Resurs” Kürdəmirdə tədbir keçirdi Bu gün, 14:00 Ötən həftə 1600 hektardan çox ərazi minalardan təmizlənib Bu gün, 12:00 Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır Bu gün, 11:30 Moskva danışıqlarında ticarət, energetika, təhlükəsizlik sahələrinə dair məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır Bu gün, 09:30 Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti Bu gün, 09:00 Qarabağ döyüşçüsünün Şuşa xatirələrinin davamı Bu gün, 08:00 Paytaxtda və 8 rayonda avtomobil yolunda təmir aparılır Dünən, 19:30 Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib Dünən, 18:00 Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb Dünən, 13:30 Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib Dünən, 08:00 Mayor İlqar Verdiyevin xatirəsinə həsr edilən abidənin açılış mərasimi keçirilib Dünən, 07:30 Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb 14-06-2026, 14:30 Keçmiş Qarabağ döyüşçüsü Fərman Xəlilov: “Dövlət quruculuğu, inkişaf  Milli Qurtuluş günündən başladı" 14-06-2026, 12:00 Ceyhun Bayramov Ben Blakla ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib 14-06-2026, 09:30 Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb 13-06-2026, 12:00 Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb 13-06-2026, 12:00 Şuşada Türk Dövlətləri Rəqabət Forumu 13-06-2026, 11:30 Media nümayəndələri üçün insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiya keçirilib 12-06-2026, 19:30 İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq 12-06-2026, 19:00 HDİM İB növbəti tədbirini Ağsuda keçirdi 12-06-2026, 18:30 Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib 12-06-2026, 18:00 AIR Center Chairman: Azerbaijan's principled position towards Armenia remains unchanged 12-06-2026, 16:30 “Təbii Zəka - Natural Intelligence” sərgisi açılıb 12-06-2026, 10:00 “Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib 12-06-2026, 09:30 İşğaldan azad edilmiş ərazilərdə builki məzunların sayı açıqlanıb 12-06-2026, 09:30 Tramp: Bu gün İranla müharibəyə son qoyduq 12-06-2026, 09:30 “Maqadan: Sonuncu dayanacaq” kitabı 11-06-2026, 20:00 Aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq 11-06-2026, 19:00 Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır 11-06-2026, 18:30
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930