FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
16-04-2025, 19:53 | SİYASƏT
Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizi prezident vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə uğurlar arzulayıram. Mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra Siz ilk rəsmi səfəri Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.

Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.

Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.

Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.

Mən bir daha cənab Prezidentə təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan xalqı da onun qərarını yüksək qiymətləndirəcək. Çünki adətən seçkilərdən sonra birinci səfər rəmzi xarakter daşıyır və bu səfər Azərbaycana edilib. Eyni zamanda, Gürcüstanın Baş naziri də seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana edib. Yəni, bu, artıq gözəl ənənəyə çevrilib. Buna görə bir daha Sizə təşəkkürümü bildirirəm və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

X X X

Sonra Gürcüstanın Prezidenti bəyanatla çıxış etdi.

Prezident Mixeil Kavelaşvilinin
bəyanatı

-Zati-aliləri cənab Prezident.

Nümayəndə heyətinin üzvləri.

Media nümayəndələri, xanımlar və cənablar.

İlk növbədə, səmimi qəbula və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir. Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi.

Şadam ki, artıq cənab İlham Əliyevlə görüşmək imkanım olub. Biz Gürcüstanla Azərbaycan arasında çoxşaxəli nümunəvi əlaqələr, Cənubi Qafqaz regionunun çağırışları, dünyada gedən cari proseslər barədə düşüncələrimizi və fikirlərimizi bölüşdük.

Əsrlər boyu xalqlarımız arasında bənzərsiz dostluq inkişaf edərək əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradıb. Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplərdir.

Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.

Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar.

Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Biz bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçiririk ki, bu da bütün dünya üçün regionumuzu daha da cəlbedici edir. Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsi vacibdir.

Vurğulamaq istərdim ki, Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub.

Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu, şübhəsiz ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Ümid edirik ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq.

Gürcüstanın bəyan etdiyi sülh siyasətini və regionda sülhün təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha vurğulamaq istərdim. Sizi əmin etmək istərdim ki, Gürcüstan həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək.

Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib. Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox.

Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik.

Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib və cənab Prezident, buna görə Sizə bir daha təşəkkür edirəm.

Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək.

Hörmətli həmkarım, cənab Prezident, səmimi qonaqpərvərliyinizə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qəbul etmək şərəfinə nail olacağam.

Təşəkkür edirəm.




Baxış sayı: 150
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30