FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
2-04-2025, 18:00 | SİYASƏT
Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz.

Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.

Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır.

Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.

Eyni zamanda, bu gün digər beynəlxalq məsələlər də müzakirə edildi, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi. Bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi.

Bir daha demək istəyirəm, əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.

Bir daha xoş gəlmisiniz.

X X X

Sonra Almaniya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Frank-Valter Ştaynmayerin
bəyanatı
 

-Hörmətli həmkarım cənab Prezident, bu səmimi dəvətə görə ürəkdən çox təşəkkür edirəm və qonaqpərvərliyə görə bütün alman nümayəndə heyətinin adından təşəkkür edirəm. Biz burada bundan çox zövq alırıq. Siz dediniz ki, Azərbaycanda birinci dəfə deyiləm, bu funksiyada ilk dəfəyəm. Prezident kimi birinci dəfə gəlirəm. Əvvəllər Azərbaycanda dəfələrlə olmuşam. Amma axırıncı dəfə 2016-cı ildə olub, doqquz il keçib üstündən. İndi dünyada vəziyyət elə tez dəyişir, geosiyasi baxımdan 9 ildə o qədər dəyişikliklər olub ki, 2016-cı ildə buraya səfərim mənə artıq uzaq keçmiş kimi görünür. Ona görə şadam ki, bu gün yenidən gəlib görüşdük və çox geniş fikir mübadiləsi apara bildik. Biz həmişə bu mübadiləni aparmışıq. Bakıda olmasa da, başqa yerlərdə görüşmüşük, telefonla söhbət etmişik. Bu aralarda Münxen Təhlükəsizlik Konfransında görüşmüşük, eləcə də Sizin Berlinə səfərinizi yaxşı xatırlayıram. Keçən il baş tutan bu görüşdə müzakirə aparmışıq və şadam ki, mən indi Sizin səfərinizin qarşılığı olaraq ölkənizdə səfərdəyəm.

Cənab Prezident, biz ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq. İlk dəfə şvabiyalı kəndlilərin burada - Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrini yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər bu sənayenin inkişafında, mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda yaşayıblar. Ona görə bunu xatırladıram ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir. Mən çox şadam ki, Azərbaycanda alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər və mən hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik.

Mən bu mübadilədən çox məmnunam. Şadam ki, bir-birimizlə həmişə açıq danışa bilmişik. Həm ümumi fikrə gəldiyimiz mövzularda, amma həm də fərqli mövqelərdə olduğumuz mövzularda da açıq danışa bilmişik və geniş söhbətlərimizdə hər iki tərəf bir-biri ilə açıq danışa bilib, səmimi söhbət apara bilib. Biz elə bir dünyada yaşayırıq ki, burada çox sürətlə dramatik dəyişikliklər olur. Cənab Prezident artıq bizim ölkələrimizi nəyin birləşdirdiyini dedi. Bizi birləşdirən həm də odur ki, beynəlxalq qayda-qanunun qorunmasına, dünyanın qaydalar əsasında işlənməsinə maraq göstəririk və gələcək nəsillərə də qaydasız dünya miras qoymaq istəmirik.

Bizim üçün strateji mövzularda da müzakirə apardıq. Biz iqtisadi əməkdaşlıq perspektivlərimizi müzakirə etdik. Siz artıq dediniz və bir neçə aspekti bildirdiniz ki, həm də Azərbaycanın Almaniya üçün böyük rolu olub 2022-ci ildə. Bizim bir qayda olaraq Rusiyadan aldığımız qaz tədarükümüzdə qapanma yaranmağa başlayanda Azərbaycan burada üzərinə xeyli məsuliyyət götürdü və mən buna görə çox təşəkkür edirəm. Buna görə mən Sizin sözlərinizdən belə başa düşdüm ki, burada qaz ilə yanaşı, infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Buna görə də infrastrukturun yaxşılaşdırılması üzərində işləməliyik. Bu, hələ ki, yetərincə deyil. Buna görə bu görüşlərdən sonra yeni ev tapşırıqlarımız da var.

Mən çox şadam ki, Azərbaycan inkişaf edərək elə bir məkana çevrilir ki, buradan çox vacib ticarət yolları keçir və bu da dünyanın birləşməsinə səbəb ola bilər. Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə ticarət əlaqələrimizdə ölkənizin rolu var, yaxud da ki, Cənub-Qərbi Asiya ilə, Çinlə. Biz bilirik ki, hazırda mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yolların, Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün də vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı bir perspektivə çevriləcək. Sizin region - Cənubi Qafqaz daha sabit bir region olandan sonra son illərdəki münasibətlərdən fərqli olaraq daha sabit bir regiona çevriləcək. Bununla mən, cənab Prezident, Sizin toxunduğunuz bir məsələyə də münasibət bildirmək istəyirəm. Siz Azərbaycanla qonşu Ermənistan arasında sülh münasibətləri haqqında danışdınız. Bu sülh prosesinin çox böyük əhəmiyyəti var. Mən kənardan bunu müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu, bizi çox mütəəssir edir. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfi bu münasibətlə təbrik edirəm ki, artıq anlaşma yaranıb. Martın 13-də bu sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bu müqavilə haqqında mən bu gün səhər danışanda cənab Prezidentə dedim, ümid edirəm ki, bu anlaşma ilə önəmli bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümid edirəm ki, bu vəziyyət saxlanacaq və bundan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid edirəm və buna çağırıram ki, bu anı itirməmək lazımdır. Bütün çətinliklərə, maneələrə baxmayaraq, bu yol gedilib, xeyli addım atılıb və bunu sona qədər getmək lazımdır. Buna görə təbii olaraq, kompromislər üçün cəsarət, siyasi iradə lazımdır ki, bu siyasi müqavilə həqiqətən də həyata keçirilsin və qüvvəyə minsin. Ümid edirəm ki, bu alınacaq və biz də buna uzaqdan bacardığımız qədər, necə mümkündürsə, dəstəyimizi verəcəyik. Çox sağ olun.





Baxış sayı: 100
Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30 Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar muzeyə hədiyyə olunub 30-01-2026, 10:00 Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyəcək - Rəsmi 30-01-2026, 09:00 Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib 30-01-2026, 07:30 Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər 29-01-2026, 21:30 Özbəkistan Prezidenti: Türkiyə dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir 29-01-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728