FACT-INFO.AZ » XƏBƏR » Biz gözləmək niyyətində deyilik - Rəsmi Bakıdan vacib mesaj
16-09-2023, 18:15 | XƏBƏR
Biz gözləmək niyyətində deyilik - Rəsmi Bakıdan vacib mesaj

Fact-info.az müsahibəni təqdim edir:

 

-Hazırda Azərbaycan ilə Ermənistan arasında mövcud gərgin vəziyyəti necə qiymətləndirirsiniz? Yeni müharibə riski varmı?

 

-Bildiyiniz kimi, Azərbaycan və Ermənistan bizim tərəfimizdən təklif edilən və Ermənistanın qəbul etdiyi beş baza prinsipi əsasında sülh sazişinin imzalanmasına dair danışıqlar aparırlar.

 

Bu prinsiplərin təməl daşı iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması və gələcəkdə belə iddiaların irəli sürülməməsi üzrə hüquqi öhdəliklərdir. Təəssüf ki, son zamanlar Ermənistan rəhbərliyinin bir sıra hərəkətləri, - onların arasında xüsusilə bu ölkənin baş nazirinin sentyabrın 2-də Qarabağdakı heç kimin tanımadığı qanunsuz rejimi “müstəqillik günü” münasibətilə təbrik etməsini göstərmək olar, - sülh prosesinə ciddi zərər verdi.

 

Erməni rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü deklarativ şəkildə tanımasına baxmayaraq, əslində, Ermənistan hakimiyyətinin Ermənistan Respublikasının dövlət büdcəsindən bizim ölkənin ərazisindəki qanunsuz “separatçı xuntanı”, o cümlədən əsasən Ermənistan silahlı qüvvələrinin hərbçilərindən ibarət qeyri-qanuni hərbi birləşmələri maliyyələşdirməyə davam etməsi faktı da sülhə kömək etmir. Erməni hərbi birləşmələri, - sanki Ermənistanın 2020-ci ilədək bizim torpaqlarımızda basdırdığı bir milyondan çox mina onlara azmış kimi, - Ermənistanın bəslədiyi Qarabağdakı “boz zona”nın bütün perimetri üzrə ərazilərimizin kütləvi şəkildə minalanmasını həyata keçirir. Qeyd edilməlidir ki, Ermənistan minalardan azərbaycanlılara qarşı kütləvi qırğın silahı kimi istifadə edir – təkcə 2020-ci ilin 44 günlük müharibəsindən ötən dövrdə bizim 300-dən çox vətəndaşımız mina terrorunun qurbanı olub.

 

Daha bir ciddi təxribat sentyabrın 9-da Xankəndidə qanunsuz rejim tərəfindən qondarma “prezident seçkilərinin” keçirilməsidir. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT, habelə region ölkələri növbəti dəfə Azərbaycan qanunvericiliyini kobud şəkildə pozan və beynəlxalq normalara zidd olan bu “seçkilərin” tamamilə qanunsuz və qeyri-legitim olduğunu təsdiq etdi.

 

Həmçinin Azərbaycanın sülh prosesinə sadiq olması və Ermənistanın konstruktiv danışıqlar məcrasına qayıtmasını gözləməsinə baxmayaraq, sərhəddə və Qarabağda erməni silahlı qüvvələri tərəfindən artan hərbi təxribatlar və diversiyalar da bizi narahat edir. Sualınıza cavab olaraq deyərdim ki, Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil. Biz erməni rəhbərliyini Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin dövlətimizə inteqrasiyası prosesinə mane olmamağa və ölkəmizin suverenliyini pozmamağa çağırırıq.

 

-Hazırda sülh prosesi hansı mərhələdədir?

 

-İndiki məqamda Ermənistanın siyasi rəhbərliyinin qeyri-konstruktiv və səmimi olmayan mövqeyi ucbatından sülh prosesi ləngiyir. Laçın yolunun mövcud olmayan “blokadası” bəhanəsi ilə Ermənistan və erməni diasporu tərəfindən dünyanın müxtəlif ölkələrində, xüsusən Qərbdə Azərbaycana qarşı genişmiqyaslı yalan informasiya kampaniyası başlayıb. Öz suveren ərazimizdə Azərbaycanı blokadada ittiham etmək cəhdlərinə baxmayaraq, sentyabrın 12-də Ağdam yolunun Rusiya Qırmızı Xaç Cəmiyyətinin yükü üçün açılması bu cür iddiaların əsassız olduğunu göstərdi. Rusiya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə səyləri sayəsində Ağdam yolu açıldı. İndi biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin yüklərinin də eyni vaxtda iki marşrut – Ağdam və Laçın yolları ilə daşınacağını gözləyirik. Beynəlxalq tərəfdaşlarımız bu mövqeyi bölüşür və tam dəstəkləyir.

 

İndi sülh prosesi üçün başlıca maneə Ermənistanın bizim ərazimizdə qanunsuz rejimi maliyyə və hərbi-siyasi yolla dəstəkləməyə davam etməsidir. Məhz Xankəndidəki qanunsuz rejim eyni vaxtda Ağdam və Laçın yollarını bloklayır, Azərbaycandan ərzaq yüklərini qəbul etməkdən imtina edir və bunu sivil dünyada yeri olmayan mağara-irqçi motivlərlə əsaslandırır. Qanunsuz rejim, həmçinin Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağda yaşayan erməni etnik azlığı arasında danışıqlara əngəl törədir, baxmayaraq ki, Bakı onları dəfələrlə bu təmaslara dəvət edib. Ermənistanın Qarabağda bizim erməniəsilli 30 min vətəndaşımızı girov saxlayan qanunsuz rejimin dəstəklənməsi siyasətinə son qoyulmalıdır. Azərbaycanda “boz zona”lara yer yoxdur.

-Bakı İrəvanla dialoqda hansı kompromislərə getməyə hazırdır?

 

-Biz nə Ermənistan, nə də hər hansı üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə etməyəcəyik. Dövlətimizin daxili işlərinə müdaxilə edilməsi, o cümlədən Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağdakı erməni etnik azlığı arasında dialoq üçün hansısa “beynəlxalq mexanizmlər” mövzusunun gündəmə gətirilməsi cəhdləri uğursuzluğa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunun ətrafında mübahisə açan hər hansı cəhdlər regionda dayanıqlı sülhə nail olunması baxımından qeyri-konstruktivdir.

 

-Azərbaycan 2020-ci ildə olduğu kimi, yenidən güc tətbiq edə bilərmi?

 

-Mən hipotetik ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvüdür, həmişə öz Konstitusiyasının və beynəlxalq hüququn normalarına uyğun hərəkət edir. Biz bütün mövcud məsələlərin sülh yolu ilə həllinin tərəfdarıyıq.

 

-2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli razılaşmanın bəndlərindən biri olan regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı vəziyyət necədir?

 

-Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasına səy göstərir, çünki hesab edirik ki, sıx iqtisadi-ticari əlaqələr regionda sülhə, sabitliyə və tərəqqiyə kömək edəcək. Bu istiqamətdə böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk. Lakin hazırda nəqliyyat kommunikasiyalarının açılması üzrə Ermənistanla danışıqlarımızda müəyyən durğunluq müşahidə olunur. Bildiyiniz kimi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin açılması da Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzaladıqları üçtərəfli Bəyanatın bəndlərindən biridir. Təxminən üç ildən sonra da bu bənd hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib. Zəngəzur dəhlizinin açılması, ilk növbədə, üç onillik ərzində Azərbaycana qarşı işğalçı siyasət yeritməsi nəticəsində regiondakı nəqliyyat-logistika arxitekturasından kənarda qalan Ermənistanın özü üçün faydalıdır. Amma Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərini yerinə yetirməkdən imtina edirsə və təcrid vəziyyətində qalmaqda davam etmək istəyirsə, onda Bakı gözləmək niyyətində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal iş aparır. Biz öz logistika tələbatlarımızı Ermənistan hakimiyyətinin şıltaqlığına bağlamaq fikrində deyilik və regional tərəfdaşlarımızla irəliyə doğru hərəkət edəcəyik.

 

-Sizin zənninizcə, 2020-ci ilin 44 günlük Qarabağ müharibəsindən sonra beynəlxalq vasitəçilik nə dərəcədə səmərəlidir?

 

- Yuxarıda xatırlatdığım kimi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan hərəkətləri, təəssüf ki, nəticələrə, o cümlədən sülh sazişinin imzalanması məsələsində beynəlxalq vasitəçilərin səyləri sayəsində tərəqqiyə kölgə salır. Biz hazırda bu ilin sonunadək sülh sazişinin imzalanacağına ümid edirik və erməni siyasi rəhbərliyini başlıca addımı ataraq, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sülh sazişində öz rəsmi imzası ilə təsdiq etməyə və gələcəkdə ölkəmizin daxili işlərinə müdaxilə etməkdən çəkinməyi öhdəsinə götürməyə çağırırıq. Bu, bizim daxili məsələlərin kənara çıxarılması cəhdinə, o cümlədən Qarabağdakı erməniəsilli vətəndaşlarımızın bizimlə qarşılıqlı fəaliyyətinə dair məsələlərin əhalinin bu qrupunun hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi bəhanəsi ilə beynəlxalq müstəviyə çıxarılmasına da aiddir. Onlar bizim vətəndaşlarımızdır və təhlükəsizlikləri Azərbaycan Konstitusiyası ilə təmin ediləcək. Vacib olan odur ki, Ermənistan ölkəmizdə separatçılığın maliyyələşdirilməsi və qızışdırılması siyasətindən əl çəksin.

 Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəldikdə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinə verdikləri töhfəni yüksək qiymətləndiririk. Öz fəal vasitəçiliyi ilə 2020-ci ilin noyabrında irimiqyaslı hərbi əməliyyatlara son qoyan üçtərəfli Bəyanatın imzalanmasını təmin edən Rusiyanın bu prosesdə rolu son dərəcə mühümdür. Avropa İttifaqı və ABŞ da danışıqlar prosesinə öz töhfələrini verirlər. Ümumilikdə, danışıqlar prosesində hər bir trek öz-özlüyündə nadirdir və ən problemli məsələlər üzrə Bakı ilə İrəvan arasında dialoqun aparılmasına kömək edir.

 

-Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

 

-2022-ci il fevralın 22-də imzalanan ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir və onların inkişafına ciddi impuls verir. Münasibətlərimiz, hətta mövcud mürəkkəb geosiyasi şərtlərdə də möhkəmliyini qoruyub saxlayır. Əminəm ki, Azərbaycan və Rusiya birgə səylərlə ən çətin regional, o cümlədən regional məsələlərin region dövlətləri tərəfindən həllini nəzərdə tutan “3+3” formatında məsələləri həll edə biləcəklər. Biz həm siyasi, həm də iqtisadi sahədə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bu ilin birinci yarısının məlumatları əmtəə dövriyyəsində böyük artım olduğunu, qarşılıqlı turizm göstəricilərinin yüksəldiyini, mədəni və humanitar sahələrdə sıx əməkdaşlığın davam etdiyini göstərir. Sentyabrın 15-də Azərbaycanda yeni dərs ili başlayır və ölkəmizdə hər il olduğu kimi, şagird və tələbələrin rus dilində təhsil almasına böyük tələbat müşahidə olunur. Həm də rus dilinin öyrənilməsinə maraq ildən-ilə artır. Qeyd etməliyəm ki, dövlətimiz də öz növbəsində bu tələbatın yerinə yetirilməsi üçün bütün zəruri şəraiti yaradır.




Baxış sayı: 140
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib Bu gün, 14:30 Nəticəsiz danışıqlar, baş tutmayan sövdələşmələr müharibə riskini artırır Bu gün, 14:00 "Ekoloji vəsaitlərə nəzarət gücləndirilməlidir" Bu gün, 13:30 Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30