FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib
1-01-2023, 07:15 | SİYASƏT
Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib

"- Əziz həmvətənlər.

Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, əminəm, 2022-ci il də ölkəmiz üçün uğurlu olacaq. Belə də oldu. Qarşımızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi.

 

İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Hesab edirəm ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər.

 

Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq.

 

Bu il bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi. Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir.

 

Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.

 

Eyni zamanda, bu il Ağalı kəndində həyat artıq bərpa edilib. Birinci layihə icra edilmişdir və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. Bu, tarixi hadisədir. Çünki müharibədən iki il keçmədən – cəmi il yarımdan sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda, bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdıblar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər.

 

Böyük Qayıdış Proqramı uğurla icra edilir. Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin Baş planı təsdiqləndi və bir neçə kəndin təməlini mən şəxsən qoymuşam. Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq.

 

Əlbəttə ki, bununla paralel olaraq, minatəmizləmə işləri aparılır. Əfsuslar olsun ki, Ermənistan bizə dəqiq mina xəritələrini verməyib, 300-ə yaxın azərbaycanlı müharibədən sonrakı dövrdə mina faciəsi nəticəsində ya həlak olmuş, ya da ağır yaralanmışdır.

 

Bu il biz Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdik. Bu, azad edilmiş torpaqlarda ikinci hava limanıdır. Üçüncü hava limanı isə maksimum iki ildən sonra istifadəyə veriləcək.

 

Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır.

 

Azad edilmiş ərazilərdə bizim tarixi binalarımız, o cümlədən məscidlərimiz əsaslı şəkildə bərpa edilir və yenidən inşa olunur. Mən bu rəqəmi səsləndirmişdim, ermənilər işğal dövründə 67 məsciddən 65-ni tamamilə yerlə-yeksan etmişlər. Onların bərpası, yenidən qurulması faktiki olaraq artıq başlamışdır və təmirə ehtiyacı olan məscidlər də təmir edilir. Onu da bildirməliyəm, bizim dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir.

 

Əlbəttə ki, bütün bu nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Əgər bu ilin iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, postpandemiya dövrü üçün nəticələr qənaətbəxşdir. İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə – 130 milyard dollara çatıb. Bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq bizim xarici dövlət borcumuz xeyli azalıb. Bu vəzifəni bir neçə il bundan qabaq mən hökumət qarşısında qoymuşdum ki, bizim xarici borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərəm ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir. Yəni, biz tamamilə beynəlxalq maliyyə institutlarından asılı deyilik.

 

Əlbəttə, biz ümid edirik ki, beynəlxalq donor təşkilatları öz diqqətini bizə də istiqamətləndirəcəklər. Çünki bu dərəcədə böyük dağıntılar tarixdə olmayıb. Yəni, Azərbaycan böyük ekoloji fəlakətlə, urbisidlə üzləşib. Ancaq əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bir manat, ya bir dollar kömək etməyiblər. Nəinki donor təşkilatları, heç kim bizə kömək etmir, bütün bərpa işlərini öz hesabımıza aparırıq və aparacağıq.

 

Bu il energetika sahəsində çox əlamətdar hadisələr baş verib. İlin ortasında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanmışdır. Artıq bu memorandum icra edilir, Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır. Bu ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildi. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq və bu, yaşıl enerji olacaqdır. Mən artıq bir neçə dəfə demişdim ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Artıq biz buna nail oluruq və olacağıq. Eyni zamanda, Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Mən bu rəqəmləri bu yaxınlarda səsləndirmişdim, təsdiq edilmiş bərpaolunan enerji mənbələrinin potensialı 184 min meqavatdır. Bunun 157 mini Xəzər dənizinin Azərbaycan sektorunda mövcuddur. Yəni, bu, ölkəmizi əvəzolunmaz tərəfdaşa, enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevirəcəkdir.

 

Biz ənənəvi olaraq regional inkişaf proqramı ilə ciddi məşğul olmuşuq. Mənim regionlara bu il 30 səfərim olubdur, o cümlədən 21 səfər azad edilmiş torpaqlaradır.

 

Mən bu ili “Şuşa İli” elan etmişdim. Şuşanın 270 illiyini biz çox geniş və böyük təntənə ilə qeyd etdik. Gələn il isə “Heydər Əliyev İli” elan edilib. Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.

 

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün soydaşlarımızı ənənəvi olaraq səmimiyyətlə salamlayır, onlara uğurlar arzulayıram. Onlar bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır. Əminəm, bu gün xaricdə yaşayan azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, müstəqil Azərbaycanın, müzəffər Azərbaycanın övladlarıdır.

 

Bu il Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayı tarixi hadisə idi. Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyırdı. Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır.

 

Əziz həmvətənlər.

 

Mən sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uğurlar arzulayıram.

 

Bayramınız mübarək olsun!"

 




Baxış sayı: 301
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031