FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan və Türkiyə prezidentləri Cəbrayıl şəhərində mətbuata birgə bəyanatlarla çıxış ediblər
20-10-2022, 21:20 | SİYASƏT
Azərbaycan və Türkiyə prezidentləri Cəbrayıl şəhərində mətbuata birgə bəyanatlarla çıxış ediblər

Əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin

bəyanatı

- Əziz qardaşım, hörmətli Cümhurbaşqanı.

Əziz qonaqlar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, “Xoş gəlmisiniz!” demək mənim üçün böyük şərəfdir. Bu gün biz birlikdə Zəngilan Hava Limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli Hava Limanını bir yerdə açdıq, bu gün Zəngilan Hava Limanını açdıq. Yəni, bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik.

Bugünkü gün Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir gündür. Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Düz iki il bundan əvvəl erməni işğalına son qoyuldu. Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.

Bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu gün əziz qardaşımla bərabər həm dəmir yolunun inşası ilə tanış olduq, “Dost Aqropark”ın açılışını birlikdə qeyd etdik. Bu da bu bölgəyə birinci özəl sərmayədir və bu aqroparkın adı da - “Dost Aqropark” özlüyündə hər şeyi deyir. İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Biz Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. Yolların, - yolların bir hissəsi artıq hazır vəziyyətdədir, - dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulmuşdur. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Bu, ancaq birinci mərhələdə görülən və görüləcək işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik.

Bu gün bizim rəsmi mərasimimiz Cəbrayıl şəhərində keçirildi. Əslində, Cəbrayıl şəhəri yoxdur, çünki bax burada, oturduğumuz yerdə binalar olub, insanlar yaşayıb, həyat qaynayıb. Amma erməni işğalı dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerləbir etmişlər. Cəbrayıl şəhərindən bax bu dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Görün onlarda Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, Ağalı kəndinin timsalında biz bunu görürük. Dünən mən Ağalı kəndində idim, məktəbə getmişdim. Məktəbdə 70 uşaq oxuyur. Yəni, o uşaqların heç biri buranı görməyib. Hətta onların bir çoxunun valideynləri də işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıdıblar. Çünki torpaq çəkir, Vətən çəkir və hamımız qayıdacağıq. Bütün keçmiş məcburi köçkünlər qayıdacaqlar. Biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.

Əziz Qardaşımın liderliyi sayəsində Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır və hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür.

İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin siz də görürsünüz ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir. Bu gün əziz Qardaşımın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq. Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır.

Əziz Qardaşım, bu əziz gündə bizimlə bərabər olduğunuz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə xalqına xoşbəxtlik, sülh arzulamaq istəyirəm. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!


Sonra Türkiyə Prezidenti bəyanatla çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın

bəyanatı

- Hörmətli cənab Prezident, əziz Qardaşım.

Hörmətli nazirlər.

Sizləri ən səmimi hisslərimlə, məhəbbətlə salamlayıram.

Əvvəlcə, Can Azərbaycanın iki gün əvvəl qeyd etdiyi Müstəqilliyin Bərpası Gününü bir daha təbrik edirəm.

İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci hava limanının açılışında iştirak etmək, ikinci hava limanını həqiqətən müasir dünyanın müşahidə etdiyi şəkildə ən müasir hava limanlarından biri olaraq açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyildir. İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər.

Amma bunu görəndən sonra bu barədə danışdıq, bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq.

Dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir. Körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir. İndi biz bunları yaşayırıq, görürük. Eşidərək deyil, görərək bu ifadələri işlədirik. Bu, təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, burada sıfırdan başlayaraq yenidən ayağa qalxır.

Bu gün Zəngilanda açılışını etdiyimiz Beynəlxalq Hava Limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm bir layihədə türk şirkətlərinin də yer alması bizim üçün də ayrıca bir iftixar mənbəyidir.

Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara qayıtmağa başlamaları da bizi həddindən artıq sevindirir. Böyük Qayıdış prosesi çərçivəsində azərbaycanlı qardaşlarımızın “Ağıllı kənd” konsepsiyasına uyğun inşa edilən Ağalı kəndində məskunlaşmaları ilə Vətən həsrətlərinin, İnşallah, başa çatdığını görürük. Ağalı kəndini gördük, oraya bundan sonra artıq kənd deyə bilmərik. Ora artıq müasir bir şəhər kimi inkişaf edir.

Onun yanında “Dost Aqropark”ı gördük, orada kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsində həqiqətən çox mühüm addım atılmışdır. Bir il əvvəl təməlqoyma mərasiminə gələndə çox fərqli bir ərazi idi. Amma indi kənd təsərrüfatı sahəsində çox ciddi iş görülərək bu ərazinin necə dirçəldildiyini gördük. Burada təxminən üç min baş cins qaramalın olması, bu imkanın da dəyərləndirilərək bir tərəfdən onların kəsimi, digər tərəfdən bəslənməsi, artırılması – bu istiqamətdə görülən işlərlə bu addım həqiqətən də Böyük Qayıdış layihəsinin həyata keçirilməsidir.

Yolda gələrkən hörmətli Qardaşım bəzi məsələləri də mənə izah etdi. Misal üçün, burada ən önəmli məsələ sudur. Su məsələsinə gəldikdə, qısa müddətdə burada su anbarının inşası ilə bu problem də aradan qaldırılacaq. Beləliklə, bu tarlalarda kənd təsərrüfatının inkişafı sayəsində çox ciddi nəticə əldə edəcəklərini söylədilər, həqiqətən bizim də gördüyümüz və inandığımız budur.

Qarabağın inkişaf planı çərçivəsində başda kənd təsərrüfatı, “yaşıl enerji” və “ağıllı şəhərlər” olmaqla, bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır.

Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşdırma prosesləri bir-birini dəstəkləyəcək şəkildə irəliləməkdədir. Açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır.

Hörmətli media nümayəndələri, Cümhuriyyətimizin 100-cü ilini qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda da “Heydər Əliyev İli” olaraq qəbul edilməsindən məmnunluq duyuruq. Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik.

Sözlərimi bu düşüncələrlə yekunlaşdırarkən şəxsən mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə xüsusilə millətim adından minnətdarlığımı ifadə edir, təşəkkürümü bildirirəm.

Rəbbim birliyimizi, bərabərliyimizi əbədi etsin! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!




Baxış sayı: 357
“Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930