FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib
30-06-2022, 06:30 | SİYASƏT
Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü olub.

Daha sonra Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş keçirilib.

Zirvə Toplantını açan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxış üçün sözü Azərbaycan Prezidenti İlham Əliyevə verərək deyib:

- Hörmətli dövlət başçıları.

Hörmətli nümayəndə heyətlərinin üzvləri.

Geniş tərkibdə görüşümüzü davam etdiririk. İcazənizlə, çıxış üçün sözü dərin hörmətlə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevə verirəm. Buyurun.

Dövlətimizin başçısı Zirvə Toplantısında çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli Sərdar Qurbanquluyeviç.

Hörmətli dövlət başçıları.

Hörmətli Sammit iştirakçıları.

İlk növbədə, bizə göstərilmiş qonaqpərvərliyə və VI Xəzər Sammitinin yüksək səviyyədə təşkilinə görə Sərdar Qurbanquluyeviç Berdiməhəmmədova təşəkkürümü bildirirəm.

Bizim görüşümüz Türkmənistanın keçmiş Prezidenti, mənim əziz dostum və qardaşım, Türkmənistan Parlamentinin Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədovun yubileyi ilə eyni vaxta düşür. Qardaş Türkmənistan onun rəhbərliyi ilə müstəqilliyin möhkəmləndirilməsində, beynəlxalq arenada nüfuzunun artmasında, xalqın rifahının yüksəlməsində və iqtisadi inkişafda sanballı uğurlar qazanıb. Qurbanqulu Məlikquluyeviçi şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm, ona möhkəm cansağlığı, qardaş Türkmənistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Sərdar Qurbanquluyeviç, fürsətdən istifadə edib Sizi Türkmənistan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə bir daha təbrik edirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə Türkmənistan yeni uğurlar qazanacaq.

Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Qeyd etməyə şadam ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır.

Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.

Bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin koordinasiya şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır.

Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir.

Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub. Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər.

Sonda, icazə verin, bizim Sammitin səmərəli təşkilinə görə Türkmənistan tərəfinə bir daha təşəkkürümü bildirim. Əminəm ki, bu Sammit Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq. Diqqətinizə görə təşəkkür edirəm.

Prezident Sərdar Berdiməhəmmədov: İlham Heydər oğlu, dərin məzmunlu çıxışınıza və təbriklərinizə görə Sizə təşəkkür edirəm.

Zirvə Toplantısında çıxış edən İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sammitin əhəmiyyətini vurğulayıblar.





Baxış sayı: 524
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30