FACT-INFO.AZ » SİYASƏT » “Heydər Əliyev siyasəti: Modern dövlət quruculuğundan böyük zəfərə doğru”
7-05-2022, 09:20 | SİYASƏT
“Heydər Əliyev siyasəti: Modern dövlət quruculuğundan böyük zəfərə doğru”

Əvvəlcə konfransda ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Konfransda giriş nitqi ilə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu gün dünyanın siyasi mənzərəsi mürəkkəbdir. Ziddiyyətlər, qarşıdurmalar, xaos və anarxiya halları müxtəlif regionları, ölkələri öz ağuşuna alıb. Belə bir şəraitdə yalnız milli maraqlara uyğun səmərəli və müstəqil siyasət həyata keçirən dövlətlər sabitliyi, təhlükəsizliyi və dayanıqlı inkişafı təmin edə bilirlər. Azərbaycan təcrübəsi də bu baxımdan əlamətdar və nümunəvidir. Şübhəsiz ki, Azərbaycan bugünkü inkişaf mərhələsinə asanlıqla çatmayıb. Çoxəsrlik dövlətçilik tariximizin iki parlaq şəxsiyyəti - ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycan güclü dövlətə, söz və nüfuz sahibinə çevrilib.

Onun sözlərinə görə, inkaredilməz həqiqətdir ki, müasir Azərbaycan reallığı, eləcə də Azərbaycan tarixinin müstəqillik zirvəsi Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır. “O, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur. Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Onun ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır. Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görmüş, böyük tarixi nailiyyətlərə imza atmışdır. Ona görə də çoxəsrlik tariximizin Heydər Əliyev dövrü Azərbaycanın dövlətçilik salnaməsidir”, - deyə T.Budaqov bildirib.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanda müasir və müstəqil dövlət quruculuğu heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Ulu Öndər əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və milli inkişafa nail olaraq sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməklə Zəfərə aparan yolun əsasını qoymuşdur. Müstəqillik dövrünün sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa etmişdir. Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı olmuşdur. Müdrik dövlət xadimi o zaman işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoymuş, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlərə başlanılmışdır. Böyük siyasətin sirlərinə dərindən bələd olan Heydər Əliyev bilirdi ki, torpaqların işğaldan azad olunması - ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin bərpa edilməsi üçün güclü dövlət konsepsiyasını reallaşdırmaq lazımdır. Bunun üçün isə strateji hədəfləri dəqiq müəyyənləşdirmək, xüsusi olaraq bir neçə istiqamətdə milli məqsədləri gerçəkləşdirmək gərəkdir. Bunlardan biri və birincisi ilk növbədə ölkə daxilində sabitlik və təhlükəsizlik mühitinin təmin olunması idi. Ulu Öndər həm daxili siyasətdə mühüm tədbirlər həyata keçirməklə, həm də Azərbaycanın dövlətçilik mənafeyini beynəlxalq miqyasda strateji maraqlarla dəqiq uzlaşdırmaqla buna nail oldu. Paralel olaraq mütərəqqi iqtisadi inkişaf strategiyasının hazırlanması və uğurla tətbiq olunması da Azərbaycanın milli gücünün artırılmasında və hədəfə doğru inamla irəliləməsində mühüm rol oynadı. Bu kontekstdə “Əsrin müqaviləsi”nin imzalanması, beynəlxalq əməkdaşlıq platformasının yaradılması, xarici tərəfdaşlarla iqtisadi-ticari münasibətlərin təməlinin atılması və digər addımlar da xüsusi vurğulanmalıdır. Böyük Zəfərə gedən yolda xüsusi əhəmiyyət kəsb edən işlərdən biri də uğurlu ordu quruculuğunun həyata keçirilməsi idi. Digər tərəfdən, Ulu Öndərin beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələrin və bəyanatların qəbul edilməsinə nail olması da ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, diplomatik müstəvidə üstünlük qazanmasına xidmət göstərdi”, - deyən Tahir Budaqov vurğulayıb ki, Heydər Əliyevin xalqımız və dövlətimiz, dövlətçiliyimiz qarşısında ən mühüm – tarixi xidmətlərindən biri siyasi varisliyin təmin olunmasıdır. Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərmişdir.

“Heydər Əliyevin inamı, xalqın böyük etimadı özünü tam doğrultmuşdur. Onun layiqli davamçısı olan İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti ilə, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başlamışdır. Ən əsası, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Qələbə xalqımızın qürur və iftixar mənbəyi, dövlətimizin isə qüdrətinin ifadəsidir. Bu, həm də Heydər Əliyev ideyalarının təntənəsi, dövlətçilik tariximizin zirvə hadisəsidir. Ulu Öndərin görmək istədiyi bugünkü güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev yolu ilə əmin addımlarla, inamla, əzmlə və qətiyyətlə sürətli irəliləyişini davam etdirir. Dünya müasir müstəqil dövlətimizin banisinin ideyalarının reallığa çevrilməsi nəticəsində möhtəşəm Azərbaycana şahidlik edir! Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasəti Azərbaycan üçün yeni parlaq perspektivlər yaradır. Əminliklə söyləmək olar ki, öz ərazi bütövlüyünü təmin etmiş, bölgənin lider dövlətinə - regional güc mərkəzinə çevrilmiş Azərbaycan yeni zirvələr fəth edərək tarix yazacaq, adını tarixə əbədi yazdıracaq!”,-deyə YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb.

Konfransda “Xalq-Heydər, Heydər-Xalq – zamanın sınağında formalaşmış vəhdət” mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, biz Heydər Əliyev haqqında danışanda onu Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi, milli özünüdərk şüurunun formalaşdırıcısı, Ümummilli Lider, Ulu Öndər kimi çox qiymətli və məzmunlu sözlərlə yad edirik. Ancaq bütün bunları deyərkən, eyni zamanda, hiss edirik ki, nəyisə yenə demək lazımdır, lakin onu ifadə etmək üçün söz tapa bilmirik. Düşünürəm ki, Heydər Əliyevin böyüklüyü elə bundadır. Yəni, Azərbaycan dilinin leksik fondunda o böyüklüyü ifadə etmək üçün söz yoxdur. Bu isə Heydər-Xalq, Xalq-Heydər vəhdətinin elə özüdür. Heydər Əliyev epoxal siyasi xadim idi. Onun Azərbaycanda hakimiyyəti ayrıca bir era təşkil edir. Bu era müxtəlif ideoloji, siyasi və sosial qatlardan ibarətdir. Ancaq nəticə və məzmun etibarilə bütövdür. Onun Azərbaycanda hakimiyyəti bir-birinə tamamilə zidd olan siyasi-ideoloji sistemlərdə mövcud olsa da, fəaliyyətinin cazibə mərkəzi daim Azərbaycan dövlətçiliyi olub. Ancaq şübhəsiz ki, Heydər Əliyevin fəaliyyətini yalnız milli müstəvidə qiymətləndirmək doğru olmazdı. Onun adı və fəaliyyəti Azərbaycanın siyasi-inzibati və etnosiyasi coğrafiyası ilə məhdudlaşmır”.

H.Məmmədov qeyd edib ki, Heydər Əliyev istər sovet xalqları, istərsə də bütövlükdə türk xalqlarının tarixində mühüm rol oynamış bir siyasi xadimdir. Onun sözlərinə görə, Heydər Əliyevin tarixin müxtəlif mərhələlərində aldığı kritik qərarlar bu gün müasir Türk dünyası xalqlarının və daha geniş mənada Orta Asiyadan Avropaya qədər uzanan böyük siyasi coğrafiyada yerləşən çoxsaylı xalqların müasir sosial-iqtisadi, mədəni-humanitar inteqrasiyası və birliyi kontekstində mühüm əhəmiyyət kəsb edir. “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənələri üzərində təntənə edən müstəqil Azərbaycan müstəqil dövlətçilik tariximizin ən güclü Azərbaycanıdır”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Konfransda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Heydər Əliyev – elm və təhsilin hamisi” mövzusunda çıxış edib. E.Babayevin sözlərinə görə, Ümummilli Liderimizin heç vaxt bitməyəcək, əsrlərlə yaşayacaq mənəvi ömrünün 99-cu zirvəsindən ötən illərə baxdıqca bir daha şahid oluruq ki, XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Heydər Əliyev siyasəti, bu fenomenal şəxsiyyətin işıqlı əməlləri, parlaq siması dayanır. Rektor qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də konkret və məqsədyönlü addımların atılması, təhsil siyasətinin etibarlı əsasının formalaşması təmin edilib: “Ulu Öndər hələ respublikaya rəhbərliyinin birinci dövründə elmin, təhsilin inkişafına xüsusi diqqət yetirir, gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını priori¬tet hesab edirdi. Məhz dahi Liderin böyük xidmətləri sayəsində respublikada ali təhsil müəssisələrinin sayı və onların qəbul planları artırılıb, tələbə qəbulunda şəffaflıq, ədalətlilik təmin olunub. Ulu Öndərin şəxsi nüfuzu və əlaqələri hesabına yüzlərlə azərbaycanlı gənc müvafiq ixtisaslara yiyələnmək üçün keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilib. “Təhsil millətin gələcəyidir”, - deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə - 1993-2003-cü illərdə də bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşıb. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Bu sahədə təkmil qanunverici bazanın formalaşdırılması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədilə “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" hazırlanıb və geniş müzakirələrdən sonra 1999-cu ilin iyununda imzalanaraq qüvvəyə minib. Həmin proqram ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, milli təhsil ənənələrinə sadiq qalmasını da təmin edib”.

Rektor ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinə qayğısından da ətraflı bəhs edib.

E.Babayev vurğulayıb: “Bu gün Heydər Əliyev siyasətinin bəhrəsidir ki, Azərbaycanda təhsil sahəsi ilə yanaşı, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələr də çox sürətlə inkişaf edir. Müstəqil Azərbaycan dövlətinin banisinin axıra çatdır¬maq istədiyi ən taleyüklü məsələ Qarabağ probleminin həlli, işğal altındakı torpaqlarımızın azad edilməsi idi. Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən Prezidentimiz, yenilməz sərkərdəmiz İlham Əliyev müzəffər ordusu, məğrur xalqı ilə birlikdə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Qələbə sayəsində xalqımızın, bütün dünya azərbaycanlılarının başını daha da uca etdi”.

Konfransda YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə “Yeni Azərbaycan Partiyası - Ulu Öndərin siyasi xəttinə sadiqliyin əyani ifadəsi” mövzusunda çıxış edib. O bildirib ki, müstəqil dövlətimizin müasir tarixi fenomen şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin sonunun Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunduğunu deyən V.Rəhimzadənin sözlərinə görə, həmin dövrdə baş verən hadisələr ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirib. Həmin dövrün xarakteristikası xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində öz əksini tapırdı. Həmin müraciətdə qeyd olunurdu ki, ölkəni yalnız zəngin dövlətçilik təcrübəsinə malik olan, dövlətini, xalqını sevən, onun gələcəyini düşünən Heydər Əliyev kimi Lider xilas edə bilər. Hər zaman xalqının yanında olan Ümummilli Lider bu müraciətə biganə yanaşa bilməzdi. Müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında ölkəmizi düşdüyü çətinliklərdən xilas etməyin yollarını göstərdi və 1992-ci ilin noyabr ayında Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edildi. Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın partiyasına çevrildi. Yaradılmasından cəmi 7 ay sonra iqtidar partiyasına çevrilən YAP cəmiyyətin avanqard qüvvəsi kimi bütün proseslərin mərkəzində oldu. 1993-cü ildə partiyamızın qurucusu, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Ümummilli Liderin adı tarixə Azərbaycanın müstəqilliyinin xilaskarı kimi yazıldı”.

V.Rəhimzadə vurğulayıb ki, müstəqil Azərbaycan 2003-cü ildən Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, islahatların təkmilləşməsi fonunda yenilikçi ölkə kimi nüfuz qazanır. 30 ilə yaxın dövr ərzində işğal altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanır, onun ətrafında dəmir yumruq kimi birləşib.

Konfransda “Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” mövzusunda çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, insanların hər biri ömrünü bir zaman kəsiyində yaşayır, zamanın diktəsi ilə hərəkət edir. Lakin tarixdə elə şəxsiyyətlər var ki, onlar vaxtdan ucada durur, zamana sığmır, zamanın gərdişini dəyişirlər. Bu gün nuruna toplaşdığımız şəxsiyyət ümummilli lider Heydər Əliyev məhz belə şəxsiyyətdir. S.Qurbanovun fikrincə, Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun haqqında hər zaman yeni söz söyləmək mümkündür. Çünki Heydər Əliyev tükənməz xəzinədir. Azərbaycan xalqı öz kimliyini məhz Heydər Əliyev ideologiyası ilə təsdiq etdi. Nədir Heydər Əliyev ideologiyası? Təbii ki ilk ağla gələn azərbaycançılıq ideologiyasıdır. Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası özünəməxsusluğu ilə fərqlənir. Azərbaycan bu gün vahid ideologiyası olan dövlətdir. Heydər Əliyevə qədər Azərbaycanda müxtəlif dövrlərdə mövcud olmuş ideoloji cərəyanlar bəzi hallarda özünü hansısa çalarlarını qabartması nöqteyi-nəzərdən strateji baxımdan o qədər də doğrultmadı. Lakin Heydər Əliyev milli ideologiyada qızıl ortanı tapa bildi”.

S.Qurbanov qeyd edib ki, Heydər Əliyev dühası və onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri nəticəsində biz dünyada qalib xalq kimi qəbul edilmişik. Azərbaycanın aydın gələcəyi məhz Heydər Əliyev ideallarına sadiqlikdən keçir.




Baxış sayı: 682
“YAŞAT” Fondu şəhid övladları üçün “Bir uşaq - bir gələcək” layihəsinə başlayıb Bu gün, 20:00 Türkiyədə “Şirvanşahların minilliyi” kitabının təqdimatı keçirilib Bu gün, 17:30 Azərbaycan COP29 konfransını qlobal ortaq yanaşma platformasına çevirə bildi Bu gün, 15:00 3300-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək Bu gün, 11:30 Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozub Bu gün, 11:00 Azərbaycanın dahi şair və mütəfəkkirinin yubileyi Vyanada qeyd edilib Bu gün, 11:00 Böyük Qayıdış: tarixi yaddaşın bərpasında maddi-mədəni irsin rolu və əhəmiyyəti Bu gün, 10:00 Zelenski: Ukrayna NATO-dan yeni tip raketləri vura bilən hava hücumundan müdafiə sistemlərini alacağına ümid edir Bu gün, 10:00 Polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsi qaziləri ilə görüşüb Dünən, 20:00 COP29-da əldə olunan razılaşma Britaniyanın maraqlarına tam cavab verir Dünən, 19:00 TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri bir araya gəliblər Dünən, 13:30 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib Dünən, 11:00 Azərbaycan kəlağayısının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub Dünən, 10:30 ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb Dünən, 10:00 Moldovanın Aİ-yə üzv olmaq üçün real şansı var Dünən, 09:30 “Azərbaycan kəlağayısı günü” Dünən, 09:30 Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib 26-11-2024, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər 26-11-2024, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib 26-11-2024, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub 26-11-2024, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq 26-11-2024, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir 26-11-2024, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib 26-11-2024, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib 26-11-2024, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930