FACT-INFO.AZ » SİYASƏT » Qərbin mesajları: Azərbaycanla strateji tərəfdaşlığa doğru
11-06-2016, 09:15 | SİYASƏT
Qərbin mesajları: Azərbaycanla strateji tərəfdaşlığa doğru

Hər iki liderin yazdıqları göstərir ki, Vaşinqton və London Bakı ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində çox maraqlıdırlar. Onlar Azərbaycanın rəhbərinin fəaliyyətini yüksək qiymətləndirib, bunu konkret misallarla əsaslandırıblar. Məktublarda yazılanlardan aydın olur ki, ABŞ və Böyük Britaniya Azərbaycanı "enerji lideri" kimi tanıyırlar. Burada həyata keçirilən islahatların real nəticə verdiyi etiraf edilir. Barak Obama dəqiq vurğulayır ki, İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatları tam dəstəkləyir, xüsusilə onun Azərbaycan xalqının rifahı naminə gördüyü işləri yüksək qiymətləndirir. Bütün bunlar təsadüfən olmayıb, Prezident İlham Əliyevin ardıcıllıq və qətiyyətlə həyata keçirdiyi daxili və xarici siyasət kursunun birbaşa nəticəsidir. Ayrılıqda bu ilin mart ayının sonu – aprel ayının əvvəlində Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı keçirilən yüksək səviyyəli toplantıda Azərbaycan rəhbərinin iştirakı və orada apardığı müzakirələr ABŞ rəhbərliyində xoş təəssüratlar oyadıb. Hesab edirik ki, həmin məqamların təhlilinə yenidən ehtiyac yaranıb.

Müstəqil daxili və xarici siyasət kursu

Müstəqilliyini əldə etmiş ölkələr beynəlxalq nüfuz sahəsində fərqli yerlərdədirlər. Bəziləri (məsələn, Ermənistan), ümumiyyətlə, müstəqil dövlət kimi qəbul edilmir, digərləri (məsələn, Mərkəzi Asiyanın bir sıra ölkələri) ilə bağlı fikir tam formalaşmayıb, az sayda ölkə isə (məsələn, Azərbaycan) beynəlxalq aləmin fəal üzvü kimi müsbət imicə malikdir. Sonuncu kateqoriyaya aid olan dövlətlər birmənalı olaraq aktiv müstəqil siyasət aparır, perspektivli iqtisadi və enerji layihələrində iştirakçı və təşəbbüskardır. Bunun təməlində isə ölkənin qətiyyətli, strateji təfəkkürlü, peşəkar siyasi liderinin olması dayanır.

Tarixi təcrübə də deyilənləri sübut edir. Mürəkkəb geosiyasi mərhələdə dövləti yalnız onun layiqli lideri dünya miqyasında qəbul etdirə bilər. Deyək ki, müxtəlif siyasi dairələrin əlində oyuncağa çevrilən Serj Sarkisyanı heç bir ciddi dövlət lider kimi qəbul etmir. İndiyə qədər erməni liderin beynəlxalq aləm tərəfindən qəbul edilən heç bir təşəbbüsü olmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə siyasi fəaliyyəti ilə artıq bütün dünya liderlərinin hörmət bəslədiyi, yüksək qiymət verdikləri dövlət başçısıdır. Dünyanın ən qüdrətli dövləti olan ABŞ-ın Prezidenti Barak Obama belə Azərbaycan rəhbərinin həyata keçirdiyi siyasətin çox düzgün olduğunu deyir və ona tam dəstəyini ifadə edir. Bu, bir neçə dəfə olub. Özü də müəyyən qüvvələrin antiAzərbaycan təbliğatına, İlham Əliyev haqqında şər-böhtan informasiyalar yaymasına baxmayaraq, Amerikanın dövlət başçısı mövqeyini dəyişmir.

Son olaraq Barak Obama 2016-cı il iyunun 1-dən 4-dək Bakıda keçirilən XXIII Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas 2016" sərgi və konfransı ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı məktubda həmin kontekstdə konkret fikirlərini ifadə edib. Məktub dəqiq, dolğun və real faktları əks etdirir. Orada bir cümlə belə sözgəlişi ifadə edilməyib.

Hər birinin arxasında Azərbaycan rəhbərinin siyasi fəaliyyətinin və liderlik keyfiyyətinin konkret gerçəkliyi dayanır (bax: Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamadan / AZƏRTAC, 1 iyun 2016). Amerikanın dövlət başçısı məhz İlham Əliyevin reallaşdırdığı siyasətin birbaşa nəticəsi kimi Azərbaycanın beynəlxalq aləmdəki yeri və rolu haqqında fikir bildirib. O, konkret istiqamətlər üzrə ölkəmizin əldə etdiyi nailiyyətlərin region və dünya üçün əhəmiyyətini dərk etdiyini ifadə edib. Bu o deməkdir ki, Amerika Azərbaycanın müstəqil ölkə olaraq müasir mərhələdə qlobal miqyasda əhəmiyyətini qiymətləndirib.

İlham Əliyev siyasi lider kimi: "enerji liderliyi"nin memarı

ABŞ Prezidenti məktubunda yazır: "Azərbaycan qlobal enerji təchizatında olduqca mühüm rolunu oynamaqda davam edir və regional səviyyədə təchizatın şaxələndirilməsini, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədimizə münasibətdə etibarlı tərəfdaşdır" (bax: əvvəlki mənbəyə). Burada üç mühüm məqam lakonik şəkildə ifadə edilib. Birincisi, Barak Obama vurğulayır ki, Azərbaycanın atdığı addımlar birbaşa qlobal enerji təchizatı məsələsinə aiddir. Bu aspektdə Bakı mühüm rol oynayır.

İkincisi, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmininə xidməti onun regional əməkdaşlığı gücləndirməsi əsasında baş verir. Burada rəsmi Bakı həm rəqabəti, həm də təchizatın şaxələndirilməsini sağlam əsasda inkişaf etdirir. Deməli, Azərbaycanın qlobal enerji təhlükəsizliyində iştirakı regional iqtisadi-energetik mühitin sağlamlaşdırılması əsasında özünü göstərməkdədir. Üçüncüsü, bu səbəbdən ABŞ rəhbəri hesab edir ki, Azərbaycan enerji təhlükəsizliyini təmin etmək prosesində etibarlı tərəfdaşdır. Kifayət qədər konkret ifadə edilmiş mesajdır. Faktdır ki, postsovet məkanında heç bir müstəqil ölkə bu cür qiymətləndirilməyib.

Məktubun bu hissəsindən alınan ümumi nəticə ondan ibarətdir ki, Amerika Azərbaycanı sadəcə qlobal enerji təhlükəsizliyinə qiymətli töhfə verən ölkə kimi dəyərləndirmir, daha üstün olaraq regional əməkdaşlığın memarı və etibarlı tərəfdaş olaraq görür. Buna nail olmaq üçün həqiqətən mükəmməl, müstəqil və reallığı nəzərə alan xarici siyasət yeritmək lazımdır. İlham Əliyev bu aspektdə siyasətin zirvəsində dayanan liderdir.

Barak Obama fikrini inkişaf etdirərək, enerji təchizatının şaxələndirilməsinin bütün dünya üçün böyük əhəmiyyət daşıdığını vurğulayır. Azərbaycan isə konkret enerji layihəsi ilə bu istiqamətdə bəşəriyyət üçün faydalı addım atmaqdadır. ABŞ Prezidenti bununla bağlı yazır: "Ötən il ərzində Azərbaycan və onun tərəfdaşları "Cənub Qaz Dəhlizi"nin reallığa çevrilməsində böyük tarixi mərhələlərə nail olmuşlar. Azərbaycan ilə onun beynəlxalq tərəfdaşları arasında davamlı əməkdaşlıq həmin mühüm layihənin başa çatdırılmasını təmin edəcək, Birləşmiş Ştatlar isə beynəlxalq tərəfdaşlarımızla birgə buna yardım etməyə hazırdır və "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətini vurğulamaqda davam edir" (bax: əvvəlki mənbəyə).

Bəli, Prezident Barak Obama onu diqqətə çatdırır ki, qlobal enerji təchizatı üçün konkret olaraq "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti böyükdür. Azərbaycan da bu məsələdə tarixi uğurlar əldə edib. Özü də rəsmi Bakı bunu beynəlxalq tərəfdaşları ilə birgə həyata keçirib. Yəni Azərbaycan beynəlxalq əməkdaşlığın gözəl nümunəsini göstərib. Sübut edib ki, ədalətli və səmimi olaraq gücü bir yerə qoymaqla, ciddi uğurlar əldə etmək mümkündür. Amerika isə daim bu təşəbbüsü dəstəkləyəcək, Azərbaycanın yanında olacaq! Çünki ABŞ "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətini dərk edir, onu qiymətləndirir.

Bu fikirlərdə mühüm geosiyasi məqam ifadə edilib. Hər şeydən əvvəl Vaşinqton Azərbaycanın konkret layihəni beynəlxalq tərəfdaşlarla birgə həyata keçirdiyinə görə qlobal siyasətdə xüsusi yer tutduğunu dünyanın diqqətinə çatdırır. Dəqiq desək, söhbət bir ölkənin dünyanın enerji sistemində hansısa rol oynamasından getmir. Rəsmi Bakı apardığı ardıcıl siyasəti ilə mürəkkəb qlobal sistemin fəal tərkib hissəsinə çevrilib. Bu, ciddi tezisdir.

Eyni zamanda, Amerika bu yolda Azərbaycana və onun tərəfdaşlarına olan hər hansı maneənin aradan qaldırılmasına hazırdır. Vaşinqton "Cənub Qaz Dəhlizi" ilə bağlı bütün təhlükəsizlik tədbirlərini görməyə çalışacaq. Bu isə geosiyasi aspektdə Azərbaycanı regionun "enerji lideri" hesab etmək deməkdir. Bakı bu keyfiyyətdə həm də Avropa ilə Asiya arasında "körpü rolu"nu oynamaqda davam edəcək. Bu halda Vaşinqton Azərbaycanın özünün təhlükəsizliyinə əhəmiyyət verdiyini nümayiş etdirir. Həmin mesajın Cənubi Qafqazda geosiyasi maraqları olan bütün qüvvələrə verildiyi nəticəsini çıxara bilərik.

Barak Obama məktubunun yekun hissəsində baxış bucağını bir qədər də genişləndirərək, reallıqda rəsmi Bakının mühüm istiqamətlərdə həyata keçirdiyi islahatları dəstəklədiyini ifadə edib. Bu prosesin memarının isə Prezident İlham Əliyev olduğunu ayrıca vurğulayıb. ABŞ Prezidenti fikirlərini belə yekunlaşdırır: "Mən "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi məqsədilə göstərdiyiniz səyləri alqışlayıram və Azərbaycanın tam potensialına nail olmaqda, o cümlədən şaxələndirilmiş iqtisadiyyatı təşviq etməkdə, sərmayə mühitini təkmilləşdirməkdə, hesabatlığı və qanunun aliliyini gücləndirməkdə və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarını yaxşılaşdırmaqda atdığınız davamlı addımlarınızı dəstəkləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır" (bax: əvvəlki mənbəyə).

Bu, Prezident İlham Əliyevin apardığı siyasətə verilən yüksək qiymətdir. Çünki qısa şəkildə bütün sahələrdə həyata keçirilən proqramların mühüm əhəmiyyət daşıması, onların perspektivi və Azərbaycan xalqı üçün səmərəsi vurğulanıb. Məsələnin digər tərəfi isə bu siyasətin müasir demokratik dünyanın tələblərinə tam uyğunluğunun təsdiqlənməsi ilə bağlıdır.

Barak Obama faktiki olaraq İlham Əliyevin lider kimi fəaliyyətinin regionun digər dövlət başçıları üçün nümunə ola biləcəyini ifadə edib. Azərbaycan Prezidenti həm bütün sahələr üzrə konkret səmərəli və demokratik islahatlar həyata keçirir, həm də onun qlobal təhlükəsizlik sisteminin formalaşması üçün səmərəsini təmin edən addımlar atır. Dövlət başçısı bununla demokratik dövlət quruculuğu xətti ilə dünyanın inkişaf etmiş hissəsi ilə inteqrasiya prosesini tam uyğunlaşdıra bilir. Müasir tarixi mərhələ üçün bu, çox vacib məqamdır.

Məsələ ondan ibarətdir ki, hazırda bir çox ölkələrdə inkişaf prosesi getsə də, bundan öz maraqları üçün istifadə etmək istəyən, regional və qlobal sabitliyi, təhlükəsizliyi və rifahı zərbə altına qoyan dairələr hələ də qalmaqdadır. Bu isə həmişə olduğu kimi, yeni intriqalara, qeyri-sağlam rəqabətə, qarşıdurmalara səbəb olur. Amma Azərbaycan öz uğurunu birbaşa müasir dünyanın tələblərinə uyğunlaşdırır, əldə etdiyi müsbət təcrübəni hər bir dövlətlə bölüşməyə, sülh və barışın bərqərar olmasına çalışır.

Görünür, artıq bunu Vaşinqton da dərk edir və Azərbaycanın "enerji lideri" olmasını etiraf etməklə, ona dəstək olmağa çalışır. Maraqlıdır ki, Böyük Britaniya da təqribən eyni mövqedədir. Bu ölkənin baş naziri Devid Kemeron Prezident İlham Əliyevə ünvanladığı məktubda həmin aspektdə fikirlərini ifadə edib. Barak Obama kimi, Devid Kemeron da məktubunu Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransı münasibətilə göndərib. Məktubda baş nazir xüsusi vurğulayır: "Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Hökumətim qlobal enerji təhlükəsizliyi məsələlərinə böyük önəm verir. "Cənub Qaz Dəhlizi" Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq.

Mən Azərbaycan hökumətini "Cənub Qaz Dəhlizi"nin inkişaf etdirilməsində oynadığı rolu ilə bağlı təbrik edirəm və Trans-Adriatik boru kəmərinin mayın 17-də təməlqoyma mərasimini alqışlayıram. Bu, "Cənub Qaz Dəhlizi"nin cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisədir" (bax: Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemerondan / AZƏRTAC, 1 iyun 2016).

Devid Kemeron onu da qeyd edir ki, Böyük Britaniya bu prosesdə Azərbaycanla birgə iştirak etməkdən "məmnunluq və fərəh hissi" keçirir. Londonun bu mövqeyi Avropa İttifaqında bəzi dairələr üçün örnək olmalıdır. Onlar antiAzərbaycan fəaliyyətlərindən əl çəkməli, qara piar kampaniyalarına qoşulub münasibətləri gərginləşdirməməli, reallığı görməli və dəyərləndirməlidirlər.

Əslində, bu məktublar xüsusi mesajların daşıyıcılarıdır. Burada da məhz Azərbaycan Prezidenti İlham Əliyevin çox faydalı siyasi fəaliyyəti həlledici rol oynayıb. Sirr deyil ki, son dövrlərdə Qərbin bir sıra dövlətlərinin Azərbaycana qarşı ədalətsiz mövqedə olması münasibətlərdə bir gərginliyə səbəb olmuşdu. O cümlədən rəsmi Vaşinqton haqsız yerə Bakıya ittihamlar irəli sürürdü.

Uzaqgörən dövlət başçısı: İlham Əliyevin Vaşinqtona təsiri

Hər şey Prezident İlham Əliyevin mart ayında Nüvə Təhlükəsizliyi Sammitində iştirak üçün ABŞ-a səfərindən sonra dəyişdi. Onu vurğulayaq ki, səfər zamanı birbaşa Ağ evin istəyi və təşəbbüsü ilə yüksək səviyyəli rəsmi təmaslar gerçəkləşdi. Bu da nəinki iki ölkə, həm də bütövlükdə Qərb dünyası ilə əməkdaşlığı yeni inkişaf müstəvisinə çıxardı.

Vaşinqton bəyan etdi ki, onun yeni Azərbaycan siyasətinin məzmununda Prezident İlham Əliyevin liderliyini tam dəstəkləmək başlıca yer tutur. Eyni zamanda, Amerika Azərbaycanı əsas tərəfdaşlarından biri kimi qəbul edir. Vaşinqton bu qənaətlərə yalnız İlham Əliyevi dinləyib, onun siyasətini tam anladıqdan sonra gəlib.

Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, ölkədə aparılan sosial-iqtisadi və energetik islahatlar, qlobal enerji təhlükəsizlik sisteminin yaradılması, demokratikləşmə prosesi, regional əməkdaşlıq, beynəlxalq enerji layihələrində iştirak və digər aktual məsələlər üzrə o dərəcədə gözəl mövqe nümayiş etdirib ki, ABŞ rəhbərliyi, başda Barak Obama olmaqla, İlham Əliyevə tam dəstək verdiklərini açıq bildirib.

O zaman ABŞ-ın dövlət katibi Con Kerri belə demişdi: "Bizim hazırda üzərində işlədiyimiz bir çox qarşılıqlı maraqlarımız var. Biz sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana çox minnətdarıq. Məlumdur ki, Azərbaycan indi mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə "Cənub Qaz Dəhlizi" layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlamışdır. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxaləndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır.

Əlbəttə ki, digər maraqlarımız da var. Terrorizmlə mübarizə. Biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin nəhayət öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ öz həllini tapmalıdır" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü / AZƏRTAC, 31 mart 2016).

Burada rəsmi Vaşinqtonun Azərbaycanla bağlı mövqeyi dolğun şəkildə öz ifadəsini tapıb. Hətta Prezident Barak Obama Azərbaycanı çox mühüm tərəfdaş adlandırıb. Vitse-prezident Co Bayden isə açıq etiraf etmişdi: "Prezident İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət veririk və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bilirik" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-ın vitse-prezidenti Co Baydenin görüşü / AZƏRTAC, 1 aprel 2016).

Bununla da İlham Əliyevin Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı keçirilən tədbirdə iştirakı zamanı apardığı müzakirələrdə Amerika rəhbərliyində Cənubi Qafqazda lider olan Azərbaycanın sülhpərvər, islahatçı, ardıcıl olaraq demokratikləşən, beynəlxalq enerji layihələrində aktiv iştirak edən, terrorla ciddi mübarizə aparan ölkə olduğu bir daha təsdiqləndi. Məhz bundan sonra Barak Obama Azərbaycan Prezidentinə Respublika Günü münasibəti ilə yazdığı məktubda Azərbaycanın keçdiyi şərəfli yolu ayrıca vurğulayaraq, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi zərurətini xüsusi qeyd etdi.

Barak Obama müstəqil Azərbaycanın keçdiyi 25 illik yolu qiymətləndirərək, onu "enerji lideri" hesab etdiyini açıq bildirib. Amerika rəhbərinin Azərbaycan Xalq Cümhuriyyətinin "dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlət" kimi tanınmasını ayrıca qeyd etməsi isə, ümumiyyətlə, dövlətçiliyimizə verilən yüksək qiymət kimi qəbul edilməlidir. Bu, həm də bədxahlarımızın Azərbaycan dövlətçiliyi haqqında yaydığı böhtanlara verilən cavablardan biri kimi də dəyərləndirilə bilər.

Prezident İlham Əliyevin IV nüvə təhlükəsizliyi sammitində iştirakı, çıxışı və apardığı müzakirələr Amerikanın iş adamlarına da ciddi təsir göstərib. Onlarda İlham Əliyevin timsalında Azərbaycanın etibarlı biznes tərəfdaşı olduğuna tam əminlik yaranıb. Bunu dövlət başçısı ilə bir müddət əvvəl keçirilən görüşdə Amerika Ticarət Palatasının üzvləri adından danışan "Ernst and Young" şirkətinin nümayəndəsinin ifadə etdiyi fikirlərdən aydın görmək mümkündür. O, öz ölkəsinin biznes dairələrinin mövqeyini aşağıdakı kimi təqdim edib: "İslahatların həyata keçirilməsində Prezident İlham Əliyevin rəhbərliyini çox yüksək dəyərləndiririk. Həm yerli, həm də xarici şirkətlər Sizin yanınızdadır. Biz Sizi tam dəstəkləyirik və Sizi bu islahatlardan geri çəkilməməyin qarantı kimi görürük. Sizə dəstək olmaq bizim hamımız üçün böyük şərəfdir" (bax: Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib / AZƏRTAC, 12 aprel 2016).

Bütün bunlar Azərbaycan rəhbərliyinin apardığı daxili və xarici siyasətin yüksək dərəcədə səmərəli və müasir tələblər səviyyəsində olduğunu əyani təsdiq edir. Prezident İlham Əliyev reallaşdırdığı konkret proqramlarla əsl lider və müstəqil dövlət quruculuğunu uğurla həyata keçirən siyasi varis olduğunu sübut edir. Onu heç bir təzyiq yolundan döndərə bilməz. ABŞ və Böyük Britaniya kimi böyük dövlətlər bunu açıq etiraf edir, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi kursu tam dəstəkləyirlər. Özü də bu, dünyada çox ziddiyyətli və mürəkkəb geosiyasi proseslərin getdiyi bir dövrdə baş verir. Azərbaycan artıq regionun ən perspektivli və etibarlı dövlətidir. Rəsmi Bakı bütün sahələr üzrə həyata keçirdiyi islahatlar proqramı ilə dünyanın ən güclü dövlətinin etimadını qazanıb. Barak Obamanın məktubları isə onu təsdiqləyir ki, Vaşinqton uzunmüddətli perspektivdə regionda əsas tərəfdaşı kimi məhz Azərbaycanı görür. Lakin bunun tam reallaşması üçün Ağ evin üzərinə bir böyük məsuliyyət düşür: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq! Bizcə, bu məqam ABŞ-ın Cənubi Qafqaz siyasətinin "qırmızı xətti" olmalıdır.

 Newtimes.az




Baxış sayı: 1 824
Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Bu gün, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930