2019-01-27 11:05:37 | AKTUAL
Demə mən uzağam, fikir eləmə

.

Sən fikir eləmə, gözəldi həyat,

Nə qədər mən sağam fikir eləmə...

Bu gün yanındayam, sabah hardasa,

Demə mən uzağam, fikir eləmə...

Xalq şairi Nəriman Həsənzadə öz sevgi şeirlərinin bir qisminin toplandığı "Fikir eləmə" kitabı ilə ("Mütərcim", 2018) oxucularla yenidən görüşür.

Azərbaycan poeziyasında elə bir şair tapmaq olmaz ki, sevgidən, məhəbbətdən yazmasın, öz könül duyğularını, "ilk və son məhəbbətini" izhar eləməsin. Nəriman Həsənzadə bu mənada nə birincidir, nə də axırıncı. Amma çox az şair tapmaq olar ki, son 50 ildə N.Həsənzadə kimi sevgini bu qədər ehtirasla, hisslərin, duyğuların coşqunluğuyla tərənnüm eləsin.

Mənə üfüq boyda geniş səmanı,

Göydə buludları, yerdə dumanı,

Dənizdə dalğanı sən bağışladın,

Bu hüsnü-mənanı sən bağışladın.

Uzanan yolların dümağ sətrini,

Dünyanın ən gözəl çəmən ətrini,

Qumlu sahillərdə sən bağışladın,

O zərif əllərdə sən bağışladın.

Azərbaycan poeziyasında Məhəmməd Füzuli bir eşq konsepsiyası yaradıb, lirik şeirlərində öz aşiqlik istedadını bəyan edib, dünyaya, kainata eşqin pəncərəsindən boylanıb, eşqin fəlsəfəsini orta əsərlərin durğun, mühafizəkar, insan sevgisinə qadağa qoyan ideyalarına qarşı çıxıb. Füzuli poeziyasında əsas qəhrəman Aşiqdir. Dünyanın elə bir sevgi şairini göstərin ki, bu Aşiq qədər əzabı xoşbəxtlik saysın ("Əskik olmaz qəmimiz bunca ki, bizdən qəm alıb, Hər gələn qəmli gedər, şad gəlib yanimizə"), sevgi yolunda ölümü səadət hesab eləsin. Nəriman Həsənzadənin sevgi şeirlərində də sevən Aşiqin məcnunvari, füzülivari dəyanəti, dözümü, bir eşqin yolunda çəkdiyi əzablar (ancaq bunlara əzab demək olarmı?) öz əksini tapır.

Nəriman Həsənzadənin sevgi şeirləri Zamana, Dünyaya söylənilən lirik monoloqlardır, bu məqamda Füzulinin qəhrəmanı birləşir. Amma fərq burasındadır ki, Nəriman Həsənzadə sevgiyə daha real, konkret yanaşır, bu sevginin şiddətindən səmada ulduzlar çaxnaşıb eləmir, fələklər yanmır ahdan. Dövrün Məcnunu - aşiq Nəriman Həsənzadə klassik Məcnundan xeyli müasirdir. Klassik Məcnunun platonik eşqi müasir Aşiqdə sırf real, həyati detallarla əvəz olunur. Amma təbii ki, eşqin mahiyyəti, özəl xüsusiyyəti dəyişmir - saf eşq, duyğulu eşq, insanı mənən zənginləşdirən eşq...

Səhər gələcəkdi dünyaya yenə,

Qızıl şölələrlə öpüşəcəyəm.

Səhərki günəşlə, səhərki sənlə,

Səhərki dünyamla görüşəcəyəm.

Yenə ordan-burdan danışacağıq,

Əvvəldən-axırdan danışacağıq.

Danış deyəcəksən, mən susacağam,

Danış deyəcəyəm, sən susacaqsan.

Sənin əllərindən mən tutacağam

Mənim əllərimdən sən tutacaqsan.

İki sevən insanın son dərəcə real, təbii münasibətləri bu səmimi, hər cüp patetikadan uzaq olan misralarda əks olunub və deyim ki, Nəriman Həsənzadənqin təkcə sevgi şeirləri deyil, bütün yaradıcılığı bü səmimiyyət üstundə qurulub. Bəxtiyar Vahabzadə əbəs yerə deməyib ki, Nəriman Həsənzadə ürək diliylə danışan şairdir.

Onun nəzərində Yer üzünün ən gözəl məxluqatı Sevgili-Qadındır. Və bu şeirlərdə qadının zahiri gözəlliyi deyil, daxili-mənəvi aləmi - onun vəfası, dəyanəti, hisslərlə, duyğularla zəngin dünyası göz önündədir. O, qadını Vətən qədər müqəddəs sanır:

Sənin nəfəsiyin hərarətində

Elə bil günəşin od nəfəsi var.

Həya var, ismət var hərəkətində,-

Qədim bir millətin ənənəsi var.

Qoy yeri gəlmişkən deyim bu sözü,

Nə var yer üzündə anadan əziz?

Sənin yasdığına baş qoymaq özü

Cəmiyyət önündə borcdu, şübhəsiz.

Azərbaycan poeziyasında sevgi şeirlərinin əksəriyyəti hicran motivləri üstündə köklənib. Ayrılıq, yardan uzaq düşmək, həmişə həsrətlə "qol-boyun olmaq" - bu motiv hələ də şeirimizdə davam edir və görünür, nə qədər sevgi var, qəm də olacaq, həsrət də, ayrılıq da. Nəriman Həsənzadə də bu ayrılıqdan bezar deyil, amma ənənəvi motivə yeni çalarla aşılamaq lazımdı. Özü də gözəl təşbihlərlə, metaforalarla. Sevginin həyəcanlı, intizarlı anlarını bəyan eləsin. Ayrılığın, həsrətin poeziyasını yaratmağa...

Gedirsən, darıxıram,

get, qayıt külək kimi.

Çiçəyim, bitmə gedib

çəməndə çiçək kimi.

Kölgəni yerdə görüb

göydə uçan durnalar, -

Səni də durna bilib,

qatarına çağırar.

Gecələr ulduz olub,

göylərdə sayrışarsan.

Gündüzlər kəklik olub quşlara qarışarsan.

Su pərisi olarsan, \ görüb ayna suları;

Bənövşəyə oxşadar səni tikan kolları.

Gedirsən, darıxıram, Get qayıt, ancaq qayıt.

Quşların qanadında quşlardan qabaq qayıt!

Bu şeiri son misrasına qədər ona görə misal gətirdim ki, Nəriman Həsənzadənin əksər şeirləri hisslərin, duyğuların bir süjet daxilində, bir lirik əhvalat çevrəsində təqdimi ilə diqqəti cəlb edir. Onun əksər şeirləri məhz hisslərin dramı kimi yaddaşlara həkk olunur.

Çox zaman bir şairdən söz açanda, yeri gəldi-gəlmədi ona "filosof şair" epiteti də bağışlayırlar. Zənnimcə, Nəriman Həsənzadənin belə bir epitetə ehtiyacı yoxdur. Fəlsəfi ahəng onun şeirlərinin onsuz da bir xüsusiyyətidir. Məsələn, bu dünyanın bir nərdivana bənzərliyi varmı? Varmış:

Bu dünya nərdivandı, -

qalxanda mehribandı,

enəndə nə yamandı...

Görüşdük pillələrdə,

yolun yarısında biz.

Sən qalxırdın bu dəmdə,

Mən enirdim xəbərsiz.

Birimiz günçıxana,

Birimiz günbatana...

Nəriman Həsənzadənin sevgi şeirləri oxucuya eşqin, məhəbbətin ülviliyini, əbədiliyini nişan verir. İnsan sevirsə, deməli, o, yaşamağa, yaratmağa qadirdir, çünki sevgi onu təmiz saxlayır, mənən zənginləşdirir.

Nədir məhəbbət?

Məhəbbət –

Nə deyim bu ülvi ada,

Hamıya bir gözlə baxmayır o da.

birisinə göz yaşı verir.

Nəriman Həsənzadə bu göz yaşları arxasında qəmin yox, sevincin izinə düşür. Sevginin nağıllarını söyləyir. Amma bu nağılların sonunda göydən üç alma düşmür, çünki onun sevgi nağılları bitmir.

Onun şeirləri qoşmalıdır, hecalıdır - bəstəkarlar da, aşıqlar da bu şeirləri istəklərincə dindirirlər. Amma Nəriman müəllimin qoşmaları "qəlib" deyil, müasir qoşma texnikasının ən kamil nümunələridir. Nəhayət, "Fikir eləmə" sevgi kitabına görə, ürəyi də, ruhu da cavan qalan Nəriman müəllimə onu sevən bütün oxucuların adından təşəkkür edirəm. Bu şeirlər də şairin özü kimi qocalmır, çünki əsl sevginin qocalmaq qorxusu yoxdur...

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

Baxış sayı : 1740
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib