2015-11-25 09:10:16 | AKTUAL
İnformasiya siyasəti, informasiya təhlükəsizliyi, informasiya savaşı

Qloballaşan dünyamızda cərəyan edən hadisələr sosial həyatımızı da durmadan dəyişir

Cəmiyyətin informasiyaya olan tələbatı informasiya cəmiyyətində indiki qədər aktual olmayıb. Biz elə bir dövrdə yaşayırıq ki, informasiya siyasəti  hər bir dövlətin diqqət yetirdiyi əsas problemə çevrilib. Ona görə ki, informasiyalar çoxaldıqca qayğılar artır. Cəmiyyətə hansı informasiyanı vermək məsələsi gündəmə gəlir. 
İnsanlar hər şeylə maraqlanırlar. Assoşieyteol Press agentliyinin keçmiş rəhbəri Kent Kuperin dilə gətirdiyi "Cəmiyyətin informasiya almaq hüququ var" ifadəsi, 1953-cü ildə Harold Krossun yazdığı kitaba başlıq seçildikdən sonra jurnalistlərin yaddaşına möhkəm həkk olunub. Heç də təsadüfi deyil ki, mediaya dair qəbul olunmuş qərarlarda bu ifadə özünə möhkəm yer eləyib. Jurnalistlər də cəmiyyətin tamhüquqlu nümayəndəsi kimi informasiya toplayıb və dərc etməyə borcludur. Lakin nəzərə almaq lazımdır ki, KİV-lərin informasiya siyasəti olduğu kimi, hər bir dövlətin də informasiya siyasəti var. İnformasiya  kommunikasiya texnologiyalarının (İKT)  tətbiqi informasiya siyasətinə yenidən baxmağı tələb edir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov qeyd edir ki, qloballaşmanın vüsət aldığı, virtual informasiya məkanının günü-gündən genişləndiyi, milli informasiya mühitinin pozulduğu, milli dəyərlərin  meyarlarının və sədlərinin "universiallaşdığı" müasir dünyada beynəlxalq və yerli ictimai rəyin idarə olunması, siyasi proseslərin məqsədli yönləndirilməsi günü-gündən artır. Belə bir şəraitdə transmilli informasiya siyasəti sərhədləri asanlıqla aşan beynəlxalq təbliğat fəaliyyəti ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərir.

İngilis tədqiqatçısı Entoni Smitin belə bir fikrini yada salmaq yerinə düşər: "İnformasiya əsri bərqərar olduqca dövlət sərhədlərinin silinmə prosesi başlanacaq. Bir vaxtlar mətbuat ölkə hüdudlarında və hökumətlərin icazə verdiyi çərçivədə fəaliyyət göstərirdi. Bu gün isə belə demək olar: insan məkanı fəth edib, bütün dünya sanki onun ovcundadır".

Müstəqilliyə nail olduqdan, xüsusilə də 1993-cü ildən sonra vahid informasiya siyasətinin formalaşması və təhlükəsizliyinin təminatı, informasiya mühitinin yaradılması sahəsində xeyli iş görülmüşdür. KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılaraq beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul etdiyi yeni Konstitusiyanın 47-ci maddəsi hər kəsin fikir və söz azadlığı olduğunu, 50-ci maddə isə hər kəsə istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı verir. 1998-ci il avqustun 6-da Prezidentin fərmanı ilə senzura birdəfəlik ləğv edildi. Fərmanda göstərilirdi ki, KİV-də istənilən fikir demək, dövlət sirri təşkil etməyən faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır. Bu da "Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin etmiş, ölkənin informasiya siyasətini dolğunlaşdırmışdır".

Azərbaycan dövləti 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyini ləğv etməklə bir daha sübut etdi ki, o mətbuat üzərində nəzarət funksiyasından imtina edir. 2003-cü ildə demokratik cəmiyyətin mahiyyətindən doğan tələb və zərurət kimi özünütənzimləmə mexanizmi olan Mətbuat Şurası yarandı. Onun əsas məqsədi dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyasını həyata keçirməkdir.

Azərbaycan Avropa Şurasına daxil olduqdan (2001) sonra beynəlxalq müqavilələrə riayət edilməsini ön plana çəkir və İnsan Hüquqları və Avropa Konvensiyasının sənədlərinə hörmətlə yanaşır. Həmin sənədlərə əsasən hər bir şəxsin söz azadlığı istənilən sərhəd daxilində hakimiyyətin müdaxiləsi olmadan məlumat almaq və ötürmək hüququ var.

Bu tələblərə cavab verən "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının yeni Qanununun qəbulu (1999) və ona sonrakı əlavələr söz və mətbuat azadlığına tam təminat verir.

Razılaşaq ki, elektron medianın ictimai rəyə təsiri çap mediasından daha böyükdür. Beynəlxalq standartlara cavab verən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu (2002) teleradio yayımını tənzimləyir. Teleradio fəaliyyətinin əsas prinsipləri qanunun 3-cü maddəsində öz əksini tapıb. Həmin maddədə göstərilir: "Yayımçı öz fəaliyyətində informasiyanın əhatəliyi, obyektivliyi, tam və doğru-düzgünlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsinə, proqramların keyfiyyətliyi prinsiplərinə əsaslanır". Ölkədə teleradionun tənzimlənməsini dövlət qurumu Milli Teleradio Şurası (2002) həyata keçirir. Onu da qeyd edək ki, Şura öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Milli Televiziya və Radio Şurasının Əsasnaməsini rəhbər tutur.

2004-cü ildə "İctimai Televiziya və radio yayımı haqqında" qanun qəbul olundu. Qanundakı bəzi maddələr məhz Avropa Şurasının ekspertlərinin iştirakı ilə razılaşdırılmışdır. Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi Mats Linberq qeyd edir ki, Avropa Şurası İctimai Televiziyanın varlığını həqiqi demokratiyanın reallaşması və demokratik cəmiyyətin əsası kimi qəbul edir.

Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından. "KİV haqqında", "Dövlət sirri haqqında", "Rabitə haqqında", "İnformasiya əldə etmək haqqında" Qanunlardan və digər nominativ aktlardan ibarətdir. Onu da bildirək ki, "Dövlət sirri" haqqında Qanuna sonralar bu kateqoriyaya aid siyahıya hərbi sahəyə, dövlətin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə dair məlumatlar əlavə edilmişdir.

KİV sahəsində Azərbaycan dövlətinin siyasəti söz və məlumat azadlığının təmin edilməsidir. 1998-ci ildə qəzet redaksiyalarının əlavə dəyər vergisindən azad edilməsi, Prezidentin sərəncamı ilə 2000-2001-ci illərdə KİV-lərin maddi-texniki şəraitin yaxşılaşdırılması haqqında tədbirlər proqramı, habelə, 27 dekabr 2001-ci ildə "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" və 2003-cü ildə qəzetlərin "Azərbaycan" nəşriyyatına borcların 3.1. müddətinə dondurulması haqqında sərəncamları mediaya göstərilən qayğının bariz nümunəsidir. Xatırladaq ki, 2006-cı ildə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənilmişdir.

Azərbaycan dövlətinin KİV-ə olan qayğısı təkcə bununla bitmir. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"nın təsdiqi dövlət-mətbuat münasibətlərinin tənzimlənməsi istiqamətində atılan addımdır. Onu da qeyd edək ki, konsepsiyada əks olunan məsələlərin həlli üçün 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsas vəzifəsi söz və mətbuat azadlığının, KİV-lərin inkişaf etdirilməsinə xidmət edir. Təkcə 2009-cu ildə dövlət büdcəsindən Fonda 1,3 milyon, sonrakı illərdə 15 milyon manatdan artıq vəsait ayrılmışdır.

Azərbaycanda İKT sahəsi son illərdə xeyli inkişaf edir. Respublikamız İKT sahəsindəki inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yeri tutmuşdur. Əli Həsənovun qeyd etdiyinə görə, bu gün 9 milyon əhalisi olan ölkədə 2 milyona yaxın sosial şəbəkə, o cümlədən, 1,2 milyon Facebook istifadəçisi vardır. "Az" dönemində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 minə çatmışdır. Ölkədə 300-ə yaxın xəbər və analitik internet saytı fəaliyyət göstərir. 2013-cü ildə AZƏRSPACE-1 video-informasiya ötürücü peykinin yeraltı orbitə çıxması informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Deməli, maraq doğuran məlumatları toplayıb və yaymaq jurnalistin vəzifə borcudur. Hər bir vətəndaş ölkədə baş verən hadisələrdən vaxtında məlumat tutmalıdır ki, onunla bağlı müzakirələrdə iştirak edə bilsin. Amerika konstitusiyasının yaradıcılarından biri olan Ceym Medismonun məşhur bir kəlamını yada salmaq yerinə düşər: məlumatdan məhrum olan xalq məzhəkə və faciə doğuran hakimiyyətin astanasındadır.

Onu da qeyd edək ki, hər bir jurnalistin vətəndaşlıq mövqeyi olmalıdır. Təkcə informasiyanı verməklə iş bitmir, yaşadığı ölkənin mənafeyini qorumaq, onun informasiya siyasətini müdafiə etmək lazımdır. Jurnalistika fakültəsinin müəlliməsi Könül Niftəliyevanın "525-ci qəzet"də dərc olunmuş "Qəzetin informasiya siyasəti və jurnalistin fərdi yaradıcılıq prinsipləri" adlı məqaləsindən belə bir fakt diqqətimi cəlb etdi: Koalisiya qüvvələrinin Liviyanı bombardman etməsi ilə bağlı Rusiyanın REN TV kanalı özünün "Nə baş verir?" ("Çto proisxodit?") proqramında bir araşdırma aparmışdı. Bu araşdırmada aparıcı Anisa adlı ABŞ jurnalistini də studiyaya dəvət etmişdi. Aparıcı ABŞ jurnalistin qarşısına bir qlobus qoyur və soruşur:

-Anisa dünyanın elə bir ölkəsi varmı ki, ABŞ oranı bombalamamış olsun: Laos, Vyetnam, Kamboca, Yuqoslaviya, İraq, Əfqanıstan…

ABŞ jurnalisti:

-Bu ölkələrə ABŞ demokratiya gətirir.

Aparıcı:

-Demokratiya ixrac olunurmu?

ABŞ jurnalisti:

-ABŞ bu ölkələrə xeyirxahlıq edir.

Aparıcı:

-Anisa, sən bütün cavablarında ABŞ vətəndaşlığı mövqeyindən çıxış etdin. Kaş bizimkilər də belə olaydılar.

Bəli, biz də istərdik ki, bizim jurnalistlər də Azərbaycanın mövqeyindən çıxış edə.

Sərhədləri aşan informasiyalara diqqət yetirmək çox vacibdir. Elə informasiyalar var ki, cəmiyyətdə xoşagəlməz fəsadlar törədə bilər. Alman filosofu Fridrix Nitsşenin dediyi kimi "Bəzən bir söz də fırtına qopara bilər".

İnformasiya təhlükəsizliyi siyasəti Milli Təhlükəsizlik Konsepsiyasında və Azərbaycan Respublikasının "Milli Təhlükəsizlik haqqında" Qanunda öz əksini tapıb. Qanunda informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması tədbirləri aşağıdakılardır:

Azərbaycan Respublikasında informasiyanın, həmçinin dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemin yaradılması və möhkəmləndirilməsi;

Dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsi məqsədilə obyektiv və qabaqlayıcı məlumatların toplanması;

İnformasiya infrastrukturunun inkişaf etdirilməsi;

Dövlət sirlərinin qorunmasının hüquqi mexanizminin təkmilləşdirilməsi;

Kibercinayətlərə qarşı mübarizə;

İnformasiya təhlükəsizliyinin və azadlığının təmin olunması.

Sənəddə həmçinin məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi vətəndaşların konstitusiya hüquqlarının təmin edilməsi, informasiya ehtiyatlarının qorunması və inkişaf etdirilməsi, informasiya məkanının formalaşdırılması və onun qorunmasının təmin edilməsi, dünya informasiya sisteminə daxil olma kimi maddələr öz əksini tapmışdır.

Azərbaycanın informasiya təhlükəsizliyindən söz açan ölkə başçısı qeyd etmişdir ki, bizə qarşı informasiya aparan qüvvələr var. Onların böhran xarakterli yazıları əsasən erməni lobbisinin təsiri altında hazırlanır. Psixoloji müharibənin tərkib hissəsi olan informasiya müharibəsi informasiyalar vasitəsilə həyata keçirilir. Yalan, hədələmə, ideoloji təxribat kimi texnologiyaların köməyi ilə bir ölkə digər ölkənin apardığı siyasəti gözdən salmağa, xalqla ordu arasında nifaqa çalışır, bir sözlə, insanlar arasında dövlətə inamsızlıq yaratmaq üçün dəridən-qabıqdan çıxır. Erməni qəzetlərinin və saytlarının Azərbaycanla bağlı yaydıqları yalan informasiyaların bizim bəzi qəzetlərin səhifələrinə yol tapmasına nə ad vermək olar? Məsələn, bu ilin noyabrında erməni mətbuatı belə bir yalan uydurmuşdu. Guya Azərbaycan ordusu Rusiyanın yük maşınına atəş açıb. Bu yalan informasiya Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal təkzib edildi.

Keçən ilin avqust ayında sərhəd bölgəsində silahlı insident çoxlarımızın yadındadır. Gədəbəyin Ermənistanla sərhəddində olmuş məlum hadisə barədə mətbuat heç bir fakta söykənməyən informasiya verməklə insanları çaşdırmışdı. Belə bir vəziyyətin təkrarlanmaması üçün Prezident 2014-cü ilin sentyabr ayında cəbhə xəttindəki vəziyyətlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında sərəncam imzaladı. Sərəncamda kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən, sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqinin keçirilməsi və "Dövlət sirri haqqında" Qanuna görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunması nəzərdə tutulmuşdur.

Qeyd edim ki, ermənilər bir sıra xarici ölkələrdə olan lobbiləri, diasporları vasitəsilə ölkəmizə qarşı informasiya mübarizəsi aparırdılar. Ermənilərin təsiri altında olan, onların pulu ilə maliyyələşən qeyri-hökumət təşkilatları da beynəlxalq ictimai rəydə Azərbaycanla bağlı mənfi rəy formalaşdırırlar. Onların çoxu mətbuatdan, televiziyadan istifadə edirlər.

Bir fakta diqqət yetirək. Amerika mətbuatında Xocalıdakı soyqırımı əks etdirən  şəkil verilmiş və öldürülən Azərbaycan vətəndaşlarını erməni kimi göstərmişlər. Guya biz onları qırmışıq. Vaxtilə Bakıda  olan və bu soyqırımın ermənilər tərəfindən törədildiyini bilən bir amerikalı bizim Xarici İşlər Nazirliyinə bu barədə məktubla məlumat vermişdi.

Ermənistan dövlətinin siyasəti işğalçılıq siyasətidir. Ermənistan rəhbərliyi qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması üçün dəridən-qabıqdan çıxır, anti-Azərbaycan təbliğatı aparır. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çox haqlı olaraq qeyd edir ki, Ermənistanın hərbi doktrinası, milli təhlükəsizlik, o cümlədən, informasiya təhlükəsizliyi siyasəti ilə bağlı məsələlər Ermənistan  və qondarma "Dağlıq Qarabağ Respublikası"nın maraqları kontekstində izah edilir.

Yaxşı olmazmı ermənilərin uydurma yalanlarını ifşa edən informasiyalara üstünlük verilsin. Axı, bizim əlimizdə tutarlı, fakta söykənən məlumatlar istənilən qədərdir.

Ermənilərin riyakarlığını ifşa edən bir fakta diqqət edək.

Rusiyanın Krasnoyarsk şəhərində keçirilən məhkəmə prosesini yada salaq. Mərhum baş prokuror İsmət Qayıbovla mərhum jurnalist Azad Şərifovun 1992-ci ildə "Erməni terrorizmi" adlı kitab-albomu nəşr olundu. Kitabda erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində türklərə və azərbaycanlılara qarşı həyata keçirdikləri terror aktlarına dair materiallar toplanmışdı. Kitabdakı faktlar bir sıra ölkələrin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış və sübutlarla təsdiq edilmişdir. Aradan 21 il keçəndən sonra, 2013-cü ildə Krasnoyarsk şəhər Mərkəzi Rayon Məhkəməsi həmin kitabı "ekstremist material" kimi dəyərləndirmişdir. Həmişə ermənilərin arxasında duran, onların maraqlarını müdafiə edən Rusiya bu məsələdə də forpostuna "ayı xidməti" göstərməklə onların yanında olduğunu nümayiş etdirdi. Odur ki, Azərbaycan bütün vasitələrdən-istər mətbuat, istərsə də internet saytlarından istifadə edərək Rusiyanın bu xidmətini tənqid etməli, kitabdakı faktların dünya ictimaiyyətinə çatdırılmasında fəallıq göstərməlidir.

Müasir dövrdə informasiya təhlükəsizliyi ciddi məsələ olduğundan dövlət başçısı 2012-ci ilin sentyabrında informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında Fərman imzaladı. Fərmana əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradıldı. Bu da dövlət tərəfindən informasiya təhlükəsizliyinə verilən diqqətin göstəricisidir.

Hazırda informasiya savaşı ən çox internet vasitəsilə aparılır. Bu savaşın qarşısının alınmasında internetin də rolu danılmazdır. Məhz jurnalistlər Azərbaycanın haqq səsini dünyaya çatdırmalı, anti-Azərbaycan təbliğatı aparanlara tutarlı cavablar verməlidirlər.

Keçən il Azərbaycanda İnternet Forumu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnternet medianın informasiya təhlükəsizliyi" mövzusunda dəyirmi masa keçirildi. Məqsəd yarana biləcək kibertəhlükələr və onların aradan qaldırılması yollarını axtarıb tapmaqdır. Mətbuatın yazdığına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70 faizini təşkil edir. Belə ki, respublikada 1 milyon 200 min "Facebook" istifadəçisi var. Təkcə keçən il ölkədə 170-ə qədər xəbər portalı kimi informasiya resursları yaradılıb. Bütün bu göstəricilər bir daha onu göstərir ki, dövlət onlayn media və sosial şəbəkələrin yaradılmasında maraqlıdır. Onu da qeyd edək ki, internet mediada informasiya təhlükəsizliyi təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Dəyirmi masada deyildiyi kimi, "dövlət media üçün təhlükəsizlik şəraiti yaratdığı kimi, media da dövlətin təhlükəsizliyi üçün çalışmalı, ümummilli məsələləri daim diqqətdə saxlamalıdır".

Bir məsələyə də toxunmaq istərdim. Biz informasiya savaşını beynəlxalq dillərdə də aparmalıyıq. Azərbaycan qanunları buna imkan verir ki, istənilən şəxs ölkədə rus, fransız, alman, ingilis və s. dillərdə qəzet buraxsın. Həmin nəşrlərin elektron variantının olması da vacibdir.

 

Etiraf olunmalıdır ki, biz əvvəllər informasiya müharibəsində ermənilərə uduzurduq. Ona görə ki, onlar bu işi dövlət səviyyəsində aparırlar. Amma bu gün əminliklə deyə bilərik ki, bu sahədə artıq onları qabaqlaya bilmişik. Bu da ən çox Heydər Əliyev Fondunun təşəbbüsü ilə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə keçirilən tədbirlərin nəticəsidir. Artıq dünya birliyi Azərbaycanı daha yaxından tanıyır. Azərbaycanı regionda çox vacib oyunçu hesab edən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin və Dövlət Departamentinin sabiq analitiki, politoloq Pol Qoblun fikri ilə yazımızı yekunlaşdırırıq: "Azərbaycanın rolu təkcə dünyəvi müsəlman ölkəsi kimi deyil, həmçinin regionun uğurla inkişaf edən yeganə ölkəsi qismində artır. Buna səbəb təkcə enerji resursları deyil, eyni zamanda dövlətin ölçülüb-biçilmiş xarici siyasətidir".
Akif Rüstəmov

Baxış sayı : 1812
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub