2022-10-18 09:45:29 | TƏDQİQATLAR-ANALITIKA
Dövlətçilik tariximizin bir anı və ya 18 Oktyabrdan günümüzə

Azərbaycanın qədim və zəngin dövlətçilik tarixinin parlaq səhifələrindən biri olan 1991-ci il 18 Oktyabrından 31 il keçir. Otuz bir ilin zirvəsindən 18 Oktyabra nəzər yetirmək, qəbul edilən sənədi təhlil etmək və günümüzlə müqayisə aparmaq tarixdən ibarət dərsi almaq baxımından faydalıdır.

Həmin gün XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasının iclası keçirildi. İclasda hələ avqustun 30-da qəbul edilmiş dövlət müstəqilliyinin bərpası haqqında bəyannamənin tələblərinə uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktının layihəsi təqdim edildi. Layihə 258 səs lehinə olmaqla qəbul edildi. Bu zaman hələ SSRİ mövcud idi. Altı bölmə, 32 maddədən ibarət olan konstitusiya aktında yazılırdı ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsini qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi. Azərbaycan Respublikasının Ali Soveti 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal bəyannaməsini, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsini rəhbər tutaraq konstitusiya aktını qəbul etdi və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmək barədə qərar verdi.

Konstitusiya aktının 1-ci bölməsində ümumi müddəalar verilmişdi. Nəinki Azərbaycan Respublikasının müstəqil gələcəyi, eləcə də Azərbaycanın keçmişinə verilən tarixi-hüquqi qiymət kimi böyük əhəmiyyət daşıyan ümumi müddəalar hissəsində yazılırdı ki, 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Sovet Rusiyasının müstəqil Azərbaycanı işğalıdır. Sənəddə Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edilir, SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid olan hissəsi qüvvədən düşmüş sayılırdı. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasının bu konstitusiya aktının müddəalarına zidd gəlməyən maddələri müvəqqəti olaraq qüvvədə qalmış hesab edilirdi. SSRİ-nin borclarına aid olan məsələnin həlli qaydasının əks olunduğu akta görə, SSRİ-nin dövlət borcunun yalnız o hissəsi Azərbaycan Respublikasına keçə bilərdi ki, respublika ərazisində təsərrüfat fəaliyyəti nəticəsində və Azərbaycan Respublikasının ixtiyarına keçən SSRİ əmlakı ilə əlaqədar yaranmış olsun.

Konstitusiya aktının “Azərbaycan xalqı” adlanan 2-ci bölməsində yazılırdı ki, Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir, bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir. Sənəddə Azərbaycan Respublikasında suveren hakimiyyətin Azərbaycan xalqına məxsus olduğu təsbit edilirdi.

Konstitusiya aktına əsasən öz idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək Azərbaycan xalqının ayrılmaz hüququ kimi bəyan edilir, Azərbaycan Respublikasında suveren hakimiyyətin Azərbaycan xalqına məxsusluğu ifadə edilirdi. Aktda, həmçinin yazılırdı ki, Azərbaycan xalqı öz iradəsinin ifadəsi kimi Azərbaycan Respublikasının demokratik quruluşuna və qanunun aliliyinə təminat verir.

Konstitusiya aktının 3-cü bölməsi “Azərbaycan dövləti” adlanırdı. Burada qeyd olunurdu ki, Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır, bu dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır. Sənəddə Azərbaycan Respublikasının suverenliyinin şəriksiz və onun bütün ərazisinə şamil olması təsbit edilirdi. Dövlət hakimiyyətinin, hakimiyyətin bölünməsi prinsipinə əsaslandığı yazılırdı. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamentinin həyata keçirməsi müəyyənləşdirilirdi. Konstitusiya aktında ali icra hakimiyyətinin Azərbaycan dövlətinin başçısı olan Azərbaycan Respublikası Prezidentinə məxsusluğu müəyyən edilirdi. Məhkəmə hakimiyyəti müstəqil məhkəmələr tərəfindən və ali instansiyada hər birinin səlahiyyətləri daxilində Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Ali Arbitraj Məhkəməsi tərəfindən həyata keçirilirdi. Azərbaycan Respublikasının ərazisinin vahidliyi, bölünməzliyi və özgəninkiləşdirilə bilməzliyi təsbit edilirdi. Qeyd olunurdu ki, Azərbaycan Respublikası öz ərazisinin hər hansı bir hissəsini, hər hansı bir formada kimsəyə vermir, yalnız Azərbaycan Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək yolu ilə Azərbaycan xalqının razılığı əsasında sərhədlərdə dəqiqləşdirmə aparıla bilər. Azərbaycan Respublikası ərazisinin heç bir hissəsi başqa dövlətə və ya başqa dövlətin hüquqi şəxsinə satıla və verilə bilməzdi. Konstitusiya aktı ilə Azərbaycan Respublikasının ərazisində yalnız Azərbaycan qanunlarının qüvvədə olması təsbit edilirdi.

Azərbaycan Respublikasında vahid vətəndaşlıq müəyyənləşdirilirdi. Heç kəs vətəndaşlıqdan və ya vətəndaşlığını dəyişdirmək hüququndan məhrum edilə bilməzdi. Bütün vətəndaşların qanun qarşısında bərabərliyi məsələsi də aktda öz əksini tapmışdı. Azərbaycan Respublikasının İnsan hüquqlarının ümumi bəyannaməsinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məsələlərinə dair 1975-ci il 1 avqust tarixli Helsinki Müşavirəsinin Yekun aktına və hamılıqla qəbul edilmiş başqa beynəlxalq hüquq sənədlərinə qoşularaq, onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edəcəyi elan olunurdu.

İqtisadi münasibətlərin tənzimlənməsi məsələlərinin öz əksini tapdığı konstitusiya aktının 4-cü bölməsində yazılırdı ki, bütün təbii ehtiyatlar hər hansı şəxslərin və ya təşkilatların mülkiyyət hüquqlarına və mənafeyinə xələl gətirilmədən Azərbaycan Respublikasına məxsusdur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və kollektiv mülkiyyət şəklində ola bilərdi. Xüsusi və kollektiv mülkiyyətə qanunla icazə və təminat verilirdi, onlar məcburi şəkildə özgəninkiləşdirilə bilməzdi. Daşınar və daşınmaz əmlakın tam müsadirəsinə yol verilmirdi. Qanunda nəzərdə tutulmuş hallarda xüsusi və kollektiv mülkiyyət zərərin ödənilməsi şərti ilə Azərbaycan Respublikasının xeyrinə özgəninkiləşdirilə bilərdi. Qanunla müəyyənləşdirilmiş hallardan başqa məcburi əmək qadağan edilirdi. Əmək qabiliyyəti olmayan və lazımi dolanışıq imkanlarından məhrum olan hər bir vətəndaşın dövlətdən kömək və yardım almaq hüququ var idi.

Konstitusiya aktının 5-ci bölməsi “Siyasi münasibətlər” adlanırdı. Yetkinlik yaşına çatmış vətəndaşlara seçki hüququ verilirdi. Səsvermə şəxsi, bərabər, azad və gizli idi. Səsvermə hüququ yalnız vətəndaşın hüquq qabiliyyətsizliyi nəticəsində və ya qüvvəyə minmiş məhkəmə hökmü əsasında məhdudlaşdırıla bilərdi. Vətəndaşların azad surətdə siyasi partiyalar və ictimai təşkilatlar yaratmaq hüququ var idi. Azərbaycan Respublikasını müdafiə etmək Azərbaycan Respublikası vətəndaşlarının müqəddəs borcu hesab olunurdu. Vətəndaşlar Azərbaycan Respublikasına sadiq olmalı, konstitusiyaya və qanunlara riayət etməli idilər.

6-cı bölmə yekun müddəaları özündə əks etdirirdi. Yazılırdı ki, bu konstitusiya aktı Azərbaycan Respublikasının konstitusiyasının hazırlanması üçün əsasdır.

SSRİ-nin hələ mövcud olmasına baxmayaraq, dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul edilməsinin böyük tarixi əhəmiyyəti var idi. Bununla Azərbaycan xalqı 1920-ci ilin aprel ayında bolşevik Rusiyasının işğalı nəticəsində son qoyulmuş müstəqil dövlətini bərpa edirdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunurdu.

Heç şübhəsiz, konstitusiya aktının qəbul edilməsi göydəndüşmə olmadı. Hələ 1990-cı il noyabrın 17-də görkəmli dövlət xadimi Heydər Əliyevin ağsaqqal deputat kimi sədrlik etdiyi Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiya iclasında Naxçıvan MSSR-in adından “Sovet Sosialist” ifadəsi çıxarılmış, Ali Sovet Ali Məclis adlandırılmış, Cümhuriyyətin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul edilmiş və Bakıya bu bayrağı qəbul etmək təklif olunmuşdu.

Bu il 18 Oktyabr gününü xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda geniş dirçəliş, tikinti-quruculuq işlərinin görülməsi, böyük milli-mənəvi ruh şəraitində qeyd edir. İşğaldan qurtulmuş ərazilərimizə yeni həyat, Azərbaycan mədəniyyəti qayıdır. 18 Oktyabrdan bu günümüzə qədər keçilən yolun tarixi təcrübəsindən alınan başlıca ibrət dərsi isə ondan ibarətdir ki, xalqımızın tərəqqisinin təməlində güclü dövlət və qüdrətli dövlət rəhbəri dayanır.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı

Baxış sayı : 140
Azərbaycan MN: Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq XİN rəhbəri Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə çıxış edib Prezident İlham Əliyev: "Azərbaycanda uzun illərdir mövcud olan sabitlik iqtisadi inkişafımızın əsas amillərindəndir"