2022-06-11 07:25:28 | QHT VƏ MEDİA
Mətbuat Şurasında beynəlxalq mediada Azərbaycan mövzusu ilə bağlı toplantı keçirilib

İyunun 10-da Azərbaycan Mətbuat Şurasının (MŞ) və Ulus Fondunun birgə təşkilatçılığı ilə Fondun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşdirdiyi "Beynəlxalq mediada Azərbaycan mövzusu" adlı layihəsi çərçivəsində toplantı təşkil olunub.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması son dərəcə mühüm vəzifələrdən biridir. İndiyədək ölkəmizdə məsələyə fundamental baxışı ortaya qoyan çoxsaylı layihələr reallaşdırılıb: "Əlbəttə, layihələrdə konkret hədəf vacibdir. Bu baxımdan Ulus Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı "Beynəlxalq mediada Azərbaycan mövzusu" layihəsi mühüm əhəmiyyət daşımaqdadır. Onu deyim ki, Mətbuat Şurası olaraq biz müxtəlif vaxtlarda dünya mediasının Azərbaycanla bağlı fikirlərinin öyrənilməsinə diqqət yetirmişik. 44 günlük Vətən müharibəsi müddətində xüsusən Rusiya mediasını izləmişdik. Əleyhimizə olan çoxsaylı materiallar diqqətimizi çəkib. Əlbəttə, bu da təbiidir. Rusiya mediasında erməni faktoru böyük rol oynayır. Eyni zamanda Rusiyada erməni lobbi və diaspor təşkilatları kifayət qədər aktivdir. Buna görə şimal qonşumuzun ictimai fikrinə təsir göstərməyi bacarmalıyıq. Hesab edirəm ki, bu layihə nəticəsində gəlinmiş qənaət mövcud istiqamətdə nələri etməli olduğumuzu da müəyyənləşdirəcək, ümumi işə töhfə verəcəkdir".

Ulus Fondunun təsisçisi və layihənin işçi qrupunun üzvü Əlisəfa Mehdiyev çıxışında gerçəkləşdirilməkdə olan təşəbbüsün məqsəd və vəzifələrindən söz açıb. O bildirib ki, layihə Rusiya mediasında Azərbaycan simasının formalaşdırılmasına və bu yöndə gələcəkdə görüləcək işlər barədə dəqiq təsəvvür formalaşdırmağa xidmət göstərir: "Rusiya mediasının monitorinqinin aparılması vacibdir. Yalnız Vətən müharibəsi dövründə bu ölkənin kütləvi informasiya vasitələrində Azərbaycanın adı 82 min dəfə çəkilmişdi. Materialların 90 faizi əleyhimizəydi, 5 faizində neytrallıq vardı. Yalnız 5 faizində isə ölkəmizlə bağlı müsbət məqamlar yer almışdı. Belə bir durumda biz bu layihə çərçivəsində rusiyalı nüfuzlu ekspertlərin Azərbaycanla münasibətlərin hazırkı strukturuna dair fikirlərini öyrənməyə qərar verdik. Bir daha bildirim ki, məqsədimiz o fikirlərə nəzərən Rusiya coğrafiyasında necə davranmalı olduğumuzu müəyyənləşdirməkdir. Elə bilirəm, konkret nəticələr əldə etmişik. O nəticələrə görə gələcək fəaliyyətin nələrdən ibarət olduğunu hesabat şəklində hazırlamışıq". Ə.Mehdiyev iştirakçıları layihə çərçivəsində slayd şəklində hazırlanmış geniş hesabatla da tanış edib.

Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, elmlər namizədi, layihənin işçi qrupunun üzvü Anar Həsənov çıxışında iştirakçıları Rusiyanın nüfuzlu ictimai xadimləri, fikir adamları ilə apardığı 20 müsahibə nəticəsində gəlinmiş qənaətlə tanış edib. O bildirib ki, Rusiya cəmiyyəti Azərbaycana diqqəti əsasən 5 mövzu üzrə ayırır. Ardıcıllıq nəzərə alınmaqla bunlar neft və qazın nəqli məsələləri, Qarabağ, dövlət rəsmilərinin səfərləri, Azərbaycan-Türkiyə əməkdaşlığı, Azərbaycan süfrəsi və ölkəmizin turizm imkanlarıdır. Diqqətçəkən və sevindirici cəhət əvvəlki illərdə olduğu kimi, miqrasiya məsələlərinin ön planda olmamasıdır. Bu isə Rusiyadakı azərbaycanlıların yerli şəraitə daha çox uyğunlaşdığı, ənənəvi problemləri arxada qoyduğu barədə təsəvvür formalaşdırır. Rusiya mediasında antiazərbaycan xəttinin səbəblərinə gəlincə, burada A.Həsənovun müsahibi olan rusiyalı ekspertlər hesab ediblər ki, ölkə KİV-inin erməni əsilli rəhbərlərinin mövcudluğu amili, erməni lobbisinin fəaliyyəti, fərqli mənbələrə istinad edildiyindən subyektivliyin qaçılmazlığı, Rusiyanın Qarabağ münaqişəsində moderator mövqeyi, balanslı mövqe sərgiləmək cəhdləri, erməni tərəfi ilə işləyən fikir liderləri arasinda məşhurların çoxluğu, erməni tərəfin təbliğat üçün daha çox imkanlardan istifadə etmək bacarığı, Türkiyə-Azərbaycan müttəfiqliyinin Rusiyada ağrılı və emosional qəbul edilməsi, habelə hökumət və qeyri-hökumət təşkilatları səviyyəsində rusiyalı fikir liderlərilə kompleksli işin aparılmaması vurğulanmalıdır. A.Həsənov çıxışında, həmçinin, müsahibə apardığı rusiyalı ekspertlərin fikirlərinə nəzərən iştirakçıları Azərbaycanın Rusiya üçün necə qəbul olunduğuna, Rusiyanın media seqmentində Qarabağla bağlı toponimlərin təhrifi məsələlərindəki həssas məqamlara diqqət yetirib, eyni zamanda Rusiyada Azərbaycanın belə demək mümkünsə, mediaobrazının yaradılması istiqamətində təkliflər səsləndirib. Onun Azərbaycana məxsus media holdinqin yaradılması, Moskva ilə yanaşı, Rusiyanın çoxmilyonlu şəhərlərində media bazarına çıxışın əldə olunması üçün iş aparılması, müxtəlif tematik toplantıların təşkili, diaspor və səfirliyin birgə fəaliyyətinin gücləndirilməsi ilə əlaqədar təklifləri maraqla qarşılanıb.

Qeyd edək ki, tədbirdə A.Həsənova "Beynəlxalq mediada Azərbaycan mövzusu" layihəsinin həyata keçirilməsində fəal iştirakına görə təşəkkürnamə təqdim edilib.

"Qarabağı o zaman biz informasiya müstəvisində itirmişdik" deməklə çıxışına başlayan MŞ-nin sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu layihənin əhəmiyyətini, eyni zamanda hazırlanmış hesabatın, rusiyalı ekspertlərlə aparılmış müsahibələrin zəruriliyini vurğulayaraq onu da bildirib ki, Rusiyanın vətəndaş cəmiyyəti institutları, o cümlədən, ölkənin mediası ilə sistemli və ardıcıl iş aparılması günün tələbidir. Bununla yanaşı, o da vurğulanmalıdır ki, bir çox hallarda Rusiya mediasının, elə ictimai institutlarının da Azərbaycanla bağlı fikirlərinin mənfi məcrasına təsir göstərən faktor elə rusiyalı siyasilərin, bəzənsə rəsmilərin səsləndirdikləri fikirlərdir.

MŞ İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də çıxışında layihənin əhəmiyyətini vurğulayıb. O, belə bir faydalı təşəbbüsün əməli nəticələr verməsinin müstəsna əhəmiyyət daşıdığını əsaslandırıb.

Siyasi elmlər doktoru, "Beynəlxalq mediada Azərbaycan mövzusu" layihəsi üzrə monitorinq qrupunun rəhbəri Sabir Məmmədli layihənin icrası zamanı meydana çıxan xarakterik xüsusiyyətlər, habelə Rusiya mediasının, o cümlədən, ictimai rəyinin Azərbaycana münasibətdəki spesifik yanaşmaları ətrafında söz açıb.

Digər çıxış edənlərdən dövlət təhlükəsizliyi üzrə ekspert İlham İsmayıl, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev, müstəqil araşdırmaçı jurnalist Əkrəm Bəydəmirli, müstəqil jurnalist İsmayıl Balacanov layihənin günümüz üçün aktual əhəmiyyət daşıyan tərəflərinə toxunaraq bildiriblər ki, indiyədək əldə edilmiş uğurlar başlanılmış işin davamlılığı üçün etibarlı baza rolunu oynamaqda, münbit zəmin formalaşdırmaqdadır.

Baxış sayı : 231
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib