2022-04-07 10:55:42 | AKTUAL
Buça kabusu

Ukraynanın Buça və İrpin şəhərlərində Rusiya ordusunun törətdiyi qətllərin yayılan görüntüləri Kiyevlə Moskva arasında sülhün əldə olunacağına bəslənən kövrək ümidləri öldürdü. Qətliamın görüntüləri Qərblə Rusiya arasındakı münasibətlərin yaxın vaxtlarda bərpa oluna biləcəyi haqqında ehtimalları da gündəmdən çıxardı. Bunu Qərb ölkələrinin liderlərinin açıqlamalarından da görmək olar.

Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib ki, Rusiyanın Buça və İrpində mülki şəxslərə qarşı dəhşətli hücumları Ukraynada hərbi cinayətlər törədildiyini bir daha sübut edir. Boris Conson Putinin döyüş maşınının məhv edilməsi üçün əlindən gələni edəcəyini də vurğulayıb. İtaliyanın Baş naziri Mario Draqi ölkəsinin Ukrayna ilə tam həmrəy olduğunu bildirib. Estoniyanın Baş naziri Kaja Kallas isə Buça və İrpində rus qoşunları tərəfindən öldürülən mülki şəxslərin görüntülərinin sovet və nasist rejimlərinin törətdiyi qırğınları xatırlatdığını deyib. Fransa prezidenti Emanuel Makron France Inter radiosunda çıxışı zamanı Buça və İrpin şəhərlərində baş verənləri əks etdirən görüntüləri Rusiyanın Ukraynada hərbi cinayətlərinin sübutu kimi dəyərləndirib və yeni sanksiya tətbiq etməyə çağırıb. Fransa prezidenti hesab edir ki, Avropa Birliyi Rusiyadan neft və kömür idxalatına qadağa qoymalıdır. Makronun bu təklifi Avropa Birliyinin aprel ayının 6-da keçirilməsi gözlənilən toplantısında müzakirə oluncaq. Çox böyük ehtimalla, Rusiyadan neft və kömür idxalatına qadağa qoyulacaq. Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib. Almaniya kansleri Olaf Şolts da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklərinə söz verib.

Dünyanın aparıcı media orqanlarının "Günahsızların qırğını", "Buça kabusu", "Soyqırımı", "İŞİD-dən dəhşətli" və "Rusiya cavab verməlidir" başlığı ilə yaydığı görüntülər Qərb ictimaiyyətində Rusiyaya qarşı nifrətin çox yüksək səviyyəyə qalxmasına yol açıb. Bu isə Qərb liderlərini sərt addımlara vadar edir. Ona görə də Rusiyadan neft və kömür idxalatının qadağan olunacağı ehtimalı çox yüksəkdir. Almaniyanın müdafiə naziri Kristina Lambrext Rusiyadan qaz idxalatını da qadağan etməyi təklif edib. Polşanın Baş naziri Mateuş Moravetski Rusiyanı "totalitar faşist dövlət" adlandırıb və bu dövlətə qarşı sanksiyaları sərtləşdirməyə çağırıb. Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Josep Borrell Rusiyanı Buçadakı qırğınlarda ittiham edərək, baş verənləri "vəhşilik" adlandırıb. Borrel bildirib ki, Rusiya nəzarəti altında olan ərazilərdə törədilən bütün cinayətlərə görə məsuliyyət daşıyır.

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb. Baş nazir Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edəcəklərini deyib və Ukraynaya yeni müdafiə dəstəyi vəd edib. Ukrayna prezidentinin sözlərinə görə, yeni müdafiə dəstəyi hiss ediləcək səviyyədə olacaq. ABŞ dövlət katibi Entoni Blinken Buça və İrpində baş verənləri sərt tənqid etməklə yanaşı, Ukraynaya yeni hərbi dəstək vəd edib. Qərb liderləri Rusiyanın bir tankına qarşı Ukraynaya 10 ədəd tank əleyhinə raket verəcəklərini bildirirlər. Ekspertlər isə daha sərt addım atmağa çağırırlar. Bəzi ekspertlər hesab edir ki, NATO Rusiyanın Qara dənizdəki donanmasını məhv etməli və Yuqoslaviyanın müsəlmanlara qarşı törətdiyi soyqırıma cavab olaraq Belqradı bombaladığı kimi, indi də Moskvaya zərbə endirməlidir. Bu təklif indi qeyri-real görünsə də, ekspertlər yaxın gələcəkdə Moskvanın Belqrad kimi bombardman olunacağını mümkün sayırlar.

Hələlik isə Rusiyanın Qərblə əlaqələri sürətlə qırılmaqda davam edir. Avropa Yenidənqurma və İnkişaf Bankı Rusiya və Belarusun qurumun maliyyə qaynaqlarından istifadə etməsini yasaqlayıb. Litva bu ayın əvvəlindən Rusiyadan qaz idxal etməkdən imtina edib. Energetika naziri Dainius Kravis bildirib ki, bundan sonra Litvada Rusiya qazı olmayacaq. Latviya və Estoniyanın da eyni addımı atacağı gözlənilir. Polşa, Latviya, Litva və Estoniya Rusiyaya qarşı nəqliyyat blokadası tətbiq etməyi planlaşdırırlar. Bu məqsədə artıq danışıqlar başlayıb.

Rusiya rəsmiləri Buça və İrpində onları "təhlükəli təxribat" adlandıraraq məsuliyyətin Rusiya hərbçlərinə aid olmadığını bildirsə də, onlara artıq heç kim inanmır. Hətta Rusiya vətəndaşları da Buça və İrpində olanlara görə Rusiya ordusunun məsuliyyət daşıdığı qənaətindədirlər. Bir qrup hüquq müdafiəçisi və ictimai xadim İstintaq Komitəsinin sədrinə müraciət edərək Beynəlxalq İnsan Haqları Təşkilatı Human Rights Watch-ın əlində Buçada mülki şəxslərin məhkəməsiz edamları ilə bağlı sübutlar olduğuna diqqət çəkərək, bu hərbi və insanlıq əleyhinə cinayətlərdə Rusiya Federasiyasının hərbçilərinin iştirakı ehtimalını araşdırmağa çağırıblar.

Buça və İrpində Rusiya ordusunun törətdiyi qətliama ən sərt reaksiya aralarında Rusiya Elmlər Akademiyasının akademiki Yuri Pivovarovun da olduğu bir qrup nüfuzlu elm və iş adamı, ictimai-siyasi xadiminin yaratdığı "Rusiyanın Müharibə Əleyhinə Komitəsi" tərəfindən verilib. Komitə Buçada baş verənləri soyqırım adlandırıb və Rusiya ilə bütün ticarət əlaqələrini kəsməyi tövsiyə edib. Komitə eyni zamanda, Rusiya ordusunun cinayətlərini araşdırmağa, Rusiya qoşunları tərəfindən işğal olunmuş Ukrayna ərazisində mülki şəxslərin məhkəməsiz edam və qətllərinin soyqırımı kimi tanınmasına çağırıb.

Vladimir Putini hərbi cinayətkar adlandıran ABŞ prezidenti Co Bayden Rusiya prezidentinin cinayətlərini araşdırmaq üçün beynəlxalq tribunal yaradılmasına nail olacağını bəyan edib. Co Bayden Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini bildirib.

Buça şəhərinə gedən Ukrayna prezidenti Volodimir Zelenski bu şəhərdə baş verənləri soyqırım adlandırıb və müqəssirlərin ədalət qarşısında cavab vermələrini təmin edəcəklərini bəyan edib. Ukrayna prezidentinin bu vədinin nə zaman həyata keçəcəyini, ümumiyyətlə, reallaşacağını söyləmək çətin olsa da, bir məsələ tam aydındır - Buça və İrpində baş verənlər Rusiya ilə Qərb arasında qarşıdurmanı yeni mərhələyə keçirib. Çox böyük ehtimalla, bu, sonuncu mərhələ olacaq və tərəflərdən birinin məğlubiyyəti ilə başa çatacaq.

Xaqani CƏFƏRLİ

Baxış sayı : 301
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir