2022-01-27 11:50:10 | MÜSAHİBƏ
Könül Quliyeva: "Müəllimin təhqir edilməsinin şahidi olmaq acınacaqlıdır"

Bu hadisə ilə bağlı izahı məntiqsiz, əməli məsuliyyətsiz məmurların səriştəsizliyi və biganəliyi qəzəb hissi doğurmaya bilməz.

Gündəlik həyatda çox nadir hallarda təəssüf, xəcalət və qəzəb hissləri eyni anda və birgə yaşanır.

Bu günlərdə sosial şəbəkələrdə paytaxtın Xətai rayonundakı 165 nömrəli orta məktəbdə şagirdlərin dərs vaxtı qeyri-etik, daha doğrusu, əxlaqsız hərəkətləri ilə bağlı yayılan video mənə bu hissləri məhz eyni zamanda yaşatdı.

Təəssüfləndim... Çünki iştirakçıları yeniyetmələr olan bu yolverilməz hadisə başqa bir məkanda, hər hansı bir ictimai yerdə deyil, məhz təlim və tərbiyə ocağında baş verib. Çünki məktəb rəhbərliyi deyilənə görə, hüquq-mühafizə orqanlarının daim nəzarətində olan, “çətin tərbiyə olunan” yeniyetmənin qarşısında aciz qalıb. Çünki sinif otağında nalayiq hərəkətlərə yol vermiş məktəblilərin valideynləri ictimai qınaq obyektinə çevrilməkdənsə, “dərsin təşkilində yol verdiyi nöqsanlara görə” həmin videoda yer alan fənn müəlliminə töhmət verilib.

Xəcalət çəkdim... Şərəfli peşə sahibi adını daşıyan qadın müəllimin şərəfsiz gənclər tərəfindən təhqir edilməsinin, ələ salınmasının şahidi olmaq acınacaqlıdır. Bilik və bacarıqlarını, həyat təcrübəsini uşaq və gənclərlə bölüşməli olan müəllim bu hoqqabazlar qarşısında necə də aciz görünür. Ayaqlarını parta üzərində uzadıb həmyaşıdlarının əxlaqsızlığını həvəslə telefon kamerasına həkk edən şagirdi qarşısında başını aşağı dikib yazı yazan müəllimə görə xəcalət çəkdim... Və onun həmin anda nələr çəkdiyini təssəvvür etməyə çalışdım. Bacarmadım...

Qəzəbləndim... Çünki çətin tərbiyə olunan, adi etik davranış qaydalarına biganə yanaşan, hərəkətləri ilə valideynlərin adını bədnam edən bu yeniyetmələr barədə rəhbər orqanlara dəfələrlə müraciət olunmasına baxmayaraq, pandemiyanı bəhanə gətirib onların müvafiq təlim-tərbiyə müəssisəsinə köçürülmsi ilə bağlı heç bir tədbir görməyən məsul şəxslər öz vəzifə borclarına vicdanla yanaşmırlar. Məgər şəhidlərimizin canı və qanı hesabına qazanılmış Qələbə pandemiya dövrünə təsadüf etmədimi? Məgər işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri bu çətin dövrdə geniş vüsət almırmı? Bu hadisə ilə bağlı izahı məntiqsiz, əməli məsuliyyətsiz məmurların səriştəsizliyi və biganəliyi qəzəb hissi doğurmaya bilməz.

Bu nadan yeniyetmələrin valideynlərinə deməyə söz tapmıram. Bircə onu bilirəm ki, övladına düzgün tərbiyə verməyən valideyn ən sərt və kəskin ictimai qınaq obyektinə çevrilməlidir. Məlumdur ki, övlad ata və anasının əməllərinə görə məsuliyyət daşıya bilməz. Amma uşaqların tərbiyəli övlad, ləyaqətli vətəndaş kimi formalaşmasına görə ən böyük məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür. Niyə əvvəlki dövrlərdə olduğu kimi, nalayiq hərəkətlərə yol verən, məktəbdə müəllimi təhqir edən şagirdlər barədə valideynlərin iş yerinə məktub ünvanlanmır, onların işlədikləri idarə və ya təşkilatın rəhbərliyi və kollektivi övladını düzgün tərbiyə etməyən əməkdaşı ictimai qınaq obyektinə çevirmək imkanından məhrumdurlar? Nə vaxtadək şagird, müəllim və valideyn “üçbucağında” sonuncu “bucaq” məsuliyyətdən kənar qalacaq?

Niyə çətin tərbiyə olunan uşaqlar üçün xüsusiləşmiş orta təhsil müəssisəsi paytaxtda deyil, əyalətdə (Qubada) fəaliyyət göstərməlidir? Heç bir cəza tədbirinə məruz qalmayan yeniyetmənin təkrarən etik davranış qaydalarını pozmayacağına kim zəmanət verə bilər? Niyə məktəblərdə şagirdlərin təlim və tərbiyəsinə bir yox, bir neçə təhsil işçisinin – məktəb direktoru, tərbiyə işləri üzrə direktor müavini, sinif rəhbəri, fənn müəllimləri, psixoloq, “məktəblinin dostu” və s. cəlb olunduğu halda, təhsil ocaqlarında baş verən xoşagəlməz hadisələrin sayı durmadan artır?

Bu suallara cavab axtarışı vətəndaş cəmiyyətində ətraflı müzakirələrin aparılmasını, təcrübəli təhsil işçiləri və müvafiq qurumların məsələyə ciddi münasibət bildirməsini tələb edir.

"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyin sədri

Könül Quliyeva

Baxış sayı : 437
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib