2021-10-09 10:10:35 | AKTUAL
Şəhidlərimizi tanıyaq, tanıdaq

II Qarabağ savaşında qanı ilə şərəfli tariximizi yazaraq şəhadətə qovuşan igid şəhidimiz İsmət haqqında söhbət açacağam oxucularımıza. Bu gün İsmət Məmmədovun şəhadətə qovuşmasının birinci il dönümüdür.

Məmmədov İsmət Hikmət oğlu

Məmmədov İsmət Hikmət oğlu 2 avqust 1993-cü ildə Kürdəmir rayonunun Sor-sor kəndində anadan olub. 1999-cu ildən 2010-cu ilədək Sor-sor kənd tam orta məktəbində təhsil alan İsmət 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. İsmət hərbçi olmaq niyyəti ilə xidmətini başa vurduqdan sonra Bakı şəhərində Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində təhsil alaraq 2014-cü ildə Tərtər rayonunda N saylı hərbi hissədə gizir kimi hərbi xidmətə davam edir. 2020-ci ilin may ayından isə Mingəçevir şəhərində N saylı hərbi hissəyə köçürülür. Gizir İsmət Məmmədov 27 sentyabrda Vətən müharibəsi başlayan gündən 8 oktyabradək igidliklə döyüşür və Suqovuşanda başından aldığı qəlpə yarasından şəhid olur. Oktyabrın 10 -da kənd qəbiristanlığında dəfn olunur. Azəbaycan Respublikası Prezidentinin sərəncamı ilə İsmət Hikmət oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, Cəsur döyüşçü” medalları ilə təltif olunub. İsmətin 2 yaşlı qızı Dəniz bizlərə əmanət qalıb. Allah rəhmət eləsin!

***

Dekabr ayının sonları idi. Qələbəmizin sevinci sözümüzdə, söhbətimizdə, Vətəni Vətən edən ləyaqətli oğullarımızın - Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə, ruhlarına edilən dualar dilimizdə idi hər gün, hər an. Ziyarətgaha dönən daha bir evə, müqəddəs ocağa idi yolum. Bu ocaqda iki Vətən aşiqi doğulmuş, Vətən sevgisni könül dünyasının mərkəzində əzizləyən iki igid böyümüşdü. İkisi də Ana yurda sipər, düşmənə çəpər olmaq üçün hərbiçi peşəsini seçmişdi.

Birinci oğul 44 günlük Zəfər müharibəsində düşmən üzərində qələbə çalmaq arzusu ilə, qəhrəmancasına döyüşərək şəhid oldu. İkincisi isə son günə qədər döyüşərək qələbə sevincini dadanlardan oldu...

Hikmət və Rübabə Məmmədovların ziyarətgaha dönən ocağına, qanı ilə torpaqlarımıza qan, can, ölümüylə hərarət verən, Vətəni bir daha müqəddəsləşdirən Şəhid oğullarımızdan biri – İsmət Hikmət oğlu Məmmədovun sorağına gəlmişdim. Dahi Azərbaycan şairi Hüseyn Cavid bir misrasında ölüm haqqında belə demiş:

Ölüm var ki, həyat qədər dəyərli!

Həyat var ki, ölümdən də zəhərli!

Bəli, ölümlərin ən şərəflisi, həyat qədər dəyərlisi, müqəddəsi Şəhidlikdir. İsmət də müqəddəsliyi - Şəhidliyi sevdi, seçdi... Evin pilləkənində məni birinci baldan da şirin, göyçək, qaragöz, çatmaqaş, uzun kiprikləri yanağına kölgə salan 2 yaşlı Dəniz qarşıladı. Bələd idim Dənizin istiqanlılığına, şirinliyinə. Bir ay öncə ad gününə az qala bütün rayon toplanmışdı Dənizin. Qırıq-qırıq kəlmələr deyən Dəniz ilk cümləsini də ad günündə - onu bağrına basan hər kəsi önündə öz uşaq ləhcəsi ilə: - Qarabağ bizimdi! Qarabağ Azərbaycandı! – demişdi. Bir qədər Dənizlə oynayıb oxşadıqdan sonra, üzümü İsmətin valideynlərinə tutub, qaysaqlanmamış yaralarına toxunurmuş kimi ehtiyatla:

İsmətdən danışın. Onun uşaqlıq xatirələrindən söhbət edin! – deyə rica etdim. Rübabə xanım balaca Dənizin qucağında tutduğu İsmətin şəklini əlinə alıb, bir xeyli baxdı, sığal çəkib masanin üstünə qoydu. Yol çəkən gözləri məchul bir nöqtəyə zilləndi. Yanağına yuvarlanan iki damla göz yaşını silərək xatirələrini çözələyib aram-aram söhbətə başladı...

Rübabə Məmmədova – İsmətin anası: İsmət çox sakit uşaq olub. Uşaqlar baba evində doğulub. Sonradan biz özümüzə ev tikdik, dədə-baba ocağından ayrıldıq. Təzə evimizə köçəndə İsmətin 5-6 yaşı olardı. Bu evə yovuşa bilmirdi. Elə hey babasıgilə qaçırdı. Qorxurdum ki, yolda it tutar, heyvan vurar. Aramızda xeyli məsafə vardı. Ona görə də onu cəzalandırmışdım. İndi yadıma düşəndə çox pis oluram (kövrəlir)... İsmət sözəbaxan, sözdən anlayan, diribaş uşaq idi. Heç vaxt bizi incitməyib. Ona görə də ondan incidiyim, narazı qaldığım yadıma gəlmir. Kiçik oğlum Elməddin də ağıllı, sözeşidən uşaq idi.

O, İsmətə baxanda bir az dəcəl idi. Ancaq yaxşı yola gedirdilər, dalaşmaz, bir-birini incitməzdilər. O, şərlik eləməsin deyə, İsmət ona güzəştə gedirdi bəzən. Məhəllədə təzəbinə olmuşuq, tay-tuş uşaq az olub. Ona görə də, 2 qardaş mehriban oynayır, hər şeylərini bölüşürdülər. Heç bir-biri ilə mübahisə etdiklərini, küsüb-barışdıqlarını da sezməzdik. İsmətə I sinfin son zəngində verilən hədiyyələri də qardaşı ilə bölüşmüşdü. İsmət məktəbdə əla oxumasa da, yaxşı oxuyurdu. İdmana daha çox marağı vardı. Məktəblərini idman yarışlarında təmsil edirdi. Daha çox futbolu sevirdi. Məktəbin ictimai işlərində, tədbirlərində fəal iştirak edirdi. Müəllimlər ondan razılıq edirdilər. Butün oğlan uşaqları kimi qəhrəman olmaq arzusu ilə döyüş filmlərinə baxmağı xoşlayırdı. Taxtadan tapança, avtomat düzəltmişdi özünə...

Kəndin xeyir-şərinə, dükana, bazara gedəndə tapşırıq verib gedərdim, gəlib görürdüm ki, tapşırıqlarıma əməl edib. Ev-eşiyi səliqəli saxlayıblar. Mənə, atasına hər işdə kömək olub. 7 il idi ki, hərbi işdə idi. Evə tez-tez gələ bilmirdi. Məzuniyyətini bölüb, az-az – 2 ayda bir dəfə qonaq kimi gələrdi evə. Gələn kimi də həyət-baca ilə, çal-çəpərlə əlləşərdi. Evin çatışmayan diləklərini, avadanlıqlarını alardı, ağac əkərdi, budayardı, yer belləyərdi, ot çalardı, yarımçıq işləri görərdi. Atası da, mən də etiraz edərdik. Çox dil tökərdik ki, 2-3 günlük qonaq gəlmisən, dincəl, razılaşmırdı:

- Bəs mənim sizə faydam nə vaxt olacaq? – deyirdi.

İsmət bu peşəni seçəndən mən onu doyunca görmədim. Məzuniyyəti, ən çox evdə qaldığı müddət 10 gün olardı. Mən balamın həsrətini çəkirdim. Heç bir bayramda, toy-düyündə, ad günlərində bizimlə bir məclisdə, bir masa arxasında oturmadı. Bir şey daha çox məni üzür. O qədər əzab çəkirəm ki fikirləşəndə. 3 il idi evli idi İsmət. İldə bir ay məzuniyyəti vardı. Bölük-bölük götürüb, qonaq kimi gəlirdi evə. O, həmişə postda olub. Yanında elə bir şərait olmayıb ki, ailəsini yanına aparsın. Yoldaşını özü sevib-seçib, 3 il nişanlı olublar. O qədər sevdiyi ailəsi ilə ürək dolusu birgə yaşamadılar. Bircə balası onu yox, şəklini tanıdı, şəklinə “ata “ dedi (hönkürür)... Gəlinimizi İsmət özü bəyənmişdi. Biz də razılaşmışdıq. Saatlı rayonunda əsgər yoldaşı vardı, onunla yaxın dost idilər. Onlara gedib-gəlirdi. Dostugilə qonşu idi gəlinimiz. Orda görüb, bəyənmişdi...

Utancaq idi İsmət, bizimlə pərdə saxlayardı. Biz də sözünü yerə salmadıq. Elçi getdik, nişanladıq. Qızın yaşı az idi. 2 il yarım nişanlı qaldı. Sonra toyun etdik. Özü necə arzulamışdısa, nə istəmişdisə elə də oldu. Hərbçi dostları da gəlmişdilər (ağlayır)... Dəniz İsmət evə gələndə əvvəl-əvvəl ona yad adam kimi baxırdı. Təzəcə isnişməyə başlayanda da vaxtı bitir, işinə qayıdırdı. Telefonla görüntülü danışdırırdıq tez-tez. Dəniz təzə-təzə dil açır, kəlmələr deyirdi. Bir dəfə telefonla danışanda dedi ki, ata, gəl bizə. İsmət qəhərləndi, danışa bilmədi, telefonu söndürdü. Bir gün sonra qəfil gördük ki, gəldi, bir günlük. Gedənə qədər Dənizi qucağından yerə qoymadı...

Sonuncu dəfə evə sentyabrın 10-da gəlmişdi İsmət,bir günlüyə. Süfrə başında oturanda Dənizi çağırdı ki, gəl otur atanın yanında. Dəniz üstünə İsmətin şəkli qoyulan tumbanın yanına qaçdı, əlini uzadıb dedi ki, ata burda. Əvvəl hamımız güldük uşağın sözünə, sonra gördük ki, İsmət kövrəlib... Müharibə başlamamışdan 3-4 gün qabaq, nahar vaxtı idi, nahar edirdik. Dəniz telefonu götürüb: - ata, ata - dedi. Gəlin İsmətə görüntülü zəng vurdu. Dənizlə xeyli söhbət etdilər. Atası soruşdu ki, Dəniz, nə yeyirsən? – Appa , - dedi. Sonra uşaq qaşığını telefona uzadıb: - Ye, ata, - dedi. Biz gülüşdük. Ancaq İsmət susdu. Bildim ki, kövrəlib... İndi yadıma düşür, ürəyim parçalanır. Balam balasından əbədi ayrı düşəcəyini duyurmuş, ona görə də həmişə təmkinli, dözümlü olan balam son vaxtlar bu qədər kövrək olubmuş...

Müharibə başlayandan hər gün bir dəfə zəng edib, bizi xəbərdar edirdi ki, salamatcılıqdı, narahat olmayın, zəng vurmayın, özüm əlaqə saxlayacağam. Sentyabrın 27-dən hər günüm narahatlıqla keçib. Hər gün səsin eşidəndə bir az rahatlaşırdım ki, balam sağdı. Oktyabrın 9-da bütün günü oturdum televizorun qarşısında, görüm müharibədən nə deyirlər. Onsuz da əlim işə - gücə yatmırdı. 2 gün idi İsmət zəng vurmurdu. Günorta oturduğum yerdə gözümə yuxu gedib. 10-15 dəqiqəlik mürgü ərzində yuxu gördüm. Gördüm ki, evimizin yanında bağımız var. Bağa girirəm, birdən ağacdan iri bir ilan üstümə atılır. Diksinib ayıldım. Telefonun susmağı, bəd yuxu...Ağlım başımda deyildi. Canımı qoymağa yer tapmırdım. Gecəni narahatlıqla keçirdik. Oktyabrın 10-da səhər həyətdə boş-boşuna o tərəf, bu tərəfə gəzirdim. Gördüm ki, baldızım, Hikmətin bacısı bizə gəlir. Həyətə baxıb, geri qayıtdı. Arxadan çağırdım ki, Elnarə, niyə qayıtdın, nə olub? Geri dönmədən, gedə-gedə cavab verdi ki, yoldaşım çağırır. Görüm nə deyir, qayıdıb gələcəyəm. Sən demə, baldızım xəbəri eşidib, qaçıb bizə. Görüb ki, sakitlikdi, ümüdlənib ki, bəlkə də səhv ediblər, yalan xəbərdi. Heç yarım saat keçmədi ki, gördüm ki, baldızım, əri, qaynı gəlirlər. Hasardan 100 metr məsafədən gördüm ki, baldızım əlin başına çırpdı. Ürəyimə damdı ki, nəsə pis bir şey olub. Elə ordaca qışqırdım: - Elnarə , nə olub? Kimdən soruşdum, üzümü kimə tutdum, mənə cavab verən olmadı. 5-10 dəqiqə ərzində həyət doldu adamla... Mənə əvvəlcə dedilər ki, İsmət yaralanıb, inandım. Ağlıma gətirmirdim ki, İsmət ölə bilər. Sonra elə bil yuxudan ayıldım: - Yaralıdırsa, xəstəxanaya aparsınlar, evə niyə gətirirlər?

O vaxtda da təcili yardım maşını həyətə girdi. İsmət gəlmişdi... Tabutda (hönkür-hönkür ağlayır)...

(44 günlük Vətən müharibəsinin kürdəmirli şəhidlərinin qısa,lakin şərəfli həyatından bəhs etdiyim “Ölümü ömür seçənlər” kitabından.)

Yaqut Bahadurqızı

Filologiya üzrə fəlsəfə doktoru

Baxış sayı : 472
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır 2021-12-04 19:20:58 Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54