2021-06-23 08:25:57 | MƏDƏNİYYƏT
Aşıq Ələsgər poeziyasının musiqidə təcəssümü

"Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram, altında Dədə Ələsgərdən bir nişanə görürəm" - ustad aşıq haqqında bu yazını elə ustad sözü - Xalq şairi Səməd Vurğunun fikri ilə başlamağım təsadüfi deyil. Çünki Dədə Ələsgər sözə başlayarkən məhz ustad fikrinə əsaslanmağı tövsiyə edib.

Bu fikrə əyani sübut elə ustadın öz misralarıdır:

Kiçiklər bir işi başlayan zaman, Böyükdən məsləhət alsa yaxşıdır. Arxasız igidin qiyməti olmaz, İgidin arxası olsa yaxşıdır.

Aşıq Alıdan və digər el sənətkarlarından ustadlığı əxz edən Aşıq Ələsgərin dayağı həmişə xalq olub. O xalq ki daim sənətə, sənətkara və onların simasında elə Dədə Ələsgərə də ustadyana dəyər verib. Odur ki, bu sənətkarın şairliyi, aşıqlığı dillərdə dastan olub. Həyatı və yaradıcılığı nəsillərə örnək olan Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən biridir. O, öz misilsiz xidmətləri ilə aşıq poeziyasını həm məzmun, həm də forma rəngarəngliyi ilə zənginləşdirib, saf, təmiz xalq dilindən istifadə etməklə yüksək fəlsəfi düşüncələri ehtiva edən poetik nümunələr yaradıb. Aşıq Ələsgər ilhamı haqdan gələn bir sənətkardır. Odur ki, ustad öz əbədi sənəti ilə nəsillərlə qoşa addımlayır. Buna görə də Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Bu il ulu Aşıq Ələsgərin 200 illiyidir. Sənətə və sənətkarlığa böyük dəyər verən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu yubileylə bağlı Sərəncamı Azərbaycan aşıq sənətinə və Dədə Ələsgərə xalqın, Dövlətin də ən böyük hörmət və ehtiramıdır.

Aşıq Ələsgər şeiriyyatının musiqi ilə qovuşması da ustadın əbədiyaşarlığının daha bir təzahürüdür. Düzdür, deyilənə görə, Aşıq Ələsgərin çox məlahətli səsi olub. Təəssüf ki, onun ifalarından bizə çatan nümunələr yoxdur. Səsinin və sazının sədaları poeziyasına, misralarına həkk olunan ustadın şeiriyyatı özlüyündə bir musiqidir. Odur ki, bəstəkarlarımız da bu şeiriyyatdan ilhamlanaraq neçə-neçə gözəl mahnılar yazıblar. Əslində, onlar bu mahnıları bəstələyiblər. Bu incilər isə öz dəyərli poetik mətni və gözəl melodiyaları ilə Azərbaycan mahnı tarixinin silinməz səhifələrinə yazılıb. Bu mahnılar həm də yaddaşlarda xüsusi iz qoyub, gözəl nəğmələrə çevrilib. Bu nəğmələr də "Ələsgər və musiqi" mövzusunun əsas qayəsidir.

Azərbaycan mahnı janrının gözəl nümunələrini yaradan Səid Rüstəmov Aşıq Ələsgər poeziyasına da müraciət edib. Bəstəkarın 1952-ci ildə "A ceyran", 1958-ci ildə "Ay gözəl", 1970-ci ildə "Gülənlərdənəm" adlı mahnılarının adını çəkə bilərik. Bu mahnılar unudulmaz müğənni Gülağa Məmmədovun ifasında səslənib.

Daha bir unudulmaz bəstəkarımız Hacı Xanməmmədov da Dədə Ələsgərin şeirlərinə bir neçə mahnıları ilə musiqi xəzinəmizə dəyərli töhfələr verib. Onun mahnılarından "Getmə, amandır" ilk dəfə 1971-ci ildə qələmə alınıb. İlk ifaçısı unudulmaz Şövkət Ələkbərova olan bu mahnı sonralar digər ifaçıların da repertuarına daxil edilib.

Gözəllər sultanı, mələklər şahı, Ala gözlü xanım, getmə, amandır -

misraları ilə başlayan və "Bayatı-Şiraz" ladına əsaslanan mahnıdan sonra bəstəkar H.Xanməmmədov aşıq Ələsgərin digər şeirlərinə də müraciət edir. Elə həmin il "Niyə döndü" mahnısı yaranır. 1974-cü ildə bəstələdiyi "Güllü" mahnısı da məhz bu qəbildəndir. "Segah" ladına əsaslanan mahnıda Dədə Ələsgərin

Tovuz kimi qalxdı çeşmə başına, Bütün gözəllərin gözəli Güllü -

kimi vəsf etdiyi el gözəlini bəstəkar da öz ürəyəyatımlı musiqisi ilə sənətsevərlərə çatdırır.

Bəstəkarın 1974-cü ilə aid olan "Qadan alım" mahnısı da sevilən nəğmələrdəndir. Aşıq Ələsgər poeziyası sanki bəstəkarın melodiyaları ilə vəhdət yaradır. Bu mənada 1976-cı ildə "Sevil" vokal ansamblının ifasında səslənən "Qurban belə gəlinə", 1979-cu ildə Gülağa Məmmədovun ifasında "Sona keçdi", 1981-ci ildə Şövkət Ələkbərovanın ifasında "Sarıköynək" və nəhayət, 1983-cü ildə Gülağa Məmmədovun oxuduğu "Telli" mahnılarını qeyd edə bilərik.

Yuxarıda adı çəkilən "Sarıköynək" adlı şeir mətni aşıqların yaradıcılığında da geniş intişar tapıb və hətta aşıq mahnısı kimi oxunan bu nəğmə dillər əzbərinə çevrilib.

Cilvələnib nə qarşımda durubsan, Olum sənə qurban, ay Sarıköynək. Mələksən çıxmısan cənnət bağından, Heç kim olmaz sənə tay, Sarıköynək.

Aşıqların "Orta Şəşəngi" havası üstə oxuduqları bu mahnı demək olar ki, müğənnilərin də repertuarında geniş yer tutur. Amma bəzən mahnının mətnində bir yanlışlığa yol verirlər. Aşıq Ələsgərin "Olum sənə qurban, ay Sarıköynək" misrasını "anam sənə qurban" və ya "nənəm sənə qurban" kimi ifadə edirlər. Bu da Aşıq Ələsgər ruhuna ziddir. Çünki zəngin ürfani düşüncəyə malik olan ustad heç vaxt müqəddəs sayılan ananı və ağbirçək nənəni Sarıköynəyə qurban edə bilməzdi. Bu yerdə aşıq Ələsgərin şeirlərindən nümunələr gətirəndə görürük ki, o, sevgiliyə məhz öz canını qurban etməkdən söz açır:

Canımı qurban edərəm, Bir belə tərlan gözələ.

və yaxud -

Arifsən, əhli ruhsan, Can sənə peşkəşdi, gözəl.

Odur ki, belə ustadların yaratdıqlarını olduğu kimi, təhrifsiz ifa etmək lazımdır.

Onu da deyək ki, bəzən bir şeirə bir neçə bəstəkar müraciət edib. Məsələn, Hacı Xanməmmədovun "Getmə, amandır" mahnısından sonra Sevda İbrahimova da 1986-cı ildə həmin şeirə mahnı bəstələyib.

Sevda İbrahimovanın ustadın şeirinə daha bir mahnısı da "İncimərəm" adlanır. "Segah" muğamı üstdə bəstələnən bu mahnı çox həzin melodik çalarlarla zəngindir.

İstər dara çəkdir, istər qul eylə, Sal sinəm üstündən yol, incimərəm -

misraları ilə başlanan mahnının poetik mətni musiqi ilə sıx vəhdət yaradır. Hər iki mahnı Teymur Mustafayevin ifasında səslənib və lentə alınıb.

Sevda İbrahimovanın ustadın şeirinə bəstələdiyi "Sənə qurban" mahnısı isə Lütfiyar İmanovun ifasındadır.

Aşıq poeziyasına xüsusi sevgi ilə yanaşan bəstəkar Qənbər Hüseynli də Ələsgərin söz dünyasından ilhamlanaraq 1956-cı ildə "Söz qanan ola" (Şövkət Ələkbərovanın ifasında), 1960-cı ildə isə "Qadan alım" (ifaçı Sara Qədimova) mahnılarını bəstələyir. "Qadan alım" rədifli şeirə ustad sənətkarımız yüzdən çox mahnı müəllifi olan Əlibaba Məmmədov da müraciət edərək "Mahur" muğamı üstə mahnı qoşub və ilk dəfə elə xanəndənin öz ifasında səslənərək lentə alınıb.

Ümumiyyətlə, xalq sənətkarları da bəstəkarlardan geri qalmayaraq Aşıq Ələsgərin sözlərinə yadda qalan melodiyalar qoşublar ki, bunlar da sevilən nəğmələrə çevrilib. Məsələn, unudulmaz və istedadlı müğənni Qulu Əsgərovun "Olan oldu" mahnısı da bu qəbildəndir.

Yar yanında günahkaram, Doğru sözüm yalan oldu, Yeriş etdi qəm ləşgəri, Könlüm şəhri talan oldu.

"Şur" ladında olan bu mahnı öz həzin axıcı melodiyası ilə şeirlə xüsusi bir ahəngdarlıq yaradır. Bu mahnı Qulu Əsgərovun öz səsində, unudulmaz Sara Qədimova və İslam Rzayevin ifasında səslənərək sənətsevərlərin yaddaşına köçüb.

Çərşənbə günündə, çeşmə başında, Gözüm bir alagöz xanıma düşdü.

Aşıqların ifasında səslənən bu mahnı unudulmaz sənətkar Gülxar Həsənovanın repertuarında da "Mahur təsnifi" kimi lentə alınıb. Onu da qeyd etməliyik ki, bu şeirə bəstəkar Adil Gəray da müraciət edərək 1955-ci ildə "Çeşmə başında" adlı mahnını bəstələyib və həmin mahnı Tükəzban İsmayılovanın ifasında lentə alınıb. İlk qadın bəstəkarlarımızdan olan Ağabacı Rzayeva 1972-ci ildə ustadın "Xoş gəldin" rədifli şeirinə mahnı bəstələyir və həmin əsər Gülağa Məmmədovun ifasında səslənir.

Qədəm qoyub asta-asta, Sən bu diyara xoş gəldin -

misraları ilə başlanan şeir bəstəkar Cavanşir Quliyevin də diqqətini cəlb edir. Onun 1978-ci ildə bəstələdiyi "Xoş gəldin" adlı mahnı istedadlı müğənni Akif İslamzadənin ifasındadır.

Aşıq Ələsgərin sözlərinə bəstələnən sevilən nəğmələr içərisində gözəl mahnılar müəllifi Ramiz Mirişlinin "Güləndam" mahnısını da xüsusi qeyd etməliyik.

Ramiz Mustafayevin də aşıq Ələsgərin sözlərinə silsilə mahnıları var. İslam Rzayevin ifasında 1964-cü ildə "Qaranquşlar", Sahibə Əhmədovanın ifasında 1996-cı ildə "Cilvələnibdir", Zakir Mustafayevin ifasında 1997-ci ildə "Gözəllər" adlı mahnılar lentə alınıb. Uzun illər Azərbaycan Teleradio Verilişləri QSC-də fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor Kollektivinin bədii rəhbəri olan Ramiz Mustafayev Aşıq Ələsgərin sözlərinə həm özünün və həm də digər bəstəkarların mahnılarını xor üçün də işləmişdir.

Belə misalları çox göstərə bilərik. Aşıq Ələsgərin irsi tükənməz bir mənbədir, zəngin xəzinədir. O xəzinənin ləl-cəvahiratından hələ neçə-neçə nəsillər bəhrələnəcək. Aşıq Ələsgər şeiri musiqi qanadlarında pərvaz edərək ustadı ruhən neçə-neçə nəsillərlə qovuşduracaq.

Səadət TƏHMİRAZQIZI Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

Baxış sayı : 403
“Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25