2021-05-27 07:20:14 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi, mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı.

XX əsrin əvvəllərində milli təfəkkürə və qan yaddaşına, soy-kökünə qayıdış, milli oyanış, özünüdərk, xalqın ruhunda, təfəkküründə yaşayan azadlıq yanğısı gerçək həqiqətə çevrildi. Milli maarifçilər tərəfindən formalaşdırılan milli istiqlal konsepsiyasının dolğunluğu, onun səmərəli şəkildə təbliği və tətbiqi azad Azərbaycan vətəndaşının tərbiyə olunması, ictimai mübarizələr səhnəsinə atılması vəzifəsini qarşıya qoymaqla Azərbaycan gəncliyinə təlqin edirdi ki, milli müstəqilliyə malik olmayan bir millət azadlıq və haqqını qoruya bilməz .

Həmin vəzifə 1918 -ci ildə mayın 28-də milli müstəqilliyimizi elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə ləyaqət və şərəflə yerinə yetirildi. Azərbaycan hökumətinin fəaliyyətində başlıca istiqamətlərdən birini ölkənin ərazi bütövlüyünün qorunması, digərini isə xalq maarifinin yeni əsasda, milli platformada təşkili təyin edirdi. Təhsilin, maarif və mədəniyyətin milli əsasda qurulması dövlətin əsas təməl prinsiplərindən biri hesab olunurdu. Mübarizə milli mədəniyyətin bütün sahələrini əhatə etsə də, əsas etibarı ilə xalq maarifinin milli ruhda, yeni tərzdə təşkili, məktəblərin milliləşdirilməsi, ana dilində məktəblərin yaradılması, milli ali və orta ixtisaslı kadr hazırlığı və təlimin məzmunu ətrafında mərkəzləşmişdi ki, bunu da təsadüfi hal hesab etmək olmaz. Çünki məktəb mədəniyyətin əsas həlqəsini, təməlini təşkil edir. Cəmiyyət necə oxuyursa, eləcə də yaşayıb inkişaf edir.

Bu səbəbdən də hələ vaxtilə N.Nərimanov yazırdı: “Hər bir millətin mədəni tərəqqisi məktəblə, məktəbin tərəqqi tapması isə müəllimlərlə bağlıdır”. Elə bu səbəbdən də Cümhuriyyətin ilk maarif naziri Nəsib bəy Yusifbəyli deyirdi: “İstiqlalımız, istiqbalımız həp maariflə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim üçün fəlah (qurtuluş, xoşbəxtlik - F.R.) və nicat ümidi qalmaz” (16,334).

Respublikada xalq maarifini, məktəb təhsilini qaydaya salmaq, milli ali, orta və ibtidai məktəb şəbəkəsi yaratmaq, mövcud məktəbləri milliləşdirmək və digər bu kimi tədbirləri yerinə yetirmək məqsədilə Azərbaycan hökumətinin qərarına əsasən 30 iyul 1918-ci ildə Xalq Maarifi Nazirliyi yaradıldı. 2 avqust 1918-ci ildə təsdiq olunmuş əsasnamədə nazirlik aşağıdakı kimi təşkil olunmuşdu:

Nazir. Nazir müavini. III. Nazir şurası (nazir, nazir müavini, şöbə müdirləri, dəftərxana müdiri, iclasda dəvət olunan tədris-maarif işi mütəxəssisləri və elm nümayəndələri). Nazir şurası aşağıdakı məsələlərə baxırdı: a) qanunverici müəssisələrə təqdim olunacaq qanun layihəsinin hazırlanması; b) respublikada tədris-maarif işini və elmin inkişafını təmin edə biləcək tədbirlərin işlənib hazırlanması; c) nazirliyin bütün müəssisələrinin illik pul smetasının tərtibi: ç) nazirliyin bütün idarə və tədris müəssisələrinin illik hesabatının müzakirəsi; d) nazirin şuranın müzakirəsinə təqdim etdiyi digər işlər və məsələlər.

Məktəbləri idarə edən 3 şöbə vard: 1) ali və orta məktəblər şöbəsi; 2) xalq məktəbləri şöbəsi; 3) peşə məktəbləri şöbəsi. Hər şöbəyə şöbə müdiri rəhbərlik edirdi ki, onların da vəzifələrinə aşağıdakılar daxil idi: a) şöbə məktəblərinin yenidən təşkili. Yeni məktəblərin açılması, köhnə məktəblərin ləğvi haqqında planların və smetaların işlənib hazırlanması; b) işə qəbul və azad olunanların nazirə təqdimi;c) xidmətçilərin təyini və azad edilməsi. Nazirliyin dəftərxanası. Nazirlik yarandığı ilk gündən xalq maarifinin milli konsepsiyada təşkilini ön plana çəkir, ümumi icbari təhsil layihələri hazırlayır, kəndlərdə, şəhərlərdə yeni məktəblər açılır. Bu yolda ən mürəkkəb və çətin vəzifəni -milli məktəblər üçün müəllim hazırlanması vəzifəsini həll etmək üçün Darülmüəllimlər şəbəkəsi genişləndirilir.Azərbaycan mədəniyyətinə onlarca işıqlı zəka bəxş etmiş Qori Semnariyasının Azərbaycan şöbəsi Qazaxa köçürülür və F.Köçərlinin səyi və işgüzarlığı nəticəsində həmin ilin noyabrında fəaliyyətə başlayır.

1919-cu ilin əvvələrində respublika ərazisində 23 dövlət orta təhsil müəssisəsi vardır ki, onlardan da 6-sı kişi, 4-ü qadın gimnaziyası, 5-i realnı məktəb, 3-ü müəllimlər semnariyası, 3-ü ”Müqəddəs Nina” qız məktəbi, politexnik məktəb və kommersiya (ticarət-F.R) məktəbi idi (12,54).

Balaxanı real məktəbi qız gimnaziyası ilə birləşdirilmişdi ki, orada oğlanlarla qızlar birgə təhsil alırdılar. Bakıdakı 4-cü kişi və qadın giminaziyası yeni formada axırıncı 4-cü siniflə fəaliyyət göstərirdi. Kişi gimnaziyası iki şöbədən- humanitar və real, qadın giminaziyası isə ancaq humanitar şöbədən ibarət idi. 1919-cu ilin əvvəllərində Bakı qadın seminariyası kişi seminariyasına çevrildi ki, orada da həmin ilin payızında dövlət hesabına yaşayan və oxuyan 40 nəfər uşaq üçün pansion açıldı. Seminariyada fəaliyyət göstərən kiçik və böyük hazırlıq sinifləri və I siniflərdə 60 şagird təhsil alırdı.

2 iyun 1919-cu ildə qadın gimnaziyalarında pedaqoji şura sədri, müdir, sinif mürəbbiləri vəzifələri ləğv olundu və onun yerinə kişi gimnaziyalarında olduğu kimi direktor, inspektor və sinif rəhbərinin köməkçisi vəzifələri yaradıldı. 11 avqust 1919-cu ildə Bakıdakı ”Müqəddəs Nina” qız məktəbi Azərbaycan milli qadın gimnaziyasına, Gəncə və Nuxadakı məktəblər isə uyğun olaraq Gəncə və Nuxa qadın gimnaziyalarına çevrildi.

1918-1919-cu tədris ilində Gəncə müəllimlər seminariyası milliləşdirildi. Bakıda kişi və qadın, Nuxada kişi seminariyaları açıldı. Zaqatala, Ağdam, Şuşa şəhərlərində də seminariyaların açılması nəzərdə tutuldu. İbtidai məktəblərin müəllimlərə olan ehtiyacını təmin etmək məqsədi ilə Gəncədə, Nuxada, Şuşada 200 nəfər müəllim hazırlayan kurslar açıldı (1). Təhsil ocaqlarının milliləşdirilməsini daha səmərəli təşkil etmək, ibtidai siniflərin müəllimlərə ehtiyacını ödəmək üçün Bakıda, Qazaxda, Qusarda, Salyanda və Zaqatalada da qısa müddətli kurslar açıldı ki, bunların da hər birində 50 nəfər müdavim təhsil alırdı. Parlamentdə Göyçayda realnı məktəbin açılması haqqında qanun layihəsi təsdiq olunmuşdu (12). Türkiyədən dəvət olunmuş 50 nəfər müəllim respublikada xalq marifinin yenidən təşkilində səylə çalışır, dərsliklər yazır, tədris vasitələri hazırlayır, milliləşdirilmiş məktəblərdə dərs deyirdilər.

Bakı politexnik, kommersiya məktəbləri istisna olmaqla bütün orta təhsil müəssisələri, o cümlədən III, IV kişi və II, III, IV qadın gimnaziyaları milliləşdirilmişdi. Hökumətin 28 avqust 1918-ci il tarixli qərarına əsasən bütün məktəblərdə Azərbaycan dilinin məcburi tədrisi qanuniləşdirilmişdi. Xalq maarifi sahəsində milliyətindən, dini mənsubiyyətindən və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquq verilir, ümumi, pulsuz, icbari təhsil elan olunurdu. Milliləşdirilmiş məktəblərdə rus tarixinin yerinə ümumi türk tarixi, rus məktəblərində isə həftədə 3-4 saat Azərbaycan dili tədris olunurdu. Azərbaycan Demokratik Respublikasına qədər Azərbaycanda ana dilində orta məktəb yox idi. Ana dili o dövrün orta təhsil ocağı sayılan real məktəblərdə həftədə bir-iki dəfə keçilən məcburi olmayan fənn hesab olunurdu. İlk dəfə orta təhsilin milliləşdirilməsi Demokratik Respublika dövründə həyata keçirildi ki, bu da qüdrətli sənətkarımız A.Şaiqin adı ilə bağlıdır.

Məhz onun təşəbbüsü ilə bütün dərslərin rus dilində keçirildiyi Bakı I realnı məktəbinin nəzdində Azərbaycan dili üzrə üç aylıq kurs açıldı. Bu kursu qurtaran şagirdlər üçün 49 rus sinfi olan Bakı I realnı məktəbində bütün dərslərin Azərbaycan dilində keçirildiyi bir sinif (üçüncü sinif) təşkil olundu. Bu sinifdə 25 şagird oxuyurdu. Onlar 1924-cü ildə ana dilində orta məktəbi bitirən ilk məzunlar oldular. Məktəbdə A.Şaiqlə birlikdə C.Cəbrayılbəyli, Q.Rəşad, X.Kələntərli kimi görkəmli pedaqoqlar dərs deyirdilər. Azərbaycanda milli kadrların yetişdirilməsində sonralar “Abdulla Şaiq adına nümunə məktəbi” kimi şöhrət qazanmış həmin milliləşdirilmiş məktəbin böyük əhəmiyyəti olmuşdur.

Azərbaycan dili dövlət dili elan edildiyindən ruscadan “bütün məhkəmə, idapeyi-daxilliyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər” hökumətin müəssisələrində istifadəsinə icazə verilirdi (4,18). Azərbaycan Parlamentinin dəftərxanası bütün türk dövlət və ictimai təşkilatlarına, eləcə də ayrı-ayrı şəxslərə bildirirdi ki, parlamentə, onun dəftərxanasına hər cür yazılı müraciət ancaq dövlət dilində olmalıdır... dövlət dilində olmasa, baxılmamış qalacaq. Başqa dillərdə yazılmış ərizələrin üzərinə parlamentin sədr müavini Həsənbəy Ağayev səliqə ilə aşağıdakı məzmunda dərkənar qoyardı: “Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır” (6,54).

Bu kimi dövlət səviyyəli tədbirlərin nəticəsi idi ki, bütün orta təhsil müəssisələrində təhsil alan azərbaycanlı oğlan və qızların sayı sürətlə artırdı.Faktlara müraciət edək: Əgər 1914/1915-ci dərs ilində orta ümumtəhsil məktəblərində (müəllimlər seminariyaları istisna edilməklə) 9643 şagirddən yalnız 1137-si azərbaycanlı (999-u kişi, 138-i qadın) idisə, 1919/1920-ci dərs ilində oxuyan 9611 şagirddən 3115-i (2978-i, 317-si qadın) azərbaycanlı idi( 14,16). Bir fakt da inkaredilməzdir ki, həmin illərdə məktəblərin və şagirdlərin ümumi sayı qismən azalmışdı. Lakin bunu sovet elmi-pedaqoji ədəbiyyatında deyildiyi kimi, müsavatçıların ayağına yazmaq və qəbul etmək sadəlövhlükdən başqa bir şey deyildir. Məktəblərin və şagirdlərin ümumi sayının azalmasının yalnız bircə səbəbi vardı. Bu, S.Şaumyanın, T.Əmiryanın, A.Avetisyanın və digər daşnak “bolşeviklərin”, eyni zamanda Andranikin quldur dəstələrinin Azərbaycanı fəlakət qarşısına qoymaları idi. Azərbaycan nümayəndə heyəti 1919-cu il mayın 28-də, istiqlaliyyətin birinci ildönümü günü ABŞ prezidenti V.Vilsonun qəbulunda olarkən bildirmişdi ki, istiqlaliyyət yolunda Azərbaycanın iki şəhəri və 500 kəndi dağıdılmış, 100-150 minə yaxın oğul və qızı qurban getmişdir (7). Dağıdılmış, yandırılmış, viranə qalmış kənd və şəhərlərdə məktəblərin bağlanması həmin vəhşiliyin nəticəsidir. Milli taleyimizdə baş verən həmin hadisələr daha dəhşətli və faciəli şəkildə sonralar da təkrar olundu. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistandakı 206 Azərbaycan ümumtəhsil orta məktəbi, ali pedaqoji məktəbin Azərbaycan şöbəsi, orta ixtisas və peşə məktəbləri azərbaycanlıların didərgin salınması üzündən bağlandı.

İşğaledilmiş rayonlarımızda, Xankəndində, Şuşadakı məktəblərimiz hələ də uşaq səsinə həsrət qalıb. Azərbaycan Demokratik Respublikasının mövcud olduğu 2 ilədək müddətdə bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, xalq maarifinin yenidən təşkili sahəsində xeyli iş görüldü. “Azərbaycan gəncliyini elm və texnika əsrinə hazırlamaq üçün (M.Ə.Rəsulzadə)” təbii lisanda, tariximizin, ədəbiyyatımızın inkişafına kömək edə biləcək kəslərin yetişməsi məqsədilə1 sentyabr 1919-cu ildə parlamentdə keçmiş qanunlar arasında uzun yaşaya bilən tarixi əhəmiyyəti olan yeganə qanun “(S.Ağamalıoğlu) qəbul edildi. M.Ə.Rəsulzadənin gücü və maarifçilik köməyi ilə” (V.İ.Razumovski) Bakı Dövlət Universiteti təsis edildi. BDU-nun açılması ilə bağlı sənədlər parlamentin müxtəlif komissiyalarında, partiyalarının fraksiyalarında, parlamentin iclaslarında 4 aya qədər müzakirə edildi. Bir sıra təshih və əlavələrdən sonra 10 maddəlik “Bakı Dövlət Darülfünunu haqqında qanun”, 5 fəsil 72 maddədən ibarət BDU-nun Nizamnaməsi parlamentdə təsdiq olundu. Universitetin ilk rektoru olmuş V.İ.Razumovski parlamentdəki çıxışında göstərirdi ki, Azərbaycan öz ali maarif ocağını açdı. Türk xalqları tarixinə yeni parlaq səhifə yazıldı. Avropa və Asiyanın hüdudlarında yeni bir məşəl şölələndi (15, 16).

Universitet Kommersiya məktəbinin (indiki ADPU-nun) binasında yerləşirdi. 20 müəllimdən yalnız 2-si azərbaycanlı idi. Dörd fakültəsi - tibb, hüquq, fizika –riyaziyyat və tarix-ədəbiyyat fakültələri vardı. Balaxanı (indiki Füzuli) küçəsindəki gimnaziyanın mülkü də universitetə verilmişdi. 1919-1920-ci tədris ili üçün ştat cədvəlinə görə universiteti müəllimlərlə tam təmin etmək mümkün olmadı. Ştata görə 114 nəfər, o cümlədən 40 professor, 10 dosent lazım olduğu halda, cəmi 44 nəfər (o cümlədən 12 professor, 3 dosent və 1 privat-dosent) işləyirdi. İlk tədris ilində universitetə 877 tələbə və 217 nəfər azad dinləyici qəbul edilmişdir.

Azərbaycan qəzetinin 1919-cu il 17 noyabr nömrəsində yazılırdı: “Dün Azərbaycan Darülfünunu ilk dəfə olaraq açıldı və ilk gündür ki, məşğuliyyətə başladı.

1919-1920-ci dərs ilində Avropa ali məktəblərində müxtəlif ixtisaslar üzrə oxumağa 100 abituriyent və tələbə göndərilməsi nəzərdə tutulurdu. Bu işə nəzarət etmək üçün xüsusi dövlət komissiyası yaradıldı. Beş nəfərlik komissiyaya M.Ə.Rəsulzadə rəhbərlik edirdi. Çox keçmədi ki, komissiya 10 nəfərin İngiltərəyə, 23 nəfərin İtaliyaya, 45 nəfərin Fransaya, 9 nəfərin Türkiyəyə, 13 nəfərin Rusiyaya gondərilməsi qərarına gəldi (13,57). Bir o qədər tələbənin İstanbula göndərilməsi qərara alınmışdı ( 8 ).

Xaricə göndərilən həmin tələbələrin xərci üçün və hökumət Xalq Maarifi Nazirliyinin sərəncamında olan dövlət xəzinəsindən 7 milyon manat ayrılmışdı. Avropaya göndərilənlərin hər biri üçün 1000 frank yol xərci, hər ay isə 400 frank təqaüd, Rusiyaya göndərilənlər üçün isə 3 min manat yol xərci və hər ay bir o qədər də təqaüd nəzərdə tutulmuşdur. Dövlət hesabına oxuyan tələbələr təhsilini başa vurduqdan sonra hökumətin göndərdiyi yerdə 4 il işləməli idilər.

Xaricə göndərilən tələbələrin maddi təminatının qarşılanmasında mesenant Hacı Zeynalabdin Tağıyev əsl fədakarlıq nümunəsi göstərmişdir. Onun evi xarici qonaqların qarşılanması üçün nəzərdə tutulmuşdu. Bu xeyirxahlıq missiyasını və məsuliyyətini üzərinə götürən H.Z.Tağıyevin də öz şərtləri var idi:

Hər tələbəyə təhsil müddəti ərzində ayda 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gediş-gəliş xərcləri də ayrıca ödəniləcəkdir. Tələbə ali təhsilini bitirdikdən sonra mütləq Vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir. Tələbə qeyri-türklə və ya qeyri - müsəlmanla evlənməyəcəkdir.

Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları birdəfəlik və ya hissə-hissə Xeyriyyə Cəmiyyətinə ödəyəcəkdir. Komissiya Hacı Zeynalabdinin şərtlərini redaktə edərək demokratik quruluşlu respublikanın hüquqi dövlət ideyaları ilə uzlaşmadığına görə üçüncü bəndi ixtisara salmışdı.Xaricə yola salınan tələbələr komissiya qarşısında and içmişdilər. Cümhuriyyət tələbələrinin andı belə idi: “Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

Xarici ölkələrə ali təhsil almağa göndərilən tələbələrdən biri- Miryusif Seyid Cənab oğlu Mir Abdullazadə qəflətən vəfat etdiyindən 99 nəfər yola salındı. Həmin tələbələr və abituriyentlər çox hörmət və izzətlə yola salınırdı. Bu barədə. “Azərbaycan” qəzetinin elanlarından birində oxuyuruq: “Avropaya təhsilə gedəcək tələbələr içərisində “Yaşıl qələm” dərnəyinin fəal və çalışqan üzvlərindən Əilyusif və Hənifə Zeynallı ilə bərabər bir neçə sair gənc ədəbiyyat maraqlılarının şərəfinə olaraq “Yaşıl qələm” heyəti-idarəsi tərəfindən kanuni-saninin13-də bir çay məclisi tərtib edildi. Çay məclisində “Yaşıl qələm” üzvləri ilə bərabər ədəbiyyat maraqlıları, osmanlı şair mühərrirlərindən möhtərəm Feyzulla Sacid və Rəşid Səriyyə bəylə arkadaşları və möhtərəm M.Ə.Rəsulzadə həzrətləri də hazır idilər. Məclisi “Yaşıl qələm” üzvi şair Salman Mümtaz əfəndi idarə ediyordu. Mühacirət edəcək yoldaşların ünvanına bir çox nitqlər söylədikdən sonra məclisin rizasına görə Əli Yusif Əfəndi yeni yazmış olduğu “Aras” mənzuməsini oxudu. Sonra Feyzilla Sacid bəy, doktor Rəşid Səriyyə, Salman Mümtaz əfəndi kəndi əşarlarından bir neçəsini oxudular. Böyləliklə çay məclisi gecə saat 12-də bitdi” (2).

Azərbaycan Demokratik Respublikası dövründə məktəblərin quruluşunda da xeyli dəyşiklik edilmişdi. Bakı və Gəncə quberniyalarında fəaliyyət göstərən məktəblərin direksiyası ləğv olundu, onların funksiyaları Xalq Maarifi Nazirliyinə, bir qismi isə xalq məktəbləri inspektorluğuna keçdi. Bakı direksiyasının nəzdində olan pedaqoji muzey Bakı və onların rayonlarının xalq məktəbləri inspektorluğunun tabeliyinə verildi. 1919-cu ildə 10 xalq inspektorluğu vardı. Dağlıq Qarabağda da erməni məktəbləri üçün xüsusi inspektorluq yaradılmışdı.

İbtidai məktəbləri bitirən şagirdlər orta məktəblərə və ya ali ibtidai məktəblərə (ali ibtidai məktəbdə təlim müddəti 4 il idi - F.R.) daxil olurdular. 1919-cu ildə respublikada 15 milliləşdirilmiş ali ibtidai məktəb vardı ki, onlar da Bakı, Göyçay, Quba, Qusar, Salyan, Lənkəran, Şamaxı, Pirişib, Gəncə, Gorus, Ağdaş, Şuşa, Nuxa, Qazax və Zaqatalada yerləşirdi. 2 yeni ali ibtidai məktəbin açılması haqqında nazirlik məsələ qaldırmışdı. Ali ibtidai məktəblərlə yanaşı Şuşa və Zaqatalada qadın gimnaziyaları fəaliyyət göstərirdi. Gəncə, Zaqatala və Nuxada sənət məktəbləri (peşə məktəbləri) vardı ki, onların normal işləməsi üçün nazirlik tədbirlər planı işləyib hazırlamışdı. 1919-cu ilin oktyabrında Azərbaycan I milli qadın gimnaziyasının nəzdində Frebel sistemli uşaq bağçalarına müdirlər hazırlamaq üçün qısamüddətli kurslar açıldı.

Xalq Maarifi Nazirliyi bir tərəfdən xalqın gələcəyini təmin edə biləcək ürfan ordusunun hazırlanması üçün ali və orta məktəblər açır, kurslar təşkil edir digər tərəfdən nəşriyyat- tərcümə komissiyasının köməyi ilə dərsliklər, tədris vasitələri hazırladıb çap etdirirdi. M.Mahmudbəyovun “Türk əlifbası və ilk qiraət” (1918), P.Əfəndizadənin “Türk qiraəti” (1918), M.Mahmudbəyov və A.Səhhətin “Yeni məktəb” (1918), Rasim Əhmədin “Sərfi-türki” (1919), A.B.İsrafilbəyzadənin “Tazə elmül hesab” (1919), C.Cəbrayılbəylinin “Tarixi-təbii” (1919), H.Mirzazədənin “Milli nəğmələr” (1919), H.Cavid və A.Şaiqin “Ədəbiyyat” (1919), A.Azərbəylinin (Əfəndizadə) “Son türk əlifbası” (1919), Qasımzadə Hacı Səlim Səyyar və Ağalizadə Rağibin “Hesab məsələləri məcmuəsi” (1919), S.H.Əlizadənin “Rəhbəre cəbr” (1919) A.Şaiqin “Milli qiraət” (1919), A.Şaiqin “Müntəxabat.Türk ədiblərindən nümunələr” (1919) dərsliklərinin bəziləri təkrar nəşr olunsa da (6,55), bir çoxu məhz həmin dövrün məhsuludur.

15 sentyabr 1919-cu ildə Bakıda, Gəncədə, Şuşada, Nuxada, Zaqatalada və Qazaxda yaşlılar üçün türk (Azərbaycan) dilində axşam kursları açıldı. Həmin kurslar iki semestrə bölünmüşdü. Birinci semestr 15 sentyabrdan 5 dekabr 1919-cu ilə kimi, ikinci semestr 1 yanvar 1919-cu ildən 1 aprel 1920-ci ilə kimi davam etmişdir. Üç şöbədən ibarət idi: birinci şöbədə türk dilini bilməyən, savadsız şəxslər, ikinci şöbədə türk dilini az-çox bilən azsavadlılar, üçüncü şöbədə isə türk dilinin tədrisi metodlarını, terminləri mənimsəməyə ehtiyacı olanlar məşğul olurdu. Bu kurslarla yanaşı Bakıda milliləşdirilmiş siniflərin müəllimləri üçün xüsusi kurs açılmışdı ki, ona da parlamentin üzvü Abdulla bəy Əfəndiyev rəhbərlik edirdi. Bu kurslarda türk dilinin tədrisinə hazırlıq və metodikası öyrədilirdi. 1 noyabr 1919-cu ildə Bakıda müsəlman fəhlələri üçün açılan texniki kurslarda 200 nəfərdən çox fəhlə təhsil alırdı. Mirzə Bala Məmmədzadənin “Azərbaycan istiqlalı və Müsavat” əsərində yazdığı kimi, “azərbaycanlılardan kiçik məmurlar hazırlamaq üçün xüsusi müəssisələr, türk gənclərinə məxsus olmaq üzrə teleqraf, makina və dəmiryolu məktəbləri açılmış və əvvəlcə heç yox ikən, dəmiryol xidmətçilərinin yüzdə əllisini türkləşdirəcək qədər müvəffəqiyyət göstərilmişdir” (17)

Xalq maarifi sahəsində bu kimi tədbirlərin həyata kecirilməsi üçün xeyli dövlət vəsaiti xərclənmişdi. Ciddi maliyyə çətinliklərinə baxmayaraq hökumətin 1919-cu ildə Xalq Maarifi Nazirliyinə ayırdığı büdcə 102.122.671 manat, qırx altı qəpik olmuşdur, halbuki, nazirliyin gəliri çox az - 2.273,430 manat təşkil edirdi.Xalq maarifinə ayrılan vəsait ölkənin vəziyyəti xüsusilə mürəkkəb olduğu bir şəraitdə də azaldılmamış, əksinə, universitetin maliyyə xərci 3,5 milyon manatdan 5 milyon qədər, müəllimlərin əmək haqqı isə üçdə bir dəfə artırılmışdır.

“İmzalar içərisində imzasının yeri görünməyən” xalq az vaxtda dünya xalqları önündə özünü təsdiq etdi. Digər sahələrdə olduğu kimi xalq maarifi sahəsində də çox dəyərli işlər görüldü. Xalq maarif nazirləri kimi bu işdə Nəsib bəy Yusifbəyli (28.05.1918 - 14.04.1919), Rəşidxan Qaplanov (14.04.1919-24.12.1919.), Həmid bəy Şahtaxtinski (24.12.1919-01.04.1920) və Nurməmmədbəy Şahsuvarov (05.04.1920-27.04.1920) mühüm xidmətlər göstərdilər.

Ümumiyyətlə, Azərbaycan Demokratik Respublikasında M.Ə.Rəsulzadənin təbirincə desək, “maarifin təşkilatına bir təzəlik verilmişdir. Məmləkəti ürfan nuru ilə işıqlandırmaq üçün ciddiyyəti ilə işə başlanmışdı. Ümumi təhsilin tətbiqi əsas tutularaq bunu təmin etmək üçün bir tərəfdən məktəblər açılır, digər tərəfdən yeni qurulmuş kişilər və qızlar seminariyaları vasitəsilə müəllimlər hazırlanırdı. İbtidai məktəblərin çoxaldılması üçün xüsusi olaraq İstanbuldan müəllimlər dəvət edilmişdi. Bundan başqa, bir qəza mərkəzində müəllimlər kursu açılmışdı. Maarifin yayılması işində qadınların təhsili də kişilərlə bərabər tutulurdu. Mövcud rus gimnaziyası liseylərindən biri tamamilə milliləşdirilmiş, bir çox ibtidai qız məktəbləri açılmış, hamısı da qızlarla dolmuşdu.Məktəb yaşından böyük vətəndaşlar üçün.. gecə kursları açılmış cəmiyyətlə bağlı dərslər təşkil edilmişdi” (8).

Nazirlik bu kimi tədbirlərlə kifayətlənməmiş, bir sıra çox əhəmiyyətli qanun layihələri irəli sürmüşdü. Azərbaycan orta təhsil məktəblərində 600, Konstantinopol məktəbləri üçün 50 təqaüdün təsisi, 650 təqaüdçünün hamısının təhsil haqqından azad edilməsi, dərsliklərlə təmin edilməsi, 300 nəfərə ayda 200 manat, digər 300 nəfərin hər birinə 900 manat, Konstantinopola gündərilən 50 nəfərin hər birinə isə ayda 200 manat məbləğində təqaüd verilməsi, Maarif Nazirliyi nəzdində elmi pedaqoji jurnallarının nəşri, Gəncədə, Qazaxda, Şuşada, Nuxada kişilər üşün 2 illik, Gəncədə, Bakıda, Nuxada qadınlar üçün 1 illik pedaqoji kursların açılması, Türkiyədən dəvət olunan müəllimlərin əmək haqqının 50 faiz artırılması və s. qanun lahiyələri, təəssüflər olsun ki, vaxtın azlığından Parlamentdə təsdiq olunmamışdı.

28 aprel 1920-ci ildə rus imperializminin yürütdüyü məkrli siyasət yenidən xalqımızın azadlıq və istiqlal yoluna sədd çəkdi, Şərqdə ilk demokratik respublika olan ADR süqut etdi, xalq maarifinin milli əsasda inkişafı dayandırıldı, təhsilin məzmunu ciddi dəyişikliyə məruz qaldı, milli təfəkkür iflic edildi, düşüncələr korlaşdı, beyinlərdə, şüurlarda soy-kökə, tarixə keşmişə biganəlik toxumu səpildi, millətin adı və əlifbası da (üç dəfə) dəyişdirildi, dini etiqat ocaqları ləğv edildi, məcburən hamı “Allahsızlaşdırıldı”, ağıla, zəkaya və idraka qida verən əsərlərin təbliği qadağan edildi, milli həyat tərzi və psixologiyası deqradasiyaya uğradı. Milli mücadilə yolunda on minlərlə dəyərli oğul və qızını qurban verərək üç rəngli bayrağımızı yüksəklərə qaldıran xalq, 70 il istiqlal həsrəti ilə yaşadı, dəhşətli repressiyalara və terrora məruz qalsa da müqəddəs amalından geri çəkilmədi. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində öz müstəqilliyini bərpa etdi, azadlığına və istiqlalına qovuşdu.

Ədəbiyyat

/Azərbaycan, 11 noyabr 1918- ci il, № 36.

/Azərbaycan qəzeti, № 19, 1920.

Azərbaycan arxivi, 1971, № 9.

Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcmei, № 115 teşrini-sani 1919, səh.18

İbrahimov S. Bakı Dövlət Darülfünunun təsisi. Bakı, 1989.

Rüstəmov F. Milli maarifimizin qaranquşları (ADR dövründə məktəb) // Azərbaycan məktəbi. 1991, № 2-3, s. 54-60

Rüstəmov F. Xalq maarifi Cümhuriyyət dövründə. /Azərbaycan müəllimi, 28 may, 1998.

Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu. /Elm, 26 may, 1990.

Ахмедов Г., Рустамов Ф. Народное просвещение в АДР (1918-1920 гг) // Педагогикa. Москва, 1992, № 9-10, c. 82-84

Ахмедов Г., Рустамов Ф. Врата для прогресса // Литературный Азербайджан, 1992, №1, c. 107-111 (prof. Hüseyn Əhmədovla birlikdə) А.М.Атакишиев. История Азербайджанского Государственного Университета. Баку, 1989.

Адрес-Календарь Азербайджанской Республики. Баку, 1920.

«Вестник правительства Азербайджанской Республики. 1920

Народное образование в Азербайджане (1920-1927). Баку, 1928.

Разумовский В.И. Основание университета в Баку // Известия Бакинского Государственного Университета, № 2, с. 16.

16.Əhmədov H.Azərbaycan məktəb və pedaqoji fikir tarixi.Bakı,Elm və təhsil, 2014

17.https://az.wikipedia.org/wiki/Mirza Bala Məmmdzadə

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor,

Əməkdar elm xadimi

Fərrux Rüstəmov

Baxış sayı : 336
Zəngilanın Sarılı Xəştab kəndi - VİDEO 2021-06-21 08:50:01 Azərbaycanlı şərqşünasın Zəngəzur dəhlizi haqqında məqaləsi ərəb KİV-lərində dərc olunub 2021-06-21 08:20:08 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 2021-06-21 07:55:47 İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya keçirilib 2021-06-21 07:55:07 Ermənistan düşmənçilik münasibətlərindən əl çəkməli və qonşularla yaxşı münasibət qurmağa başlamalıdır - Türkiyə XİN 2021-06-21 06:50:29 Azad edilmiş ərazilərdə aeroportların tikintisi üçün idxal olunan bəzi mallar gömrük rüsumundan azad edilib 2021-06-20 10:40:35 Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb - Fuad Muradov 2021-06-20 08:50:44 Yeni Zəngəzur Dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq 2021-06-20 07:45:17 Milli Qəhrəmanımızın məzarı ziyarət olundu 2021-06-19 20:45:51 Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib 2021-06-19 11:25:19 Gürcü ekspert: Türkiyə Prezidentinin Şuşaya səfəri regionda yaranmış yeni reallıqların göstəricisidir 2021-06-19 08:10:32 Leyla Abdullayeva beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib 2021-06-19 07:30:24 Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması məsələləri müzakirə edilib 2021-06-18 21:25:41 Azərbaycan-Rusiya xalqlarının dostluq əlaqələri möhkəmlənir 2021-06-18 21:10:30 Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər 2021-06-18 14:15:57 “Səhnədən səngərə” layihəsi şəhid Zamin Rəhimov haqqındadır 2021-06-18 09:40:52 Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür 2021-06-18 09:35:17 Siyasi ekspert: Şuşa Bəyannaməsi Robert Köçəryanın təxribatçı çıxışlarına öldürücü zərbədir 2021-06-18 08:55:15 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 2021-06-18 07:40:22 Ermənistan çətin durumda: Yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir 2021-06-18 07:35:18 Ana dilimizin tədqiqinə töhfə 2021-06-17 18:15:50 Regionda təhlükəsizliyi təmin etmək üçün yeni güc platformasının yaranması zəruri idi- Əkrəm Bəydəmirli 2021-06-17 10:15:40 Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” nəşrini təqdim edib 2021-06-17 10:00:49 “Cənubi Qafqazda uzunmüddətli sülh istiqamətində işləməkdə qətiyyətliyik” 2021-06-17 09:15:42