2021-05-04 09:50:11 | TƏDQİQATLAR-ANALITIKA
Saxta “erməni soyqırımı” mövzusunu gündəmdə saxlayan acı gerçəklər

Aprelin 24-də Amerika Birləşmiş Ştatlarının 46-cı Prezidenti Cozef Bayden Birinci Dünya müharibəsinin acı nəticələrini birtərəfli qaydada şərh etməklə bir daha ikili standartlar mövzusunu beynəlxalq səviyyəli problem kimi aktuallaşdırdı.

Əslində, Osmanlı dövlətini parçalamaq üçün daim birgə fəaliyyət göstərən və müasir Türkiyəyə qarşı fasiləsiz olaraq düşmənçilik mövqeyi sərgiləyən qüvvələr uydurma “erməni soyqırımı” mövzusunun tarixi gerçəklik deyil, siyasi təzyiq vasitəsi olduğunu heç zaman gizlətməyiblər. Məhz bu amili nəzərə alaraq iki məsələ barədə faktlar ətrafına fikir və mülahizələrimizi bölüşmək istərdik. Birinci, XX əsrin əvvəllərində Anadoludakı tarixi gerçəklər, ikincisi, saxta “erməni məsələsi”nin davamı olan uydurma “soyqırımı” anlayışının səbəbi və məqsədləri.

Əvvəla qeyd etmək lazımdır ki, uydurma “erməni soyqırımı” mövzusuna münasibət beynəlxalq arenadakı vəziyyətə uyğun olaraq daim dəyişmişdir. Erməni din xadimləri bu məsələni ilk dəfə erməni lobbisi vasitəsilə Birinci Dünya müharibəsinin sonlarına yaxın gündəmə gətirmiş və Osmanlıya qarşı fantastik məbləğdə təzminat irəli sürmüşdülər. Məqsəd yetərincə məkrli idi. O dövrdə xəzinəsi tamamilə boş olan Osmanlı dövlətinə bu iddianı qəbul etdirmək və torpaq qoparmaq istəyirdilər. Lakin uydurma “erməni soyqırımı” anlayışının qəbul etdirilməsinin daha fəal fazası 1950-ci illərə təsadüf etmişdir.

Prezident Cozef Baydenin məlum açıqlamasına Türkiyə ilə bərabər, Azərbaycan da kəskin şəkildə etiraz səsini ucaltdı. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığından sonra bu etirazlar daha da intensivləşdi. Nəhayət, aprelin 28-də ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etdi. Azərbaycan Prezidenti söhbət əsnasında, eyni zamanda, bu günlərdə ABŞ Prezidentinin dırnaqarası “erməni soyqırımı” ilə bağlı bəyanatı ilə əlaqədar qeyd etdi ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır. ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb. Bütün bunlar bir daha göstərdi ki, Azərbaycan bundan sonra da Türkiyənin yanında olmaqda davam edəcək.

Mövzunun davamı olaraq qeyd etmək lazımdır ki, ötən dövrdə birbaşa siyasi maraqlara xidmət edən bu qərarların nə Ermənistan dövlətinə, nə də erməni toplumuna faydası olmayıb. Əksinə, beyni, düşüncəsi və baxışları xəstə “böyük Ermənistan” təxəyyülü ilə zəhərlənən ermənilər Azərbaycana qarşı işğalçılıq siyasəti və Türkiyəyə istiqamətlənmiş əsassız ərazi iddiaları ilə öz dövlətlərini indiki gülünc vəziyyətə salmışlar. Hazırda Ermənistandakı çoxtərəfli böhran həddinin əsas səbəbi məhz bu amillərdir. Uydurma “erməni soyqırımı” ayrı-ayrı ölkələrin hökumət və parlament qərarları indiyədək olmadığı kimi, bundan sonra da Ermənistana və erməni toplumuna fayda gətirməyəcək. Dünya ermənilərindən yardım, ianə, üzvlük haqqı adı ilə fasiləsiz olaraq hər ay toplanan vəsaitlərin bir hissəsini müəyyən şərtlər altında Ermənistan hökumətinə “pay” kimi verib öz iyrənc şərtlərini diktə edən erməni lobbisi bundan sonra da öz prinsiplərindən əl çəkməyəcək. Çünki aylıq toplanan vəsaitlər onlar üçün davamlı qazanc mənbəyidir. Beləliklə, məntiqi mülahizələrlə əsaslandıra bilirik ki, uydurma “erməni soyqırımı” mövzusunun arxasında iki mühüm qüvvə var - erməni lobbisi və daim onlardan Türkiyəyə qarşı istifadə edən tərəflər. Ayrı-ayrı ölkələrdəki siyasi qüvvələr uydurma “erməni soyqırımı” mövzusunu iki mühüm məqsəd üçün istifadə edirlər. Birincisi, erməni lobbisindən seçki kampaniyalarında yardım alır, ikincisi, bu məsələdən Türkiyəyə qarşı güc vasitəsi kimi yararlanırlar. Beləliklə, “ermənipərəstlik” anlayışı, sadəcə olaraq, bu iki mənfur qüvvənin ortaq maraqlarından doğan bicpərəstlikdir.

Qeyd edilməlidir ki, ABŞ prezidentləri arasında ənənəvi 24 aprel müraciətləri edənlərdən ilk dəfə Osmanlı dövlətinin süqutu illərində bu coğrafiyada yaşananları “soyqırımı” ifadəsi ilə xatırlayan 1981-ci ildə Ronald Reyqan olub. Lakin məhz ABŞ-ın keçmiş Prezidenti Ronald Reyqanın hüquq məsələləri üzrə müşaviri Bryuz Felin bildirmişdir ki, Ağ evin araşdırması nəticəsində 1915-ci ildə ermənilərin 2 milyon Osmanlı türkünü qətlə yetirdiyi müəyyən olunmuşdur. 1981-ci ildə həmin məsələ Ağ ev tərəfindən araşdırılmış və saxta erməni iddialarının əsassız olduğu sübuta yetirilmişdir. Bundan başqa, ABŞ-da fəaliyyət göstərən 69 görkəmli tarixçi alim birgə müraciətlərində Osmanlı dövlətində “erməni soyqırımı” anlayışının yalan olduğunu bildirmişlər. Erməni yalanlarını ABŞ-dakı arxiv sənədləri ilə ifşa edən bu ölkənin görkəmli alimi, yazıçı-publisist Samuel A.Ujmz Birinci Dünya savaşından əvvəl Osmanlı ərazisindəki erməni üsyanları ilə bağlı nadir faktları tədqiqata cəlb edib. Bir neçə dildə yayılan “Ermənistan terrorçu xristian dövlətinin gizlinləri” əsərinin müəllifi Samuel A.Ujmz saxta “soyqırımı” anlayışını yaradan bütün səbəbləri, erməni toplumunun hansı güclərin təsiri və yardımı ilə Osmanlı dövlətinə qarşı döyüşdüklərini əsaslandırdığı üçün ermənilər tərəfindən dəfələrlə təhdid edilmiş və ABŞ-da öz evində müəmmalı şəkildə ölmüş, əsərin ikinci cildi əlyazma şəklində oğurlanmışdır. ABŞ-ın saxta “erməni soyqırımı” mövzusuna dair dalğavari baxış bucağı ilə bağlı daha bir faktı təqdim etmək yerinə düşər. ABŞ Dövlət Departamentindən Prezident Cozef Baydenin məlum açıqlamasına belə münasibət bildirilib: “Prezidentin son açıqlaması “Xarici Dövlət Toxunulmazlığı” Qanunu ilə tənzimlənən ABŞ məhkəmələri qarşısında Türkiyənin suveren immunitetinə təsir etmək məqsədi daşımayıb”.

Araşdırmalar göstərir ki, Türkiyə Respublikasında keçmiş SSRİ-nin süqutuna qədər saxta “erməni soyqırımı” mövzusuna qarşı müəyyən biganəlik yaşanmışdır. Lakin sovetlər birliyinin süqutu ərəfəsində Türkiyə açıq şəkildə müşahidə etmişdir ki, SSRİ-nin süqutundan sonra ABŞ və bəzi Avropa ölkələrinin ona qarşı təzyiqləri artmağa başlayır. Bu məsələdə qarşı tərəflər, ilk növbədə, saxta “erməni soyqırımı” məsələsindən istifadə etməklə öz maraqlarını təmin etməyə çalışıb. Təsadüfi deyil ki, erməni quldur dəstələrinin Anadoluda qətlima məruz qoyduqları türklərin kütləvi məzarlıqları məhz 1990-cı illərdən açılmağa başlayıb. İndi həmin sübutlardan bəzilərini təqdim edək. Məlum olduğu kimi, erməni silahlı dəstələri XX əsrin əvvəllərində ilk böyük qətliamları Anadolunun şərqində törədiblər. 1915-ci ildə Vanı ələ keçirən ermənilər Van və Ərciş arasında yerləşən Dərəbəy, Hakis, Zorava, Hıdır, Göllü, Şəyhaynə, Şəyhkara kəndlərində yerli əhalini məhv ediblər. Bu bölgədə həmin qanlı hadisələr nəticəsində 2500 türkün kütləvi öldürülməsi sənədlər əsasında təsdiqlənib. Bu yerlərdəki vəziyyət 1918-ci ildə ABŞ-lı missionerlər tərəfindən lentə alınıb, sənədləşdirilib, raportlar şəklində öz ölkələrinə göndərilib. Həmin dövrdə bölgədə xidmət edən alman və ingilis hərbçilər tərəfindən də bu barədə sanballı əsərlər yazılıb. 1990-cı il aprelin 4-də yerli tədqiqatçılar Vanda bir neçə kütləvi məzarlığın tapılmasına nail olublar. Daha bir fakt: Çukurovanın görkəmli şəxsiyyətlərindən olan Səhlikzadə Həsən Əfəndinin nəvələri Camal və Kamal Sələkoğlular erməni quldur dəstələrinin vəhşilikləri ilə bağlı babalarından qalan sənədləri və digər faktları günümüzə qədər yaşadıblar. Bundan başqa, 1989-cu ildə İğdır vilayətinin Hakmehmet kəndində aparılan qazıntı zamanı aşkar edilmiş kütləvi məzarlıqda 51 yerli türkün cəsədi aşkarlanıb. Kənd sakinlərinin məlumatlarında isə bildirilir ki, 102 il əvvəl erməni vandalların törətdikləri həmin qətliamda 83 nəfər xüsusi amansızlıqla öldürülüb. Bu günlədə kənd sakinlərindən 77 yaşlı Pəri Ud bildirib ki, həmin qətliamda onun 7 əmisi erməni cəlladları tərəfindən vəhşicəsinə öldürülüb. 1918-ci ildə Qarsdakı “Ulu” məsciddə 285 yerli türkü vəhşicəsinə qətlə yetiriblər. Van, İğdır, Qubada olduğu kimi, Qarsda da müsəlman və türklərə aid olduğu təsdiqlənən bir neçə kütləvi məzarlıq aşkarlanıb.

Hazırda Van şəhərində ucaldılmış Şəhidlik Zirvəsi, İğdırdakı “Beş qılınc” abidələri XX əsrin əvvəllərində ermənilərin bölgədəki türk və müsəlman əhaliyə qarşı törətdiyi qanlı qətliamların nişanələridir. Bu abidə və komplekslərdə bölgədə aşkarlanan kütləvi məzarlıqlarla bağlı geniş məlumatlar vardır.

İndi isə yenidən arxivlərin açılması mövzusuna qayıdaq. Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin müzakirə aspektlərinin siyasətçilərə deyil, tarixçilərə aid olduğunu açıq şəkildə iki qərarla ifadə edib. Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ Baş nazir olduğu dövrdə 1915-ci il hadisələrini elmi reallıqların işığında yaddaşlara yazmaq məqsədilə 2005-ci ildə ortaq tarixi komissiya yaratmaq təklifi ilə çıxış edib. Ötən dövrdə ermənilər tərəfindən qarşılıq almamasına baxmayaraq, Türkiyə tərəfi bu təklifin qüvvədə qaldığını bildirir. Ermənistan tərəfinin arxivlərin açılması təklifinə müsbət yanaşmamasının iki mühüm səbəbi var. Birinci Ermənistan dövləti 1918-ci ildə Azərbaycan siyasi elitasının güzəşti nəticəsində mərkəzi İrəvan olmaqla təxminən 9.9 min kvadrat kilometrlik ərazidə yaradılıb. Ona görə də 1915-ci il hadisələrinə dair rəsmi sənədlərin Ermənistan arxivlərində mövcudluğu inandırıcı deyil. Erməni silahlı birləşmələrinin bölgədə, o cümlədən Zəngəzurda, indiki Ermənistanda, Naxçıvanda, Anadolunun şərqində, həmçinin Xoy və Səlmasda törətdiyi vəhşilikləri təsdiqləyən sənədlər əgər İrəvanda saxlanılırsa həmin qovluqlar Xocalı soyqırımından da dəhşətli cinayətləri üzə çıxarar. Bütün bu səbəblərdən rəsmi İrəvan heç bir halda arxivlərin açılması məsələsini müzakirə mövzusuna çevrilməsinə tərəfdar deyil. 1915-ci il hadisələri ilə bağlı gerçəklər ABŞ, İngiltərə, Almaniya, Rusiya kimi dövlətlərin arxivlərində mövcuddur ki, bunlar ləng olsa da, zaman-zaman ictimailəşir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Baxış sayı : 700
“Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25