2021-03-31 09:40:13 | SİYASƏT
XİN Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

31 mart, 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür.

103 il bundan öncə, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsini anır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün bu yaddaşın qorunub saxlanılmasını vacib hesab edirik.

Qafqazın Fövqəladə Komissarı, etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.

Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.

1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.

Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.

Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və müasir mərhələdə azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.

Üzərindən bir əsrdən çox zamanın keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu 30 ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan Azərbaycanlılara qarşı etnik zəmində cinayətlər törətmək siyasətini davam etdirdi. 30 ilə yaxın davam edən işğal zamanı Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə azərbaycanlının etnik təmizləməsini həyata keçirdi.

Ermənistan, 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla, soyqırım aktları, çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdi. Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycana qarşı növbəti hərbi təxribata cavab olaraq başlanılan hərbi əməliyyatlar zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi.

Beləliklə də, Ermənistan bir əsr öncəki Mart qırğınının xatirələrini geri qaytardı.

Mart qırğınının günahsız qurbanlarını xatırlayaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti qəti şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq. Ermənistanı öz beynəlxalq öhdəliklərinə riayət etməyə çağırırıq. Azərbaycan, öz növbəsində sülhü təmin etmək və cəzasızlığa son qoymaq üçün bütün lazımı hüquqi tədbirləri görəcəkdir.

Baxış sayı : 363
Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03