FACT-INFO.AZ » XƏBƏR » Ermənistan: daimi xaos və sosial təlatümlər burulğanında
3-07-2015, 09:35 | XƏBƏR
Ermənistan: daimi xaos və sosial təlatümlər burulğanında

Bahalaşmaya səbəb EEŞ daxilindəki korrupsiya və səmərəsiz idarəçilik nəticəsində 250 milyon dollardan artıq borcun yığılmasıdır. Sözügedən qərar "Talana yox" şüarı altında iyunun 19-dan 30-dək paytaxt İrəvanda fasiləsiz davam edən mitinqlərə, etiraz aksiyalarına səbəb olub. EEŞ səhmlərinin 100 faizi "İnter RAO" şirkətinə məxsusdur. Bununla belə, qiymət artımı təşəbbüsünün Rusiya şirkətindən gəlməsinə baxmayaraq, etirazçılar aksiyaların Rusiyaya qarşı yönəlmədiyini, məqsədlərinin hökumətin qiymət artımı qərarını ləğv etməsi olduğunu bildiriblər. Oturaq aksiyaların dayandırılmasına baxmayaraq, hərəkat mübarizəni davam etdirdiyini elan edib.

Etiraz aksiyalarının sosial-iqtisadi təkanvericiləri

Ermənistanda güclü müxalifət olmadığı halda, etirazların uzun müddət davam etməsinin və bəzi hallarda 15 minədək insanın iştirak etməsinin əsasında ciddi sosial, iqtisadi və mənəvi faktorlar dayanır. Ölkə əhalisinin üçdəbiri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. İşsizlik, monopoliya, korrupsiya azmış kimi, əsas kommunal xidmətlərin, xüsusən də qaz və elektrik enerjisinin qiymətlərinin ilbəil artırılması əhalinin çətin güzəranını dözülməz edir. Bu səbəbdən də təsadüfi deyil ki, Ermənistanda partlayışa hər an hazır olan böyük sosial narazılıq formalaşıb. Üstəlik, gənclərin aksiyalardakı fəallığı da diqqəti cəlb edir, onlar etirazların aparıcı qüvvəsi hesab olunur. Gənclər təkcə ağır sosial-maddi durumdan deyil, ölkənin tutduğu istiqamətdən də narazıdır. Aparılan sorğular da Ermənistan gəncləri arasında Qərbə meylin tədricən artdığını göstərir. Üstəlik, Ermənistanın Gömrük İttifaqına (Gİ) qoşulmasının ölkəyə heç bir dividend gətirmədiyi özünü göstərir, hətta, xaricdən mal idxalının 2015-ci ildə 30 faiz azalması da Gİ-yə üzvlüklə əlaqələndirilir. Bu isə Sarkisyan rejiminin Avropa İttifaqı ilə daha dərin əməkdaşlıqdan imtina etməsinin cəmiyyətdə yaratdığı narazılığı bir qədər də gücləndirir.

Qeyd edək ki, Ermənistanda qiymət artımlarına qarşı əvvəllər də kütləvi etirazlar baş vermişdi. Lakin budəfəki etirazların daha çox sayda insanı cəlb etməsinin və gənclərin xüsusi aktivliyinin sosial-iqtisadi səbəbləri ilə yanaşı, 2015-ci ilin yanvarında rusiyalı hərbçi Valeri Permyakovun Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməsinin, eləcə də aprel ayında Kim Kardaşyan və ailə üzvlərinin Ermənistana səfərinin, Kanye Vestin İrəvandakı konsertinin Ermənistan cəmiyyətində yaratdığı xüsusi əhval-ruhiyyəni, dəyişiklik həvəsini də vurğulamaq lazımdır. Digər tərəfdən, son bir neçə ildə Ermənistanda vətəndaş cəmiyyəti strukturlarının, QHT-lərin səfərbər olması, hökumətin qiymət artımı və icbari pensiya islahatları siyasətinə qarşı bəzən uğurla nəticələnən sistemli və ardıcıl aksiyalar keçirməsi, təbliğat və məlumatlandırmanın isə əsasən sosial şəbəkələrdə aparılması müşahidə edilirdi. Bu baxımdan, sözügedən aksiyalar Ermənistan hakimiyyətinin yarıtmaz siyasətinə qarşı ölkədə güclü vətəndaş müqavimətinin formalaşdığını göstərir.

Ermənistandakı aksiyaların postmodern çalarları

Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı keçirilən aksiyaların şəkli, mexanizmi və təşkili texnologiyaları postmodern əlamətləri ilə diqqəti cəlb edir. Etirazların postmodern tərzinin ilk nümunələrindən biri ABŞ-da "sınaqdan çıxarılıb". Belə ki, "İşğal et" hərəkatı özünün rəhbəri, təşkilati strukturu bilinməyən, qəti müəyyənləşmiş ideyalar sistemi, davranış və fəaliyyət prinsipləri, hətta aydın məqsədləri olmayan bir hərəkat idi. Bənzər xüsusiyyətlər özünü Türkiyədəki "Gezi parkı", Çinin Honkonq əyalətindəki "çətir hərəkatı" aksiyalarında da göstərdi. Rəngli inqilablar, "Maydan" hərəkatı da postmodern etiraz tərzinin bəzi əlamətlərini özündə daşıyırdı.

Kənardan bu cür hərəkatlar kortəbii görünsə də, aksiyaların təşkilindəki dəqiqlik və ardıcıllıq, etirazlar zəncirinin çox qısa zamanda tərəfdar toplayaraq yayılması, hökumətlə danışıqlarda tutulan ehtiyatlı və soyuqqanlı mövqe proseslərin peşəkarlıqla və planlı şəkildə idarə olunduğunu, ciddi nəzarətdə saxlandığını deməyə əsas verir. Bu cür aksiyaların çox vaxt nəzərəçarpacaq lideri olmur, lider (və ya liderlər) varsa belə, o, ənənəvi, xarizmalı, hökmlü lider kimi yox, daha çox "bərabərlər arasında birinci şəxs" kimi görünməyə çalışır, münasibətlər əsasən şaquli yox, üfüqi istiqamətdə qurulur. Bir sıra ekspertlərin fikrincə, etirazlarda güclü, nüfuzlu liderin olmaması aksiyaların xaricdən idarə olunmasını asanlaşdırır. Aksiyaların oturaqlaşması və ərazinin gecə-gündüz etirazçıların nəzarətində qalması, eləcə də mitinqlərin dinc xarakterli olduğunu göstərmək və etirazçıların marağını artırmaq, onları ərazidə saxlamaq üçün maddi və mənəvi ehtiyaclarının ödənməsi, çalıb-oynamaq kimi əyləncələrin təşkil olunması üsullarından Ermənistandakı aksiyalarda da istifadə olundu. Postmodern etiraz tərzinin nümunələri qismində ətraf mühitin qorunması, heyvanların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə etiraz olaraq küçələrdə teatral, şou xarakterli kiçik nümayişlərin təqdim olunmasını da göstərmək olar.

Ermənistandakı aksiyalar isə göstərdi ki, müəyyən siyasi ideologiya, lider və struktur olmadan belə çoxlu sayda insanı günlərlə paytaxtın əsas küçə və meydanlarında saxlamaq mümkündür. Bəziləri "Talana yox" hərəkatının lider ortaya çıxarmayaraq, siyasiləşməməsini yanlış addım hesab edir, bunun hərəkatın məğlubiyyətini qaçılmaz etdiyini düşünür. Güman ki, hərəkat üzvləri doğrudan da qarşıya siyasi məqsəd qoymayıblar, yaxud qoysalar da, indiki məqamda ona nail ola bilməyəcəklərini düşünüblər. İstisna deyil ki, 10 gün davam edən mitinqlər gələcəkdə daha böyük və həlledici aksiyalar üçün hazırlıq, məşq xarakteri də daşıya bilər. Hər halda, bunu zaman göstərəcək.

Qərbin və Rusiyanın münasibəti

Bununla belə, Sarkisyan hakimiyyətinin aksiyalardan təşvişə düşdüyü özünü göstərirdi. Polislə etirazçılar arasında bir neçə insidentin yaşanması, iyunun 23-də etirazçıların güc tətbiqi yolu ilə, döyülərək dağıdılması zamanı jurnalistlərin də saxlanması, onların kamera və avadanlıqlarının sıradan çıxarılması halları qeydə alındı. Lakin diqqəti çəkən məqam o oldu ki, Ermənistandakı polis zorakılığına baxmayaraq, ABŞ və Britaniyanın Ermənistandakı səfirlikləri səviyyəsində yaydıqları bəyanatlarda tənqiddən çox tərifə yer verilir, "CNN", "BBC", "The Guardian", "The Independent", "Amnesty International", "Human Rights Watch", "Freedom House" kimi media qurumları və təşkilatlardan isə demək olar ki, məsələ ilə bağlı səs çıxmır. Ənənəvi olaraq, Ermənistandakı insan haqları pozuntusuna növbəti dəfə göz yumuldu.

Sirr deyil ki, Ermənistandakı etirazlar Sarkisyan rejimi qədər Rusiyanı da narahat edib. Ümumiyyətlə, Ermənistanda hökumətdən narazı kütlələrin keçirdiyi demək olar ki, hər etiraz aksiyası Rusiya mediasında Qərbin, xüsusən də ABŞ-ın Rusiyanın nüfuzuna zərbə vurmaq üçün təşkil etdiyi "rəngli inqilab" cəhdi kimi dəyərləndirilir. Rusiya Federasiya Şurası Xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçov da etirazları Qərbin rəngli inqilab ssenarisinin tərkib hissəsi adlandırdı. Bütövlükdə, miqyası və inadkarlığı ilə seçilən "elektrik aksiyaları" ilk gündən Rusiya mediasının diqqət mərkəzinə çevrildi, bir çox analitiklər Ermənistandakı etirazlarda Qərbin barmağının olduğuna işarə etdilər.

Rusiyanın Cənubi Qafqazdakı əsas dayaq nöqtəsi və tamamilə bu ölkədən asılı olan Ermənistanın əldən verilməsi Rusiyanın Qərblə geosiyasi mübarizədə rəqabətliliyini tamamilə itirməsi anlamına gələrdi. Bu səbəbdən də istisna deyil ki, rəsmi Moskva Ermənistanın onun təsiri altından çıxma meyllərini müşahidə edəcəyi halda, Ukrayna hadisələri ilə müqayisədə daha aqressiv mövqe sərgiləyəcək. Hələlik isə vəziyyətin o qədər də gərgin olmadığını görən Kreml Ermənistana hərbi yardım məqsədilə 200 milyon dollarlıq güzəştli kredit ayırmaqla, Permyakovun məhkəmə prosesinin Ermənistanda keçiriləcəyini vəd etməklə ermənilərin könlünü almağa çalışır.

Beləliklə, Ermənistan hakimiyyətinin bundan sonra da indikindən kəskin fərqlənən daxili və xarici siyasət yürüdəcəyi, ölkənin sosial-iqtisadi problemlərini həll edəcəyi qeyri-mümkün görünür. Belə olan halda, ölkədəki sosial narazılıq daha da artacaq. Hətta inqilab yolu ilə hakimiyyət dəyişsə belə, siyasi kursun dəyişəcəyi sual altındadır. Ona görə də Ermənistan cəmiyyəti kifayət qədər çıxılmaz durumda görünür. Bu vəziyyət Ermənistanda daim sosial gərginliyin yüksək həddə qalmasına, kütləvi iğtişaşlar yolu ilə sabitliyin tez-tez pozulmasına gətirib çıxaracaq. Qərbdəki siyasi dairələrin isə bundan Rusiyanın regiondakı mövqelərini zəiflətmək, yaxud da ən azından Kremlə əlavə baş ağrısı yaratmaq üçün istifadə edəcəyi istisna deyil.
Newtimes.az

 
 



Baxış sayı: 2 692
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir Dünən, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək Dünən, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib Dünən, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir 4-09-2026, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 4-09-2026, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib 4-09-2026, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək 4-09-2026, 18:00 Azerbaijan’s mine problem raised in Prague 4-09-2026, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı 4-09-2026, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb 4-09-2026, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova 4-09-2026, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib 4-09-2026, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930