FACT-INFO.AZ » XƏBƏR » Üzeyir Hacıbəylinin zəngin elmi irsinin yeni nəşri
20-09-2019, 08:35 | XƏBƏR
Üzeyir Hacıbəylinin zəngin elmi irsinin yeni nəşri

Dahi bəstəkar, ictimai xadim, alim, pedaqoq, dramaturq, publisist Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılıq fəaliyyətinin mühüm bir hissəsini onun elmi irsi təşkil edir. Bütün ömrünü mədəni tərəqqiyə, maariflənməyə həsr edən bəstəkar Azərbaycan musiqi elminə də ciddi və mənalı işlərilə böyük töhfələr verib.

Ü.Hacıbəylinin elmi irsi, xüsusən də, musiqinin tarixi və nəzəri məsələlərini əks etdirən dəyərli işləri hər zaman musiqişünaslar üçün proqram əhəmiyyəti daşıyıb. Musiqişünaslar daima xalq musiqisinin, musiqi mədəniyyətinin tədqiqi ilə bağlı ən müxtəlif problemlərin araşdırılmasında Ü.Hacıbəylinin dərin və mənalı elmi müddəalarına istinad edərək musiqi elminin inkişafına çalışıblar. Ona görə də Ü.Hacıbəylinin elmi irsinə müraciət etmək, onu öyrənmək və təbliğ etmək hər zaman, müxtəlif dövrlərdə vacib və aktualdır.

Bütün bunları nəzərə alaraq Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, Bakı Musiqi Akademiyasının "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının müdiri, Azərbaycan musiqisi üzrə bir çox internet-layihələrin müəllifi və rəhbəri, "Musiqi dünyası" jurnalının baş redaktoru və naşiri, professor Tariyel Məmmədovun tərtibçisi olduğu "Ü.Hacıbəyli. Azərbaycan xalq musiqisinin əsasları" layihəsinin hazırlanması çox önəmlidir. Belə bir fundamental elmi işin yenidən çap edilməsinə hər zaman ehtiyac olduğundan onun işıq üzü görməsi musiqisevərlər üçün əlamətdar hadisədır. "Şərq-Qərb" mətbəəsində nəfis şəkildə çap edilən, 360 səhifədən ibarət olan kitabın redaksiya heyətini - Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli (sədr); Layihənin elmi redaktoru Azərbaycanın bir çox görkəmli incəsənət xadimləri haqqında dərin və mənalı əsərlərin müəllifi olan akademik, Millət vəkili, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rafael Hüseynov (elmi redaktor); Xalq artisti, professor Arif Məlikov; Bakı Musiqi Akademiyasının tədris üzrə prorektoru, professor Nərminə Quliyeva; Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova; Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Şəhla Həsənova; sənətşünaslıq elmləri doktoru, professor Gülzar Mahmudova; sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova; sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Məmmədova təmsil edir. Kitaba Xalq artisti, professor Tofik Bakıxanov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aida Tağızadə rəy veriblər.

Ü.Hacıbəylinin zəngin elmi irsi toplanan bu kitab öz quruluşuna görə diqqəti cəlb edir. Kitabda Ü.Hacıbəylinin elmi fəaliyyətinin göstəriciləri toplanaraq tam halda nümayiş olunur. Belə ki, burada alimin həm fundamental əhəmiyyətə malik irihəcmli elmi tədqiqat işi olan "Azərbaycan xalq musiqisinin əsasları" əsəri, həm də çox sayda müxtəlif musiqi - mədəni problemlərə həsr edilən məqalələri vəhdətdə oxuculara təqdim edilir.

Məlum olduğu kimi, Ü.Hacıbəylinin 20 illik dərin elmi araşdırmaların nəticəsi olan "Azərbaycan xalq musiqisinin əsasları" əsəri dəfələrlə çap edilib. Lakin bu sonuncu nəşrdə belə bir fundamental elmi-nəzəri tədqiqatın alimin digər elmi məqalələri ilə birgə toplu halında dərc edilməsi onun elmi irsinə kompleks halında, bütöv tam şəkildə baxmağa imkan verir.

Kitabın səhifələrini vərəqlədikcə Ü.Hacıbəylinin müxtəlif illərdə üzərində çalışdığı elmi məqalələri əlifba sırası ilə düzülərək bir-birini maraqlı və bu gün də aktual olan mövzularla əvəz edir. Onun XX əsrin 10-cu illərindən başlayaraq dövri mətbuatda çap etdirdiyi ilk məqalələrindən olan - "Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında", "Opera və dramın tərbiyəvi əhəmiyyəti" adlı nəşrlərində mədəni maariflənmə məsələlərindən başlayaraq getdikcə musiqi sənətinə dair bir sıra vacib məsələlərin daha da dərinləşməsi onun "Vəzifeyi-musiqiyyəmizə aid məsələlər", "Azərbaycan türk xalq musiqisi haqqında", "Xorun yaradılması", "Musiqidə xəlqilik", "Musiqidə tərcümə", "Aşıq sənəti", "Muğamat və xalq mahnılarının ifası haqqında", "Leyli və Məcnun"dan "Koroğlu"ya", "Tarın səsqatarının rekonstruksiyası", "Oxuma mədəniyyəti haqqında" və s. məqalə və məruzələrində öz əksini tapır.

Çoxsaylı məqalələrin mövzu dairəsinin genişliyi və müxtəlifliyi alimin daima axtarışda və fəaliyyətdə olduğunu göstərir. Bu, bir daha onu düşündürən və həllini gözləyən problemlərin aktuallığını sübut edir. Burada Azərbaycan xalq musiqi janrları, onların təsnifatı, ifaçılıq xüsusiyyətləri, folklor nümunələrinin və şifahi ənənəli professional musiqinin toplanması və nota alınması kimi vacib nəzəri məsələlərlə yanaşı, həm də musiqi təhsili ilə bağlı problemlər, bəstəkar yaradıcılığına aid olan vəzifələr, həmçinin, Azərbaycan musiqi mədəniyyətinin inkişafının əsas istiqamətləri haqqında mülahizələr öz əksini tapıb.

Bundan əlavə, Ü.Hacıbəyli ənənələrinin davamçılarının və tələbələrinin, Azərbaycan musiqisinin görkəmli nümayənlərinin öz müəllimi və pərəstişkarı olduğu ölməz sənətkar haqqında söylədikləri xatirələri də kitabda yer alaraq onu daha da maraqlı edir. Burada ilk öncə Ulu öndər Heydər Əliyevin Ü.Hacıbəyli yaradıcılığına verdiyi qiymət və dəyərin ifadə olunduğu dərin məzmunlu fikirləri maraq doğurur. Məlum olduğu kimi, Ümummilli liderimiz H.Əliyev Ü.Hacıbəyli irsini, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolunu yüksək qimətləndirərək daima öz çıxışlarında bunu vurğulamışdır. Dahi bəstəkarın 110 illiyinə həsr edilmiş yığıncaqda Ulu öndərin çıxışı xüsusilə yaddaqalan olub. O, Ü.Hacıbəylinin bütün əsərlərinin mədəniyyətimizin inkişaf etməsinə xidmət göstərdiyini və bu xidmətlərin unudulmaz və əvəzsiz olduğunu nəzərə alaraq dahi bəstəkarın adını əbədiləşdirmək məqsədilə onun doğum gününün respublikada Musiqi bayramı kimi qeyd edilməsi ideyasını irəli sürüb.

Heydər Əliyev bəstəkarın XX əsrin əvvəllərində Azərbaycan milli musiqisinin dünya professional musiqi sənəti ilə qovuşması yolunda misilsiz xidmətini və bu yolda onun nə dərəcədə uzaqgörən, doğru olduğunu çox dəqiqliklə göstərib. Həqiqətən, 1999-cu ildən bu günədək sentyabrın 18-inin Musiqi bayramı kimi qeyd edilməsi bir ənənə halını alaraq Azərbaycan mədəniyyətini əlamətdar hadisələrlə zənginləşdirib.

Kitabda Ü.Hacıbəylinin müasirlərindən olan Bülbülün, Şövkət Məmmədovanın, Əfrasiyab Bədəlbəylinin, Kövkəb Səfərəliyevanın, Səid Rüstəmovun, Həqiqət Rzayevanın, tələbələrindən - Qara Qarayevin, Fikrət Əmirovun, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun, Şəfiqə Axundovanın, Ağabacı Rzayevanın, Məmmədsaleh İsmayılovun, Adilə Hüseynzadənin və başqalarının dahi sənətkar, ustad, vətənpərvər şəxsiyyət, qayğıkeş müəllim, sadə və xeyirxah insan haqqında səmimi xatirələri də diqqəti çəkir. Məlumdur ki, Üzeyir Hacıbəyli haqqında bir çox görkəmli incəsənət xadimləri və alimlər yüksək fikirlər söyləmiş, onun sənətini dəyərləndirmişlər. Lakin kitabda məhz Üzeyir Hacıbəyli ilə sıx yaradıcı təmasda olan, bilavasitə onun himayəsi altında yetişən və sənətə yol açan sənətkarların xatirələrinin yer alması onların yaxın və işgüzar münasibətdə olmalarından xəbər verir.

Bütövlükdə belə bir kitabın işıq üzü gösməsinin Üzeyir Hacıbəyli dühasına dərin ehtiram və hörmət əlaməti olaraq onun elmi irsinin həm mütəxəssislərə, həm də genişoxucu kütləsinə çatdırılmasında böyük rol oynayacağına ümidvaram. Bu, bir daha Üzeyir dühasının təntənəsidir.

Rəna MƏMMƏDOVA

AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor




Baxış sayı: 1 187
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031