Mənim bu dünyada bir Şuşa həsrətim var. Neçə illər öncə Qarabağın çox-çox şəhərlərini, kəndlərini gəzdim. Bircə Şuşanı görə bilmədim. Bu dərd, bu həsrət illər boyu içimdə yaşayır və əslində, bir həsrət ağacına dönmüşəm, yarpaqlarım sapsarıdır və o yarpaqlar ağacdan bir-bir qopub torpağa qarışır.
Əli Mahmud adlı gözəl bir şairimiz var və mən bu nisgilimi ona söyləyəndə gözləri yaşardı.
- Sən Şuşanı görməmisən. Böyük dərddir. Amma mən ömrümün tən yarısını Şuşada yaşamışam. Şuşanın havası ciyərlərimə dolub və məni yaşadan da o havadır, o nəfəsdir. Deyirsən ki, mən bir həsrət ağacına dönmüşəm. Səmimiyyətinə inanıram. Amma Şuşanı sən xəyallarında sevə bilərsən. Sənin həsrətin müqəddəsdi, Şuşanı görməyən hər bir azərbaycanlı belə düşünməlidir, amma bu həsrət ilğım kimidi. Mənim həsrətimsə anasını itirmiş bir oğulun həsrətidir.
Əli Mahmudla bu qəmli söhbətdən sonra onun mənə bağışladığı şeirlər kitabını və bir də çoxlu çap olunmamış şeirlərini oxudum.
Bütün varlığı ilə Şuşaya, Qarabağa, doğulduğu Meşəli kəndinə bağlı olan Əli Mahmudun şeir dünyası ilə tanış olandan sonra - səmimi sözümdür - yeni bir şair kəşf etdim və özümü qınadım ki, bu şairi çox az tanıyıram. Vaxtilə "Şuşa" qəzetində, sonra Bakıda - "Qarabağ" qəzetində redaktor müavini, indi isə "Qarabağa aparan yol" qəzetində redaktor işləyən və jurnalistlik fəaliyyətində də Qarabağ həqiqətlərini car çəkən Əli Mahmud şeirlərində poetik bir "Qarabağnamə" ilə diqqəti cəlb edir. Ancaq bu yeni "Qarabağnamə" nə tarixdir, nə salnamədir, nə də etnoqrafik əsər. Bu "Qarabağnamə" həsrətlə, nisgillə, kədərlə, bəzən də qəzəblə, hirslə qələmə alınıb. Budur, "Şuşada nəyim qaldı" şeiri və bu şeiri oxuyandan sonra mən görmədiyim Şuşanı Əli Mahmudun gözləriylə görə bildim.
Şuşada nəyim qaldı
Qəbrimə nişanə seçdiyim
Mamırlı bir daş.
Gözümə tökmək üçün qoruduğum
Bir ovuc torpaq.
Ürəyimdə bişib,
Dodaqlarımı göynədən
Bircə damla yaş.
Şeir beləcə elegik bir ruhla başlayır və burdakı xatırlamalar təkcə nisgil, həsrət çalarları, rəngləri ilə yox, həm də bu qəmin, kədərin fonunda Şuşanın ağ günlərinin mənzərəsini göz önünə gətirir.
Təsəlli üçün qardaş məzarına
Qoyacağım Xarı bülbül gülü.
Hər səhər şehinə bələndiyim,
Üzümü sürtdüyüm,
Gözümə dürtdüyüm
Maralotu sünbülü.
Sehrli nağılların
Dərin quyularına enən
Qırxpilləkan yolu.
Qoxlanmamış bənövşələrə
Keşik çəkən
Qaratikan kolu.
Mərmər döşənmiş ağ küçələr,
Ulduzları yerə tökülmüş gecələr.
Min illərin sehri, sirri
Yığılmış mücrülər.
Şuşa həsrəti ilə bağlı elə detallar seçilir ki, bunlar o böyük həsrətin meridianlarını genişləndirir. Xan qızı Natəvanın, Vaqifin, Nəvvabın, Bülbülün, Üzeyirin, Zakirin, Cabbarın güllələnmiş məzarları, heykəlləri, Ənvər Paşanın, Soltan bəyin qolları üstündə qalmış şəhidlər, Qan çilənmiş Cıdır düzündə qan rəngli lalələr, "Vağzalı" havası yarımçıq qalan, əlləri qanla xınalanan, gözəllərin ruhları... Şuşa həsrətinin ayrı-ayrı boyalarıdır. Əli Mahmudun bu şeiri nostalji hisslərin tüğyana gəlməsi anlamından uzaqdır. Nostalgiya o zaman yaranır ki, artıq keçmişi itirmisən və indi onu həsrətlə yad edirsən, çünki o keçmiş bir də geri qayıtmayacaq. Amma Əli Mahmudun şeirində itirilmiş Şuşadan yox, itirilməmiş, torpağı, daşı səni haraylayan Şuşa xatırlanır. Canlı, diri Şuşadan söhbət gedir. Hətta keçmiş zaman şəkilçiləri qafiyəyə gələndə də. Şuşanı keçmişdə yox, qarşımızda görürük:
Şuşa şəhərlərin baş şəhəriydi,
Yaddaş şəhəriydi, daş şəhəriydi.
Günəş güllərini öpə bilirdi,
Ulduzlar göz yaşı səpə bilirdi.
O Qızıl qayası səs qülləsiydi,
Allahın sonuncu möcüzəsiydi.
Əli Mahmudun "Şuşadan Şəhriyara məktub" adlı bir şeiri var və o şeirdə Şuşanın sözlə çəkilmiş, rəssam duyğusu ilə qələmə alınmış tablolarını seyr edirik. "Ustad, səni gözləyirik Vətəndə, Kaş görəydin Xarıbülbül bitəndə".Yalnız Şuşada bitən gülün adıdır "Xarıbülbül". Deyilənə görə, başqa yerdə bitməz. Çünki o gül torpağı musiqiylə, şeirlə, məhəbbətlə yoğrulan Şuşada bitər. Şuşadan Tehrana gəlin getmiş Ağabəyim ağa-İbrahimxəlil xanın qızı Vətən həsrətini unutmaq üçün Qarabağdan torpaq və bir də gül-çiçək gətizdirir. Amma Tehran torpağında, yad məmləkətdə "Xarıbülbül" bitmir.
Sarıbaba bu dağların ulusu,
Çarıqbulaq bulaqların sulusu,
Bu yerlərdə gülsən ürəkdolusu,
Qayalarda səsin qalar əbədi,
Mənim Şuşam qədim sənət məbədi.
Cıdır düzü igidlərin oylağı,
Maral yalı gözəllərin yaylağı,
Ceyranqaçan ovçuların ovlağı,
Hər qayanın, hər cığırın adı var,
Çiçəklənmr, ləçəklənir arzular.
Bu şeir Şuşanın hələ bizim üçün nisgilə çevrilməyən xoş günlərində yazılıb. Şuşanın işğalından sonra isə şeirinin ovqatı dəyişir, gözəlliyə, Pənah xanın bünövrəsini qoyduğu, məmləkətin ən möhtəşəm şəhərinə çevirdiyi Şuşa millətin itirdiyi maddi-mənəvi sərvət kimi göz dağına çevrilir.
Ümumiyyətlə, Əli Mahmudun şeirlərində son otuz ilin milli dərdləri əks olunub desəm, yanılmaram. Müasir poeziyamızda milli dərdlərdən yazanlar çoxdu, amma bu dərdlərin poeziyada inikasına gələndə, çox vaxt sözün urvatsızlığı və kəsərsizliyi o dərdi də gözdən salır. Axı, böyük dərdi-Qarabağ dərdini trafaret obrazlarla, gücsüz təşbehlərlə ifadə etmək günahdır.Belə şeirlərdə həzin və lirik duyğularla, qəmli və kədərli notlarla sərt və qəzəbli publisistik ahəng vəhdətdə olur. "Qaçqın və köçkün həmdərdlilərim haqqında poemaya bənzər ağı" şeirinə diqqət edək. "Kim qaçqındı, kim köçkündü"- şeirdə bu adi suallara çox sərt cavablar tapırıq:
Gecəyarı döngələrdə,
dalanlarda
"Ov" gözləyən,
Çil-çıraqlı saraylarda
Hallı-pullu əcnəbini
əzizləyən
Yarıçılpaq məlakələr,
nələr, nələr,
Qaçqın deyil!
Köçkün deyil!..
Azərbaycan şeirinə bu sayaq çılğın və üsyankar nidalar, sözün apaçıq, məcazi örtüyə bürünmədən söylənilməsi o zaman kütləvilik kəsb etdi ki, zaman artıq dəyişilirdi, demokratik ab-hava get-gedə güclənirdi və sanki poeziyanın o gəlinlik örpəyi sürüşüb düşmüşdü, daha incə, müəyyən müddət lirik duyğulara sanki yasaq qoyulmuşdu. Poeziyanın publisistika ilə qaynayıb-qovuşma prosesi göz qabağında idi. İlk baxışda bu prosesdə qeyri-təbii nəsə axtarmaq doğru olmazdı, çünki sözün hansı tərzdə deyilməsi yox, necə deyilməsi əsasdır. Amma bu prosesdə publisistika poeziyanın cövhərini, bədii ifadə tərzini sıxışdırıb çıxarırsa, yerində "4-cü mikrafon" deklamatsiyası cücərirsə, onda vay olur poeziya. Əli Mahmudun şeirlərində yaxşı ki, bu "4-cü mikrofon" təsirini görmədik. Dərd böyükdür və o hisslər ki, yatağına sığmır, onları adi şəkildə, pıçıltıyla, zərif-zərif söyləmək olmaz. Düşmən məlum, havadarları da həmçinin, amma özümüzü də qınamalı, suçlamalıyıq.
Dabbax bələd olub, quru dəriyik,
Deyirik Koroğlu nəvələriyik.
Dözürük, ərəbin dəvələriyik,
Öz evimdə baltalanıb dirəyim
Yıxılmışam yerə dəyib kürəyim,
Vətən, haram olsun bizə çörəyin.
Bu etiraflara Əli Mahmudun digər şeirlərində də rast gəlirik. Amma elə düşünməyin ki, onun şeirlərinin hamısı bu hava üstündə köklənib. Əlbəttə, Şuşa, Qarabağ, Meşəli həsrətiylə alışıb-yanan bir şair-bir Vətən oğlu müvəqqəti itkiylə barışır və ömrünü ah-zarla keçirir. Yox! Əli Mahmud heç vaxt qələbəyə inamını itirmir. Hamımız o inamın bar verəcəyinə şübhə eləmirik. "Qılınc qından sıyrılacaq. Dolan səbr kasamızdı".
İgidlər köhlənlərin
Yalına yatmayıbsa,
Qılıncım yağıların
Qanına batmayıbsa,
Düşmən son silahını
Əlindən atmayıbsa,
Hələ müzəffər ordum
Göyçəyə çatmayıbsa,
Qoparıb qaysağımı,
Duz tök yarama, qardaş,
Mən də qismətim kimi
Göyərməz bir qara daş!
Bu yazıda mən Əli Mahmudun publisistik yazılarından da söz açmağı lazım bilirəm. Çox maraqlıdır ki, şeirlərində ağrı-acısı, ürək hıçqırtısı, Şuşa həsrəti daha çox ifadə olunursa, publisistikasında sərt həqiqətlər, o illərdə Qarabağda, Şuşada baş verən hadisələrə kəskin münasibət öz əksini tapır. Əli Mahmud bu yazılarda bizi o illərə qaytarır, Dağlıq Qarabağda baş verən hadisələri, ermənilərin və onların havadarlarının törətdiyi cinayətləri, A.Volskinin sədri olduğu Xüsusi İdarəetmə Komitəsinin ermənilərin əlində bir vasitəyə çevrilməsi, Azərbaycan rəhbərliyinin qətiyyətsiz hərəkətləri, Şuşada, Xankəndində yerli ziyalıların Volskiyə və onun tərəfdarlarına qarşı çıxışları bu yazıda real müşahidələr əsasında qələmə alınıb. Əli müəllim özü də bu hadisələrin içindəydi, Şuşada, Xankəndindində keçirilən müşavirələrdə "Şuşa" qəzetinin redaktor müavini kimi kəskin etiraz etiraz səsini ucaldırdı, hətta bir müddət həbs olundu.
"Tarixin Meşəli yaddaşı" yazısı isə Əli Mahmudun doğma kəndi Meşəlinin işğalından söz açılır. "Mənim Meşəlim qalası, bürcü, daş kurqanları, ehramları, məbədləri, ağacları, min dərdə dərman olan bulaqları, otları ilə abidəydi. Qırxqız dağının adı da kəndimin qoyun-qoltuğuna sığınmış oğuz sərkərdəsinin daş kurqanlar içərisindəki məzarları ilə bağlı idi... Xudu Məmmədov ulu şairimiz Xəlil Rza Ulutürk, professor Süleyman Əliyarov və başqaları gördükləri möcüzələrə heyran qalmışdılar". Amma bu gözəl məkan da 1988-ci ilin fevralından-ermənilərin torpaq iddiası başlanan günlərdən blokadaya alındı.
Dağlıq Qarabağda ilk şəhid də bu kəndin payına düşdü. Qeyri-bərabər döyüşdə Meşəlinin 29 nəfər dinc sakini qətlə yetirildi... Yandırılmış, külə döndərilmiş Meşəli 40 gün respublikanın torpaq, Vətən qeyrəti çəkə bilməyən rəhbərlərindən kömək gözlədi... Əli Mahmud 75 yaşlı şəhid anası Səyyarəni Şuşanın qədim Mirzəhəsən qəbristanlığında torpağa tapşırır...
Əli Mahmudun Şuşa həsrətli poeziyasını, Qarabağ həqiqətlərini car çəkən publisistikasını həyəcansız oxumaq mümkün deyil. Bu yazıda onun çox yazılarından söhbət aça bilmədim... Amma onun vaxtilə yazdığı bir nikbin şeirində bu misralara bütün varlığımla inandım ki:
Qoşulub dəlisov ildırımlara,
Düşmənin başında od tək çaxanda,
Köhlən ayğırların yatıb boynuna,
Kirsin zirvəsinə birgə qalxanda,
Bizi qələbəyə aparar savaş.
O gün uzaqda deyil, Əli Mahmud
Vaqif YUSİFLİ
Baxış sayı: 3 995