FACT-INFO.AZ » CƏMİYYƏT » Sarsıldıq
23-11-2015, 19:45 | CƏMİYYƏT
Sarsıldıq

Ancaq elə burada da nə otaqlarımıızın sayı çox deyildi, nə də otaqlar geniş deyildi. Səkkiz nəfərdən ibarət ailə üzvlərimiz bax burada əbədi məskunlaşmaq qərarına gəldi. İndi artıq əvvəlkindən fərqli olaraq burada daha asudə nəfəs  almaq imkanımız vardı. Sevincimiz yerə-göyə sığmırdı. Çünki heç bir kimsədən, yəni sahibkardan asılı olmayam bir  ömür yaşamağa başladıq. Tezliklə ətrafdakı qonşularla aramızda təmas yarandı.  Qohum-qonşu təzə mənzilimizi mübarəkə gəldilər. Dünyamız çox dəyişmiş, təzələnmişdi. Sanki sevinc- şadlıq bizi qanadlarına alıb mavi göylərdə uçururdu. Həyətyanı sahəmizin torpağı onu bizə satan ev sahibinin dediyi kimi, məhsuldar torpaq idi. Bir də ki, atalar demişkən, torpaq deyir: “mənə qulluq et, səni dirildim”. Atam da ki, torpağa bağlı insan idi. Elə anam və biz də ondan geri qalmırdıq. Tezliklə atam həyətyanı sahədə torpağa qulluq edib meyvə ağacı, gül kolu, tərəvəz əkib becərməyə başladı. Ərənlərimizin belə bir kəlamı da var: “Bağa baxarsan bağ olar”. Günlər bir-birini qovub aya-ilə calandıqca bu həyətdə özgə cah-cəlal yarandı. Ətrafımızdakı  mənzillərdə öz xalqımızın nümayəndələri ilə yanaşı, ruslar, ermənilər də yaşayırdı. Bağ-bağçanı, yaşıllığı sevdiklərinə görə həyətimizə gəlirdilər. Anam səmimi, mehriban olduğu üçün insanla tez dil tapardı. Tez bir zananda bir neçə azəri qadınla dostlaşmışdı. Necə deyərlər, gənclikdə doğma bacısını itirən anam, özünə bir neçə siqə bacı tapmışdı. Biri həkim, biri tibb işçisi,  o biri isə elə özü kimi evdar qadın idi. Həyətimizə tez-tez başqa yerlərdən gətirilmə -Yerevanın, Tiflisin, Moskvanın istehsalı olan satdıq mallar gətirərdilər. Anam da xoşladığını, həm də imkanına uyğun cehizlik əşyalardan bizim üçün alardı. Deyərdi: “Qızın cehizini gərək uşaqlıqdan alıb yığasan. Bir də görərsən ki, bəxti açıldı. Kasıb adamam, hamısını birdən ala bilmərəm”. Dostlaşdığı qadınlardan birinin gətirdiyi cehizlik əşyalardan götürər, pulunu isə imkanı olanda ödəyəcəyinə söz  verərdi.  Beləcə aralarında get- gəlləri vardı. Zaman keçdikcə yaxın rəfiqəyə çevrıldilər. Biz ona zarafatyana Şəfi xala deyirdik. Kiçik qızına isə Həbi -deyə müraciət edirdik. Qadının 3 qızı, bir oğlu vardı. Həyat yoldaşı da zəhmətə bağlı insan idi. Rayonlara səfər edib maşınla şəhər dükanlarına meyvə daşıyardı. Ucaboy, qarayanız,  suyuşirin qadın idi Şəfi xala. Bakının Dügah kəndindən idi. Sovet dövrünün qadınlarından fərqli olaraq elə anamın özü kimi əsil müsəlmansayağı, yəni suni bəzək-düzəkdən kənar insan idi. Biz ona çox isinişmişdik. Elə bilirdik doğma xalamızdır. Böyük qızları da özünə bənzər qarayanız, uzun hörüklü qızlar idi. Qızlarına toy edəndə anamı dəvət etmişdi. Anamla böyük bacım toylarında iştirak etmişdi. Qardaşım da oğlu ilə dostluq edirdi. Gah böyük qızları, gah da kiçik qızı Həbi ilə bizə qonaq gələrdi. Həbinin ala gözlərə bənzəyən iri qonur gözləri, ağ, göyçək üzü vardı. O biri bacılarından fərqli olaraq saçını qısa kəsdirmişdi.  Bu saç düzümü çox yaraşırdı ona. Dilli- dilavər qız idi. Sanki danışanda ağzından od saçılırdı. Həm dildən iti idi, həm əldən  zirək. Gözəgəlimli qızdı. Gözaltı edənlər vardı onu. Elə bizim də ürəyimizdən keçirdi bu qız. Bir gün eşitdik ki, onun da bəxti açılıb. Ailə qurub. El-obadan xəbər-ətərsiz bu evin kiçik qızı öz yarı ilə əl-ələ verərək qoşulub qaçmış, beləcə öz  yarısına qovuşmuşdu. Ancaq bu şad  xəbərin sonu bəd oldu. Uzun illər keçmədən eşitdik ki, ailəsi dığılıb, artıq qız ata evinə qayıdıb. Eşidib-bilənlər onun halına acıyır, “Tez açılıb, tez də soldu, - deyə heyfslənərək təəssüf hissi keçirirdilər.  Ancaq özü bu dərdini çox da büruzə vermək istəmirdi, həmişə üzügülər, şən görünməyə çalışırdı . Bir dəfə ailə qurmasına baxmayaraq yenə də elçilər düşürdü ona. Şirin dili ilə ilanı yuvasından çıxarmaq qabiliyyətinə malik olan bu qız bir gün eşitdik ki, yenidən ailə qurmağa hazırlaşır. Demək istəyirəm ki, qara qızın bəxti yatan kimi, onun bəxti yatmadı, bəxti- yığvalı iti oldu. İlkində bəxt üstündə çox oturmasa da, sonradan yenidən taxt üstündə oturdu. Amma bunun nə qədər sürəcəyi heç kimə dəqiq bəlli deyildi. Necə deyərlər, insanın bəxti, taleyi bağlı boğçadı, onu nələr gözlədiyini əvvəlcədən bizi xəlq edən ulu Tanrıdan başqa bir kimsə bilmir. Hə, onu deyirdim axı, əslində qara  qızın yox, ağ, göyçək qızın yenidən bəxti açılmışdı, daha doğrusu, bəxtinə gün doğmuş, yollarına ürəyincə olan məqamda doğan günəşin zərrin şəfəqlərindən nurlar ələnmişdi. Çoxları ona qibtə edir, yaxşı mənada paxıllıq edirdi ki, ikinci dəfə  təmtəraqla, el-oba adət-ənənəsi ilə ailə qurur, özü də belə tezliklə xoşbəxtliyin  qapısı üzünə taybatay açılıb, ona buyur, - gəl, bu meydan, bu da şeytan- deyir. Sənə veriləndən- şirin ömürdən imtina etmə”.

Al qırmızı gəlinlik libasında, başında kübar xanımlara xas şlyapa gəlin maşınından düşüb toy zalına “Vağzalı” sədaları altında könlünə yeni həmdəm seçdiyi oğlanla mübarək qədəmini basdı. Dostları-doğmaları başına toplayıb yenidən toy elədi. Toyunda iştirak etməmişdim. Ancaq onu bu heyranedici qiyafədə “Zümrüd” restoranının qarşısında maşından düşərkən uzaqdan seyr etmişdim.

Ailə qurduğu oğlanın ailəsi xalası və başqa qohumları ilə qonşu idi. Öz  ailələri isə mikrorayondan dədə-baba yurdu Dügaha köçmüşdü. Həbi bir müddət təşrif gətirdiyi  ocaqda şirin nağıllara bənzəyən sevdalı günlər-aylar yaşadı. Ancaq haçansa, günlərin bir günü ikinci dəfə xoşbəxt ailə sevinci yaşayan qızın yenidən şirin ömrünə zəhər qatılacağı heç kimin ağlına belə gəlmirdi.

1988-ci ilin dəhşətli, faciələrlə dolu ağır günləri idi. “Yersiz gəldi, yerli qaç”- deyə, “gəmidə oturub gəmiçi ilə dava edən” nankor qonşularımız ermənilərlə azərbaycanlılar arasında elan edilməmiş müharibə başlamışdı. Necə deyərlər, ara qarışıb, məzhəb itmişdi. Xalqı, vətəni qorumaq üçün odlu bölgələrə göndərilirdi vətən oğulları. Onların arasında Həbinin həyat yoldaşı Azər də vardı. Dünyaya gələcək oğlu Orxan hələ ana bətnində ikən gənc ata döyüş cəbhəsinə yollandı. Həyat yoldaşı ondan ayrılanda onun sağ-salamat qayıtmasını, yenidən ona qovuşub xoşbəxt ömür sürməsini dilədi Ulu Tanrıdan. Gecə- gündüz gözləri dola-dola yollara boylandı intizar içində. Arabir həyat yoldaşından məktublar aldı. Uğurlu qələbəylə qayıdacağına böyük ümid bəsləyirdi ciyərparəsi, bətnindəki körpəsinin atasının.

Bir gün gözlənilməz acı xəbəri eşidəndə dünya başına fırlandı. Bu həyatında onun ömrünə vurulan ikinci dəhşətli zərbə idi. Düşmənlə əlbəyaxa döyüşlərin birində ömür-gün yoldaşı həlak olmuşdu. Azərinin köksünü dağlayan vaxtsız itkisindən sonra üzü bir an belə gülmədi. Hələ bu azmış kimi ər evində ailə münaqişəsi başlayır. Sən demə, binəva qızın qara günləri sonraya qalıbmış.

Atalar demişkən: “El-elə sığıb, ev-evə sığmayıb”. Bu gənc xanım elə  sığsa da, hay-həşirli evə sığa bilmədi. Dərd əlindən birdəfəlik baş götürüb qaçmalı oldu. Bir zaman quş tək qanadlanıb uçduğu ata evinə dönməli oldu. Bu nakam məhəbbətin ikinci uğursuz dönüşü idi. Ancaq yenə də ümidini onu xəlq edən Allaha bağlamışdı. Pənahı isə dünyaya gələcək gül körpəsi idi.

Bir zaman  öz heçim- öz köşüm”- deyib qol-qanad açaraq sərbəst yaşamağa alışan, lakin tale ulduzu üzünə gülməyən bu xanım bu uğursuzluqla barışa bilmir. Doğma  ata-ana ocağında deyil, öz körpəsiylə ayrıca mənzildə yaşamağı qərarlaşdırır. Axı, hərənin öz doğma ocağı ona şirindir.Müvafiq orqanlara müraciət edir. Müdafiə  naziri Rəhim Qazıyev  onun şıxsi mənzillə təmin edilməsinə köməklik göstərir. Səbayel rayonunun Badamdar qəsəbəsində onu iki otaqlı, yaraşıqlı mənzillə təmin edirlər. Özü də Müdafiə Nazirliyində işlə təmin olunur.

Həyat yoldaşının ölümündən sonra bədbinliyə qapılmışdı. Övladı ilə birgə ailə üzvlərindən, qohum-əqrəbadan uzaq,  şəxsi mənzilində küskün bir ömür yaşayırdı. İncik-incik hamıdan qaçmağa can atsa da, anası onu gözdən qoymamağa çalışardı. Düz deyiblər ki, “ana bala yolunda canını oda yaxar, onu heç bir kimsə əvəz edə bilməz”. Yuxusuna haram qatıb sübh tezdən oyanar, insanlar işə tələsdiyi bir zamanda təzyiqi və şəkər xəstəliyi olan  yaşlı  qadın Dügahdan Badamdara- qızının dərdi-sərinə şərik olub, ürəyini almaq üçün yanına tələsərdi. Nə yolunun uzaqlığına,  nə də canının ağrımasına məhəl qoymadan beləcə bala cəfasını çəkməyə hazır olduğunu büruzə verirdi.

Bəzən  mən maşından düşüb işə tələsəndə yolüstü onunla rastlaşanda: “Həbigilə gedirəm, onu başsız qoya bilmərəm, balam darıxar”, - deyə qəmli-qəmli köks ötürərdi.

Telefon əlaqəmiz  vardı. Arabir həm onunla, həm də anası ilə zəngləşirdim. Bir dəfə işə gələrkən təsadüfən Həbinin özü ilə avtobusda rastlaşdım. Harada yaşadığını soruşanda: “Badamdarda, öz evimdə, Orxanımla, - deyə cəld cavab verdi. Əlində gül vardı. Hara getdiyini soruşdum. “Yoldaşının qəbrini ziyarətə getdiyini söylədi. Düzü bu bəd xəbərdən həddən ziyadə sarsıldım. Axı, uzun illər tanıdığım bu xoşxasiyyət, gözəl, həm də zahirən çox gənc görünən qadının dilindən mənim üçün bu bəd xəbəri eşitmək o qədər də asan deyildi. Özümü saxlaya bilməyib onunla birgə ağladım. Doğrusu, heç inanmağım da gəlmirdi. Ancaq bilirdim ki, bu bəd əməl  torpaq iddiasını ortaya atan, çörəyi dizinin üstündə olan, türkün qanına susamiş məlun qonşularımızın işidir.

Nə etməli, görünür, onun da bəxtinə bu yazılmışdı. Taleyi ilə barışmalı idi. Körpə Orxanına canından can, qanından  qan verərək nəvazişlə böyüdürdü bu geniş dünya başına dar olan mənzilində,

Biz  bağ  evimizdən hökumət evindəki yeni mənzilimizə köçəndən sonra oğlu ilə birlikdə bizə qonaq gəlmişdi. Uşaq məktəbli idi. O vaxta qədər onu heç yerdə görməmişdim. Bu mənim üçün sevindirici oldu. Oğlu eynilə özünə bənzəyirdi. Üzünün quruluşu, gözləri elə oxşayırdı ki, elə bil cüt alma idilər. İri, işıqlı gözlərini oğlunun gözlərinə zilləyib  gülümsəyərək  onu əzizləməyə başladı. Duydum ki, yoxluğu qəlbini dara çəkən  Azərinin ətrini gözünün ağı-qarası, ağzında dili kimi bəslədiyi, ömrün şirin payı və yadigarı Orxanından alır.

Məktəbi bitirdikdən sonra bütün gənclər kimi Orxan da vətənin keşiyini çəkmək üçün əsgər gedir. Cəbhə bölgələrindən birində öz əsgəri borcunu yerinə yetirir.

Bir-birimizə müntəzəm gediş-gəlişimiz olmasa da, zəngləşib hal-əhval tutardıq, olub-keçənlərdən hali olardıq. Bir gün mənə  zəng  etdi. Sevincdən ağlayırdı.  Ancaq səsi qəhərli idi. Nə baş verdiyini soruşdum. Dedi: “heç nə olmayıb, Orxanımın şad günüdür, sizi də dəvət edirəm, evimə qonaq gəlin. Gözümün ışıgı, ömrümün yaraşığı bircə balam vətənə oğulluq borcunu verib, sağ-salamat evimə qayıdıb. Mənim üçün bundan böyük sevinc, fərəhmi olar?!

Sevincdən mənim də gözlərim yaşla doldu. Bu şənlikdə iştirak etməyə razı oldum. Getdim bu əsgər balanın görüşünə. Binanın həyətindən içəri daxil olanda Orxan əsgər geyimində  pillələrdə məni qarşıladı. Qucaqlaşıb görüşdük. Doğma bacımın övladı sayaq əzizlədim onu. Evə gəlib qonaqlarla salamlaşıb, görüşdük. Demək olar ki, çoxu illərdən bəri tanıdığım insanlar- onun doğmaları idi bu insanlar. Onun öz toyunda iştirak etməmişdim, ancaq bircə balasının şad günündə evinin qonağı oldum. Ətrafa göz gəzdirəndə, dolub-boşalan otaqlardakı insanların üzündəki şadlıq hissini duyanda bir şad günü, sanki onun özünün toy gününü xatırladım.
Nailə Süleymanlı

 

 




Baxış sayı: 2 349
Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir Dünən, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb Dünən, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib Dünən, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb Dünən, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan Dünən, 15:00 Zelenski ABŞ-dən "Patriot" raketlərinin ən azı 5 faizini Ukraynaya satmağı xahiş edib Dünən, 10:30 İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi Dünən, 10:00 BDYPİ piyadalara müraciət edib: “Yol təhlükəsizliyi hər kəsin düzgün davranışından başlayır” Dünən, 10:00 Türk dünyasında diasporun rolu müzakirə edilib Dünən, 10:00 Türkiyə Prezidenti: Seçkilər fələstinlilər arasında barışığın təmin olunması üçün vacibdir Dünən, 09:30 Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb 12-08-2026, 21:00 "Onun adındakı işıq"  12-08-2026, 20:00 Müdafiə Nazirliyinin rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub 12-08-2026, 17:00 Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir 12-08-2026, 16:30 Səfir: Azərbaycan ABŞ-dan minatəmizləmə texnologiyaları sahəsində dəstək gözləyir 12-08-2026, 15:00 II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə işıq salacaqmı? 12-08-2026, 12:30 “Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb 12-08-2026, 10:00 Bu gün Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür 12-08-2026, 09:30 Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük 12-08-2026, 08:30 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır 12-08-2026, 08:00 Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu 11-08-2026, 18:30 Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq Xartiyasının icrasını müzakirə ediblər 11-08-2026, 18:30 Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media 11-08-2026, 16:30 Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb 11-08-2026, 15:30 DİN onlayn alış-verişdə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib 11-08-2026, 15:30 Xalq şairinin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb 11-08-2026, 15:00 Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz 11-08-2026, 11:30 Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək 11-08-2026, 11:00 ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb 11-08-2026, 10:00 BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib 11-08-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31