FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Vətənə, dilə aşiqlik...
24-04-2018, 12:05 | TƏDQİQATLAR-ANALITIKA
Vətənə, dilə aşiqlik...

Vətən övladı vətənin coğrafi təbiətinə, iqliminə, relyefinə uyğunlaşır və bu uyğunlaşma əsasında yaşayır. Coğrafi təbiətin, iqlimin, relyefin imkan vermədiklərini öz həyat tərzinə yaxın buraxmır. Həyat tərzinin özü də istər-istəməz dilin formalaşmasında mühüm rol oynayır. Bu mənada türkün həyat tərzinin dilə təsirini də unutmaq olmaz. Məsələn, türklər tarixən at belində, at üzərində döyüşmüş, vuruşmuş və yaşamışlar. Bozqır çöllərin relyefi və at belində olmaq türklərin uzun-uzadı danışmasına imkan yaratmamışdır. Onlar təkhecalı sözlərlə cümləni, cümlənin bildirdiyi mənanı ifadə etmişlər.

Təkhecalı feillər əmr formasında bir növ hərb dilinə uyğun səslənmişdir: gəl!, get!, vur!, dur!, qır!, at! və s. Təbii ki, bu hal – təkhecalı feillərin hərb dilinə uyğunluğu türk dillərinin, o cümlədən Azərbaycan dilinin möcüzəli xüsusiy¬yət¬lərin¬dən biridir. Təkhecalı feillərlə yanaşı, ikihecalı, üçhecalı feillərin də hərb dilinə uyğunluğunu görməmək mümkün deyil. Məsələn, ağna!. ağrı!, ara!, apar!, söylə!, yüyür!, çağır!, alazla!, sadala, tolazla! və s. Türk dillərində feillərin hərb dilinə uyğunluğu onu göstərir ki, bu, qədim türklərin həyat tərzi ilə bağlı olmuş, günümüzə qədər qorunub saxlanılmışdır.

Hər hansı bir dilin lüğət tərkibindəki alınma sözlərin həmin dilin qrammatik quruluşuna, qayda-qanunlarına uyğunlaşdırılması bir zövq məsələsidir. Bu zövq məsələsində də Azərbaycan dilinin imkanları genişdir. Dilimizin lüğət tərkibində olan ərəb, fars, monqol, avropa və s. mənşəli sözlər Azərbaycan dilinin qrammatik quruluşuna və qayda-qaynununa uyğunlaşmışdır. Azərbaycan dilinin özü alınma sözləri qəbul etmiş və mənimsəmişdir. İndi həmin sözlər Azərbaycan dilində səslənir və Azərbaycan dilinin qayda-qanunlarına uyğun işlənir. Dilin özünün qəbul etdiyi, bəyəndiyi, vətəndaşlıq hüququ verdiyi sözlər bir daha Azərbaycan dilinin möcüzəli təbiəti ilə bağlıdır. Torpaq hər bitkini yetişdirmədiyi kimi, dil də hər sözü qəbul edib, ona vətəndaşlıq hüququ vermir. Hansı dil bunu bacarırsa, deməli, həmin dilin zövq imkanları genişdir. Bu mənada Azərbaycan dili zövq imkanı geniş olan dildir. Öz zövqünün imkanlarına uyğun olaraq təkcə milli sözlərin deyil, həm də alınmaların dildə duruş gətirməsinə imkan yaradır. Onu da qeyd edək ki, dildəki sözləri, kəlmələri duyan, sevən və işlədən həmin dildə danışan insanlardır. Bu mənada Azərbaycan dilindəki milli sözlərlə yanaşı, alınma sözləri duyan, sevən və işlədənlər cəsarətli insanlardır, yəni azərbaycanlılardır.

Onlar milli sözlərlə yanaşı, alınma sözləri, kəlmələri işlətmək və bugünkü günə gəlib çıxarmaq cəsarəti ilə Azərbaycan dilini gözəlləşdirmiş, inciyə, sədəfə çevirmişlər. Bunu anlamamaq ata-babalarımza, ana-nənələrimizə qiymət verməmək olar. Deməli, Azərbaycan dilindəki milli sözlərlə yanaşı, alınma sözlərə dəyər vermək ata-babalarımıza, ana-nənələrimizə dəyər verməkdir. Bir məsələyə də diqqət yetirmək lazımdır. Bu da odur ki, Azərbaycan dilinin lüğət tərkibindəki alınma sözlərin, əcnəbi sözlərin olması azərbaycanlıların başqa xalqlarla əlaqəyə girmək mədəniyyətidir. Başqa xalqlarla əlaqənin ən bariz göstəricisi dildir. Bu baxımdan Azərbaycan dili başqa xalqlarla əlaqədə söz alış-verişinə hazır olmuşdur. Söz alış-verişinə hazır olmağın özü də dil mədəniyyətidir. Hər dilin qadir olmadığı dil möcüzələrindən biridir. Azərbaycan dilindəki söz alış-verişinin səviyyəsi göstərir ki, dilimizin mədəniyyət dili kimi möcüzəsi də yüksəkdir.

Hər birimiz iki şeyi sevməli və qorumalıyıq. Onlardan biri vətənimiz, digəri isə dilimizdir. Hər ikisinə olan sevgi və hər ikisinin qorunması digər dəyərlərimizin sevilməsinə, qorunmasına ən böyük yardımçı, ən böyük dayaqdır. Ona görə də hər bir kəs doğma ana dilini, Azərbaycan dilini, vətənini sevmək dərsini öyrənməlidir. Doğma ana dilini – Azərbaycan dilini sevmək dərsi deyəndə vaxtilə Birinci Türk Dili Qurultayında aydınlar qarşısında çıxış etmiş görkəmli ədib Halid Ziya Uşaklıgilin dedikləri yada düşür. O deyir: “Mən türkcənin əzəli bir aşiqiyəm. Hamımız elə deyilikmi? Mən türkcəni müxtəlif dövlərində, müxtəlif paltarlarla, müxtəlif şəkillərdə gördüm və sevgilimi o libaslar altında, öz cövhərində sevdim.

Mən əski Babıalı (katiblərindən eşitdiyim bəzəkli dili) sevdiyim kimi, (Bab-ı Ali sadələşdirilmiş şəkildə Babıalı Osmanlı dövləti dövründə Sədrəzəm sarayına verilən addır. XVIII əsrin sonlarına yaxın bir dövrə qədər Paşa sarayı, Paşa qapısı, Bab-ı Asafı kimi adlarla tanınan Sədrəzəm sarayına I Əbdülhəmid zamanından etibarən Bab-ı Alı deyilməyə başlamışdır. Osmanlı dövləti Bab-ı Alıdan idarə olunurdu. Ərəbcə “qapı” mənasında olan bab ilə farsca “uca” anlamında ali sözünün birləşməsindən yaranmışdır – B.X.) Ağsarayda qarpız sərgisində müştəri yığmaq üçün çağıran Türk dəliqanlısının dürlü zarafatlarla dolu türkcəsini də sevdim.

Mən divan ədəbiyyatının gözəlliyi ilə məst oldum. Fəqət sevgili İzmirimin (İzmirdə hər cür qədim, qaçaq, oğurluq malın tapıldığı məkan – B.X.), İki Çeşməlik qızının əncir qurudarkən söylədiyi türkü ilə də məst oldum. Mən o sevgilini atlas şalvarıyla, başının üzərində altun işlənmiş toqqasıyla (dingəsiylə – B.X.) gördüm. Mən onu pərişan könüllü şairin:

O gül-əndam bir al şala bürünsün yürüsün

Ucu könlüm kimi ardınca sürünsün yürüsün.

beytində olduğu kimi, bir al şala sarınıb yürüdüyünü görərək də sevdim.

Başında qotazı (qədimdə qadınların bəzək üçün saçlarının üstünə taxdığı rəngarəng və müxtəlif formalı başlıq, bəzi quşların başında olan tüklər – B.X.), belində qurşağı, sədəf oymalı taxta divan üzərinə uzanmış; yaxud Sadabadda (Sadabad//Sadabat tarixi kompleksi İranın paytaxtı Tehranda yerləşən saraydır. 8 iyul 1937-ci ildə Sadabad//Sadabat sarayında Türkiyə, İran, İraq və Əfqanıstan arasında İtaliyanın Ortadoğudakı siyasətinə qarşı müdafiə məqsədilə bağlanan saziş də bu adla tanınır – B.X.), Göysuda (Göysu//Göksu Türkiyədə çaydır. 1190-cı ildə üçüncü Xaç yürüşü vaxtında Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossa bu çayda atdan düşüb boğulmuşdur – B.X.) seyranə çıxmış halıyla da gördüm, yenə sevdim. Fəqət təbiətdə hər şey təkamüldən, inqilabdan ibarət olduğu üçün hər dövrün zövqü də eyni olmur.

Mən son dövrün, İpəkişin (İpəkiş//İpekiş Bursada yerləşir. 01 oktyabr 1925-ci ildə Atatürkün dəstəyi ilə Bursa Toxuculuq Fabriki – İpekişin əsası qoyulmuş, 1927-ci ildə fəaliyyətə başlamış, ipək istehsalı sahəsində böyük rol oynamışdır – B.X.) kəpənək qanadı qədər incə, zərif, dörd metrlik qumaşıyla geyinmiş, başında kiçicik papağıyla, bir ruzigar kimi, qaldırımlar üzərində səkə-səkə yürüyən və ruzigarmı onu götürür, omu ruzigarı sürüklüyür deyə, insanı şübhəyə salan halı ilə də türkcəni gördüm və sevdim”.

Halid Ziya Uşaklıgil türk dilini sevməyi bu cür anlatmağa çalışmışdır. O, Mustafa Kamal Paşanı türkcənin aşiqi hesab etmişdir. Türk dilinin tarixində son dil inqilabının Atatürklə bağlı olduğunu qeyd etmişdir. Atatürkün Günəş-Dil nəzəriyyəsinə görə, türkləşmiş hər sözü türk dilinin sözü kimi qəbul etməsi anlayışını təbii saymışdır. Halid Ziya Uşaklıgil yazır: “Atatürk bu anlayış (Günəş-Dil nəzəriyyəsinə görə, türkləşmiş hər sözü türkcə saymaq anlayışı – B.X.) içərisində ölmüşdür. Bu səbəblə, eyni anlayış bizə yalnız tariximizdəki saysız ataların deyil, son olaraq Atatürkün də mirasıdır.

Çünki Mustafa Kamal Paşa çox qısa bir zamanda çevrəsindəki saxtakarlardan ayrılaraq, türkcəni həqiqi aynasında görmüşdü.

Türkcə budur və bundan sonra da belə olacaqdır”. Halid Ziya Uşaklıgil Mustafa Kamal Atatürkü türkcənin aşiqi hesab etməklə yanaşı, türk dilinin bir qədim aşiqinin də adına qayıdır. O da “Divani lüğət-it-türk” əsərinin müəllifi Mahmud Kaşğaridir. Mahmud Kaşğarinin XI əsrdə Bağdadda yazdığı lüğətdə söylədiyi “Türk dilini öyrənin! Çünki türklərin uzun sürəcək hökmranlığı olacaqdır” fikri həqiqət kimi səslənir. Hər iki türk dili aşiqindən güc alaraq Nihad Sami Banarlının söylədiyi “Türk dilini seviniz! Çünki türklərin ən azı geçmişləri qədər böyük gələcəyi olacaq və bu gələcək o keçmişə dayanacaqdır” fikri bütün zamanlar üçün söylənilmiş fikirdir. Bu fikirlər onu deyir ki, dil sevgisi ilə yaşayan hər bir kəs öz doğma dilinə məhəbbət və istəklə yanaşmalıdır. Və Azərbaycan dilinə sevgini, aşiqliyi əzəli və əbədi sevgiyə, aşiqliyə çevirməlidir. Dilimizi öz cövhərində sevməlidir.

Onun loru qolunu da, küçədə, bazarda işlənən qolunu da, bizi öz möcüzəsi altına salan, məst edən ədəbi-bədii və poetik qolunu da sevməklə yanaşı işlətməlidir. Azərbaycan dilini nağıllarımızda, dastanlarımızda, folklor nümunələrimizdə, ana-nənələrimizin laylalarında, kənd-kəsəyimizdəki məhəlli sözlərimizdə, dialekt və şivələrimizdə, xalq mahnılarımızda, inək və qoyun sağarkən ana-bacılarımızın eydirmə nəğmələrində, torpağı əkib-becərən əkinçilərin nəğmələrində sevməli və sevdirməliyik. Azərbaycanımızın hər bir kəndinin, qəsəbəsinin, şəhərinin ətrini doğma ana dilimizdən almağı bacarmalıyıq. Əsən küləklərdə, yağan yağışlarda, axan çaylarda Azərbaycan dilinin ətrini duymaq hissini artırmalıyıq. Hissimiz və duyğumuz o qədər güclü olmalıdır ki, təmasda olduğumuz hər bir şeydə Azərbaycan dilinin nəfəsini, ruhunu, təbiətini, gücünü axtarıb tapmalıyıq. Aşiq olanlar hansı əzab-əziyyətə qatlanırsa, doğma ana dilimizin aşiqləri də həmin əzab-əziyyətə qatlanmaqdan usanmamalıdır. Aşiqlik usanmağı, yorulmağı sevmir. Dilə aşiqlik də belədir. Onun yolunda cəfa çəkməlisən, onda səfasını da görəcəksən.

Buludxan Xəlilov, Dil Komissiyasının üzvü, filologiya üzrə elmlər doktoru, professor




Baxış sayı: 1 713
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031