FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » "Qarabağın dostları və düşmənləri" silsiləsindən
1-10-2024, 19:00 | TƏDQİQATLAR-ANALITIKA
"Qarabağın dostları və düşmənləri" silsiləsindən

Vasif QULİYEV

Bir qədər erməni tayfası haqqında

 

Yeri, yurdu, vətəni, milləti bəlli olmayan erməni tayfası tarix boyu bu diyardan o diyara, bu məmləkətdən o məmləkətə axışmış, özlərinə münasib yaşayış yerləri taparaq, xüsusilə, dağlıq ərazilərdə məskunlaşmışlar. Hələ orta əsrlərdə - Əmir Teymurun vaxtında onların bir qismi də Azərbaycana gəlmiş, öz lövbərini həmişəlik olaraq Araz çayının hər iki sahilində salmışdı. Səxavətli Azərbaycan xalqı da öz isti qoynunu onlara geniş açaraq vətənsiz, qərib, yazıq, eyni zamanda çörəyi dizinin üstündə olan bu tayfaya ürəyinin başında, əsasən də, Qarabağda yer vermişdir. Daha doğrusu, onların özləri-özlərini bu torpağa pərçim etmişdilər. Tarixə kiçik bir nəzər yetirsək, erməni tayfasının toxumunun Qarabağ torpağına necə düşdüyünün və necə inkişaf edib cücərdiyinin şahidi olarıq.

On altıncı əsrin sonları və on yeddinci yüzilliyin əvvəllərində Zaqafqaziyada ümumi siyasi vəziyyət daha da kəskinləşmiş, İranla Türkiyə arasında mübarizə qızışmışdı. İran hökmdarı I Şah Abbas osmanlılar üzərində qələbə çalmaq üçün daxili və xarici siyasətdə bir çox dəyişikliklər eləməyə başladı. O, qələbəsini təmin etmək məqsədi ilə vaxtilə Araz çayının sağ və sol sahillərinə səpələnərək mühacir həyatı yaşayan erməniləri - "Əmir Teymurun yadigarları"nı tamamilə öz tərəfinə çəkmək yolu ilə İran üçün həm sosial, həm də hərbi dayaq yaratmaq istəyirdi. Ona görə də Şah Abbas erməniləri şirnikləndirərək bir yerə toplayıb, onların yığcam şəkildə yaşamaları üçün Qarabağın cənub-şərq və şimal-şərq rayonlarını beş inzibati siyasi əraziyə böldü. Burda məlikliklər yaratdı və ilk dəfə olaraq "məlik"1 titulunu təsdiq elədi (1. "Məlik" ərəb sözüdür, "hakim, hökmdar, knyaz" mənasını verir). Osmanlılarla mübarizədə ona göstərdikləri köməyə görə Şah Abbas xüsusi fərmanlarla bu titulu mükafat olaraq ermənilərə bağışladı. Əraziləri bir-biri ilə həmsərhəd olan və bir-birindən təbii dağ silsilələri ilə ayrılan məlikliklərin sayı beş olduğundan onlara birlikdə "Xəmsə"("Xəmsə" ərəbcə "beş" deməkdir) məlikləri də deyirdilər.

Bəs bu məlikliklər Qarabağa hardan gəlmişdilər və hansılar idilər? Bu sualın cavabını o dövrün görkəmli tarixçilərinin əsərlərində tapmaq olar. XIX əsrin məşhur Qarabağ tarixçisi Mirzə Adıgözəl bəy özünün "Qarabağnamə"("Qarabağnamə", I cild, "Yazıçı" nəşriyyatı, 1989-cu il, səhifə 36-37) əsərində onlar haqqında belə  məlumat verir:

"Bu məlikliklərin biri Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O, Loridən qaçıb-gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmri ilə məliklik taxtında oturub, hörmət qazanmışdır.

İkincisi Vərəndədir. Məlikləri Məlik Şahnəzərlilər olmuşdur. Onlardan daha qədim bir nəslə mənsub və daha çox etibar sahibidirlər. Əsilləri də Göyçə əsilzadələrindəndir. Sonra ordan qaçaraq gəlib, Qarabağda Vərəndə mahalının məliklik camından sərxoş olmuşlar.

Üçüncüsü Xaçındır. Məlikləri Həsən Cəlalyan övladlarıdır. Onlar riyasət gəlininə gözəllik verib (hökmran olmuşlar). Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra bu mahalın müstəqil bir məliyi olmamışdır. Buna görə məliklik pərisi hər an bir şəxsin məclisinin saqisi olmuş və hər vaxt bir hərifi sərxoş etmişdir. Axırda mərhum Pənahəli xan Cavanşiri dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub, Qarabağ vilayətinin bütün sahəsini calal və dəbdəbə ilə işıqlandırdı. Bu zaman xınzırıstanlı Məlik Mirzəxan özünün gözəl iradə və sədaqətli əqidəsinə görə, bu əbədi dövlət məmurlarının əmri ilə məliklik sikkəsini gümüş kimi saf olan adına kəsdirdi. Ondan sonra da oğlu Məlik Allahverdi və nəvəsi Məlik Qəhrəman "hər kəsin növbəti beş gündür" misrasının məzmununca  "məliklik bayrağı"nı göylərə qaldırdılar.

Dördüncüsü Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri Mağavizdən gəlmədir. Bunlar gəlib Çiləbörddə məlik olmuş, Tərtər çayının ortasında vaqe ən möhkəm bir məmləkətdə yerləşmişlər. Çox çətin bir yolu olan Cermux (Çiləbördün müxtəsər adıdır) qalasını özlərinə məskən, sığnaq və mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş və böyük bir şöhrət qazanmışlar. Nadir şahla Osmanlı sərəsgəri Köprülü oğlu Abdullah paşa arasında olan müharibədə Məlik Allahqulu çox şücaət və igidlik göstərdi. Nadir şah  məliklik xələtini onun qabiliyyətli vücuduna layiq görmədi, ona sultanlıq rütbəsi və xələti verdi. O (Nadir şah), əmr etdi ki, bundan sonra xas və avam camaata ona mülki deyil, sultan desin. Doğrudan da, onlar dəbdəbəli qədim bir ocağa (ailəyə) mənsub imişlər.

Beşincisi Talış (Gülüstan) mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan gəlmədir. Bir müddət Talış kəndində sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişdi. Sonralar Məlik Usub Gülüstan qalasını zəbt edərək orda sakin olmuşlar".

Topoqrafik və iqlim şəraitinin son dərəcə müxtəlifliyindən, yerin dəniz səviyyəsindən hündürlüyündən, dağ zirvələrinin yaxınlığından, dağların istiqamətindən, yağıntının miqdarından və sairdən asılı olaraq Qarabağ məliklikləri bir-birindən fərqlənirdi.

Vərəndə məlikliyi. Aran rayonu hesab olunurdu və çox da hündür olmayan təpəşəkilli yaylada yerləşmişdi. Onun kəndlərinin yalnız cüzi hissəsi dağlıq zolaqda idi. Cənub tərəfə yönələn və şimaldan soyuq küləklərdən qorunan məlikliyin isti, yumşaq iqlimi vardı və bunun sayəsində də burda nəinki üzüm və tut, hətta pambıq da yetişdirilirdi.

Dizaq məlikliyi. Cənub-şərq tərəfə enişliyi vardı. Onun böyük hissəsi Hadrut dərəsində - çökəkdə idi. Öz başlanğıcını burdan götürən çaylar axıb, Araza tökülürdülər. Burda yay isti, qış isə mülayim keçirdi.

Xaçın məlikliyi. Meşələri zəngin idi. Yalnız Xaçın dərəsi ilə ayrılan başdan-başa dağ massividir. Xaçın çayı dərənin dibi ilə axır. Xaçın məlikliyi Qarabağın dağlıq rayonlarına aid idi. Məlikliyin əksər kəndləri dağlıq, az hissəsi isə dağətəyi zonadır. İqlimi mülayim-soyuqdur. Üzüm və tut kimi mədəni bitkilər burda çox az yayılmışdır və hər yerdə bitmir.

Craberd məlikliyi. Məliklikdə müxtəlif tərəflərə uzanan dərələr əkinçilik üçün əlverişli olan böyük hövzə Tərtər çayı vadisini yaratmışdır. Şərq hissəsi arana keçərək pambıqçılıq, çəltik və başqa bitkilərin becərilməsi üçün geniş sahə yaradırdı. Məlikliyin qərb hissəsi isə qalın meşələr və yaylalarla örtülmüş, hündür dağ silsilələri ilə əhatə olunmuşdu. Yaşayış məntəqələrinin əksəriyyəti dağlıq zonada, qalan hissəsi isə dağətəyi və aran sahələrdə yerləşmişdi. Aran yerlərdə iqlim quru və mülayim, dağlıq yerlərdə isə mülayim-soyuqdur. Dağlıq zonada çoxlu yağıntı olur.

Talış (Gülüstan) məkliyi. Bu məliklik də Qarabağın dağlıq rayonlarına aiddir. Onun nisbətən quru iqlimi var və heyvandarlıq üçün əlverişli yerdir (M.Mustafayev. "Qarabağ xanlığının iqtisadiyyatı". "Əlyazmalar hüququnda", Berlin, 1949-cu il, səhifə 4-5).

...Şah Abbas məliklərə böyük imtiyaz vermişdi. Ali hakimiyyət başında şahın fərmanı ilə təyin edilmiş feodal-məliklər dururdu və onlar qeyri-məhdud hakimiyyətlə idarə edir, hökm verirdilər. Özlərinin məhkəməsi və divanları, öz təbəələrini itaətdə saxlamaq, istismar etmək, hətta mühakimə və edam etmək hüquqları da vardı.  Ermənilərin "Ağvan" əlavə titulu daşıyan katolikosları dini işləri idarə edirdi. Məliklərin eyni zamanda möhkəmləndirilmiş qalaları və qəsrləri vardı. Onların ailələri, əyanları, xidmətçiləri burda yaşayırdılar. Məliklər həm də min nəfərlik xüsusi qoşun dəstələrinə malik idilər. Bu silahlı dəstə ilə özləri yeri gələndə qonşu ərazilərə hücumlar edir, həmçinin xarici basqınlardan müdafiə olunurdular. Məliklər şahdan asılı idilər və ona vergi verirdilər. Şah Abbas dövründə Qarabağ məliklərinin ictimai quruluş forması belə idi.

Ticarəti böyük var-dövlət və sərvət mənbəyi kimi görən Şah Abbas ölkədə onun inkişafına hər cür səy göstərirdi və bu sahədə erməni tacirlərinin bacarığına və fərasətinə yaxşı bələddi. Ona görə də ipək ticarətini demək olar ki, tamamilə ermənilərin ixtiyarına vermiş, onları bu işə daha geniş şəkildə cəlb eləmişdi. Şah Abbas bu məqsədlə Culfada köçkünlərdən ibarət xüsusi erməni koloniyası yaratmış, kilsələr tikdirmiş, əhalisinin sayını artırmağa başlamışdı. Təsadüfi deyildi ki, XVII əsrin əvvəllərində Culfada artıq otuz minə qədər əhali vardı. Çox çəkmədən bu şəhər İngiltərə, Fransa, Niderland, Rusiya, Hindistan və sair ölkələrlə geniş ticarət əlaqəsi olan iri bir mərkəzə çevrilmişdi. Şah Abbas bu vasitə ilə də Avropa dövlətləri ilə yaxın diplomatik əlaqələr yaratmağa və osmanlılara qarşı mübarizədə ermənilərdən istifadə etməyə çalışırdı. Şahla erməni tacirləri arasında yaranan "dostluq münasibətləri"nin əsası isə hər iki tərəfin maddi marağının təmin olunması idi. Əgər hər hansı bir erməni taciri İran-Osmanlı ziddiyyətlərindən istifadə edə bilirdisə, demək, o, varlana bilərdi. Şah Abbas İran torpağında Osmanlı qoşunlarını dolanışıq vasitələrindən məhrum etmək və bununla da öz sərhədlərini düşmən hücumlarından qorumaq üçün İrəvanla, Naxçıvanla, Təbrizlə Türkiyə sərhəddi arasında süni sürətdə məhsul verməyən səhralar yaratmaq fikrinə düşdü. O, bütün əhalini üç gün ərzində bu yerlərdən köçürmək və Arazın bütün sol sahilini Kirs dağına (Kirs dağı Şuşa ərazisindədir. Qarabağ silsilələrinin ən yüksək zirvələrindən sayılır) qədər tamamilə boşaltmağı əmr etmişdi. Əhalinin geriyə - öz yer-yurdlarına qayıda bilməməsi üçün düşmənin yolu üstündə yerləşən bütün kəndləri, tikililəri, meşələri, taxıl ehtiyatlarını yandırmağı, quyuları zəhərləməyi və sair əmr eləmişdi.

I Şah Abbasın hakimiyyətindən sonra İran iqtisadi, siyasi tənəzzülə uğradı, öz qüdrətini qoruyub-saxlaya bilmədi və Səfəvilər dövləti dağıldı. İranın Zaqafqaziya torpaqları Rusiya və Osmanlı dövlətləri tərəfindən işğal olundu.

Təxminən yüz il sonra Nadirqulu İran taxt-tacına sahib oldu. 1736-cı ildə şah seçilərkən çoban nəslindən olduğu üçün onun ölkə başçısı seçilməsinə qarabağlılar etiraz etdilər. Ona görə də Nadir şah taxta çıxandan sonra onlardan hayıfını çıxmağa başladı. Dərhal Xəmsə məliklərinə əmr elədi ki, daha Qarabağ bəylərbəyliyinə yox, birbaşa onun özünə, ya da qardaşı, Azərbaycan valisi İbrahim xana tabe olsunlar. Üstəlik də, Qarabağ məliklərinə böyük imtiyaz verdi. Onları öz tərəfinə çəkmək üçün məliklərin titulunu və torpaqlarını xüsusi fərmanlarla təsdiq elədi, bəzi nümayəndələrini ətrafına topladı. Qarabağ bəylərbəyliyini ləğv edib, onun tərkibində olan Borçalı və Qazax mahallarını Kartli-Kaxetiya çarlığının tabeliyinə keçirtdi. Qarabağda ona müxalif mövqedə dayanan Qacar, Cavanşir, Otuziki, Kəbirli tayfa birliklərini cəzalandıraraq Xorasanın Sərəxs mahalına köçürtdü. Nadir şah da öz sələfi I Şah Abbas kimi Qarabağın tifaqını belə dağıtdı.

...Pənahəli xan Qarabağ xanlığı taxtında oturandan sonra ermənilər anadangəlmə xislətlərinə uyğun olaraq özlərini üzdə Qarabağ xanına sədaqətli göstərməyə çalışır, dalda isə onun ayaqlarının altını qazır, arxadan zərbə vururdular. Daha doğrusu, məliklər Gəncə, Şəki xanları və Qanzasar katolikosu tərəfindən qızışdırılır, onları Qarabağ xanına tabe olmamağa çağırır, başqa sözlə desək, xanlığın cilovunu Pənahəli xanın əlindən almağa cəhd göstərirdilər. Bu düşmənlər Qarabağ xanlığını özləri üçün ən təhlükəli qüvvə hesab edirdilər. Digər tərəfdən də Qarabağ torpaqlarını öz ərazisinə qatmaq və Pənahəli xanı özündən asılı vəziyyətə salmaq Şəki hakimi Hacı Çələbi xanın planına çoxdan daxil idi. Həmin vaxt isə xüsusən də, Bayat qalasının bünövrəsi qoyulandan sonra erməni məlikləri Qarabağ xanına qarşı çıxmaq üçün özlərinə müttəfiq axtarırdılar və tezliklə də tapdılar. Bunlar Cavanşir və Otuziki tayfalarının bəzi oymaqları idilər. Bəs bu oymaqlar Pənahəli xana qarşı niyə çıxırdılar, özü də düşmənlərlə birgə?! Bu da səbəbsiz deyildi. Vaxtilə Nadir şahın Xorasana sürgün etdiyi Otuziki camaatı şahın ölümündən sonra elliklə öz vətənlərinə qayıtmışdılar. Lakin Pənahəli xan xanlığı yaradanda bir çox səbəblərə görə nə otuzikilərdən, nə də digər cavanşirlərdən heç birinə sarayında vəzifə verməmişdi. Bütün yüksək və nüfuzlu vəzifələr Sarıcalı oymağından olan cavanşirlərə və arvad qohumları kəbirlilərə həvalə edilmişdi. Hətta  gələcəkdə xanlıq üçün təhlükə törətməsinlər deyə, Pənahəli xan cavanşirləri parçalayıb, xeyli hissəsini yeni yaratdığı Cavanşir, bir qismini isə Dizaq-Cavanşir mahallarında yerləşdirmişdi. Mirzə Adıgözəl bəy öz tarixi əsərində yazırdı: "Palçıqları kin və həsəd suyu ilə yoğrulmuş Cavanşir və Otuziki əhalisinin ürəklərində ədavət alovu şölələndi və beyinlərinə kin havası hücum etdi. Onlar həmişə bu dövlətin yox olması uğrunda son dərəcə səy və qeyrət edirdilər..." İncik cavanşirlərin bir hissəsi və Otuziki tayfası Gülüstan məliyi Məlik Ovsep Beqlyaryan, Craberd məliyi Məlik Allahqulu sultan Məlik İsraelyan və Xaçın məliyi Allahverdi ilə birləşərək Pənahəli xanı devirmək fikrinə düşdülər. Birlikdə Hacı Çələbi xana məktub yazaraq bildirdilər ki, əgər Şəki hakimi Qarabağ xanının güclənməsinə vaxtında mane olmasa, gələcəkdə özündən deyən hər kəs onun qarşısında duruş gətirə bilməyəcək.

Hacı Çələbi xan Pənahəli xana qarşı çıxan Otuziki elinin başçısı Məhəmmədəli xan Bayəhmədlini yanına çağırtdırdı, necə deyərlər,  arxı atlanmamış xüsusi fərmanla onu Qarabağa hakim təyin elədi. Bundan sonra Hacı Çələbi xan Çar-Balakəndən, Şirvandan, Dərbənddən və başqa ətraf yerlərdən güclü qoşun toplayıb, ermənilərlə birləşərək 1748-ci ilin yazında Bayat qalası üzərinə yeridi ... Və Hacı Çələbi  xanı da onun müttəfiqi erməni məlikliklərini də Pənahəli xan məğlub eləyib yerlərində oturtdu.

Pənahəli xan görürdü ki, Qarabağın hər tərəfi düşmənlə əhatə olunub və onların sayı da getdikcə artır. Həm də hiss edirdi ki, qonşu xanlar və satqın ermənilər özlərini ona bəzən üzdə dost göstərsələr də, fürsət düşən kimi qorxulu düşmənə çevrilə bilirlər. Ona görə xanlığın möhkəm bir istinadgahı olmalı idi. Həm Bayat qalası strateji cəhətdən o qədər də əlverişli və etibarlı yerdə deyildi, həm də aranda yerləşdiyi üçün isti vaxtlarda burda yaşamaq çox çətin və dözülməz olurdu. Bu səbəbdən də Pənahəli xan sarayda məsləhət-məşvərət çağırdı, dağlıq bir yerdə qala tikmək qərara alındı. Və beləliklə, Qarabağın ikinci bir müdafiə qalasının əsası qoyuldu...

Tikinti zamanı Pənahəli xanla daimi düşmənçilik eləyən qonşuluqdakı Xaçın hakimi Məlik Allahverdi ona hər vəclə mane olmağa çalışırdı. O, iki min nəfərlik qoşun toplayıb, yaxınlıqdakı Ballıqaya adlı bir yerdə səngər qurdu və Pənahəli xana meydan oxumağa başladı. Qarabağ xanı əvvəlcə qan tökmək istəmədi, erməniləri intizama dəvət elədi, öyüd-nəsihət verdi. Pənahəli xanın hakimiyyətinin tanımağa və onunla birləşməyə çağırdı. Özünə layiq düşmən olmayan Məlik Allahverdiyə başa salmaq istədi ki, burda qala tikməyin heç bir ziyanı yoxdur, havayı yerdən narahatlıq keçirməsinlər. Əksinə, bu qala onları da xarici düşmənlərdən qoruya bilər. Ancaq bu öyüd-nəsihətlərdən bir nəticə hasil olmadı. Ermənilər Pənahəli xanın bu sözlərini qorxaqlıq əlaməti hesab edib, ayaqları bir az da yer aldı, onunla vuruşmaq istədiklərini bildirdilər. Pənahəli xan görəndə ki, bu donuz yosunlu məxluqların qulaqlarını eşşək qulağı tək çəkib, yerindən qopartmasa, onları birdəfəlik yerində oturtmasa, gələcək planlarını həyata keçirə bilməyəcək. Ona görə də erməniləri qabaqlayıb onların üzərinə hücuma keçdi. Üç gün davam eləyən döyüşlərdə Məlik Allahverdi məğlub olaraq geri çəkildi, taleyinin daha da acınacaqlı olacağını anlayıb, əllərini göyə qaldırdı və Pənahəli xana tabe olduğunu bildirdi.

lll

1736-cı ildə, Nadir şah hakimiyyət başına gəldiyi vaxt Vərəndə məliyi Hüseyn Şahnazaryan cəhənnəmə vasil oldu. Məlikliyi onun yaxın qohumu Məlik Baqinin oğlu II Məlik Mirzə idarə eləməyə başladı. Lakin o, elə ilk günlərdən Nadir şahda özünə qarşı bir narazılıq yaratdı. Şah Məlik Mirzəni cəzalandırmaq qərarına gələrək onun yerinə Məlik Hüseynin oğlu Məlik Ovsepi təyin elədi. Lakin təzə məliyi ögey qardaşı Şahnəzərin gözü götürmürdü. Ovsepin anası erməni idi, Şahnəzər isə türk qızından doğulmuşdu. Şahnəzərin atası Məlik Hüseyn onun anası Zəhra xanımı Naxçıvana hücum edərkən əsir götürülmüş qızların arasından seçib evlənmişdi.

Şahnəzər pozğun və əxlaqsız bir həyat tərzi keçirir, çoxarvadlılığa meyl edirdi. Onun arvadlarının biri də Xaçın məlikləri Həsən Cəlalyanların nəslindən olan Tasum adlı haxçik idi. Bu arvadının ölümündən sonra o, Dizaq məliyi Məlik Yesainin qızı Sonanı ərindən zorla boşatdırmış, özünə arvad eləmişdi. Şahnəzər, üstəlik, doğma qardaşı qızı ilə evlənmişdi. Bu isə digər Xəmsə məliklərində ona qarşı nifrət oyatmışdı. Şahnəzər dura-dura qardaşı Ovsepin Nadir şah tərəfindən Vərəndəyə məlik təyin edilməsi onu lap özündən çıxarmışdı. Olduqca lovğa, şöhrətpərəst, kinli olan Şahnəzər qardaşının Vərəndə mahalına hakimlik etməsinə dözməyib, bir gecə qəflətən Məlik Ovsepin evinə basqın edərək öz əli ilə onu öldürdü, bütün ailəsini qırıb, axırına çıxdı. Lakin dayəsinin sayəsində yalnız qardaşının kiçik oğlu Sai bəy salamat qaldı. Dayəsi uşağı gizlicə dayısı Məlik Allahverdi Həsən Cəlalyanın evinə çatdırdı. Bundan sonra Şahnəzər Vərəndə mahalında hakimiyyəti ələ aldı və II Məlik Şahnəzər kimi tanınmağa başladı.

Məlik Şahnəzərin bu cinayətkar hərəkətləri Qarabağın digər məliklərinin qızğın qəzəbinə səbəbinə oldu. Onlar bu qardaş qatilini cəzalandırmaq üçün Qarqar çayı sahilinə toplaşıb, Vərəndə mahalına hücum etdilər. Müttəfiq məliklər Çanaqçı üzərinə yeridilər. Lakin qış olduğundan möhkəmləndirilmiş qalanı ala bilmədilər, ətraf kəndləri çapıb-talayaraq geri döndülər və Məlik Şahnəzərin özü ilə haqq-hesabı çürütməyi isə gələn yaza saxladılar.

Köməyə və müdafiəyə böyük ehtiyacı olan Məlik Şahnəzər bilirdi ki, sığındığı Çanaqçı qalası nə qədər möhkəm və güclü olsa da, məliklərin birgə hücumlarının qarşısında heç cür tab gətirə bilməyəcək. Ona görə də yubanmadan özünə müttəfiq axtarmağa başladı. Müttəfiq isə uzaqda deyildi. Ermənilərin qatı və  barışmaz düşməni Pənahəli xan idi. Məlik Şahnəzər Qarabağ xanına yaxın olmaqdan başqa bir çarə görmürdü. Pənahəli xanla münasibət qurmaq üçün çoxdan bəri dəridən-qabıqdan çıxan bu bic erməni fürsəti fövtə vermədi, oğlu Cümşüdü də yanına salaraq xanın hüzuruna yollandı.

Pənahəli xanı son vaxtlar ciddi düşündürən ən kəskin daxili siyasi problemlərdən biri də onun uğurlar qazanmasını həzm eləyə bilməyən, xanlığın güclənməsinin qarşısını almaq istəyən, əcladlarından irsən keçmiş düşmənçiliyi davam etdirən erməniləri itaətə gətirmək idi. Bunun yollarını çoxdan arayıb-axtaran Pənahəli xan onların arasında kəskinləşən bu ədavətdən bacarıqla və məharətlə yararlanaraq hələlik diplomatik yollara əl atırdı. O, məlikləri bir-birinin üstünə qısqırdıb münasibətlərini daha da kəskinləşdirərək əlaqələrini kəsməyə məcbur edib, heç olmasa, birini öz tərəfinə çəkməyə və beləliklə, onların başlarını ayrı-ayrılıqda ilan başı kimi əzməyə çalışırdı. Qonşuları ilə yola getməyi bacarmayan, daha doğrusu, bunu istəməyən ermənilərlə qonşuluq etmək isə yaxşı heç nə vəd eləmirdi.  Uzaqgörən Pənahəli xana elə həmin vaxt Məlik Şahnəzər kimilər lazım idi. Ona görə də, o, Vərəndə məliyini bir müttəfiq kimi qəbul elədi.

Pənahəli xanın qoltuğunun altına sığınmış Məlik Şahnəzər isə onun şəxsində öz himayədarını görür, məliklərlə mübarizədə xanın köməyinə arxalanırdı. Qüdrətli Qarabağ xanı ilə müttəfiq olandan sonra isə Məlik Şahnəzər mövqeyini daha da möhkəmləndirmişdi.

Çox çəkmədən Məlik Şahnəzər Pənahəli xanı ailəlikcə evinə qonaq dəvət elədi. Qarabağ xanı onun sözünü yerə salmadı, böyük oğlu İbrahim Xəlil ağanı, digər oğlanlarını, əyan-əşrəfini də götürüb, güclü bir süvari dəstə ilə Çanaqçıya yola düşdü. Məmə yeyəndən pəpə deyənə kimi buranın əhalisi hamılıqla xanın pişvazına çıxdı, onu böyük hörmət və itaətlə qarşıladı.

Pənahəli xan bir neçə gün Çanaqçıda qaldı, ətraf yerləri gəzdi. Xanlığı üçün yeni bir paytaxt - qala tikmək söhbəti düşərkən isə Məlik Şahnəzər buyurdu ki, Çanaqçı da, bütün Vərəndə əhli də özlərini Pənahəli xana fəda etməyə hazırdır. Əgər xan istəsə, buranı özünə paytaxt eləyə bilər. Çanaqçı əhli də can-başla onun xidmətində durar. Lakin Pənahəli xan bildirdi ki, bura müdafiə baxımından o qədər də etibarlı yer deyil. Elə bir münasib yer axtarıb-tapmaq lazımdır ki, orda qala tikmək mümkün olsun və biz də özümüzü orda tamamilə təhlükəsiz və rahat hiss eləyə bilək.

Beləliklə, Məlik Şahnəzər Pənahəli xanın qılığına girib onunla dostluq münasibətlərini daha da genişləndirdi və Xəmsə məliklərinin onu aradan götürmək təhlükəsi tamamilə sovuşdu. Məlik Şahnəzər Qarabağ xanının bütün hərbi yürüşlərində onunla çiyin-çiyinə vuruşdu, öz silahlı dəstəsi ilə erməni məliklərinə qarşı aparılan mübarizənin önündə getdi. Pənahəli xan Məlik Şahnəzərin sədaqətli olmasını və göstərdiyi xidmətləri nəzərə alaraq sonralar Mehridən Bərgüşada qədər olan ərazinin idarəsini ona tapşırdı. Məlik Şahnəzər isə xanlıqda yerini daha da möhkəmlətmək üçün qızı Hürzadı xanın böyük oğlu İbrahimxəlil ağaya verdi.

Xəmsə məlikləri Pənahəli xan Cavanşirlə mübarizələrini artıq yeddi il idi ki, davam etdirirdilər. Bunun da əsas səbəbi onların Məlik Şahnəzərlə intriqaları və Vərəndə məliyinin Qarabağ xanı ilə dostluq münasibəti və qohum olması idi. Pənahəli xan məlikləri döyüşlə hələlik ram edə bilmirdi. Ona görə də onları yalnız "sülh" vasitəsi ilə aradan götürmək istəyirdi. Xan əməliyyata lap qədimlərdən Həsən Cəlalyan nəslinin idarə etdiyi Xaçın məlikliyindən başlamaq qərarına gəldi. O, bu nəsildən olan məliyi tədricən devirib, onun yerinə təzə məlik təyin eləmək fikrində idi. Bu işdə onun əsas dayağı isə Məlik Şahnəzər oldu və birlikdə Xaçın məlikliyinin üzərinə hücuma keçdilər. Ballıqayada Məlik Allahverdi onların qarşısını kəsmək istədi. Lakin döyüşdə məğlub olub, qaçaraq aradan çıxdı.

Pənahəli xan bu əməliyyatı tezliklə başa çatdırmaq istəyirdi. Ona görə də o, Məlik Şahnəzərin vasitəsilə Xaçın məlikliyinin tabeliyində olan Xınzırıstan kəndinin yüzbaşısı Mirzəxanı gizlicə yanına çağırtdırdı. Vəd elədi ki, Məlik Allahverdini tutub, xanın hüzuruna gətirsə, onu Xaçının məliyi təyin edəcək. Pənahəli xanın bu təklifindən şirniklənən Mirzəxan Məlik Allahverdinin yanına gedib, ona yalandan çatdırdı ki, guya, Pənahəli xan böyük bir qüvvə ilə onun üstünə gəlir, müdafiəyə hazırlaşmaq lazımdır. Məlik Allahverdinin yaşadığı qala o qədər də möhkəm deyildi. Ona görə Məlik Şahnəzər onu əlçatmaz bir qalada gizlənməyi məsləhət gördü. Mirzəxan onu tovlayıb öz yanına gətirdi və gecəykən qalanın qapılarını bağlayıb aradan çıxdı. Qabaqçadan evdə gizlənmiş Məlik Şahnəzərin adamları onu tutub Pənahəli xanın hüzuruna gətirdilər. Məlik Allahverdi qətlə yetirildi. Məlik Şahnəzər bu şəraitdən istifadə edərək gələcəkdə onun əl-ayağına dolaşmasın deyə, orda yaşayan qardaşı oğlu Sai bəyi də öldürdü.

Bu hadisə 1755-ci ildə olmuşdu.

İlanı Seyid Əhməd əli ilə tutan Pənahəli xan verdiyi sözə əməl elədi. Yüzbaşı Mirzəxan məlik titulu və hüququ qazanaraq Xaçın məliyi təyin olundu. Bununla da Həsən Cəlalyan övladlarının Xaçın knyazlığında idarəsi başa çatdı. Məlik Mirzəxan və onun sonrakı nəsli də - Məlik Allahverdi və Məlik Barxan Pənahəli xana və sonralar İbrahimxəlil xana sədaqətlə xidmət göstərdilər və digər məliklərlə mübarizədə Qarabağ xanının ən yaxın köməkçilərinə çevrildilər.

Beləliklə, Xəmsə məliklərinin ikisi - Vərəndə və Xaçın məliklikləri faktiki olaraq Qarabağ xanına tabe oldu. Pənahəli xan qalan üç məliyi özünə tabe eləyə bilməsə də, onların gücünü müəyyən qədər zəiflədə və fəaliyyətlərini zərərsizləşdirə bildi.

Böyük Çingiz xandan qalan belə bir misalı Pənahəli xan tez-tez təkrar eləməyi xoşlayırdı: "Ağası sənin düşmənin də olmuş olsa, sədaqətli nökəri həmişə yüksək tutmaq lazımdır". Bu dünyagörmüş, mərhəmətli xan da Məlik Şahnəzərə belə münasibət bəsləyirdi. Haqq üçünə desək, o da 1791-ci ilə - ölənə qədər həm Pənahəli xana, həm də İbrahimxəlil xana sədaqətlə xidmət elədi. Lakin yanında bəslədiyi əfi ilan - oğlu Məlik Çümşüd isə İbrahimxəlil xanın ölümünün əsas baiskarlarından biri oldu.




Baxış sayı: 80
BMT-nin Baş katibi Yaxın Şərqlə bağlı çağırış edib Dünən, 14:00 Görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin kitabının Azərbaycan dilində təqdimatı keçirilib Dünən, 12:30 Givi Mikanadze: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması məsələsini bütün görüşlərdə qabardırıq Dünən, 11:00 Türk Dövlətləri Təşkilatı daha da güclü olacaq Dünən, 09:00 İcma: Fransanın bəsit cəhdləri onun haqsız olduğunu göstərir 5-10-2024, 19:00 XİN: Ermənistan XİN rəsmisinin bu ölkənin sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır 5-10-2024, 18:30 QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Varşava İnsan Ölçüsü Konfransına qatılıb 5-10-2024, 17:30 “Tağıyev: Neft” bədii filminin premyerası olub 5-10-2024, 10:30 G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib 5-10-2024, 10:30 Ürək üçün faydalı və zərərli qidalar hansılardır? - Həkim məsləhəti 5-10-2024, 09:00 Mənim əmək müəllimim ƏLƏDDİN NOVRUZOV - Səməd Vəkilov yazır 4-10-2024, 21:00 Azərbaycan Prezidenti: "Ermənistan təhlükəli oyunlara qoşulub" 4-10-2024, 19:30 Prezident: "Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür" 4-10-2024, 18:30 "İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib 4-10-2024, 18:00 Mənim ədəbiyyat müəllimim HÜSEYN ABIŞOV- Səməd Vəkilov yazır 4-10-2024, 18:00 BRICS sammiti çərçivəsində “Planetlə dialoq” filmi nümayiş olunacaq 4-10-2024, 11:00 II Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin Gəncəni ilk dəfə raket atəşinə tutmasından dörd il ötür 4-10-2024, 09:30 Hikmət Hacıyev: Ermənistan bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır 4-10-2024, 08:00 Ankarada TDT-nin yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib 4-10-2024, 07:30 Milli müstəqillik mübarizəmizdə dönüş nöqtəsi 3-10-2024, 20:39 Göksel Kayğısız: Dünyadakı növbəti tarixi ədalət Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtması ilə bərqərar olacaq 3-10-2024, 19:00 Prezident İlham Əliyev Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılışında iştirak edib 3-10-2024, 13:00 Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb 3-10-2024, 11:30 Bakıda “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilir 3-10-2024, 11:00 “Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihə çərçivəsində Şirvanda tədbir keçirilib 3-10-2024, 10:00 Günəşdə son illərin ən güclü partlayışları baş verib 3-10-2024, 10:00 Prezident İlham Əliyevdən Suqovuşan PAYLAŞIMI 3-10-2024, 09:30 Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib 2-10-2024, 20:30 Bakı Beynəlxalq Kitab Sərgisində “Heydər Əliyev və Məhəmməd Füzuli” kitabının təqdimatı olub 2-10-2024, 19:00 Zaxarova: Ümid edirəm ki, tezliklə Azərbaycanla Ermənistan arasında münasibətlərdə üçüncü tərəf artıqlıq təşkil edəcək 2-10-2024, 18:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031