FACT-INFO.AZ » CƏMİYYƏT » Ölümsüzlüyün şərəfinə...
22-08-2024, 18:30 | CƏMİYYƏT
Ölümsüzlüyün şərəfinə...

Elnarə QARAGÖZOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

Həyat mənbəyi olan suyun mifoloji gücü, yaradıcı təbiəti "dirilik suyu" anlayışında özünü aydın şəkildə büruzə verir. Şərq mifologiyasında əbədi həyat qazandıran bu suyu abi-həyat, abi-heyvan, abi-zəm-zəm də adlandırırlar. Dirilik suyunun sahibi hesab edilən Xızır (Xıdır) obrazı ümumtürk mifoloji təfəkküründə mühüm yer tutan obrazlardandır. Xızır Şərq aləmində müqəddəs şəxsiyyət, peyğəmbər hesab olunur, yolunu azanlara, dara düşənlərə kömək edir. Folklor materiallarının əksəriyyətində Xızır İlyasın daim diri olması qeyd olunur. İstisna olaraq yalnız "Xıdır-zinda" əfsanəsində onun Xızır Nəbi ilə birlikdə yaralı qardaşı Xıdır-zindaya su gətirə bilmədiklərindən qardaş qarğışı ilə Xəzərdə daşa dönməsindən bəhs edilir. Kanonik mətnimiz olan "Kitabi-Dədə Qorqud" dastanının "Dirsə xanın oğlu Buğacın boyunu bəyan edər" boyunda da "boz atlı (yaşıl donlu) Xızır (İlyas)" obrazı ilə qarşılaşırıq: "Qarğa quzğun qan görüb oğlanın üstünə qonmaq istərdi. Oğlanın iki köpəkciyi vardı. Qarğayı, quzğunu qovardı, qondurmaz(lar)dı. Oğlan ovda yıkıldıqda, boz atlı (yaşıl donlu) Xızır (İlyas) oğlana hazır oldu. Üç qatla yarasın əliylə sığadı. Bu yaradan qorxma oğlan (sənə) ölüm yoxdur, - dedi. Dağ çiçəyi anan südü ilə sənə məlhəmdir - dedi, qayıb oldu..."

 Dirilik suyu haradadır?

 Dirilik suyunun harada olması barədə mifologiyada müxtəlif mülahizələr var. Anadolu əfsanələrində bu bulağın Bingöl dağında olduğu bildirilir. Azərbaycan əfsanə və nağıllarından, eləcə də Nizaminin "İsgəndərnamə" əsərindən dirilik suyunun qaranlıq dünyada olduğunu öyrənirik.

 İsgəndər Zülqərneynə dirilik suyunu içmək nəsib olmadı

Mifologiyada dirilik suyu ilə əlaqədar süjetlərə nəzər saldıqda aydın olur ki, dirilik suyunu içmək yalnız Xızıra nəsib olur. Dirilik suyunun yerini də yalnız Xızır bilir. "İsgəndər və Xızır" əfsanəsində İsgəndər Zülqərneyin Xızırla bir yerdə dirilik suyu içmək üçün zülmət dünyasına gedir. O, yolda Xızırı itirir və dirilik suyunu tapa bilmir. Xızıra isə dirilik suyu içmək nəsib olur. Eyni süjetə "İsgəndərin qaranlıq dünyaya getməsi" adlı nağılda da rast gəlirik. Burada da sonluq eyni olsa da, müəyyən elementlərlə fərqlənir. Belə ki, Xızırın qeyri-adi keyfiyyətlərindən (qeyb olması, külək qoparması, insanları, hətta bütöv bir qoşunu göz qırpımında mənzilə yetirməsi) geniş bəhs edilir. Nağılda dirilik suyunun bir mağarada yerləşdiyi göstərilir, mağaranın girişində oturan quş onlara dirilik suyunun yerini desə də, keyfiyyətlərindən bəhs etmir.

 Qeyri-adi suyun adiliyi

 Xızırın nağılda quşa verdiyi "Abi-həyat nə cür sudur?" sualı mifologiyanın maraqlı məsələlərindən birini ifadə edir. Dirilik suyunun xarici əlamətlə fərqlənib-fərqlənmədiyi, onun keyfiyyətləri daim maraq obyekti olmuşdur. Mifoloji mətnlər isə bizə paradoksal bilgi verir. Belə ki, dirilik suyu qeyri-adi keyfiyyətlərə malik olsa da, xaricən heç bir xüsusi keyfiyyətlə fərqlənmir, "adi sudur". Bəhs etdiyimiz nağılda da Dirilik suyu heç bir xüsusi xarici keyfiyyəti ilə fərqlənmir və İsgəndər də məhz bu səbəbdən dirilik suyunu deyil, başqa bir suyu içir, ölməzlikdən məhrum olur.

 Dirilik suyu və Müqəddəs Qraal

 Dirilik suyunun xaricən adiliyi onu xristian mifologiyasındakı Müqəddəs Qraalla yaxınlaşdırır. Qraal boşqab və ya fincan mənasında müxtəlif roman dialektlərində fərqli şəkildə ifadə olunur: qədim fransızca - graal, grasal, greal; qədim provansalca - grazal; qədim ispanca - grial; portuqalca - gral. Hesab edilir ki, Müqəddəs Qraalla əlaqədar əfsanə İosif Arifmafeyskinin Britaniyaya gəlməsi nəticəsində yaranıb. Digər versiyaya görə, bu müqəddəs əşya kelt mifologiyası ilə əlaqədardır. Bəzi mülahizələrə görə isə, Qraal gizli sirlərin sahibi olan və bu sirləri nəsildən-nəslə ötürən qədim okkultist cəmiyyətlə əlaqədardır. Daha geniş yayılmış bir versiyaya görə isə, Qraal İsa peyğəmbərin qanının yığıldığı qabdır. Xristian miflərinə görə, Qraaldan su içən şəxsin günahları bağışlanır, əbədi həyat qazanır və sair. Amerika yazıçısı Den Braunun "Da Vinçinin kodu" romanında əsərin baş qəhrəmanı, incəsənət tarixi üzrə mütəxəssis olan Robert Lenqton rəssamın çəkdiyi rəsmlərdə gizlənmiş fikirləri, o cümlədən, müqəddəs Qraal təsvirini açmaqla qatilin izinə düşür. "İndiana Cons və axırıncı səlib yürüşü" (1989) filmində Müqəddəs Qraalın saxlandığı mağaraya çatan İndiana Cons və Qraalı axtaran digər şəxslər çətin bir tapmaca qarşısında qalırlar. Burada olan çoxlu fincanlardan yalnız biri Müqəddəs Qraaldır. Lakin hansıdır? Filmin qəhrəmanlardan biri ölməzliyə gedən yolda elə İsgəndər Zülqərneyn kimi böyük bir səhv edir. O, bu müqəddəs əşyanın məhz "qeyri-adi" olacağını fikirləşərək ən gözəl fincanı götürüb ondan su içir, lakin ölməzlik qazanmaq əvəzinə dəhşətli əzablarla ölür. Filmin əsas qəhrəmanı İndiana Cons isə ən sadə fincanı seçir. Sən demə, əsrlərdir axtarılan, uğrunda qanlar tökülən qeyri-adi Müqəddəs Qraal məhz bu adi, görkəmsiz, yaraşıqsız, zər-zibasız fincan imiş.

 Dirilik suyu və qeyri-adi atlar

 Mifologiyada atlar ölməzdir. Bunun səbəbi onların abi-həyat içməsidir. Xızırın və Goroğlunun atları belələrindəndir. Əfsanəyə görə, Goroğlunun Qıratı sahibinin ölümündən sonra göyə uçmuşdur. Dastanlarda adı çəkilən digər nadir atlar aşağıdakılardır: Qırat, Dürat, Xızırın Boz atı, Beyrəyin Dəniz qulunu və ya Boz ayğırı, Manasın Ağ qula və ya Ağ bozu, Orxon kitabələrində adı çəkilən Tadıginçor, İşbarayamator, Kedimlik, Bayırkan, Basko, Alpsaycı, Azman və sair. Atın dirilik suyu ilə əlaqəsi "Vəfalı at" nağılımızda aydın şəkildə görünür. Belə ki, Məlik Cümşüdü qəbirdən çıxardıqdan sonra məhz at ona dirilik suyu içirir. Türk xalqlarının ortaq abidəsi olan "Koroğlu" dastanında da su əsas mifoloji obrazlardan biri kimi diqqəti cəlb edir. Belə ki, dastanda əsas mifik obrazlardan biri, qəhrəmanın simvolu hesab olunan Qırat (eləcə də Dürat) su mənşəlidir. Onlar su ayğırından törəmişlər. "Bir gün Alı kişi ilxını sürüb dərya kənarına aparmışdı. Atlar dəryanın kənarında otlayırdı. Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Dan yeri yenicə ağarmışdı, qoca ilxıçı bir də baxdı ki budur, dəryadan iki ayğır at çıxdı. Atlar gəlib ilxıya qarışdılar. İki madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər".

 Dirilik suyunun transformasiyası - Buta

"Koroğlu" dastanında dirilik suyu ilə əlaqədar mifik obrazlardan biri də Qoşabulaqdır. Qoşabulağın suyunu içənə qəhrəmanlıq və aşıqlığın verilməsi isə Azərbaycan dastanlarında geniş yayılmış "buta" süjetini xatırladır. "Qurbani" dastanından bir fraqment:

  Kiçiklərdən xəta, böyükdən əta,

Mərd iyid odu ki, dediyin tuta,

Şahlar şahı mənə veribdi buta,

Mətləbimdi, Pəri üçün gəlmişəm.

 Fikrimizcə, butanın aşiqlərə bir sıra dastanlarımızda məhz Xızır tərəfindən verilməsi də təsadüf deyil. Çünki o, əbədi həyatın - dirilik suyunun sahibidir. Xızırdan yuxuda buta alıb, eşq camı içən aşiq öz yarına qovuşmaq üçün böyük maneələri, əzabları dəf edir. Bu yolda ona məhz Xızırın özü kömək edir, seçilmişlərin məhəbbət əsasında qovuşması ilə yeni həyatın yaranmasına, ölümsüzlüyün nəslin davamı, genetik kodların ötürülməsi vasitəsilə reallaşmasına vəsilə olur.




Baxış sayı: 505
Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031