FACT-INFO.AZ » AKTUAL » Böyük istiqlalçı Mirzə Bala Məmmədzadəni biz yetərincə tanıyırıqmı?
11-06-2024, 13:00 | AKTUAL
Böyük istiqlalçı Mirzə Bala Məmmədzadəni biz yetərincə tanıyırıqmı?
Azərbaycanın repressiya tarixini araşdıran zaman çox nəhəng insanların keşməkeşli və şərəfli həyat hekayəti ilə tanış oldum. Gerçəkdən dahi şəxsiyyət olan Cəfər Cabbarlını nəzərdən keçirən zaman daha bir möhtəşəm insan, istiqlalçı Mirzə Bala Məmmədzadənin mübarizə yolu, fədakarlığı diqqətimi cəlb etdi.
O, görkəmli şəxsiyyət haqqında bir sıra məqalələr yazılıb. Həmçinin, tədqiqatçı Rafail Əhmədli “Mirzə Bala Məhəmmədzadənin ictimai-siyasi görüşləri” kitabı yazıb. Türkiyədə yaşayıb yazan, tanınmış türkoloq Sibel xanım Dəmirci Türk Mirzə Bala Məmmədzadədən bəhs edən maraqlı tədqiqatlar aparıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında, İstiqlal Bəyannaməsinin elan olunmasında əvəzsiz xidmətləri olan insanlardan biri Mirzə Bala Məmmədzadədir. AXC süqut etdikdən sonra o, həm Azərbaycanda, həm Türkiyədə, həm də mühacirətdə olduğu Avropa ölkələrində bir anda olsa haqq yolundan geri çəkilməyib. Mirzə Bala Məmmədzadə həm Azərbaycan Xalq Cümhuriyyət dövründə, həm də ondan sonrakı dövrdə uzun, keşməkeşli mühacirətdə Məhəmməd Əmin Rəsulzadə ilə çiyin-çiyinə çalışıb.
Xatırladaq ki, Mirzə Bala 30 iyul 1898-ci il tarixində Bakı şəhərinin Zirə kəndində doğulub, Bakıda rus-tatar məktəbini bitirib. O, Bakı Politexnik texnikumunda təhsilini davam etdirən zaman, 1916-cı ildən etibarən yaxın dostu Cəfər Cabbarlı ilə birlikdə siyasi fəaliyyətə qoşularaq mətbuatda tez-tez çıxış etmişdir. Mirzə Bala M.Ə.Rəsulzadənin tövsiyəsi ilə onun nəşr etdiyi "Açıq söz" qəzetində və digər mütərəqqi mətbuat orqanlarında mütəmadi yazıları ilə diqqəti cəlb etmiş, 1917-ci ilin fevral inqilabından sonra Bakıda Azərbaycan gənclərinin lideri kimi tezliklə Müsavat partiyasının tanınmış aparıcı üzvlərindən birinə çevrilmişdi. 1918-ci ilin əvvəllərində o, Tiflisdə, Zaqafqaziya Seyminin qurulması və fəaliyyəti ilə əlaqədar məqalələr yazır, Seymin Azərbaycan deputatlarına yaxından köməklik göstərirdi. Mirzə Bala bu illərdə yazdığı "İki inqilab arasında" əsərində Azərbaycan türklərinin millət olaraq var olmasını davam etdirmək üçün vahid ideologiya ətrafında birləşməsini ən ümdə vəzifə kimi görürdü. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra "Gənclər yurdu" jurnalına redaktorluq etmişdir. 21 yaşlı bu gənc bütün həyatını Cümhuriyyət işinə həsr etmişdi. 7 dekabr 1918-ci ildən etibarən Azərbaycan parlamentində yaxın dostu Cəfər Cabbarlı ilə bərabər stenoqrafçı kimi çalışan, bütün çıxışları, məruzələri, görüşləri, qərarları, qanunları qələmə alan Mirzə Bala eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin də yayın müdiri kimi o illərdə hərtərəfli siyasi fəaliyyət göstərmişdir.1919-cu il sentyabrın 17-də Mirzə Balanın "Bakı uğrunda mübarizə" pyesini Azərbaycan Dövlət Teatrı tamaşaya qoymuşdu.
28 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra Mirzə Balanın siyasi həyat və fəaliyyətinin yeni dövrü başlayır. Cəfər Cabbarlının Çənbərəkənddəki evində keçirilmiş gizli iclasda M.Ə.Rəsulzadənin təlimatı ilə gizli "Milli müqavimət komitəsi" yaradılmış, Mirzə Bala onun başqanı, Əbdülvahab Yurdsevər başqan müavini, Cəfər Cabbarlı isə baş katibi seçilmişdi. O zamanlar gizli mətbəədə "İstiqlal" qəzeti nəşr edilirdi. 1922-ci ildə Bakıda Mirzə Balanın "Azərbaycan türk mətbuatı" adlı kitabçası çap edildi. 1923-cü ildə Komitə üzvləri və qəzetin işçiləri həbs edildilər, amma Mirzə Bala Zirədən yük gəmisi ilə İranın Ənzəli şəhərinə qaça bilmişdir. Oradan Tehrana, sonra isə Təbrizə gəlmiş, şosse yolunda mühəndis-texnik olaraq çalışmışdı.
Mirzə Bala Məhəmmədzadənin çox mükəmməl tədqiqatıçısı Rəfail Əhmədli yazırdı: “Mirzə Bala Məhəmmədzadə Azərbaycan Cümhuriyyəti dövrünü obyektiv şəkildə qələmə almaqla müasir tədiqatçılara bu dövr ilə bağlı çox önəmli məlumatlar vermişdir. Ümumiyyətlə, Mirzə Bala bütün həyatını demək olar ki, Azərbaycanla bağlı məsələlərə həsr etmiş, Azərbaycan Türkləri və azərbaycanlı kimliyi ilə Azərbaycan ictimai-siyasi düşüncə tarixinin inkişafında mühüm rol oynamışdır”. (“Mirzə Bala Məhəmmədzadənin ictimai-siyasi görüşləri” kitabı, səh.133.)
Onu da qeyd edək ki, Mirzə Bala Məmmədzadə Azərbaycanı tərk etdikdən sonra mühacirət dövründə, istər Güney Azərbaycanda, istər Türkiyədə, həmçinin Avropada olduğu zaman millətin ağrı-acılarından yazıb. Onun yazılarında istiqlalın yenidən qazanılacağına, millətlərin yenidən azadlığına qovuşacağına inam böyük olub.
Mirzə Bala 1924-1927-ci illərdə "Ermənilər və İran", "Vətən qaldı", "Muğan xan" əsərlərini yazmışdır. 1927-ci ildə İstanbula gələn Mirzə Bala İstanbul Universitetinin Hüquq fakultəsinə daxil olaraq orada mükəmməl təhsil almışdır. Mirzə Bala 1927-ci ildə M.Ə. Rəsulzadənin təklifi ilə "Azərbaycan Misaki-Millisi" (Milli Azərbaycan Xartiyası) adlı əsər yazıb İstanbulda nəşr etdirmişdir.
1931-ci ildə SSRİ-nin təkidi ilə digər antisovet mühacirlərlə birlikdə İstanbulu tərk etməyə məcbur edilən Mirzə Bala 1939-cu ilədək Polşada yaşamışdı. Bu illərdə onun Berlində nəşr olunan "Qurtuluş" jurnalının mətbəəsində "Milli Azərbaycan hərəkatı" adlı əhatəli kitabı çap edilmişdi. Mirzə Bala 1936-cı ildə Varşavada "Milli Azərbaycan Müsavat Xalq Firqəsi"nin III qurultayında iştirak etmiş, 1939-cu ildə İstanbula dönərək "Milliyət" və "Cümhuriyyət" qəzetlərində Sovet İttifaqında yaşayan türklərin acınacaqlı həyatına dair məqalələr yazmışdı. O, 1949-cu ildə Ankarada qurulan "Azərbaycan Kültür Dərnəyi"ndə yaxından iştirak etmiş, dərnəyin "Azərbaycan" jurnalında xalqımızın tarixi, mədəniyyəti ilə bağlı bir sıra məqalələr yazmışdı.
"Milli Azərbaycan hərəkatı" əsərində Mirzə Bala yazmışdı: "Şüurlu bir türk milliyyətçisi sifətilə hərəkət edən böyük Füzulinin dühası Azərbaycanın ədəbi varlığı üzərində XIX əsrin sonuna qədər dörd əsr öz təsirini göstərmişdir. Axundzadə Mirzə Fətəli ilə Həsən bəy Zərdabi və Krımlı İsmayıl bəydən başlamış Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadəyə qədər hər kəsin Azərbaycan milli hərəkatında bir iştirak payı vardır. Yalnız bir fərqlə ki, Məhəmməd Əmin Rəsulzadə ictimai bir cərəyan şəklinə girən və büllurlaşaraq milli-ictimai bir ideologiya mahiyyəti kəsb edən milliyyətçiliyimizi formalaşdıraraq bir sistemə salmış, bir proqram halına gətirmiş, onu dövlət təşkilatı halında əbədiləşdirmək üçün ümumiləşdirmiş, onu İstiqlal Bəyannaməsi ilə dövlət təşkilatının təməli etmişdir".
Qeyd etmək lazımdır ki, bu dolğun dəyərləndirmədə Mirzə Balanın özünün nə qədər dərin fəlsəfi dünyagörüşə malik olduğunu aydın görünür. O, həm yazar, həm də siyasi proseslərdə iştirak edən şəxsiyyət kimi Azərbaycan türkünün milli kimlik məsələsini tarixin yaddaşına həkk edirdi. İstər Azərbaycanda, istərsə də Türkiyədə və Avropada olduğu dövrdə bütün yaradıcılıq fəaliyyətində bu, tendensiyanı qoruyub dərinləşdirdiyi ortadadır. Geniş mənada yaradıcılıq irsi, dünyada imzalar işərisində Azərbaycanın öz imzasını qoruyub saxlayacağına əminlik onun fəaliyyətində əsas hədəf kimi görünür. Mənim qənaətimcə, Mirzə Bala Məmmədzadə kimi bir şəxsiyyətin fəaliyyəti, uzunmüddətli mücadiləsi ilə Azərbaycan insanı daha yaxından tanış olmaldır.
O, Məhəmməd Əmin Rəsulzadənin təsis etdiyi “Yeni Kafkasya” məcmuəsi haqqında yazırdı: “Yeni Kafkasiya” yalnız azərbaycanlıların deyil, rus əsarəti altındakı bütün Türklərin xaricdə çıxardıqları ilk məcmuə idi. Daxildə və xaricdə böyük və dərin təsir oyadan və sovet hökumətini etirazda bulunmağa məcbur edən bu məcmuə ilk nömrəsində öz proqramını... dərc etmiş, bir milli imanla işə başlayaraq Azərbaycan, Qafqaz və əsir Türklərin milli istiqlal davasını tanıtmağa girişmiş və Türkiyə ictimai fikrini hazırlamağa başlamışdı. Məcmuəmizin “Bolşeviziya”da möhkəm ÇEKA təhdidi altında yaşayan, mühacirlik həyatının çəkilməz məşəqqətlərinə dözən Azərbaycan gəncliyi üçün bir növ mənəvi təşəkkül mərkəzi olduğunu göstərməklə bilsəniz nə qədər məsuduq. (Mirzə Bala Məmmədzadə, “Qurtuluş” dərgisi, iyul-avqust nömrəsi, Berlin 1936.)
Mirzə Bala Məmmədzadənin və xaricdə fəayyət göstərən digər istiqlalçıların mücadiləsindən, mətbuatda geniş çıxışlarından Sovet hökuməti ciddi əndişələnirdi. İşgəncələrdən, repressiyalardan qutularaq qürbət ölkələrdə yaşayan həmin şəxslər müxtəlif dönəmlərdə təqiblərə məruz qalırdılar.
Tədqiqatçı Asif Rüstəmli yazırdı: “Bolşevik rəhbərliyi gözəl bilirdi ki, partiyanın düşünən beyni, çarpan ürəyi, qeyri-adi təşkilatçılıq qabiliyyətinə malik, mövcud ictimai-siyasi vəziyyəti düzgün dəyərləndirən, mürəkkəb vəziyyətlərdən ən optimal çıxış yolu tapmaq səriştəsinə malik olan Mirzə Balanı həbs etmədən Müsavat Partiyasını dağıtmaq mümkün olmayacaq. Ona görə də, bolşeviklər özlərinin potensial siyasi rəqibləri olan müsavatçılara qarşı taktiki yol seçərək həbs etdikləri müsavatçıların adından bəyannamə hazırlayaraq onları azad etməklə Mirzə Balanın həbsini sürətləndirməyi nəzərdə tuturdular. Mirzə Balanı ciddi cəhdlə axtaran çekistlər nəticədə Müqavimət Hərəkatının orqanı olan «İstiqlal» qəzetinin mətbəəsini aşkarlamış, azadlıq mübarizlərindən 20 nəfəri həbs etmişdilər. Çekistlər Müsavat Partiyası fəallarını həbs etməklə Mirzə Balanın izinə düşmək niyyəti güdmüş, lakin Mirzə Balanı tuta bilməmələri sovet hüquq-mühafizə sistemini şoka salmış, həbs olunan 20 nəfər istiqlalçının hər birinə müstəntiqin ilk sualı bu oludu. Mirzə Balanı, onun qohumlarını tanıyırsanmı? Axırıncı dəfə onunla nə vaxt və harada görüşmüsən? Mirzə Bala harada yaşayırdı. O, indi hardadır? və s.” (Asif Rüstəmli. C.Cabbarlı: həyatı və mühiti, Bakı, Elm, 2009, səh.186.)
Mirzə Bala Məmmədzadə Azərbaycanın öz müstəqilliyinə, azadlığına qovuşacağına inanan və bu yolda mücadilə aparan şəxslərdən olub. Onun yaradıcılığında da bu strateji hədəf olub. Professor Rəfail Əhmədli yazırdı: ”Azərbaycanın müstəqillik mübarizəsinin davam etdirilməsini özünün əsas qayəsi hesab edən Mirzə Bala “Odlu Yurd”dərgisində dərc etdirdiyi “Azərbaycanın İstiqlal günü” adlı çıxış məqaləsində Milli istiqlal düşüncəsinin yaranmasını üç dövrə ayırmış və göstərmişdi ki, bağımsızlıq elanı millətimizin ortaq iradə, milli düşüncə və milli anlayışının bir ifadəsidir. Milli mədəniyyəti yüksəltməyə və bu sayədə milli varlığın milli birliyini qavramağı başarmış olan millətimiz bütün bu varlığını yaşatmaq yüksəltmək və qorumaq üçün milli bir dövlət halında meydana gəlməyə və bunun üçün də hürriyyət və istiqlalına sahib olmağa möhtac idi. Çünki, milli hürriyyətinə, milli bağımsızlığına və milli dövlətə sahib olmayan bir millətin milli varlığını, milli mədəniyyərini qorunması imkansızdır”. (“Mirzə Bala Məhəmmədzadənin ictimai-siyasi görüşləri” kitabı səh. 132.)
Tədqiqatçı Rafail Əhmədli daha sonra yazırdı: “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək şüarı ilə nəşr olunan “Açıq söz” qəzetinin “Açıq sütunları”na Məhəmməd Əmin Rəsulzadənin tövsiyəsi ilə yazılar yazmağa başlayan Mirzə Bala Məhəmmədzadə ilk yazılarını daha çox milli ideal, milli mədəniyyət, milli tarix, milli ədəbiyyat mövzularına həsr etmişdir. Bu dövrdən başlayaraq Məhəmməd Əmin Rəsulzadə ilə Mirzə Bala Məhəmmədzadə arasında dərin bir ruhi və mənəvi bağlılıq yaranmış, Mirzə Bala, Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyətini özünə ilham qaynağı olaraq seçmiş, bu yaxınlıq istər Azərbaycanda, istər Türkiyədə və istərsə də Avropada mühacirətdə olanda, bir sözlə, 1915-ci ildən Məhəmməd Əmin bəyin 1955-ci ildə vəfatına qədər davam etmişdir”. (“Mirzə Bala Məhəmmədzadənin ictimai-siyasi görüşləri”. Bakı, “Ozan”, 2017, səh. 32)
Xatırlatmaq yerinə düşər Mirzə Bala 1954-1955-ci illərdə Münhendə yerləşən SSRİ-ni Öyrənmə İnstitutunun rəhbərliyində məsul vəzifədə çalışmış, İnstitutun Azərbaycan türkcəsində buraxdığı "Dərgi" adlanan siyasi jurnalın baş redaktoru olmuşdur.
Qeyd edək ki, İslam Ensiklopediyasında Mirzə Bala "Qarabağ" adlı əhatəli məqaləsinin, xüsusən də əzəli Azərbaycan torpağı olan Qarabağın bütün tarixini elmi surətdə ətraflı təhlil etmişdir.Totalitar rejimin ən sərt dönəmlərində o, bolşevizmin necə qəddar və qorxulu olduğunu öz yazıları vasitəsilə ictimaiyyətə çatdırırdı. 6 mart 1955-ci ildə Azərbaycan istiqlalının qurucusu və ideoloqu Məhəmməd Əmin Rəsulzadənin vəfatından sonra Azərbaycan Milli Azadlıq Hərəkatına və Müsavat partiyasına Mirzə Bala rəhbərlik etmişdir. O, 1959-cu ilin mart ayının 8-də İstanbulda vəfat etmiş, Qaraca Əhməd qəbiristanlığında dəfn olunmuşdur.
Tanınmış türkiyəli tədqiqatçının Mirzə Bala Məmmədzadə haqqında mediaya verdiyi müsahibəsi diqqətimi cəlb etdi. Türkiyədə yaşayıb yazan Sibel xanım Dəmirci Türk Mirzə Bala Məmmədzadədən bəhs edən maraqlı tədqiqatlar aparmışdır. Azərbaycanın böyük türk dünyasının önəmli bir parçası olduğunu vurğulayan Sibel xanım bildirib: “Azərbaycanla bağlı son araşdırmalarım mühacir həyatı yaşayan Mirzə Bala Məmmədzadəyə aiddir. Onun üç ildən artıq araşdırmaların nəticəsi olaraq toplanan məqalələrim iki ayrı kitab kimi oxuculara təqdim olunub. Bu dəyərli və fədakar insan mənim üçün sıradan bir şəxsiyyət olmamışdır. Azərbaycanın yetişdirdiyi türk dünyasının önəmli ziyalılarındandır. Məhəmməd Əmin Rəsulzadə ilə möhkəm bağlılığı, türk dünyasının azad gələcəyinə güclü inamı, ziyalılığı onun xarakterik xüsusiyyətlərindəndir. Həyat və fəaliyyətinə nəzər saldıqca yoxdan var olan, zəngin, amma məşəqqətli bir həyat yolu seçən dəyanətli bir insanın taleyi ilə üz-üzə durursan. Bütün şüurlu həyatını milli mücadiləyə həsr edən fədəkar bir ziyalını görürsən”.
Azərbaycanın bu fədakar oğlu haqqında fikirlərini davam etdirən Sibel xanım Dəmirci Türk daha sonra qeyd edir: “II Dünya müharibəsinin başlanması və Polşanın Almaniya tərəfindən işğalı ilə əlaqədar yenidən İstanbula köçən M.B.Məmmədzadənin “Milliyyət” və “Cümhuriyyət” qəzetlərində, “Türk ensiklopediyası”nda, “İslam ensiklopediyası”nda və digər nəşrlərdə Azərbaycan tarixinə dair çoxlu məqaləsi dərc edilmişdir. “Mirzə Bala Məmmədzadə və soyuq müharibə yazıları (“Cümhuriyyət” və “Milliyyət” qəzetlərindəki yazılar)” adlı kitabda Türkiyənin “Milliyyət” və “Cümhuriyyət” qəzetlərində dərc olunmuş məqalələri geniş təqdimatla yer alır. İkinci kitab da Mirzə Bala Məmmədzadənin mühacir həyatının önəmli bir hissəsi də Almaniya ilə bağlıdır və Almaniyadakı fəaliyyəti məni daha cox cəlb etdi”.
Mirzə Bala Məmmədzadə kimi işıqlı, fədakar, Azərbaycanı bu qədər sevən insanın həyat mübarizəsi, yaradıcılığı ilə tanış olmaq gerçəkdən qürurvericidir. Sovet rejimi tərəfindən doğma yurddan didərgin düşən və son nəfəsinə qədər ali dəyərlər uğrunda çarpışan belə şəxsiyyətləri biz yaxından tanımalıyıq. Gənc nəslə örnək olacaq bu insanlar heç zaman unudulmamalıdır. Millətin azadlıq ideyaları, dövlətçilik təfəkkürü belə şəxsiyyətlərin yaradıcılığında, mübarizə ruhundadır.
Yekunda onu da qeyd edim ki, repressiya tariximizlə bağlı qaranlıq məqamlara aydınlıq gətirmək üçün “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabını bu il Azərbaycan Respublikasının QHT Dövlət Dəstəyi Agentliyinin dəstəyi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində çap etdirməyi planlaşdırırıq.
Əkrəm Bəydəmirli



Baxış sayı: 410
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930