Bir vaxtlar,daha dəqiq desək, sovet dönəmində bədii ədəbiyyatın bir sahəsi olan publisistikaya elə də ciddi əhəmiyyət verilmirdi. Ona jurnalistika ilə bədii ədəbiyyat arasında qalan, bədii vüsəti olmayan yararsız bir yaradıcılıq sahəsi kimi baxılırdı. Hətta bu sahədə fəaliyyət göstərən yazarları çox çətinliklə Yazıçılar İttifaqına qəbul edirdilər. Amma unudurdular ki, dünya ədəbiyyatında bu janrda yazılmış
saysiz-hesabsız şedevrlər vardır. Hətta buna misal olaraq A.P.Çexovun “Saxalin”, V.Rasputinin, S.Zalıginin Baykalla əlaqədarelmi-publisistik oçerklərini, A.Dümanın “Qafqaz səfərinin” nümunə göstərmək olar. Bunlar elə publisistik nümunələrdir ki, çox uzaq keşmişdə yazılsalar da çağdaş günlərimizdə də öz gərəkliklərini, qaynaq və nümunə olduqlarını qoruyub saxlaya bilmişlər.
Bütün bunlar onu göstərir ki, bədii ədəbiyyat və jurnalistika arasinda qalan publisistika elə də asan sahə deyildir. Əksinə, çox çətin, mürəkkəb və üzücü bir sahədir. O, yazardan hərtərəfli savad, geniş dünyagörüşü, sosioloji tədqiqat bacarığı, dözüm və zəhmətkeşlik tələb edir. Sözsüs ki, bu tələblərin öhdəsindən gəlmək elə də asan iş deyil. Lakin elə yazarlar var ki, onar öz üzərinə düşən vəzifəni yüksək peşəkarlıqla yerinə yetirməklə yanaşı seçdiyi mövzular spektri, apardığı tədqiqatların elmiliyi və əhatəliliyi ilə çalışdığı yaradıcılıq sahəsinin sərhədlərini genişləndirir, ona yeni nəfəs gətirirlər. Haqqında söhbət açacağımız yazıçı-publisist Möhbəddin Səməd belələrindəndir.
Möhbəddin Səməd kimdir? Çətin və mürəkkəb həyat və yaradıcılıq yolu keçmiş bir publisistdir.O, Uşaqlıqdan nənəsi Fatmanisənin dilindən bayatıları, nağılları eşitmiş, orta məktəbdə bədii ədəbiyyatı xüsusi acgözlüklə mütaliə etmiş, kitab yazmaq həvəsinə düşmüş, ilk qələm təcrübələrini poeziya sahəsində sınaqdan keçirmişdir. Yeddinci sinifdə oxuyarkən Tbilisidə çıxan “Şərqin şəfəqi” qəzetində bahara həsr edilmiş ilk şeiri çap olunmuşdur. Bu şeir onun həyatında mühüm rol oynamış, onu yaradıçılığa istiqamətləndirmişdir. O, həmin anlardan dərk etməyə başlamışdır ki, özünü realizə etmək üçün bu yöndə ali təhsil almalıdır. Beləliklə, orta məktəb təhsilini başa vurub ali təhsil almaq üçün Bakıya yollanmışdır. Lakin qəbul imtahanını keçə bilməyib bir müddət Bakı şin zavodunda çalışmışdır. Oradan da üç il müddətinə sovet ordusunda xidmətə getmişdir. Amma universitetin jurnalistika fakultəsinə daxil olmaq arzusundan əl çəkməmişdir. Xeyli gec olmasına baxmayaraq ordudan qayıtdıqdan sonra həmin fakultəyə qəbul olunmuşdur.
Möhbəddin Səməd Bakı Dövləy Universitetinin jurnalistika fakultəsini qurtardıqdan sonra bir müddət “Bakı”-“Baku” axşam qəzetində, sonra yeddi il “Azərbaycan gəncləri” qəzetində, on ol “Kommunist” qəzetində, on altı il Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin Qapalı Səhmdar cəmiyyətində ədəbi işçi, baş müxbir, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdır.
Ötən əsrin 70-ci illərində “Azərbaycan gəncləri” qəzetində çalışan Möhbəddin Səmədin yaradıcılıq taleyində bu mətbuat orqanını mühüm rol oynamışdır. Onun sosioloji tədqiqatlar əsasında yazdığı silsilə puplisistik yazıları ilk dəfə məhz bu qəzetdə dərc olunmağa başlamışdır. Respublikanın məşhur alimləri ilə onun polemik qeydləri “Estetika bu gün, sabah və həmişə”, “Etika... Etika... Etika”, yeni ruhlu, silsilə yazıları oxucuların və mütəxəssislərin ürəyincə olmuşdur. Bundan ruhlanan müəllif 1984-cü ildə həmin yazıları toplayıb “Dialoqlar” adı ilə ayrıca kitab şəklində çap etdirmişdir. Lakin yuxarıların göstərişi ilə həmin kitab xeyli müddət satışa buraxılmamışdır. Bir qədər əvvəl bölgə kitab mağazalarına göndərilmiş həmin kitablar yığışdırılmışdır. Onların işıq üzü görməsi bir də “Yenidənqurma” başlayanda mümkün olmuşdur.
Möhbəddin Səməd hələ “Azərbaycan gəncləri” qəzetində çalışdığı dövrlərdə öz yaradıcılığını elmi və bədii publisistika, incəsənət və musiqi sahələrində aparacağını qərarlaşdırmışdı. Və o, tədricən saysız-hesabsız yazılar ortaya qoymuş, kitablar çap etdirmişdir. Onun görkəmli Azərbaycan musiqiçilərinə həsr edilmiş ilk kitabı ”Nağıllar yalan olmur” (1993) adlanır. Bu kitabda müəllifin sənət haqqında hekayələri toplanmışdır. Orijinal formada qələmə alınmış bu hekayələr ayrı-ayrı görkəmli sənətkarların görünən və görünməyən tərəflərinin bədii cizgilərlə, əlvan boyalarla rəsm edilməsi, həm də oxucuda emosional ovqat yaratması ilə maraqlıdır.
Yaradıcılığa qloballaşma prosesinin ilk dövrlərindən başlayan Möhbəddin Səməd insan və cəmiyyət problemi ilə maraqlanmış, bir ziyalı kimi etnosun milli mentalitetinin təzahür formaları olan elm və mədəniyyət sahəsində əldə olunan nailiyyətləri tədqiq etməyə başlamışdır. Bu məsələdə o, həmişə zamanın nəbzini tutmağa, problemlərə zamanın kontekstindən yanaşmağa çalışmışdır.
Bildiyimiz kimi keçən əsrin ikinci yarısından başlayan qloballaşma prosesi getdikcə total xarakter alaraq dünya sivilizasiyasının bütün sahələrini əhatə etmişdir. Gəlin unutmayaq ki, qloballaşma ziddiyyətli bir prosesdir. Bu prosesdə bir tərəfdən etnik mədəniyyətlərin vahid dünya mədəniyyətinə inteqrasiya gedir, digər tərəfdən etnik özünəməxsusluğun silinməsi təhlükəsi yaranır. Bununla əlaqədar bu prosesə qarşı etnik identliyin qorunub saxlanması uğrunda mübarizə aparılır, milli mədəniyyətin universallığından istifadə edərək yeni şəraitə adaptiv mexanizmlər işlənir.
Bax belə təzadlı şəraitdə Möhbəddin Səməd ilk araşdırmalarında insanın biososioloji varlıq kimi təlim və tərbiyəsini, onun harmonik inkişafının zaman və məkan çərçivəsində təyin edən amilləri öyrənməyə çalışmışdır. Əlbəttə, məsələlərin qloballığı, çoxlaylığı, çoxspektrliyi, kompleks yanaşma, sistem yanaşması tələb edir. Bu məqsədlə o, müxtəlif elm sahələrinin tanınmış mütəxəssislərini – filosof, pedaqoq, təbib və fizioloqları müzakirəyə cəlb edir. Bundan sonra böyük ekspert kollektivi ilə intellektin inkişaf amilləri, genetik potensialın nisbiliyi, intellektual tərbiyə, gənclərdə yaradıcılıq vərdişlərinin aşı-lanması və inkişaf etdirilməsi, vətəndaşlıq mənliyi və şüuru, əxlaqi əqidə, etika maarifi, əxlaqi şüur, etik təfəkkür mədəniyyəti, əxlaqi dəyərlər, mənəvi mədəniyyət, gerçəkliyə estetik münasibət kimi geniş, çoxsaylı problemlər spektri müzakirə edilmişdir. Nəticədə bütün bu məsələlər “Dialoqlar” kitabında öz əksini tapmışdır və bütövlükdə milli mentalitetə, etnik stereotiplərə həsr olunmuş problemlər canlı dialoqlar formasında, sadə və aydın dildə şərh olunmuşdur. Düzdür, həmin dövrlərdə “milli mentalitet”, “etnik dünyagörüşləri” terminlərindən istifadə edilmirdi. Amma müəllif dolayısı ilə onları oxuculara çatdırmağa ciddi cəhd göstərirdi.
Tam definasiyaya sığışmayan çoxlaylı, çoxçalarlı mentalitet anlayışı etnosun təbiət və cəmiyyət haqqında biliklər sistemi, əxlaq normaları, düşüncə və davranış stereotipləri, etnik və dini mənsubiyyəti, mədəniyyəti və incəsənətini xarakterizə edən bir sistem anlayışıdır.
“Dialoqlar” kitabında qoyulan problemləri milli mentalitetin üç əsas kateqoriyası - idrak, etika və estetika ətrafında qruplaşdırmaq olar.
M. Səməd gəncliyin gələcəyi ilə bağlı insanlığın intellektual vəzyyəti, irsi xüsusiyyətləri elmi yolla dəyişdirmək, intellektin inkişaf amilləri kimi vacib məsələləri professorlar Əhməd Abbasquluyev, Zəhra Salayeva, Əkbər Bayramov, Mirəli Axundov, Cəmil Əhmədli ilə müzakirə etmişdir. Tanınmış mütəxəssislər qeyd edirlər ki, əqli, intellektual inkişafa təsir edən iki əsas faktor, irsi və xarici mühitin-sosial həyat təsirləri, uşaqların genetik quruluşundakı istedad potensialını öyrənmək, hər bir fərdin gələcək ixtisasının buna uyğun olaraq seçilməsi vacibdir. Uşaqları kiçik yaşlarından məqsədyönlü idrak fəaliyyətinə alışdırmaq, intellektual inkişafın qayğısına lap kiçik yaşlardan başlamaq lazımdır. Gənclərimiz başa düşməlidirlər ki, yaradıcı fəallığın zirvəsi orta və erkən orta yaş dövrlərindədir.
Kompyuter texnologiyaları dövrü üçün xarakterik olan informasiya selinin durmadan artması, cəmiyyətin yüksək inkişaf sürəti, elm və texnika sahəsində əldə olunan nailiyyətlər, intellektual inkişafı, etik təfəkkür mədəniyyətinin və estetik zövqünün formalaşdırılması məsələsinə yenidən baxmaq zərurəti yaradır.
Etika maarifi, əxlaqın mahiyyəti, onun prinsip və normaları, əxlaq tərbiyəsi məsələlərin müzakirəsinə professorlar Ənvər Əhmədov, Fərrux Ramazanov və dosent Kamil Qurbanov cəlb edlimişdir. Mütəxəssislərin qənaəti belədir: Əxlaq tərbiyəsi ədalət və insanların bərabər olması prinsipinə əsaslanmalıdır və əxlaqi şüur oyatmalıdır. Əxlaqın məzmunu yüksək amal uğrunda mübarizədədir, müasir gənclikdə yaradıcı şəkildə özünü ifadə etmək vərdişi aşılamaq, vətəndaş mənliyi və şüuru, mənəvi səbatlıq, günün vacib məsələlərinə fəal vətəndaş münasibəti tərbiyə etmək lazımdır.Etnosun qədim zamanlardan bəri yaradıb nəsildən-nəsilə ötürdüyü mütərəqqi adət-ənənələr, əxlaq normaları, yüksək mənəvi keyfiyyətlərə zamanın tələblərinə uyğun yeni məzmun və forma vermək, yüksək mərhələyə çatdırmaq zəruridir. Gənclik cəmiyyət qarşısında öz borclarını dərindən başa düşməli, həyat və fəaliyyətini bəşəri dəyərlər üzərində qurmalıdır.
Əxlaqa dini-etnik münasibət etnosun həyatında həmişə mühüm rol oynamışdır. Dini dünyagörüşü etnosun davranış, düşüncə və həyat tərzinin determinantlarındandır. Ateizm təbliğatının tüğyan etdiyi bir dövrdə islam əxlaqı ilə bağlı müsahibə aparmaqdan söhbət belə gedə bilməzdi. Müxtəlif vaxtlarda təzyiq və haqsızlıqlarla qarşılaşan müəllif bilərəkdən bu itgi ilə razılaşmalı olub.
“Dialoqlar” kitabında müsahibələrin üçüncü qismi gənclərin estetik tərbiyəsi mövzusuna həsr olunub. Akademik Aslan Aslanovla professor Camal Mustafayevin bu barədə fikirləri milliliklə bəşəriliyin vəhdəti baxımından çox maraqlıdır. Gözəllik bir tərəfdən əşya və hadisələrin keyfiyyətlərini xarakterizə edir, o biri tərəfdən də bu keyfiyyətlərə qiymət verən şəxsin estetik bədii zövq dərəcəsindən, onun fərdi yanaşması və seçdiyi kriteriyadan asılıdır. Gözəlliyin təzahür formalarına biz geyimlərdə də rast gəlirik. Geyim formaları milli mentalitetin atributlarından biridir. Geyimin insanla üzvi vəhdəti, yaraşığın özünüifadə forması olması, mənəvi aləmin həmahəngliyi və yaxınlığı unudulmamalıdır. Milli geyimin müsbət mənada “mühafizəkarlığı” milli mentalitetin qorunması şərtlərindən biridir. Vətən sevgisi, ana təbiətə vurğunluq, ondan ilham almaq insan təbiətinin bütövlüyü üçün vacib şərtdir. İnsanın sağlam estetik zövqü yüksək əxlaqi hisslərlə vəhdətdə inkişaf edir, həmişə insani hissləri qidalandırır, mənəvi məzmun kəsb edir. Mətləb də gənclərdə məhz bu cür zövq tərbiyə etməkdən ibarətdir.
Bu kiçik həcmli kitabda geniş spektrli məsələlər respublikanın qabaqcıl alimləri ilə müzakirə edilmiş, bunula da əslində respublikada həmin dövr üçün bu baxışların məzmunu öz əksini tapmışdır.
“Dialoqlar” kitabı çox uğurlu alındı və müəllifi doğru yolda olduğuna inandırdı, onu gələcək axtarışlara ruhlandırdı.Məsələlərin qoyuluşundakı peşəkar səlislik, əhatəlilik, problemlərin gələcəyi ilə bağlı ekspert rəylərinin toplanması metodoloji baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Artıq gələcək fəaliyyətin istiqaməti, metodoloji əsasları və əhatə dairəsinin konturları müəyyənləşdirilmişdi.
İnsanları daim düşündürən, onları heyrətə gətirən qeyri-adi hadisələrlə, möcüzəvi fenomenlərlə maraqlanan M.Səməd insan zəkasının nəhayətsizliyi, rənglər və səsin sehrinə düşür, bu sahənin yaradıcı şəxsiyyətləri ilə yaxından tanış olub, onların əsərlərini tədqiq edir.
2000 ildən çox dünya elminin qəbul etdiyi Aristotel məntiqinə alternativ nəzəriyyənin müəllifi Lütfi Zadəni Azərbaycan ictimaiyyətinə ilk dəfə layiqincə tanıdan məhz M.Səməd olmuşdur. O, bunun üçün üç il əziyyətlərə qatlaşıb hazırlıq işi görmüş, ancaq bundan sonra ABŞ-a gedərək onunla tanış ola bilmişdir. Lütfi Zadənin bu gün ictimaiyyət tərəfindən belə tanınması, hətta dərsliklərə düşməsi onun səmərəli fəaliyyətinin nəticəsidir. M.Səməd bu elm dühası və fədaisinin həyat və yaradıcılığını, onun yaradıcılıq psixologiyasını incəliklərinə qədər öyrənmiş, bunun nəticısində böyük alimə həsr olunmuş 4 seriyalı "Uzaq və yaxın Lütfü-Zadə" sənədli filminin ssenarisini, “Dünya dahilərsiz yaşaya bilmir” (Azərbaycan, Türk və Rus dillərində) kitabını yazmaqla onun monumental portretini yarada bilmişdir.
Qeyd edək ki, yaradıcılıq psixologiyası çox mürəkkəb bir sahədir. Dahi fransız alimi Puankare yaradıcılıq prosesinin dörd mərhələdən ibarət olduğunu göstərir:Birinci hazırlıq, problemin dərk edilməsi mərhələsi. İkinci inkubasiya və ya yetişmə, şüurdankənar işlər, evristik seçim mərhələsi. Uçüncü insayd, yəni işıqlandırma və ya aydınlatma mərhələsi. Dördüncü alınan nəticənin yoxlanması mərhələsi, burada intuisiya öz yerini məntiqə verir.
Lütfi Zadəni beynəlxalq miqyasda daha çox tanıdan “Qeyri-səlis məntiq və çoxluqlar nəzəriyyəsi”nin yaranması zamanı, məkanı və şəraiti kitabda müfəssəl təsvir edilmişdir. 1964-cü ilin mülayim iyul günləri, Nyu-Yorka uçub orada yaşayan valideynləri ilə görüşməyə getməsi, orada Bakı, Tehran və Amerika həyatlarını xatırlamaları, görüşmək üçün əvvəlcədən zəng edib vaxt və yer təyin etdiyi dostu ilə görüşün baş tutmaması, boş vaxtını səmərəli keçirməyə çalışan Lütfinin yenidən kompleks elmi sistemlər ətarfında düşünüb daşınmağa başlaması, həmin anda onun beynindən özü də hiss etmədən qeyri-səlis məntiq anlayışının gəlib keçməsi. Yaradıcılıq prosesinin yuxarıda sadalanan ardıcıllığını M.Səməd hadisələrin fonunda təbii şəkildə elə əridir ki, bu kəşfin labüdlüyünə inanırsan.
M.Səməd sonra bu böyük alimin kəşflərindən və onun cəmiyyət üçün faydasından bəhs edir.Lütfi Zadə dünya elminin inkişafında mühüm rol oynamış ”Təəssüratlar nəzəriyyəsi”, “Vəziyyətlər fəzası nəzəriyyəsi”, “Sözlərlə hesablama nəzəriyyəsi”, “Yumşaq hesablama nəzəriyyəsi”, “Qeyri-səlis məntiq və çoxluqlar nəzəriyyəsi”, SOFT Compyutinq nəzəriyyəsi, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələrinin müəllifidir.
Müasir dövrdə cəmiyyəti ən çox düşündürən məsələlərdən biri nəqliyyat vasitələrinin sayının və onların törətdikləri qəzaların durmadan artmasıdır. Bu vacib problemin həllində də Lütfi Zadənin nəzəriyyələrindən biri, məhz “Təəssürat nəzəriyyəsi” ciddi rol oynadı. Bu nəzəriyyə əsasında “gördüklərini” bütün detalları ilə yadda saxlayan kompyuter hazırlandı və sürücü üçün ən etibarlı bələdçi oldu. Beləliklə, qəzaların sayını minimuma endirmək üçün real zəmin yarandı.
Möhbəddin Səmədin 2003- cü ildə nəşr edilmiş “Yaddaşımızın yaşıdlari” adlı bir fundamental kitabı da var. Bu kitab əhatəliyinə görə bir növ ensiklopediyanı xatırladır. Kimlər yoxdur bu kitabda? İlk qadın xanəndə Mirzə Güllərdən başlamış, bəstəkar Şəfiqə Axundovaya qədər, ilk peşəkar bəstəkar Üzeyir Hacıbəylidən tutmuş Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, Səid Rüstəmova, Cahangir Cahangirova, eləcə də dünya elmində kəşfləri olan professorlar Lütfi Zadəyə, Əli Cavana, Elyaz Babayevə qədər onlarca görkəmli Azərbaycan alimi bu kitabda özlərinə yer tapmışdır. Bu şəxsiyyətlərə həsr olunmuş elmi-publisistik və bədii yazıların başlıca üstünlüyü ondadır ki, onların bəziləri müəllifin ciddi elmi araşdırmalarından, bəziləri isə yaxın ünsiyyətdən, şəxsiyyətlərinə və yaradıcılıqlarına dərindən bələdçilikdən sonra yaranmışdır. Məhz buna görə də canlı, dinamik və oxunaqlıdır.
Öncə qeyd etdik ki, M.Səməd Lütfi Zadə ilə yanaşı elmdə kəşflər etmiş daha iki Azəbaycan alimi, Əli Cavan və Elyaz Babayevlə görüşmüş, onların elmi fəaliyyətləri haqqında məqalələr yazmış və onları ictimaiyytə tanıtdırmışdır:Əslən Quzey Azərbaycandan olan və uzun illərdir ki, ABŞ-də yaşayan Əli Cavan dünya miqyasında yaxşı tanınan fizikdir. Alimin lazer texnologiyasının işlənməsi sahəsindəki apardığı tədqiqatlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Onun adını elm tarixində əbədiləşdirən kəşfi qaz lazeri ilə bağlıdır.M.Səməd alimin kəşfi ilə bağlı məlumatı onun öz dilindən qələmə alır:1959-cu ilin iyun ayında mən “Fizikal Revyü Letters” jurnalında lazer haqqında bir elmi məqalə çap etdirdim. Amma kəşfin tarixini bütünlüklə 12 dekabr 1960-cı illə bağlamaq olar. Mən həmin tarixdə ilk dəfə olaraq qaz-lazer aparatından lazer şüası almağa müvəffəq oldum. Hazırda getdikcə geniş vüsət alan lazer kommunikasiyası onun kəşfi əsasında yaradılmışdır.
Hal-hazırda ABŞ-də yaşayan həmvətənimiz Elyaz Babayev keşməkeşli həyat yaşayan, daim çətinlik və haqsızlıqlarla qarşılaşan, ancaq heç bir zaman özünə inamını itirməyən alimlərdəndir. Öz dərin tədqiqatları ilə başda 25 deyil 26 enerji nöqtəsinin olduğunu kəşf etmişdir. Alimin kəşfi “İnsanın və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu” adlanır və dünyanın tanınmış mütəxəssislərinin fikrincə bu kəşfin biomexanika və ortopediya üçün çox böyük elmi əhəmiyyəti olmuşdur. E.Babayev sübut etmişdir ki, insan və heyvanların hər hansı bir sümüyü öz quruluş və formasından asılı olaraq müxtəlif gərginliyə malikdir.
Azərbaycan elmi kosmonavtika sahəsinə ciddi töhvələr vermişdir. “Xəzər” elm mərkəzi, Təbii ehtiyatların Kosmik tədqiqat İnstitutu, Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi kimi aparıcı təşkilatların yaradıcısı akademik Tofiq İsmayılovla əlaqə yaradan M.Səməd kosmik tədqiqatlar sahəsində Azərbaycan elminin ciddi nailiyyətlərini öz elmi-publisistik yazılarında işıqlandırmışdır. Yerin təbii ehtiyatlarını kosmosdan öyrənmək üçün dəqiq cihazlar Tofiq İsmayılovun rəhbərliyi altında hazırlanmışdır. Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində hazırlanan mükəmməl cihazların bəziləri, konkret olaraq “RS-17 BK” rentgen teleskopu “Salyut-7” -”Soyuz T-11” orbital elmi kompleksində, “Pulsar X-1” teleskopu “Mir” orbital elmi stansiyasının astrofiziki modulunun tərkibində kosmosa çıxarılmışdır.Tofiq İsmayılov sözün tam mənasında alovlu vətənpərvər idi. 1990-cı ilin 20 yanvarında Bakıda keçmiş sovet ordusunun tərətdiyi qırğın və bununla əlaqədar SSRİ Ali Sovetin sessiyasının həmin hadisəyə qarşı biganə münasibətinə qarşı Tofiq İsmayılovun sərt çıxışını xatırlamaq kifayətdir.
Rənglərin sehrini o, dostu Toğrul Nərimanbəyovun zəngin və özünəməxsus yaradıcılığında axtarmışdır. M. Səməd Toğrul Nərimanbəyov yaradıcılığının formalaşma prosesini publisist kimi fəaliyyət göstərdiyi dövrlərdən başlayaraq izləmiş, sonralar hətta Toğrulun 72 il gizli qalan nəsil şəcərəsini də əldə edərək bu nəsil barədə ilk dəfə dolğun yazı ilə çıxış etmişdir: Toğrul Şuşanın varlı-hallı, bu gün də adları hörmətlə çəkilən Nərimanbəyovlar nəslindındir. Nəslin ağsaqqalı Nəriman bəy, onun oğlanları Haşım bəy və Əmir bəydir.Əmir bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının general-qubernatoru olub. Əmir bəyin oğlu Yaqub Fərman bəy 1919-cu ildə AXC-nin göndərişi ilə Fransaya təhsil almağa getmişdir. Yaqub Fərman bəy Fransada yüksək ixtisaslı mühəndis diplomu alıb, orada əslən Koskoniyalı olan İmra adlı fransış qızı ilə evlənmişdir. Bu izdivacdan 1926 –cı ildə Fransada Vidadi, 1930-cu ildə Bakıda Toğrul adlı oğulları dünyaya gəlmişdir. O, Azərbaycan SSR Dövlət Plan Komitəsində elektrikləşdirmə bölməsinin rəisi vəzifəsində çalışmışdır. 1937-ci ildə həbs olunmuş, “əksinqilabi fəaliyyətinə görə” 5 il azadlıqdan məhrum edlmişdir.
Toğrul uşaqlıq və gənclik illərini Bakıda, anası və qardaşı ilə birlikdə sürgün olduqları Özbəkistanda və oxuduğu Litvada keçirmişdir. M.Səməd bir-birindən tamam fərqli Bakı, Səmərqənd və Vilnüs həyatı yaşayan bu dahi filosof-rəssamın yaradıcılığındakı özünəməxsusluğun, şərq və qərb dünyagörüşlərinin harmonik sintezinin qaynaqlarını, araşdırıb üzə çıxarmışdır:Vilnüsda Çürlonisin yaradıcılığından sənətkar üçün çox vacib olan rəssam təxəyyülünün sərbəst ifadə formasını əxz etməsi, xalq sənətinə əsaslı şəkildə yiyələnməyin vacibliyini dərk edərək Q.Qarayev, F.Əmirov və Niyazi kimi dahi bəstəkarlarla yaradıcılıq əlaqələri nəticəsində milli folklora dərindən yiyələnə bilməsi, müxtəlif məktəblərə mənsub olan rəssamlardan həyatsevərlik, romantik gözəllik, səmimiyyət, fikirlərin vüsəti kimi keyfiyyətlərin harmonik sintezinə çalışması. Bunun nəticəsində Toğrulun yaradıcılığında Azərbaycanın qədim xalçaçılıq məktəbinin rəngarəng ornamentləri, XVI əsr Təbriz miniatür məktəbinin Soltan Məhəmməd, Ağamürək və Behzad yaradıcılığındakı melodiklik, milli kolorit, şərqin orijinallığı ilə qərbin analitik təfəkkürü ustalıqla yeni formada, uzvi şəkildə sintez edildi. Mükəmməl musiqi təhsili almış Toğrul Nərimanbəyovun əsərləri rənglə musiqinin harmonik sintezindən yaranmışdır. Bu sintez rəssamın əsərlərinə bir tamlıq, bütövlük gətirmişdir. Toğrul yaradıcılığının kredosu, dominant prinsipi olan insanlığın gələcəyi haqqında düşüncələr onun bütün əsərlərindən qırmızı xətlə keçir.
M.Səməd Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Cahangir Cahangirov, Şəfiqə Axundova, Qənbər Hüseynli haqıında analitik məzmunlu oçerklərin müəllifidir.
M.Səməd Qara Qarayevin cəmiyyətdə baş verən hadisələrə zamanın fövqündən yanaşmasını haqlı olaraq Azərbaycan professional opera sənətinin banisi, dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin fəaliyyəti ilə bağlayır. Azərbaycan Dövlət Konservatoriyasında oxuduğu müddətdə ona Üzeyir bəy Azərbaycan Xalq Musiqisinin Əsaslarından dərs keçmiş, öz istedadlı tələbəsində gələcəyin filosof düşüncəli böyük bəstəkarını görmüş, ona gələcək inkişafı üçün hər cür kömək göstərmişdir. Xalq musiqisinə dərindən yiyələnən gənc bəstəkar xalq musiqisinin, muğamlarımızın zənginliyi və ahəngdarlığının əsasında mükəmməl və mürəkkəb bir sistemin dayandığı qənaətinə gəlmişdi. P.İ.Çaykovski adına Moskva Dövlər konservatoriyasında D.Şostakoviçdən dərs almışdır, özünün dediyi kimi “bədii idealının formalaşması onun adı ilə bağlıdır ”. Uzunmüddətli araşdırmalardan sonra M.Səməd Qarayev yaradıcılığı haqqında bu nəticəyə gəlir: ”Qara Qarayev öz dövrünün intellektual səviyyəsini əks etdirməklə yanaşı bütün zamanların fövqündə dayanır”.
“Şur”, “Kürd ovşarı”, “Gülüstan bayatı-şiraz” simfonik muğamları, “Sevil” operası, “1001 gecə” baleti və onlarla ölməz əsərlərin müəllifi, simfonik muğam janrı yaratmış dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun haqqında M.Səmədin qənaəti: O, bütün vücudu ilə sevdiyi Azərbaycanın və Şərqin ölməz nəğməkarı milli musiqimizin benəlxalq miqyasda tanınmasında çox böyük xidmətlər göstərmişdir. Milli musiqinin zənginliyi, unikallığı, bəşəriliyi onun bütün əsərlərində qabarıq şəkildə, əlvan boyalarla nümayiş etdirilmişdir. Milli musiqinin nəzəri məsələləri, onun gələcək taleyi Fikrət Əmirovu həmişə düşündütmüşdür. Apardığım müsahibələrin birində o, öz narahatçılığını belə ifadə etdi: Musiqimizdə əməlli-başlı deqradasiya gedir.Yad meyllər, xoşa gəlməyən notlar çoxalıb. Belə getsə, vay bizim halımıza.
“Əfsanəvi maestro” məqaləsini "Rast" simfonik muğamı, "Xosrov və Şirin" operası, “Çitra” baleti, onlarla dram tamaşaları və filmlərə yazılmış musiqinin müəllifi, dahi dirijor Niyaziyə həsr edən müəllif Niyazi sənətinin incəliklərini müvəffəqiyyətə açmışdır. Niyazi heç bir dirijorluq məktəbi olmayan mühitdə milli dirijorluq məktəbi yaratmışdır. Hələ sağlığında əfsanələşmiş dirijor Azərbaycan musiqi sənəti tarixində ayrıca bir dövrdür, onun barmaqlarındakı plastikaya, dirijor çubuğuna sehrli, möcüzəli demişlər. Müstəsna musiqi duyumu sayəsində böyük orkestrdə hər hansı bir musiqi alətində “xaric” səsi dərhal seçə bilib, dünyanın ən tanınmış bəstəkarlarından biri olub. Onun Azərbaycan simfonik musuqisi qarşısındakı xidmətlərini Yevgeni Svetlanov belə qiymətləndirib:“Azərbaycan simfonik musiqisi dirijor Niyaziyə çox borcludur”.
M.Səmədin maraq sahələrindən biri də, insanın fövqəltəbii hissi, uzaqdan fikirləri oxumaq, öncəgörmələrdir. Hələ açılmamış çox sirləin yatağı olan baş beynin fəaliyyəti ilə bağlı məsələləri yaxından izləmək üçün parapsixoloq Tofiq Dadaşovla əməkdaşlıq etmiş, apardığı müşahidə və tədqiqatların əsasında “Tofiq Dadaşov və onun psixoloji etüdləri” kitabını yazmışdır. Kitabda Tofiq Dadaşovun psixoloji təcrübələrinin mexanizmini onun öz dili ilə şərh edilmişdir: Mən başqalarının fikrini oxumuram. İnsan özü də öz fikirlərini impulslar şəklində ətrafa yayır. Mən yalnız həmin impulsları tuturam. Bu hadisələrdə qeyri-şüuru qavrayışın rolunun da əhəmiyyəyini vardır: Beynin siqnallarını tuturam, indikatorun parametrlərinin dəyişməsinin qəbul edilməsi qeyri-şüur səviyyəsində gedir. Tofiqin ən çox yadda qalan kəşflərindən biri Leonardo da Vinçinin “Mona Liza”(Cokonda) əsərinə verdiyi təhlildir: Cokonda zəhmətsevər ailədə böyüyüb, onu seviblər, ancaq ərkəsöyün böyütməyiblər. Təhsilini evdə alıb, həyatı monoton və bir vəzndə keçib. O dar bir dairədə yaşayıb və insanlarla təmasda olub.
Yaradıcılığının bütün dövrlərində insan və cəmiyyət probleminə dönə-dönə müraciət etmiş M. Səmədin “Dünyanın ən qiymətli sərvəti onun insan potensialıdır” adlı böyük həcmli məqaləsində insan potensialı qlobal şəkildə qoyulmuşdur. Çağdaş dünyada mövcud olan 65 faiz sərvətin demək olar ki, hamısı insan potensialının hesabınadır. O, diqqəti BMT inkişaf proqramı araşdırıcılarının önəm verdiyi 4 əsas amilə yönəldir: 1.insan ömrünün orta-uzun yaşam həddi, 2.Əhalinin sağlamlının vəziyyəti. 3. Əhalinin savad səviyyəsi. 4. Adambaşına düşən ümumi daxili məhsulun miqdarı. İnnovasiya idtisadi inkişaf modeli yönündə işləyən ölkələrin əsas sərvətləri insan potensialı, elm və təhsildir. Təhsil strateji problemdir. Yaponiya xarici ölkələrə bilik ixrac edir, öz universitetlərinə əcnəbi tələbələr qəbul edir. Elm və təhsil əsasında mükəmməl sosial texnologiyalar yaradılaraq həm öz ölkəsində istifadə edilir, həm də bu və ya digər ölkələrə ixrac olunur. İnsan potensialı XXI əsrdə gələcək sivilizasiyanın inkişafı üçün əsas və başlıca resurs mənbəyi olacaqdır.
M.Səməd hər biri 1 saat olmaqla “Dünya beş günlük deyil” silsilə veriliş, 30-a yaxin görkəmli Azərbaycan musiqiçiləri ilə müsahibə aparıb, onların səsləri indi qızıl fonddadır. O, “Bəstəkarlarımızın” və “ifaçılarımızın” portreti seriyasından 50-yə yaxın görkəmli bəstəkar və ifaçı haqqında verilişin, Azərbaycan dram teatrının aktyorlarının ifasında lentə alınmış Üzeyir Haçıbəyli, İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Keçəçi Məhəmməd, Şəkili Ələsgər, Bülbül, ilk Azərbaycanlı qadın xanənədə Mirzə Güllər haqqında musiqili hekayələrin müəllifidir.
Yalnız kitablarının natamam siyahısı onun yaradıcılıq diapazonu haqqında real təsəvvür yaradır: “Nağıllar yalan olmur”(1983), “Dialoqlar”(1983), “Toğrul Nərimanbəyov”(1984), “İncəsənət ustaları”(1987), “Tofiq Dadaşov və onun psixoloji etüdləri”(1987), “Səsin sehri varmış”(1994), “Rənglə musiqinin harmoniyası”(1998), “Dünya dahilərsiz yaşaya bilmir”(2000), “Yaddaşımın yaşıdları”(2003), “Şux rənglərin təranəsi” (2011), “Мир не может существовать без гениев”( 2011), “Səsin rəngi və sehri varmış”(2014).
Azərbaycan mədəniyyətini beynəlxaq miqyasda tanıtmaq üçün səmərəli fəaliyət göstərmiş M.Səmədin əsərləri Yaponiya, Almaniya, Fransa, Türkiyə, Amerika və Lüksemburq, Argentina, Meksika, Kanadada dərc edilmişdir.
Publisist Möhbəddin Səmədin sənədli filmlər sahəsində də xidmətləri az olmamışdır. Onun ssenarisi əsasında indiyə qədər xeyli sayda sənədli film çəkilmişdir. Dörd seriyalı "Uzaq və yaxın Lütfü-Zadə", “Toğrul”, “Adi və qeyri-adi Səttar Bəhlulzadə”, “Rənglə yazılmış tarix”(M.Abdullayev) və onlarla başqa sənədli filmlər onun ideya və qələminin məhsuludur. “Toğrul” filmi 2011-ci ildə Kiyevdə keçirilmiş Beynəlxalq Sənədli Filmlər festivalında ən yüksək mükafata-Teffi mükafatına layiq görülmüşdür.
Bir yazıda onun yaradıcılığını tam xarakterizə etmək imkan xaricindədir. Biz ancaq xüsusi əhəmiyyət kəsb edən bəzi məqamlara toxunmağa çalışdıq. Nəticə olaraq bunları qeyd etmək istərdik.
M.Səməd məsələlərin mahiyyətinə elə nüfuz edir, hər bir mövzu ilə bağlı apardığı müşahidə və araşdırmalarının nəticəsi olaraq elə fikirlər söyləyir ki, bu fikirlərin jurnalist tərəfindən yox, peşəkar mütəxəssis tərəfindən söyləndiyi qənaətinə gəlirsən. Çalışdığı vacib sahələrdə “mövcud vəziyyət necədir və gələcəkdə bizi nələr gözləyir?” sualı ilə mütəxəssislərin ekspert proqnozlarını öyrənir və öz fəaliyyətində zamanı qabaqlamağa çalışır. Buna görə də onun ayrı-ayrı yazılarında qaldırdığı məsələlər bu gün də aktualdır. Milli mentalitetin tədqiqi, onun şərhi və rekonstruksiyası üçün Möhbəddin Səmədin əsərləri etibarlı qaynaqlar sırasındadır.O, bir ziyalı kimi sadalanan elmi tədqiqatların nəticələrini elmi-populyar şəkildə ictimaiyyətə çatdırır, cəmiyyətin maariflənməsinə xidmət edir. Məqalə və kitablarında tədqiqat apardığı hər bir yaradıcılıq sahəsinin terminləri, leksikonu, tezariusundan ustalıqla istifadə edir. M.Səməd tədqiqatlarının nəticələri nəşr olunduqdan sonra da zaman-zaman seçdiyi mövzulara qayıdır, axtarışlarını davam etdirir, kitabların növbəti nəşrinə yeni fəsillər artırır.
Mövzuların sayı və rəngərəngliyi haqda düşünəndə bu tədqiqatların hansı intellektual enerji və zəhmət hesabına başa gəldiyini təsəvvür etmək olar.
Azərbaycanda elmi-publisistik janrın yaradıcılarından biri kimi tanınan Möhbəddin Səməd öz əqidəsinə, mövzularına, dostlarına sadiq bir ziyalıdır, bu onun şəxsiyyətinin bütövlüyündən irəli gəlir. Yaradıcılığı və həyatının müdrik çağlarını yaşayan Möhbəddin Səməddən ictimaiyyət yeni əsərlər gözləyir.
Yazıçı – publisist Möhbəddin Səməd yaşının bu müdrik çağında da öz qələmi ilə baş-başadır. O, uzun illərdən bəri üzərində işlədiyi-“Görkəmli adamların həyatı” sırasından olan ”Adi və qeyri-adi Səttar Bəhlulzadə”, “Toğrul” kitablarını yazıb başa çatdırmışdır. İnanırıq ki, başqa kitabları kimi bu əsərləri də oxucular tərəfindən rəğbətlə qarşınacaqdır.
Fəxrəddin Quliyev, texnika elmləri üzrə fəlsəfə doktoru, baş elmi işçi
Baxış sayı: 3 471