1987-ci ildə sosializm sisteminin dağılmağa başladığı bir vaxtda, sistemin ideoloji əsaslarını özündə ehtiva edən marksist-leninist konsepsiyası da öz təsir gücünü itirməyə başladı. Xüsusilə Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçovun “yenidənqurma” və “aşkarlıq” adı altında aparmaq istədiyi islahatlar nəticəsində sosializm sisteminin və onunla birlikdə onun ideoloji əsaslarının tənəzzülü sürətləməyə başladı. Əslində sosializm sisteminin dağılmasında tək üstqurumun deyil, eyni zamanda sistemin iqtisadi bünövrəsinin, yəni bazisinin zəifliyinin də mühüm rolu olduğu qeyd olunmalıdır. Əlbəttə, həmin prosesin gedişində Qərb dövlətlərinin, xüsusilə ABŞ-ın uzun müddət apardığı antisovet siyasətinin rolunu da danmaq olmaz.
1991-ci ildə sosializm sisteminin dağılması bütün sahələrə, o cümlədən tarix elminə də çox ciddi təsir göstərdi. Bu dövrdə Qərb dövlətlərinin iqtisadi və siyasi sistemində dəyişmələr olmadığından, həmin ölkələrdə tarix elminə yaşanmada da dəyişmələr baş vermədi.
Əslində, Qərb dövlətlərində hər hansı bir nəzəriyyə dövlət tərəfində nəzarətə götürülməmiş, dövlətin ideoloji əsaslarını təşkil etməmiş və tarixi əsərlər yazılarkən yuxarıdan direktiv göstərişlər verilməmişdir. Sovet dövlətində isə Marksist nəzəriyyə dövlət səviyyəsinə qaldırılmış, tarix elmi isə ideolgiyaya aid edilmişdir. Ona görə də Sovet məkanında tarix elmi ideologiyaya aid olunduğundan ona dövlət tərəfindən ciddi nəzarət olunurdu.
Ümumiyyətlə isə, “sovet tarix elmi sovet ictimai-siyasi sisteminin əsas hissəsini təşkil etdiyi” qeyd olunmalıdır.(Советская историография. М.: Россий гос.гуманит.ун-т., 1996, 592 с. s. 10)
Lakin yenidənqurma dövründə ideologiyanın dövlət tərəfindən dayağı zəiflədi və 90-cı illərin başlanğıcında tamamilə yox oldu(Чудинов В.A. Альтернативная историография. М.:Традиция, 2013, 520 с. s. 59)
Paradoksal olsa da, 1989-91-ci illər hadisələri nəinki fundamental marksist konsepsiyanı gözdən saldı və marksist teleologiyanı darmadağın etdi, həm də marksist təhlilə yaxşı töhfə verdi. Marksizm bir ideologiya və utopiya olaraq pis bir yuxuya çevrildi(Georg G. lggers. bilimsel nesellikten postmodernizme yirminci yüzyılda tarihyazımı (Elmi obyektivlikdən Postmodernizmə. XX əsrdə tarixçilik).Çeviri Gül Çağalı Güven.İstanbul: Tarih Vakfı Yurt Yayınları, 2011, s. 140).
Sosializm sistemi dağıldıqdan sonra sovet tarixşünaslığı da ciddi tənqid olunmağa başlandı. Məsələn, Rusiya tarixçisi V.A.Çudinov “Альтернативная историография” (Alternativ tarixşünaslıq) adlı əsərində sovet dövrü tarixçilərini tənqid edərək yazırdı ki, vaxtı ilə burjuaziyanın elmini yalançı adlandıran qəhrəmanlar indi aydın olur ki, özləri yalançı alim imişlər(Чудинов В.A. Альтернативная историография. М.:Традиция, 2013, 520 с. s. 45). Bununla belə müəllif, əsərin ön söz səhifəsində bir sıra rus tarixçilərinin “Qərbi Avropada yaradılan tarixşünaslığı”n mövqeyindən çıxış etməsini mənfi qarşılayır. V.Çudinov həmin tarixşünaslığın “nə qədər qanunauyğun olduğu sual doğurduğunu” vurğulayır.
“Məktəb və universitetdə” onu “tərbiyyə edən və öyrədən Sovet tarixşünaslığının yalan” olduğunu qeyd edən V.Çudinov yazırdı: “... bu yalançı əsərlər nədənsə elmi hesab edilir, heç kim onları tarixə əsassız yanaşmalarına görə günahlandırmağa təşəbbüs etmir. Başqa sözlə, akademik tarixçilərə tarixə əsassız yanaşmasına icazə olar, başqalarına isə olmaz”(Чудинов В.A. Альтернативная историография..., s. 61).
Vaxtilə sosializm sisteminin tərkibində olan dövlətlərdə də sistemin çökməsi ilə tarix elminə münasibət tamamilə dəyişməyə başladı. Rusiya tarixçisi A.K.Sokolov haqlı olaraq yazırdı ki, siyasi-ideoloji məhdudiyyətlərin və senzuranın aradan qalxması; mənbələrə çıxış imkanlarının genişlənməsi; arxivlərin tam olmasa da, hər-halda onların bir qisminin açılması; xaricdə işləmək imkanlarının genişlənməsi; elmi, o cümlədən dövlətlərarası əlaqələrin intensivləşməsi, alimlərin birbaşa və dolayısı ilə beynəlxalq əlaqələrinin genişlənməsi, xarici ədəbiyyatlardan istifadənin genişlənməsi; elmi tədqiqatların və kommunikasiyaların texniki bazasının, eyni zamanda informasiya texnologiyasının sürətli inkişafı; elmi nəticələrin nəşr etdirmək imkanlarının artması indiki Rusiyada tarix elminin inkişafına təsir edən əsas amillərdəndir(Соколов А.К. Основные тенденции современной российской историографиив изучении новейшей истории страны /Идеи академика И.Д. Ковальченко в XXI веке. Материалы IV научныхчтений памяти академика И.Д. Ковальченко. М.: 2009, с.187-193. http://iriran.ru/files/sok.doc).
A.Sokolovun yuxarıda qeyd etdiyi amilləri çağdaş Azərbaycan tarix elminə də aid etmək mümkündür. Heç şübhəsiz, XX əsrin 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində tarix elmində baş verən dəyişikliklər sosializm sisteminin çökməsi və Azərbaycan öz dövlət müstəqilliyinin yenidən bərpa etməsi ilə əlaqədar idi. Dövlət müstəqilliyinin bərpa olunması ilə Vətən tarixinin bütün sahələrinə elmi-nəzəri cəhətdən yenidən baxılmasını, siyasi və tarixi hadisələrin obyektiv və tarixi reallıqları nəzərə almaqla yazılmasını zəruri edirdi.
“XX əsrin 80-ci illərinin ikinci yarısından sonrakı illərdə aparılan tədqiqatlarda artıq əvvəlki dövrdə yuxarıdan irəli sürülmüş “konsepsiya”nı qırağa qoyub, inkaredilməz dəlillərə əsaslanan müəlliflər tariximizdə baş vermiş hadisələri olduğu kimi təqdim etməyə başladılar. Bununla da tarixşünaslığımızdakı “Azərbaycanın Rusiyaya birləşdirilməsi” və ya “birləşməsi” kimi qeyri-elmi müddəalar puça çıxdı. XX əsr tarixinin ilk iyirmi ilinə aid həqiqətlər bərpa olundu. 80-ci və 90-cı illərin tarixşünaslığından danışarkən, ilk növbədə, “Azərbaycan tarixi” kitablarının nəşrini qeyd etməliyik. Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış “Azərbaycan tarixi” Azərb. EA həqiqi üzvü İ.H.Əliyevin redaktorluğu ilə 1993-cü ildə Azərbaycanca, 1995-ci ildə rusca və 1994-cü ildə yeni “Azərbaycan tarixi” dərsliyi akademik Z.M.Bünyadov və professor Yusif Yusifovun redaktəsi ilə nəşr edildi. Azərbaycan tarixinin XIX-XX əsrin əvvəlləri dövrü M.Ə.İsmayılov tərəfdən yazılmış əsərlərdə də öz əksini tapmışdır(Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər). Məsul redaktorlar: AMEA-nın müxbir üzvü Mahmud İsmayılov, tarix elmləri namizədi Nigar Maksvell. Bakı: “Elm”. – 2008. – 696 səh. + 40 səh. Illüstrasiya. S. 7-8).
Keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda 80-90-cı illərdə baş verən proseslərlə paralel yaranan yeni mənəvi şərait AXC tarixinə aid bir sıra problemlərin öyrənilməsinə qoyulan qadağaların aradan qalxmasına, dövrü öyrənən yeni istiqamətin - liberal və milliyyətçi tarixşünaslığın formalaşmasına imkan verdi. Onun əsas nümayəndələri olan A.Balayev, C.Həsənli, N.Maksvell, P.Darabadi, N.Nəsibzadə, R.Xudiyev və b. alimlərin tədqiqatları AXC tarixinin öyrənilməsi sahəsində xeyli iş görüldüyünü söyləməyə əsas verir(Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər). Məsul redaktorlar: AMEA-nın müxbir üzvü Mahmud İsmayılov, tarix elmləri namizədi Nigar Maksvell. Bakı: “Elm”. – 2008. – 696 səh. + 40 səh. Illüstrasiya. S. 11).
Xüsusilə, 1998-2003-cü illərdə və təkrara olaraq 2007-2008-ci illərdə akademik nəşr olan yeddi cildlik “Azərbaycan tarixi”nin və tariximizlə əlaqədar digər elmi tədqiqat əsərlərin əhəmiyyəti qeyd olunmalıdır.
Müasir dövrdə “müəyyən edilmiş stereotiplərin dəyişdirilməsi və bir ideologiyanın inhisar dominantlığından imtina edən alimlər müasir şəraitdə fəal şəkildə öz sələflərinin işini dərk etməyə çalışırlar.
Elmi araşdırmaların hakimiyyətin ideoloji xəttindən, siyasi vəziyyətdən asılılığını necə minimuma endirmək olar? ... sovet tarixşünaslığına bu qədər tanış olan tarixi əsərlərin saxtalaşdırılması, ideallaşdırılması, apologetikası, doqmatizmi və digər nöqsanlarından necə qaçmaq olar?(http://www.dissercat.com/content/shkola-m-n-pokrovskogo-i-sovetskaya-istoricheskaya-nauka- konets-1920-kh-1930-e-ggс.2). Bu suallar alimləri narahat edir, müzakirələrə səbəb olur, onları Rusiya tarix elminin inkişafı ilə bağlı əvvəlki konsepsiyalara və qiymətləndirmələrə tənqidi şəkildə yenidən baxmağa sövq edir və onları yeni faktiki material axtarışında son illərdə daha əlçatan olmuş arxivlərə müraciət etməyə məcbur edir.”(http://www.dissercat.com/content/shkola-m-n-pokrovskogo-i-sovetskaya-istoricheskaya-nauka- konets-1920-kh-1930-e-ggс.2-3).Bu gün Çağdaş Azərbaycan tarixşünaslığında da buna bənzər proseslər baş verir.
Professor Anar İsgəndərov haqlı olaraq qeyd edir ki, “Sovet imperiyasının tərkibində olduğu müddətdə Azərbaycanın tarixi kifayət qədər təhrif olunmuşdur. 1990-cı illərin əvvəllərindən indiyə qədər biz təkcə ötən günlərin tarixini yazmırıq, həm də təhrif olunmuş tariximizi bərpa etməklə məşğuluq”(Anar İsgəndərov. Ən müasir tarixin yazılması ilə bağlı problemləe var. Müsahibə. “Media forum” 13 dekabr 2010).
Akademik Şahin Mustafayev “Çağdaş Azərbaycan tarixşünaslığının bəzi nəzəri məsələləri” adlı əsərində yazır: “Azərbaycanda, özəlliklə dövlət müstəqilliyinin bərpasından sonra tarixi araşdırmaların metodoloji bazasının yenidən nəzərdən keçirilməsi bir zərurət kimi qarşıya çıxdı. Bu, bir sıra obyektiv səbəblərə görə vacib idi. İlk növbədə ona görə ki, Sovetlər Birliyinin dağılması və kommunizm ideyasının çökməsi ilə daha “qabaqcıl” ictimai-iqtisadi formasiyaların öz dövrünü yaşamış formasiyalar üzərində qələbəsinin qaçılmazlığı və sosializmin gec-tez kapitalizmi yenəcəyiideyası üzərində bərqərar olan “beşüzvlülük” (formasion sistem nəzərdə tutulur-V.Ş.) nəzəriyyəsinin məntiqi bütövlüyü süquta uğradı. Həyatın özü tarixə belə baxışın doğru olmadığını göstərdi. Bununla bu konsepsiya çərçivəsində tarixi tədqiqatların metodologiyası da yenidən nəzərdən keçirilməli idi. İkinci səbəb isə Şərq tarixinin ümumi kontekstində kapitalizmdən öncəki Azərbaycan tarixinin təkamül xüsusiyyətlərinin daha dərindən və diqqətlə nəzərə alınması zərurəti ilə bağlı idi”(Şahin Mustafayev. Çağdaş Azərbaycan tarixşünaslığının bəzi nəzəri məsələləri Məqalələr toplusu. Tarix və mədəniyyət. Faktlar və dəyərlər. Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş məqalələr toplusu / Məsul redaktor F.R.Cabbarov. Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2020. – 656 s. s.29-64. S.36).
Bəzi hallarda çağdaş Azərbaycan tarixçiləri tərəfindən sovet dövründə yaradılmış tarixşünaslığa nəinki tənqidi yanaşılır, hətta ondan tamamilə imtina etmək kimi fikirlər də irəli sürülür. Lakin marksist-leninist konsepsiyaya əsaslanaraq 70 il çərçivəsində yaradılmış Azərbaycan sovet tarixşünaslığından birdəfəlik imtina etmək fikri ilə razılaşmayan da var. Bu sətirlərin müəllifi də həmin tarixçilər sırasındadır.
Bu gün tam yəqinliklər demək olar ki, çağdaş dövrümüzdə yaradılan tarixşünaslıq sovet dövründə marksist formasion sistemə əsaslanaraq yaradılmış tarixşünaslığın (əlbəttə, bəzi çatışmazlıqları nəzərə almaq şərti ilə) davamıdır.
Heç şübhəsiz, sovet dövrü tarixşünaslığında Azərbaycan tarixinin bütün dövrlərinin elmi cəhətdən araşdırılmasının əsası qoyulmuş, yeni elmi müəssisələr yaradılmış və bir çox sahələrə - arxeologiyaya, etnoqrafiyaya, ən qədim dövrün siyasi qurumlarına (Aratta, Lullu, Quti), Manna, Midiya, Atropatena, Albaniya kimi qədim dövlətlərə, Səfəvilər dövlətinə, eləcə də XVIII-XX əsrlərin tarixi hadisələrinin bir çox sahələrinə (dövrün imkan verdiyi səviyyədə) vahid milli baxışın formalaşdığını (tam olmasa da) qeyd etmək olar.
Müstəqilliyimizin bərpasından 30 ildən çox bir vaxtın keçməsinə rəğmən, Azərbaycan tarixşünaslığına Marksist baxışın təsirinin zəiflədiyi ehtiraf olunsa da, onun birdəfəlik süqut etməsi fikri ilə tam razılaşmaq olmaz. Düzdür, sosializm sisteminin dağılması ilə tarixə kommunist partiyasının nəzarəti, yuxarıdan direktiv göstərişlər, tarixi reallıqların təhrif olunması, tarixçilərə yalnız bir nəzəriyyədən – marksist nəzəriyyəsindən istifadə olunması məcburiyyəti kimi məsələlər aradan qalxmış və “formaca milli, məzmunca sosialist” prinsiplərini özündə ehtiva edən prinsiplərə son verilmişdir. Bütün bunlarla yanaşı tarixi əsərlərin, xüsusilə dərsliklərin Marksın tarixi materializminə(ictimai-iqtisadi formasiya sisteminə) uyğun yazılması və öyrənilməsi hələ də davam edir. Bu gün tarixçilərin bir qismi 5 ictimai-iqtisadi formasiyanın - ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm və kommunizm mərhələlərindən quldarlıq və sonuncu kommunizm mərhələlərini qəbul etmirlər. Eyni zamanda cəmiyyətin köklü dəyişməsində “sinfi mübarizə hər şeyi həll edir” prinsipindən də imtina edilməkdədir. Bununla belə dünyada sosialist sisteminin dağılmasına rəğmən, tarixçilərin hansı səbəbdən Marksist konsepsiyaya müraciət etmələrinə münasibət bildirən ingilis tarixçisi Con Toş yazırdı ki, marksizmin güclü cazibəsinin əsl səbəbi onun nəzəri cəhətdən tarixçilərin ehtiyaclarını mükəmməl şəkildə ödəməsidir. Marksist əsas (basis-V.Ş.) /üst quruluş (üstqurum-V.Ş.) modeli hər hansı bir cəmiyyətdə sosial münasibətlərin məcmusunu başa düşmək üçün çox faydalı bir üsuldur(teoriya-i-istoriya.pdf, 138. https://cyberleninka.ru › teoriya-i-istoriya)
Bəzi hallarda Marksist konsepsiyadan imtina edib başqa konsepsiyalardan istifadə etməyin vacibliyi qeyd olunsa da, fakt faktlığında qalır ki, bu gün Azərbaycan tarixinə marksist baxışın qalması davam etməkdədir.
Məsələn, Z.M.Bünyadovun və Y.B.Yusifovun redaktəsi ilə “Azərbaycan tarixi” əsərinin yenidən işlənmiş ikinci nəşrində(Azərbaycan tarixi. 1-ci cild. Dərslik. Z.M.Bünyadovun və Y.B.Yusifovun redaktəsi ilə. Bakı: “Çıraq” nəşriyyatı. – 2007. 720 səh)qeyd olunur ki, Azərbaycan tarixinin dövrləşdirilməsi ictimai-iqtisadi formasiyalar üzrə aparılır. Digər təlimlərdən fərqli olaraq bəşəriyyət tarixinin ictimai-iqtisadi formasiyalara bölünməsi tarixi prosesin qanunauyğun inkişafına daha uyğun gəlir.(Azərbaycan tarixi. 1-ci cild. Dərslik. Z.M.Bünyadovun və Y.B.Yusifovun redaktəsi ilə. Bakı: “Çıraq” nəşriyyatı. – 2007. 720 s.s. 14).
Yeddi cildliyin birinci cildində 1-ci fəsil ibtidai icma quruluşu ilə başlayır, amma sonrakı fəsil və paraqraflar dövlətlər üzərindən qurulub. Lakin “E.ə. I minilliyin əvvəllərində Cənubi Azərbaycan tayfalarının xeyli hissəsi ilkin quldarlıq cəmiyyəti şəraitində yaşadığı da qeyd olunur.(Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən - b.e. III əsri). Məsul redaktor: Iqrar Əliyev Akademik. Bakı. "Elm". 2007. 520 səh. + 40 səh. illüstrasiya. S.166).
Yeddi cildliyin ikinci cildi III-XIII əsrin I rübünü əhatə edir. Burada III- VII əsrlərdə Azərbaycamn şimalında – Albaniyada feodal istehsal üsulunun meydana çıxması və təşəkkülü, IX-X yüzilliklərdə feodal dövlətlərindən, XI-XII yüzilliklərdə Azərbaycanda inkişaf etmiş feodalizm dövründən və s. məsələlərdən bəhs olunur.
IV cilddə yenə də feodal qaydalarından və Kapitalist münasibətlərinin meydana çıxmasında bəhs olunur və s.
Bunları yazmaqda məqsəd ondan ibarətdir ki, çağdaş dövrün tarixçilərinin elmi əməyinin məhsulu olan, 1998-2003-cü illərdə və daha sonra təkrar olaraq 2007-2008-ci illərdə işıq üzü görmüş yeddi cildlik Azərbaycan tarixinə daxil olan mövzular, əsasən formasion sistem üzərindən yazılması davam etmişdir.
Marksist nəzəriyyədən hansı səbəblərdən tamamilə imtina edilməyib sualına çağdaş Azərbaycan tarixçilərinin cavabları da maraq doğurur. Məsələn, Akademik Şahin Mustafayevin fikrincə, bu nəzəriyyə tarixi prosesi subyektiv səbəblərlə deyil, ictimai inkişafın obyektiv qanunları ilə izah edilən və bir-birini ardıcıl şəkildə əvəz edən dövrlər (ictimai-iqtisadi formasiyalar) sxemi çərçivəsində nizamlayır.(Şahin Mustafayev. Çağdaş Azərbaycan tarixşünaslığının bəzi nəzəri məsələləri Məqalələr toplusu. Tarix və mədəniyyət. Faktlar və dəyərlər. Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş məqalələr toplusu / Məsul redaktor F.R.Cabbarov. Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2020. – 656 s. (səh. 29-64) S.36).
Bununla belə, Ş.Mustafayev müasir şəraitdə Azərbaycanda tarixi araşdırmalar, özəlliklə tarixin dövrləşdirilməsi sahəsində marksizmin ictimai-iqtisadi formasiyalar nəzəriyyəsinin heç bir modifikasiyasız və sovet dövründə olduğu kimi tətbiq edilməsi mümkün və məqsədəuyğun”(Şahin Mustafayev. Çağdaş Azərbaycan tarixşünaslığının bəzi nəzəri məsələləri Məqalələr toplusu. Tarix və mədəniyyət. Faktlar və dəyərlər. Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş məqalələr toplusu / Məsul redaktor F.R.Cabbarov. Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2020. – 656 s. (səh. 29-64) S.36) olmadığını önə çəkir. Onun fikrincə, … bu, heç də bu və ya digər xalqın tarixində sosial-iqtisadi amillərin önəmli rolunun inkar edilməsi mənasına gəlmir. Azərbaycan tarixçiləri ciddi şəkildə nəzəri fikrin inkişafı, tarixi araşdırmalarda bu gün dünya tarix elmində mövcud olan ən adekvat və optimal metodoloji prinsiplərin öyrənilib istifadə olunması haqqında düşünməlidirlər.
İctimai-iqtisadi formasiya sistemini tənqid edən Ş.Mustafayev, eyni zamanda bu nəzəriyyəni birmənalı və birtərəfli şəkildə dəyərləndirmək doğru olmadığını və onun həm müsbət elmi tərəfləri, həm də ciddi qüsurları olduğunu göstırir.(Şahin Mustafayev. Çağdaş Azərbaycan tarixşünaslığının bəzi nəzəri məsələləri Məqalələr toplusu. Tarix və mədəniyyət. Faktlar və dəyərlər. Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş məqalələr toplusu / Məsul redaktor F.R.Cabbarov. Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2020. – 656 s. S.32).
O, formasion sistem nəzəriyyəsinin qüsurlarından bəhs edərkən, qüsurların daha çox nəzəriyyənin özünə deyil, onun sovet ideoloji çərçivəsində necə işlənib şərh olunmasına və nəzəriyyəni sıxan, onun daxili çevikliyini məhdudlaşdıran və zamanın tələblərinə uyğun şəkildə təkamülünə mane olan həmin ideoloji konstruksiyanın doqmatizmi və sərtliyinə aid edir.
Professor Kərim Şükürov üç cildlik “Azərbaycan tarixi” kitabının 1-ci cildində “Azərbaycan tarixi tarixinin Azərbaycan tarixi dövrlərinə uyğunlaşdırılması” başlığı altında verilmiş cədvəlin sonunda “1980-ci illərin sonundan “Marksist baxışların süqutu, nəzəri-metodoloji sahədə pərakəndəliyin” olmasını yazır və sonra qeyd edir ki, bu dövrü müəyyənləşdirən tarixçilər də əsasən sovet tarix məktəbinin yetirmələridir.(Şükürov K. Azərbaycan tarixi. Üç hissədə. I hissə. Elmi-nəzəri və praktikproblemləri. Elmi redaktoru: t.e.n.B.Şabiyev. Bakı: Bakı Universiteti nəşriyyatı. – 2004. – 234 s. S. 73-74).
Heç şübhəsiz, yuxarıda qeyd olunan amili Sovet sistemi dağılandan sonra tarixin formasion sistem üzərindən yazılmasının səbəblərdən biri kimi göstərmək mümkündür. Digər bir səbəbi isə Azərbaycan tarix elmində yeni tarixçi nəslin hələ tam yetişməməsi ilə (ikinci səbəb) əlaqələndirmək olar.
Əlbəttə, 70 il marksist nəzəriyyənin üzərindən yazılan tarix elminin birdən-birə yeni müstəviyə keçirilməsinin, yəni yeni bir nəzəriyyəyə əsaslanaraq yazılmasının cətinlikləri də nəzərə alınmalıdır. Fikrimcə, bu amili üçüncü səbəb kimi göstərmək olar.
Çox da uzaq olmayan o dövrün (sovet dövrünün) tarixşünaslığının müsbət və mənfi tərəfləri ciddi təhlil olunmadan müasir dövr tarixşünaslığının yazılması da bəzi tarixi reallıqların təhrifinə (dördüncü səbəb)səbəb ola bilər.
Nəhayət, marksist nəzəriyyənin tarix elmində müəyyən üstünlüklərini qoruyub saxlamasının digər bir səbəbi də onun 70-ildən çox bir müddət ərzində həm ideoloji, həm də vahid konsepsiya baxımdan sovet dövləti tərəfindən ciddi müdafiə olunması (beşinci səbəb) idi.
Tarixçi-tədqiqatçıların diqqətini digər bir məsələyə cəlb etmək istəyirəm. Hal-hazırda çağdaş Azərbaycan tarixçiləri tərəfindən insanlıq cəmiyyəti tarixinin ən qədim dövrdən günümüzədək olan dövrünü yeni elmi-nəzəri baxışlar əsasında dövrləşdirilməsi məsələsi ilə əlaqədar cəhdlər göstərildiyini müşahidə etmək mümkündür.Məsələn, ən qədim dövrdən günümüzədək Azərbaycan tarixinin dövrləşdirilməsi ilə əlaqədar yeni baxışlar sərgiliyən (formasion sistemdən fərqli olaraq) tarixçilərimizdən professor Kərim Şükürov üç cildlik “Azərbaycan tarixi” əsərinin “Azərbaycan tarixi. Ən qədim zamanlardan bizim günlərədək: dövrlər, hadisələr, sinxronlaşdırılmış cədvəllər” adlı ikinci cildində Azərbaycan tarixinin dövrləşdirilməsi ilə əlaqədar maraqlı və həm də yeni təkliflər irəli sürür.
Yeni dövrləşdirmə ilə əlaqədar süni meyarlar axtarmağa ehtiyac olmadığını, əvəzində “dövrləşdirmə üçün materialı tarixi inkişafın özündə axtarmağın vacibliyini qeyd edən K.Şükürov, “Azərbaycanın ən qədim zamanlardan günümüzədək olan inkişaf tarixini nəzərdən keçirməyin zəruriliyini və onun əsasında da müstəqil Azərbaycan dövlətlərinin fəaliyyəti durduğunu” göstərir.(Şükürov K. Azərbaycan tarixi. II hissə. Ən qədim zamanlardan bizim günlərədək: dövrlər, hadisələr, sinxronlaşdırılmış cədvəllər: 3 cildə IIc. Bakı: Şirvannəşr, 1998, 480 s. S. 21).
O, ən qədim zamanlardan günümüzədək olan inkişaf tariximizi 17 dövrə bölür (müəllif tərəfindən həmin dövrləri sonrakı mərhələlərdə birləşdirməyin və dövrlər daxilində dövrləşdirmələrin aparılmasının mümkünlüyü də qeyd olunur). Məsələn, birinci dövr “Dövlətəqədərki dövr və ya ibtidai cəmiyyət – Ən qədim zamanlar (m.ə.III-II minillik)”; ikinci dövr “İlk dövlətlər – m.ə. III-II minillik-m.ə.VII yüzilin sonları (və ya m.ə. VI yüzilin başlanğıcı)”; üçüncü dövr “Mannanın süqutundan Atropatena-Albaniyayadək. m.ə. VII yüzilin 70-ci illəri-IV yüzillər və s. Müəllif sonuncu dövrü “Yeni müstəqillik dövrü (üçüncü respublika dövrü) – 1991-ci ildən bəri” kimi formalaşdırmışdı.
Daha sonraq K.Şükürov təqdim etdiyi dövrləşdirmənin əhəmiyyətini belə şərh edir: 1) Azərbaycanın dövlətçilik tarixinin müstəqillik, yadelli əsarəti və istilalar dövrü aydın olur; 2) Azərbaycanın Cənub və Şimalının əlaqələri, vahid dövlət yaradılmasının gedişi və başqa problemlər də bu səpgidə daha dolğun şəkildə şərh olunur; 3) Belə dövrləşdirmə əvvəldən axıradək Azərbaycanın tarixi inkişafını əyani şəkildə əks etdirməklə mücərrəd deyil, konkret faktlarla yadda saxlanmasına imkan verir, onun tədqiqi və təbliği işinə köməklik göstərir; 4) Dövrləşdirmədən irəli gələn nəticələr müasir dövlət quruculuğu və onunla bağlı olan vacib məsələlərin həlli üçün təcridi əhəmiyyət kəsb edir və s.(Şükürov K.K. Azərbaycan tarixi. II hissə. Ən qədim zamanlardan bizim günlərədək: dövrlər, hadisələr, sinxronlaşdırılmış cədvəllər: 3 cildə IIc. Bakı: Şirvannəşr, 1998, 480 s. S. 22-27).
Professor Eldar İsmayılovun “Azərbaycan tarixinin oçerkləri” adlı əsərində(Исмаилов Э.Р. Очерки по истории Азербайджана / Э.Р.Исмаилов. - М.: Флинта, 2010.- 424 с.) isə Azərbaycan tarixinin dövrləşdirilməsi ilə əlaqədar təklif olunan dövr üç mərhələdən ibarətdir. Onun Azərbaycan tarixinin dövrləşdirilməsi ilə əlaqədar təklif etdiyi elmi-nəzəri baxışa görəbirinci dövr“Azərbaycan islama qədərki dövrdə” adlanır və bu dövr “tarixəqədərki”, “Azərbaycan ərazisində ilk dövlətlər”, “Atropatena və Albaniya”, “İslamlaşma ərəfəsində”, “bölgənin etnomədəni xüsusiyyətlərinin formalaşmasının ilkin mərhələsi” adlı alt mərhələyə bölünür. İkinci dövr“Azərbaycan orta əsrlər dövründə” kimi adlanır. Bu dövr “Azərbaycan VII – XII yüzilin əvvəlində”, “ Azərbaycanda monqol dövrü”, “XIV-XV əsrlərin ikinci yarısının dövlət quruluşları və dövlətləri”, “Səfəvilər dövləti”, “Azərbaycan tarixində “xanlar” kimi alt mərhələlərə bölünür.Üçüncü dövr“Azərbaycan XIX-XX əsrlərdə” adlanır. Bu dövr də “Azərbaycan Rusiya imperiyasının tərkibində”, “Azərbaycan Demokratik Respublikası”, “Azərbaycan sovet tarixi”, “Azərbaycan 1941-1987-ci illərdə”, “Milli müstəqilliyə aparan yolda”, “Müstəqilliyin əldə olunması” adlı alt mərhələlərə bölünür.
Akademik Şahin Mustafayevin Azərbaycan tarixi ilə əlaqədar təqdim etdiyi dövrləşdirmə də maraq doğurur. Təqdim etdiyi hər bir dövrün qısa və elmi tutumlu izahatını verən müəllif, Azərbaycan tarixinin yeni dövrləşdirilməsi məsələsini irəli sürür. Onun təqdim etdiyi dövrləşdirmə, əsasən 5 böyük mərhələdən ibarətdir və təqdim olunan dövrləşdirmənin qısa düzümü belədir:
“Arxeoloji dövrlər çağı Azərbaycan ərazisində insanın məskunlaşdığı ən
qədim zamanlardan b.e.ə. III-II yüzilliklərdə kuti və ya qutilər, b.e.ə. III-I minilliklərdə lullubilər, b.e.ə. III-I minilliklərdə hurrilər, b.e.ə. I minillikdə kaspilər kimi tayfa ittifaqlarının yaratdığı ilkin protodövlətlərinmeydana çıxmasınadək olan dövrləri əhatə edir.(Şahin Mustafayev. Çağdaş Azərbaycan tarixşünaslığının bəzi nəzəri məsələləri Məqalələr toplusu. Tarix və mədəniyyət. Faktlar və dəyərlər. Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş məqalələr toplusu / Məsul redaktor F.R.Cabbarov. Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2020. – 656 s. s.29-64. S.40-41).
Azərbaycan üçün “özək zaman” çağı Urmiya gölü bölgəsində ilk dövlətin (Manna dövləti – b.e.ə. IX-VIII yüzilliklər) əmələ gəlməsi və Azərbaycan ərazisinin Midiya (b.e.ə. VII-VI əsrlər) və Əhəməni imperiyaları (b.e.ə. VI-IV yüzilliklər) kimi qədim dövrün qüdrətli dövlətlərinin tərkibinə daxil olaraq, dünya tarixi prosesində iştirak etməsi ilə əlamətdardır. Bunun önəmli göstəricisi, həm də Azərbaycan ərazisinin dünyada zərdüştiliyin yayılma arealına daxil olması idi.
Azərbaycan ərazisində dövlətlərin “bütövləşməsi” çağı (b.e.ə. III – b.e. VI yüzilliklər) dövrü. … Azərbaycanın mədəni-siyasi sərhədlərinin formalaşması başlayır və ölkə günümüzə qədər gəlib çıxan öz tarixi adını (Aturpatakan – Aderbadaqan – Aderbaycan – çağdaş Azərbaycan) əldə edir.
B.e.ə. II yüzilliyin sonu – I yüzilliyin əvvəllərində, Cənubi Qafqazın şərq hissəsində gələcəkdə tarixi tamlığa və ya vahidə çevrilən, zamanla öz siyasi və mədəni kimliyini formalaşdıran və uzun müddət ərzində qoruyub saxlayan digər bir dövlət – Albaniya əmələ gəlir.
Beləliklə, Atropatena və Albaniya kimi iki dövlətin uzun müddət öz daxillərində siyasi və mədəni bütövləşmə və konsolidasiya proseslərini yaşaması nəticəsində artıq islam dövründə tarixi Azərbaycanın formalaşdığı sərhədlərin müəyyənləşdiyini görürük.İslam sivilizasiyasına daxil olma çağı (VII-XVIII yüzilliklər) Azərbaycan tarixində uzunmüddətli və önəmli bir mərhələdir. Azərbaycan bu sivilizasiyanın bir hissəsi olmuş və bu hadisə onun gələcək tarixi inkişafının başlıca istiqamətini, eyni zamanda onun mənəvi, mədəni, sosial və siyasi varlığının bütün mahiyyətini müəyyənləşdirmişdir.
Modernləşmə çağı (XIX yüzillikdən günümüzədək)” (Şahin Mustafayev. Çağdaş Azərbaycan tarixşünaslığının bəzi nəzəri məsələləri Məqalələr toplusu.Tarix və mədəniyyət. Faktlar və dəyərlər. Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş məqalələr toplusu / Məsul redaktor F.R.Cabbarov. Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2020. – 656 s. s.29-64. S.40-42).
Müəllif XIX yüzilliyin əvvəlindən günümüzədək davam edən dövrü Modernləşmə çağı adlandırır və bu dövrü üç əsas mərhələyə bölür: “1) Rus-İran müharibələri və 1813-cü ildə Şimali Azərbaycanın Rusiya imperiyasının tərkibinə keçməsi; 2) Oktyabr inqilabı və 1920-ci ildə Azərbaycanın sovetləşməsi; 3) Sovet İttifaqının dağılması və 1991-ci ildə Azərbaycanın müstəqillik qazanması.”(Şahin Mustafayev. Çağdaş Azərbaycan tarixşünaslığının bəzi nəzəri məsələləri Məqalələr toplusu.Tarix və mədəniyyət. Faktlar və dəyərlər. Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş məqalələr toplusu / Məsul redaktor F.R.Cabbarov. Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2020. – 656 s. s.29-64. S.48).
Yuxarıdakı təhlildən göründüyü kimi Ş.Mustafayev çağdaş Azərbaycan tarixinin dövrləşdirilməsini də XIX yüzillikdən günümüzədək olan dövrün, yəni Modernləşmə çağın içərisində verir.
O, Siyasi müstəqillik dövrünü (1991-ci ildən başlayaraq günümüzədək), öz tarixi mahiyyətinə görə, Azərbaycanın son iki yüz il ərzində keçdiyi modernləşmə prosesinin nəticələrinin nə dərəcədə dönməz və dayanıqlı olduğunun tarixi sınağa çəkildiyi dövr kimi xarakterizə edir.
Y.M.Mahmudovun elmi redaktorluğu ilə işıq üzü görən “Azərbaycan Respublikasının tarixi (1991-2003)...” adlı ümumləşdirilmiş əsərdə dövrləşdirməni dövlətçilik tariximizin üzərindən aparıldığını müşayiət etmək mümkündür. Burada əsas diqqət dövlətçilik tariximizə yönəldilib. Əsərdə qədimdən günümüzədək tariximiz formasion sistem üzərindən deyil dövlətçilik tarixi üzərindən dövrləşdirilir. Əsərdə qədim dövrdən günümüzədək tariximizin dövrləşdirməsi beş mərhələyə bölünür: birinci mərhələ “ən qədim zamanlardan islam dininin qəbuluna qədərki dövrdə Azərbaycan dövlətçiliyi”; ikinci mərhələ “Azərbaycan dövlətçiliyi islam dininin qəbulundan (VII əsrdən) sonrakı dövrdə”; üçüncü mərhələ “Azərbaycan Xalq Cümhuriyyəti: Şərqdə ilk parlamentli respublika (1918-ci il may - 1920-ci il aprel)”; dördüncü mərhələ “Azadıstan məmləkəti: Cənubi Azərbaycan Milli Hökuməti (1920-ci il aprel - sentyabr)”; beşinci mərhələ “Şimali Azərbaycanda kommunist rejimi və Heydər Əliyevin Azərbaycanın dövlətçilik ənənələrini davam etdirməsi: milli oyanış və müstəqilliyə doğru böyük dönüş illəri (1920-ci il 28 aprel - 1991-ci il 18 oktyabr)”(Azərbaycan Respublikasının tarixi (1991-2003). 1-ci cild. Heydər Əliyev dövrü. Layihə rəhbəri, elmi redaktor: AMEA-nın müxbir üzvü Y.M.Mahmudov. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016. - 704 səh.)kimi förmalaşdırılıb. Daha sonra əsərdə 1991-ci ildən 2003-cü ilədək sosial, iqtisadi, siyasi və mədəni-tarixi hadisələr dövlətçilik üzərindən yazılması davam etdirilir.
Daxili və xarici arxiv sənədləri, eləcə də ayrı-ayrı dövrlərdə yazılmış çoxsaylı elmi-tədqiqatlar əsərləri sübut edir ki, Azərbaycan ərazisində qədimdən günümüzədək mövcud olmuş dövlətlər (bu dövlətlərdən bəziləri, hətta bir müddət öz coğrafiyasından kənardakı əraziləri də öz dövlətinə qatmışdır. Bəzi hallarda isə ayrı-ayrı imperiyanın tərkibində olmasını və Türkmənçay sülhündən (1828-ci il) sonra Azərbaycan ərazisinin iki yerə parçalanmasını nəzərə almasaq) daimə eyni coğrafiyada – Bütöv Azərbaycan coğrafiyasında mövcud olmuşdular. Biz dövlətçilik tariximizin müxtəlif dövrlərinin ictimai-iqtisadi, siyasi və mədəni mərhələlərini izləyərkən, onun ibtidaidən aliyə, sadədən mürəkkəbə doğru böyük inkişaf yolu keçdiyinin şahidi oluruq.
Bu gün, eyni zamanda Bütöv Azərbaycanın zəngin iqtisadi, siyasi və mədəni tarixinin mövcud materiallarına istinad edərək tam yəqinliklə “Azərbaycan sivilizasiyası” ifadəsini işlədə bilərik. Əlbəttə, burada söhbət qlobal “Sivilizasiyalar nəzəriyyəsi”ndən deyil, dünyanın “kiçik” bir hissəsində qədimdən günümüzədək böyük inkişaf yolu keçmiş xalqın iç sivilizasiyasından – Azərbaycanın öz coğrafiyası daxilindəki sivilizasiyasından gedir. Bu sivilizasiyanı, həm də böyük Türk-İslam sivilizasiyanın bir hissəsi kimi də dəyərləndirmək mümkündür.
Fikrimcə, Azərbaycan tarixşünaslığının dövrləşdirilməsi“Azərbaycan sivilizasiyası”nı əsas kimi götürməkləqədimdən günümüzədək mövcud olmuş dövlətlərüzərindən yazılması məqsədəuyğun olardı.
Beləliklə, “Çağdaş Azərbaycan tarixşünaslığı: yeni elmi-nəzəri axtarışlar” adlı mövzunun təhlili aşağıdakı nəticəyə gəlməyə imkan verir:
Qədimdən günümüzədək Azərbaycan tarixinin dövrləşdirilməsi ilə əlaqədar təklif olunan yeni elmi-nəzəri baxışların qısa təhlili onu göstərir ki, çağdaş Azərbaycan tarixçilərinin problemə fərqli elmi yanaşmaları var;
müstəqilliyimizin bərpa edilməsindən 30 ildən çox bir vaxtın keçməsinə rəğmən, hələ də “köhnə” ənənəvi marksist nəzəriyyədən tamamilə uzaqlaşmaq (bəzi istisnaları çıxmaq şərti ilə) mümkün olmayıb. Hətta bəzi hallarda İnsanlıq cəmiyyətlərinin dövrləşdirilməsi zamanı “modifikasiya” olunmuş “köhnə” sistemdən, yəni formasion sistemindən istifadə edilməsi təkli olunur;
tariximizin vahid və davamlı Azərbaycan dövlətçilik tarixi (b.e.ə. VIII – b.e. XXI əsrləri) üzərindən yazılması ilə əlaqədar yeni və həm də fərqli elmi-nəzəri baxışlar təklif olunur. Əlbəttə, qısa bir məqalə ilə zəngin Azərbaycan tarixşünaslığının qarşısında duran problemlərin həll olunduğunu düşünmək doğru olmazdı. Ona görə də tarixçilərimiz tərəfindən yeni elmi-nəzəri axtarışların davam etdirilməsi və problemlə əlaqədar müzakirələrin aparılması məqsədəuyğun olardı.
Vaqif Şirinoğlu
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya
İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru
Baxış sayı: 135