FACT-INFO.AZ » CƏMİYYƏT » Sənətin bənzərsizliyi və möhtəşəmliyi
30-06-2016, 12:05 | CƏMİYYƏT
Sənətin bənzərsizliyi və möhtəşəmliyi

Adətən, əhvalımın təlx olduğu vaxtlarda dostlarla zəngləşib, görüşürəm. Çay masası arxasında xatirələr dilə gəlir, böyük sənətkarlar anılır, onların konsert salonlarında, toy-düyün məclislərində, tutuzdurduqları anlar - "tutuzdurmaq" sözü sənət adamları arasında yüksək ifa, məclisi ələ almaq anlamındadır - və yaxud başlarına gələn məzəli, eləcə də öz aralarındakı şux zarafat və olaylar xatırlanır.

Belə görüşlərdə Mirnazimlə çox oturub-durmuşam. O, gözəl müsahibdir, söz sərrafıdır, qarşısında oturanı qiymətləndirməyi bacarandır, yüksək yumor hissinə malikdir, ərki çatanlara şəbədə qoşmağı, yaxşı mənada, dolamağı başqa bir aləmdir. Sözsüz ki, hər şey əndazə daxilindədir...

Bəli, söhbət respublikanın Əməkdar artisti, dosent, mahir kamanzən Mirnazim Əsədullayevdən gedir. Bəs, onun sənətinə, musiqiyə olan münasibəti necədir?

Mirnazimin musiqi dünyasına ayrıca, özünə məxsus tərzdə bir baxışı var. Onun çalğısında saflıq, ecaz, dürüstlük daha qabarıq nəzərə çarpır. Sənətkarın qüdrəti sənətinə olan münasibətindən, ciddiyyətindən çox asılıdır. Sözsüz ki, sənətin zirvəsinə ucalmaq - bütün zamanlarda heç bir sənət adamı sənətinin zirvəsinə çatıb, onun fəthinə nail olmur -illüziyalardan keçmir, yüksəkliyə ucalmaq heç də rahat və hamar olmur, əksinə, mürəkkəb, olduqca keşməkeşli, əzablı bir ömrün sayəsində əmələ gəlir. Mirnazim öz sənətində iddiasız və fədakardır. Məhz elə bu fədakarlıq onun sənət aləmində yerini müəyyənləşdirib.

Mirnazimin 50 illik yubileyində iştirak etmişəm, məclisə bütün zümrələrdən olan insanlar -elm, incəsənət xadimləri, sadə zəhmət adamları toplaşmışdılar. Məclisdə unudulmaz sənətkarımız Habil Kaman dedi:

- Mirnazim, gün o gün olsun, səni Mirnazir görək!

Sözsüz, bu kiçik təbrikin cövhərində zarafat-yumor vardı. Digər tərəfdən, böyük sənətkarın sənətdaşının sənətinə olan bələdliyi imkan verirdi ki, o, kamança oxunu düzgün ünvana tuşlasın. İroniyasız, ciddi söz gülləsi hədəfə düzgün dəyəndə insanın sənətə olan təbini yaralamır. Əksinə, onu ucaldır, ən başlıcası isə, yaradıcılıq şövqünə böyük təkan verir. Habil Kamanın da Mirnazimi Mirnazir kimi görməsi real bir hadisə idi. Bu gün qətiyyətlə demək olar ki, Mirnazimin sənətinə olan ciddi münasibəti, aşinalığı, quru ağacda - kamançada nalə yaratmağı, yaralı könüllərə məlhəm qoymağı onu öz sənətində, elə Habil Kamanın dediyi kimi, Mirnazir ucalığına qaldırıb.

Əsl sənətkar ürəklə beyin arasında əlaqə yaradır. Bu əlaqədə ruh, təb, fəhm böyük rol oynayır. Boş yerə demirlər ki, filan sənətkarın böyük ürəyi var. Mirnazim də öz ifasında böyük ürək sahibidir. O, ruhundan, ürəyindən keçənləri öz sevimli kamanına ötürə bilmək qüdrətinə malikdir. Elə bu səbəbdən də onun çalğısı hər zaman canlıdır.

Bəzən kamanla Mirnazim arasında heç kimin görmədiyi, heç kəsin duymadığı, hiss etmədiyi -musiqi sərrafları istisna olmaqla - döyüş-duel başlayır. Sonda onlar qucaqlaşıb barışırlar. Bir-birini yola verirlər. Belədə qazanan dinləyici, tamaşaçı olur.

Sənətkarın televiziya və radionun fonotekasında solo ifaları yetərincədir. O, "Rahab", "Şüştər" və sair muğamları özünəməxsus şəkildə ifa edir. Onu dinləyəndə çalğı manerasını, öz dəst-xəttini hiss edirsən. Özünü, üzünü görmədən ifanın Mirnazimə aid olduğunu duyursan. Bu da Mirnazimin sənət uğurudur.

Oxuyanı - xanəndəni hər çalğıçı müşayiət edə bilmir. Xanəndəni oxutduran, ona ruh və coşqu verən tarzənlə kamanzəndir. Müqtədir sənətkarlarımızdan Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Ağaxan Abdullayevi və bir çox ifaçıları Mirnazim müşayiət edib.

Sevindirici haldır ki, bəzi məqamlarda Mirnazimin ifasında sanki kamançanı deyil, onunla üzbəüz oturub guşəxanlığı, xırdalığı ilə məclisə təravət verən xanəndəni dinləyirsən. Bu da yenə Mirnazimin sənətdəki uğurudur, qabiliyyətidir.

Böyük xanəndə və pedaqoq Hacıbaba Hüseynovu uzun illər qastrol-konsertlərdə, toy-düyünlərdə Mirnazim və Xalq artisti Ağasəlim Abdullayev müşayiət etmişlər. H.Hüseynovu müşayiət etmək, onun ifa manerasını, "him-cim"ini havada tutmaq, ifa zamanı fəhmlə onu anlamaq hər müşayiətçinin işi deyildi. Xanəndənin gözlənilmədən modulyasiya etməsi, ağlagəlməz guşəxanlıqları qarşısıalınmaz - fors-major idi. Bir çox müşayiətçilər xanəndə ilə çıxış etməkdən ehtiyatlanırdılar. Hacıbaba Hüseynov, Ağasəlim Abdullayev və Mirnazim Əsədullayev üçlüyü isə hər çıxışlarında tamaşaçıları ovsunlamaq güc-qüdrətinə malik idi.

Bir gün söhbət əsnasında dostum, gözəl ziyalı, görkəmli iqtisadçı alim, millət vəkili, eyni zamanda musiqinin xiridarı olan Ziyad Səmədzadədən Mirnazimin sənətinə olan münasibətini soruşdum. O, sənətkarla bağlı yüksək fikirlərini ifadə etməklə yanaşı qeyd etdi ki, Mirnazim Azərbaycan mədəni irsini ləyaqətlə qoruyan ifaçıdır. Dəyərli tarzən, Əməkdar artist Vamiq Məmmədəliyevin də Mirnazim barədə fikirləri dəqiq və maraqlıdır: "Mirnazimin sənəti sifətində yazılıb, hətta onun imzasında da kamança şəkli var. Çox böyük sənətkarlarla oturub-durub. Zəhmətkeşliyi hər kəsdə olan məziyyət deyil..."

Mirnazimin kiçik oğlu Toğrul atasının yolunu şərəflə davam etdirir. Respublikanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Böyük oğlu Elnur da gözəl musiqiçidir. Məclislərin birində onun kanonda "Çahargah" kompozisiyasını dinlədim. Əslində o, ifasıyla məcbur etdi ki, ətrafındakılar ona diqqət kəsilsin. Kanonda çox ifalar eşitmişəm. Doğrudur, yaxşı ifaların şahidi olmuşam. Elnurun o çıxışınısa hələ də unuda bilmirəm. Yüksək sənətkarlıqla çalınan kanonda yeni imkanlar, bənzərsizlik duyulurdu. Əfsus ki, Elnur müəyyən səbəb üzündən bu gün başqa bir sahədə çalışır. Arzu edirəm ki, o, sevimli kanonunu və pərəstişkarlarını unutmasın... Oğullarının belə pərvəriş tapmasında, kamil musiqiçi kimi yetişməsində ata Mirnazimin böyük əməyi var. Bəzən onların çıxışı zamanı Mirnazim haldan-hala düşür, yerində sakit otura bilmir, qurcalanır. Onların ifa yükünü çiynində hiss edir Mirnazim. Bu da səbəbsiz deyil. Çünki o, sənətkardır, sənətin ciddiliyini, ağırlığını, məsuliyyətini dərk edir.

Bu gün də Mirnazim böyük məhəbbətlə, şövqlə, yeni improvizələri ilə yorulmadan öz dinləyicilərinin qəlbində kövrək, lirik, həzin hisslər oyadır. Əziz dostum, qoy bu təb və coşqu açılan yeni sabahlarda hər an səninlə olsun!

 

Əkrəm Qaflanoğlu 




Baxış sayı: 1 792
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30