İndiki tarixi mərhələdə təhlükəsizliyin təhdidlər, risklər və çağırışlarla əlaqəsi barədə analizlər aparırlar. Meydana olduqca maraqlı mənzərə çıxır. Məlum olur ki, təhlükəsizliyin qlobal, regional və milli səviyyələri bir-biri ilə sıx əlaqəlidir. Bütövlükdə isə təhlükəsizliyin təməlində milli təhlükəsizlik dayanır. Milli təhlükəsizlik təmin edilmədən regional və qlobal təhlükəsizlik sisteminin yaradılmasından söhbət gedə bilməz. Odur ki, mütəxəssislər milli təhlükəsizlik probleminə xüsusi diqqət yetirirlər. Bu anlayışın müxtəlif aspektlərini əlaqədə götürdükdə, problemin sistemli xarakter daşıdığını görərik. Bu yazıda Cənubi Qafqazın timsalında milli təhlükəsizliklə regional təhlükəsizlik arasındakı əlaqələrə nəzər salmağa, həmin kontekstdə Ermənistanın oynadığı mənfi rolun bir sıra aspektlərini təhlil etməyə cəhd göstərəcəyik.
Anlayışların nəzəri müqayisəsi: təhlükə, təhdid, risk və çağırışlar
“Təhlükəsizlik” müasir siyasətşünaslıqda ən çox işlənən anlayışlardandır. Onu müxtəlif kontekstlərdə işlədirlər. Belə ki, bu termin “təminatlılıq”, “inam”, “sığortalanma”, “sakitlik”, “sabitlik”, “təhdidlərin yoxluğu” kimi məna çalarları kəsb edə bilir. Zəngin məzmuna malik olması təhlükəsizliyin “təhlükəsizlik paradiqması”, “təhlükəsizlik mədəniyyəti”, “təhlükəsizlik sərhədi”, “təhlükəsizlik rejimi”, “təhlükəsizliyin idarə edilməsi”, “təhlükəsizlik kompleksi”, “geotəhlükəsizlik” və s. kimi bir neçə vacib konseptlərini meydana gətirib (bax: Николай Баранов. Современные представления о безопасности).
“Təhlükəsizlik paradiqması” cəmiyyətdə təhlükəsiz inkişaf haqqında kök salmış təsəvvürləri əhatə edir.
“Təhlükəsizlik mədəniyyəti” konkret sosial qrupu digərlərindən fərqləndirən rəmzlər, obrazlar, ideyalar və təsəvvürlər çoxluğunu əks etdirir. “Təhlükəsizlik mədəniyyəti” öz “kod”larını formalaşdırır ki, bu da “təhlükəsizlik məkanı”nı müəyyənləşdirir.
“Təhlükəsizlik sərhədi” müxtəlif “təhlükəsizlik məkanı”nı cızır.
“Təhlükəsizlik rejimi” prinsiplərin, qaydaların və normaların çoxluğudur ki, təhlükəsizlik aktorları üçün davranış çərçivəsini müəyyənləşdirir və onlar arasında qarşılıqlı əlaqəni, müsbət qarşılıqlı təsirləri təmin edir.
“Təhlükəsizliyin idarə edilməsi” təhlükəsizliyi təmin edən aktorlar arasında vacib sferalarda əməkdaşlıq qaydasıdır.
“Təhlükəsizlik kompleksi” təhlükəsizlik haqqındakı dayanıqlı təsəvvürləri və həmin sahədəki münasibətləri birləşdirən transmilli regiondur.
“Geotəhlükəsizlik” müəyyən ərazidə təhlükəsizlik praktikasını və identikliyini özündə cəmləşdirən və “təhlükəsizliyin məkan obrazı”nı formalaşdıran geniş anlayışdır (bax: əvvəlki mənbəyə).
Bununla təhlükəsizliyə aşağıdakı 3 aspektdə yanaşmaq olar – birincisi, təhlükə və təhdidlərin yoxluğu, ikincisi, meydana gələn təhlükələrə qarşı kifayət qədər dayanıqlılıq, müəyyən mənada “immunitet”in mövcudluğu və üçüncüsü, bu təhlükələri aradan qaldırmaq, yaxud onlardan müdafiə olunmaq, “status-kvo”nu bərpa etmək hazırlığı və qabiliyyəti. Mütəxəssislər yuxarıda vurğulanan xüsusiyyətləri ümumiləşdirərək təhlükəsizliyə belə tərif verirlər: “Təhlükəsizlik sosiumun həyat fəaliyyətinin, onun etibarlı mövcudluğuna və dayanıqlı inkişafına keyfiyyət təminatı verən struktur və institutlarının durumudur” (bax: əvvəlki mənbəyə). Bu tərifi dövlətlərə, dövlətlər qrupuna, regionlara və bütövlükdə dünyaya tətbiq etmək olar. Çünki onların hər birinə avtonom sistem kimi baxmaq olar. Yuxarıdakı tərif də məhz açıq və mürəkkəb sistemlərə aiddir. Bu baxımdan dövlət, milli, regional və qlobal təhlükəsizliklər üçün həmin tərifi işlətmək olar. Həmin anlayışların təhlilinə keçməzdən öncə xarakter aspektində təhlükəsizliyin səviyyələrinə baxaq. Təhlükəsizliyin xarakteri obyektə təhlükə və təhdidlərin təsir dərəcəsi ilə müəyyənləşir. Burada iki istiqamətli faktorların nisbəti əhəmiyyətlidir. Birincisi, təhlükə və təhdidlər, ikincisi, onları neytrallaşdırmağa yönəldilmiş amillər. Bunların qarşılıqlı təsiri nəticəsində yaranan vəziyyət təhlükəsizliyin xarakteristik (səciyyəvi, özünəməxsus) səviyyəsini müəyyənləşdirir. Onun aşağıdakı səviyyələri qeyd edilir (bax: əvvəlki mənbəyə).
1) Mütləq təhlükəsizlik – faktiki olaraq təhlükənin yoxluğudur. Bu səviyyə müasir dünyada demək olar ki, yox dərəcəsindədir. Elə bir sosium, millət, dövlət və region yoxdur ki, mütləq mənada təhlükəsiz olsun. Bu, artıq mütəxəssislər tərəfindən yekdilliklə qəbul edilən həqiqətdir. Mütləq təhlükəsizlikdən yalnız nəzəri olaraq danışa bilərik.
2) Real (faktiki) təhlükəsizlik – həqiqi mövcud olan təhlükəsizlikdir. Onun üçün obyektiv olan təhlükə və təhdidlər, bu faktorlara qarşı dura bilən sistem elementləri də mövcuddur. Ancaq bütün hallarda təhlükə və təhdid amilləri yox olmur, qalır. Burada əsas məqam sistemin dağıdıcı qüvvələrə qarşı dayana bilən gücünün daim var olmasından ibarətdir. Yalnız bu halda faktiki təhlükəsizlikdən bəhs etmək mümkündür.
3) Qəbul edilə bilən təhlükəsizlik – bu, sistemin məqbul səviyyədə dayanıqlı inkişafın tələblərini ödəyə bilməsidir. Təhlükə və təhdidlər obyektə əhəmiyyətli zərər verə bilmir.
4) “Həddi” təhlükəsizlik (tələbatları minimum səviyyədə ödəyən təhlükəsizlik) – sistemin elə bir vəziyyətidir ki, təhlükə və təhdidlərin sonrakı təsiri əhəmiyyətli itkilərə aparıb çıxara, bununla da obyektin bütövlüyü təhlükə altına düşə bilər. Buna geosiyasi nəzəriyyələrdə “sərhəd durumu”, “uçurumun astanası” da deyirlər.
5) İllüziyalı (yalançı, təxəyyülü) təhlükəsizlik – real təhlükə və təhdidlərin qeyri-obyektiv, subyektiv qavranılması ilə xarakterizə olunan psixoloji durum. Bu, mövcud vəziyyət haqqında qeyri-adekvat təsəvvürlərin olmasıdır (bax: əvvəlki mənbəyə).
Yuxarıdakı təriflərdən görünür ki, təhlükəsizliyin dərkində “təhlükə” və “təhdid” anlayışları əsas rol oynayır. Lakin məsələni çətinləşdirən odur ki, bu anlayışların özü ilə bağlı birmənalı mövqe yoxdur. Bir sıra hallarda təhlükə ilə təhdid eyniləşdirilir, başqa variantlarda isə onlar risk və çağırışlarla qarşılıqlı əlaqədə izah olunur. Hər bir halda, müasir dövrdə təhlükəsizlik təhlükə və təhdidlə yanaşı, risk və çağırışlarla da əsaslı şəkildə əlaqəlidir. Xüsusilə qlobal təhlükəsizlik üçün risklər və çağırışlar ciddi əhəmiyyət kəsb edir. Beynəlxalq səviyyədə problemin bu aspekti ilə bağlı yüksək səviyyəli tədbirlərin keçirilməsi təsadüfi deyil. Məsələn, sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərdə dialoqa olan ehtiyac müasir dövrün çağırışları sırasındadır. Qlobal miqyasda risk faktoruna misal olaraq isə iqlim dəyişikliyinin qeyri-xətti xarakter alması, yaxud terror qruplarının kütləvi qırğın silahlarına sahib olması ehtimalının yüksəlməsini göstərmək olar. Onu demək lazımdır ki, müasir mərhələdə bu faktorların heç biri praktiki olaraq ayrıca təsir göstərmir – onlar digər risklər və çağırışlarla sıx bağlılıqda fəaliyyətdədirlər. Bu da indiki dövrdə təhlükə, təhdid, risk və çağırışlar kompleksindən danışmağın daha doğru olduğunu təsdiq edir. Müasir geosiyasətdə özünü göstərən qeyri-müəyyənliklərin hamısı faktiki olaraq sadalanan faktorların kompleks təsiri nəticəsində meydana gəlir.
Məsələn, Yaxın Şərqdə uzun illərdir cərəyan edən proseslərdə həmin məqamlar tam olaraq özünü göstərməkdədir. Burada təhlükələr konkret terror qruplarının və məzhəblər üzrə formalaşan təşkilatların mövcudluğu, avtoritar rejimlər, böyük qüvvələrin öz maraqları üçün fəaliyyət göstərməsindən qaynaqlanır. Təhdidlər isə həmin qüvvələrin konkret fəaliyyəti nəticəsində meydana gələn aqressiv davranışları ifadə edir. Risk faktorları bir tərəfdən yerli hakimiyyətlərin və cəmiyyətlərin zəifliyindən, digər tərəfdən totalitar idarəetmənin yaratdığı anormal sosial-siyasi mənzərədən və böyük güclərin hər an durumu öz xeyrinə dəyişmək üçün müxtəlif təzyiqlərdən istifadə etməyə hazırlığından qidalanır. Bütün bunlar kompleks şəkildə region üçün ciddi çağırışlara səbəb olub ki, onlara da birlikdə cavab vermək zərurəti yaranıb. Hələlik bu tələbat ödənmədiyindən, həmin regionda sabitlik bərqərar olmur.
Buradan görünür ki, müasir dövrdə təhlükəsizliyin bütün növləri və səviyyələri üçün təhlükə, təhdid, risk və çağırış anlayışları əsas rol oynayır. Bu səbəbdən onlar üzərində bir qədər geniş dayanmağa ehtiyac vardır.
Ümumi götürdükdə, təhlükə bu və ya digər subyektləri (o cümlədən xalq, dövlət, bəşəriyyət) məhv etməyə, onlara zərər verməyə, deqradasiyaya uğratmağa qadir olan mümkün, yaxud real hadisələr, təzahürlər, proseslərdir. Təhdid isə, yuxarıdakı misallardan da göründüyü kimi, imkandan gerçəkliyə çevrilməyə hazır mərhələdə olan təhlükədir (bax: əvvəlki mənbəyə). Bu mənada onu təhlükənin daha konkret və birbaşa forması hesab etmək olar. Deməli, təhlükə daha çox imkan kateqoriyasına yaxındır. Təhdid isə gerçəklik kateqoriyası ilə izah oluna bilər. Bu halda təhdid gerçəkləşən təhlükədir. Təhlükə abstrakt ola bilər, yəni mövcud şərtlər daxilində onun reallaşması mümkün deyil. Konkret təhlükə isə mövcud şərtlər daxilində dəqiq ünvanı olandır. Bu cür təhlükə məqsədyönlü fəaliyyətlə aktuallaşırsa, təhdidə çevrilir.
Belə çıxır ki, hər bir təhlükə özündə potensial olaraq təhdid daşıyır. Lakin hər təhlükə təhdidə çevrilmir. Təhlükə və təhdidin qarşılıqlı əlaqəsi zərurət və təsadüf kateqoriyalarını da nəzərə almağı tələb edir. Bu fikirlərdən aydın olur ki, nəzəri olaraq təhlükəsizliyin təmini təhlükə ilə mütləq təhlükəsizlik arasında olan “sahə”də reallaşa bilər. Konkret deyilsə, uyğun tədbirlərlə təhlükə və təhdidlərin aradan qaldırılması təhlükəsizliyi təmin edən real prosesdir. Bunun iki tərəfi vardır. Birincisi, təhlükəsizlik təhlükə faktorlarının təhdidə keçməsini önləmək qabiliyyəti ilə bağlıdır. İkincisi, o, heç zaman mütləq təhlükəsizlik səviyyəsinə yüksələ bilmir, çünki təhlükə və təhdidlərin aradan qaldırılması həmişə nisbi xarakter daşıyır.
Bunun da səbəbi odur ki, dünyada heç bir proses statik deyil, daim dəyişəndir. Şərtlərin yeniləşməsi onların yaratdığı təhlükəni dəyişir və deməli, bu dinamikanı neytrallaşdırmaq əbədi olaraq yeniləşmə tələb edir. Ona görədir ki, dünyada əbədi təhlükəsiz hesab edilən bir vəziyyət yoxdur və bu mənada mütləq təhlükəsiz olan xalq, millət, cəmiyyət, dövlət, region və bəşəriyyət mövcud deyil. Bu reallıq hər bir dövlət və etnos üçün təhlükəsizliyin daim aktual olmasını tələb edir. Milli, regional və qlobal təhlükəsizlik məsələsinə də bu müstəvidə yanaşmaq daha adekvat olardı.
Ümumi halda təhlükə və təhdidlərin mənbəyi təbii hadisələr, subyektlərin fəaliyyəti, siyasi və sosial institutların səhvləri, məqsədyönlü yanlış işlərin aparılması, bir sıra dairələrin qərəzli planları və s. ola bilər. Bütün hallarda cəmiyyət, dövlət, regionlar və bəşəriyyət üçün təhlükə subyektlərin məqsəd və planları ilə əlaqəli olur. Burada təbii ki, təbiətin qanunlarını, fəlakətləri, kataklizmləri, iqlim şıltaqlığını da unutmaq olmaz.
Xaos mənbəyi: Ermənistan milli və regional təhlükəsizliyə təhlükə kimi
Təhlükəsizliyin təhlükə və təhdidlər kontekstində yuxarıda şərh edilən tərifi müstəvisində milli təhlükəsizliyin dərki aktualdır. Bu, regional və qlobal təhlükəsizliyin təmini məsələsində mühüm məqam təşkil edir. Çünki milli təhlükəsizlik konkret ölkə səviyyəsində məzmun kəsb edən anlayışdır. Regional və qlobal təhlükəsizlik onsuz mümkün deyildir. Ayrıca götürülmüş ölkələrin təhlükəsizliyi təmin edilmirsə, regional və qlobal miqyasda çoxlu sayda ölkələrin təhlükəsizliyindən danışmağın mənası yoxdur. Xüsusilə qeyri-xəttilik və qeyri-müəyyənliklə müşayiət olunan müasir dünyamızda milli-regional-qlobal təhlükəsizlik bir-biri ilə sıx bağlıdır, onların biri digərini tamamlayır. Bu “zəncirvarı əlaqə” pozulanda real olaraq heç bir səviyyədə təhlükəsizliyi təmin etmək mümkün olmur.
Hazırda dünyanın müxtəlif regionlarında cərəyan edən hadisələrə baxdıqda, həmin reallığı görmək olar. Sirr deyil ki, məhz bir sıra dövlətlərin milli təhlükəsizliyinin təmin edilməməsi üzündən regional və qlobal miqyasda müxtəlif növ təhlükə və risklər getdikcə artmaqdadır. Onların fonunda münaqişələr həll edilmir, bir sıra ölkələrdə sabitlik bərqərar olmur. Məsələ ondan ibarətdir ki, milli təhlükəsizliyin təmini ölkənin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təcavüzlərin və müharibə təhlükəsinin istisna edilməsini nəzərdə tutur (bax: Николай Баранов. Феномен национальной безопасности).
Əgər yerli hakimiyyətlər müəyyən səbəblərdən bunları təmin edə bilmirsə, milli təhlükəsizliyə ciddi təhdidlər meydana gəlir. Mütəxəssislərin fikrinə görə, burada əsas məqam müstəqil daxili və xarici siyasətin yeridilməsindən ibarətdir. Digər tərəfdən isə onların daxili işlərinə kənardan müdaxilənin olmamasıdır. Bunlarla yanaşı, ölkənin təhlükəsizliyinin vacib elementi insan haqlarının qorunmasıdır (bax: əvvəlki mənbəyə).
Bu cür nəzəri izahların prizmasından Cənubi Qafqaz ölkələrinin milli təhlükəsizliyinə hazırda qlobal və regionla miqyasda baş verən geosiyasi proseslər müstəvisində nəzər salsaq, həm maraqlı, həm də ziddiyyətli məqamları görə bilərik. Onların kökündə milli təhlükəsizliyin şərtlərinin hər şeydən əvvəl güclü dövlətlər tərəfindən gözlənilmədiyi dayanır. Bu, özlüyündə paradoksdur. Çünki obyektiv olaraq böyük dövlətlər bütün regionlarda ölkələrin milli təhlükəsizliyinin qayğısına qalmalıdırlar ki, dünya miqyasında şəffaf mənzərə yaransın. Bu şəraitdə dünyanı idarə etmək daha asan olur. Qeyri-müəyyənlik qaldıqda isə daim risk faktoru özünü göstərir. Bu da, yuxarıda vurğulandığı kimi, təhlükələrin təhdidlərə çevrilməsi anlamına gəlir.
Problemin digər tərəfi region dövlətləri sırasında milli təhlükəsizliyi təmin edən şərtlərdən yayınanların mövcudluğu ilə əlaqəlidir. Konkret olaraq bu ölkə Ermənistandır. Deyək ki, Ermənistan müstəqil daxili və xarici siyasət yeridə bilmir. Keçən əsrin 90-cı illərindən aydın olub ki, rəsmi İrəvan kənardan verilən əmrlərlə hərəkət edir. Bunun nəticəsində indi ölkənin iqtisadi və enerji infrastrukturu xarici ölkələrin nəzarətindədir. Ermənistan iqtisadiyyatının müstəqil inkişaf proqramı mövcud deyil. Ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmasından sonra isə həmin sahədə asılılıq daha da artıb. Aİİ-nin Astana sammitində Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı göstərdi ki, İrəvan tamamilə Rusiya, Belarus və Qazaxıstandan imdad umur. Təşkilatın yaratmaq istədiyi azad ticarət zonalarına ümid bəsləyir. S.Sarkisyan faktiki olaraq özlərinin hansı iqtisadi layihələr həyata keçirmək istədiklərindən danışmır. Deməli, bu ölkənin daxili siyasətinin müstəqilliyindən danışmaq yersizdir.
Xarici siyasətdə vəziyyət daha acınacaqlıdır. Bütün regional layihələrdən kənarda qalan Ermənistanın vəziyyəti olduqca faciəlidir. İrəvan məhz yeritdiyi asılı xarici siyasətə görə bu vəziyyətə düşüb. Onun Cənubi Qafqaz ölkələrinin heç biri ilə strateji tərəfdaş olmaması bu səbəbdən təsadüfi deyil. Azərbaycana qarşı təcavüz siyasəti yeritdiyinə görə düşmən statusundadır, Gürcüstan isə rəsmi olaraq bəyan etdi ki, Ermənistan strateji tərəfdaş deyil, ancaq dost, qonşu ölkədir. Deməli, region ölkələri ilə strateji əməkdaşlıq münasibətləri yoxdur, deməli, təhlükəsizliyə təminat da yoxdur.
Rusiya Ermənistanı regionda ən yaxın müttəfiqi sayır, lakin o, strateji müttəfiqliyə yaramır. Çünki müstəqil deyil. İranla münasibətlər normaldır, lakin Tehran da İrəvana real strateji tərəfdaş ola bilmir. Burada həm Rusiya faktoru, həm də Azərbaycana təcavüz məsələsi vardır. Belə çıxır ki, İrəvanın xarici siyasəti regional miqyasda iflasa uğramaqdadır. Bu əsasda Ermənistanın qlobal səviyyədə təhlükəsizliyini təmin edə biləcəyi absurddur. Doğrudur, ona havadarlıq etmək istəyən böyük dövlətlər mövcuddur. Ancaq dünyaya bir sistem kimi baxsaq, təhlükəsizlik məsələsində bu havadarlığın yetərli olmadığını görərik.
Bu şərtlər daxilində Ermənistanın dövlət kimi suverenliyindən danışmağın mənası yoxdur. Üstəlik, onun yeritdiyi aqressiv xarici siyasət müharibə təhlükəsini real edir. Cənubi Qafqazdakı durumun geosiyasi özəlliyi ondan ibarətdir ki, Ermənistana qarşı müharibə təhlükəsinin mövcudluğu onun özünün qonşu ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə təhlükə yaratmasından qaynaqlanır. Çünki BMT Nizamnaməsinə görə, təcavüz obyekti olan ölkə, bu halda Azərbaycan, təbii özünümüdafiə hüququna malikdir və ondan istifadə edə bilər. Əslində, bu işdə Bakıya BMT üzvləri kömək etməlidirlər. Bu olmasa belə, Azərbaycan özünü müdafiə üçün Ermənistanın təcavüzünə sərt təpki ilə cavab verə bilər. Aprel ayındakı döyüşlər bunun sübutu oldu. Ermənistan ağır hərbi zərbə aldı və bu, təkrar oluna bilər.
Ermənistan insan haqlarının qorunmasında da autsayderdir. Hər şeydən əvvəl bu ölkədən yüz minlərlə insan deportasiya edilib və terrora məruz qalıb. Onlar indi də tarixi torpaqlarına qayıda bilmirlər. İrəvan nəinki bu faktı qəbul edir, hətta özünü elə aparır ki, guya həmin ərazidə ermənilərdən başqa kimsə yaşamayıb. Hər nə etsələr də, nə rəsmi İrəvan, nə də onun havadarları bu tarixi həqiqətdən qaça bilməyəcəklər. Ermənistan dünyada insan haqlarının ən çox pozulduğu ölkədir və bunun hüquqi təsdiqi mütləq olacaq.
Digər fakt hazırda Ermənistanda yaşayan insanların hüquqlarının daim tapdanmasından ibarətdir. Erməni ekspertlərin özləri yazırlar ki, həmişə vətəndaşlar hüquqlarının pozulmasından şikayət edirlər. Xüsusilə seçkilərdə rəsmi orqanlar vəhşiliklər törədirlər. Məlumdur ki, prezident seçkisində İrəvanda əsgərlər nümayişçiləri gülləboran etmiş, nəticədə, adamlar həlak olmuşdu. Bundan əvvəl isə Ermənistan parlamentinin üzvləri terrora məruz qalmışdılar.
Beləliklə, Cənubi Qafqazda təhlükəsizlik üçün real təhlükə mənbəyi mövcuddur. Ermənistan milli təhlükəsizliyin heç bir şərtini ödəyə bilmir. O, dövlət kimi formalaşmayıb və kənar qüvvələrdən tam asılıdır. Belə bir vəziyyət Cənubi Qafqazda unikal təhlükəli situasiya yaradır. Regionun ölkələrindən biri özünün və qonşularının milli təhlükəsizliyinə ciddi təhdid qaynağı olaraq qalır. Daha pisi odur ki, bu təhlükə kənardan idarə edilir. Bu halda regional təhlükəsizliyi praktiki təmin etmək imkansızdır. Təcrübə də sübut edir ki, Ermənistan çox riskli təxribatları ilə bütövlükdə Cənubi Qafqazı xaosa sürükləyir.
Newtimes.az
Baxış sayı: 1 966