Bu mövzuya münasibətdə iki meylin olduğunu da nəzərə çarpdırmaq istəyirəm. Bəziləri belə bir fikir irəli sürürlər ki, müharibə haqqında həqiqət elə müharibə başlanan birinci gündən, ya da onun təhlükəsi hiss olunanda çatdırılmalıdır. Məsələn, Heminquey 1938-ci ildə "Əlvida, silah" romanını qələmə almışdı və yazmışdı ki, mən bu romanı yazmaya bilməzdim, çünki faşizm təhlükəsi dünyanı bürüməkdədir. Keçən əsrin otuzuncu illərində Azərbaycan yazıçıları da bu təhlükəni hiss edirdilər, S.Vurğun və R.Rza öz şeir və poemalarında bunu hiss etdirmişdilər. S.Vurğunun "Ölüm kürsüsü" poemasında bolqar kommunisti G.Dimitrovun fahistlər tərəfindən mühakiməsindən danışılır. Rəsul Rzanın "Almaniya" poemasında isə Avropada kök atmaqda olan faşizmin gələcəkdə böyük faciələrə səbəb olacağı fikri aşılanır.
Almaniya!
Ey Gete, Bethoven yurdu!
Söylə, neçin qoynunda
Bayquşlar yuva qurdu?
Böyük Vətən müharibəsi başlanan günü S.Vurğun "Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən" çağırışı ilə sanki Azərbaycan yazıçılarının məramını ifadə etdi, qələmlər süngüyə çevrildi. O 1418 günün Azərbaycan ədəbiyyatının müharibə dövrü haqqında mərhum akademik Bəkir Nəbiyevin "Azərbaycan ədəbiyyatı Böyük Vətən müharibəsi illərində" monoqrafiyasında ətraflı söz açılıb.
İkinci belə bir fikir: müharibə haqqında əsl həqiqətlər yalnız illər keçdikdən sonra qələmə alına bilər. Bu mülahizəyə görə, yazıçı hər bir hadisəni dərindən öyrənməli, obyektivliklə əks etdirməlidir. Buna misal olaraq L.Tolstoyun "Hərb və sülh" romanını misal gətirirlər. Azərbaycan ədəbiyyatında müharibə dövründən sonra bir sıra bədii əsərlərin meydana çıxması buna sübut ola bilər. Məsələn, Əbülhəsən özü müharibə iştirakçısı olmuşdu, müharibə bitən kimi o, "Müharibə" (ilk adı "Dostluq qalası") romanını qələmə aldı.
Həm Birinci, həm də İkinci Qarabağ müharibələri ədəbiyyatımızda yeni bir səhifə açdı. Bu səhifənin məzmun qatı məlumdur: öncə çağırış - "Ayağa dur, Azərbaycan!", "Qalx ayağa, məmləkətim", sonra ümid, inam - "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!"- amma otuz illik işğalın doğurduğu həsrət, üzüntü və nəhayət, 44 günlük qalibiyyətin poeziyada əksi. Biz bu xüsusda bu il "Ədəbiyyat qəzeti"ndə "Poeziya susmur" məqaləsində geniş söz açmışıq.
Müharibə mövzusu ədəbi janrlar sırasında daha çox, hətta maksimal dərəcədə poeziyada əks olunur. Bunun da səbəbi aydındır. Çünki poeziya hər hansı bir hadisəyə ilkin reaksiya verir, şairin hissləri, duyğuları vaxt gözləmir, az sonra publisistikaya poeziyaya qoşulur, nəsrin kiçik forması-hekayə də həmçinin. Amma roman janrına gəldikdə... Burada yüzlərlə şeir, onlarla publisistik yazılarla müqayisədə sənətkarlıqla qələmə alınmış romanların sayı minimumdur, hətta barmaqla sayılacaq qədərdir. Sabir Əhmədlinin "Axirət sevdası", Aqil Abbasın "Dolu", Hüseynbala Mirələmovun "Dağlarda atılan güllə" və son illərdə yazılan, Vüsal Nurunun "Qaraqaşlı" romanlarının adlarını çəkirəm. Bu romanlar Birinci Qarabağ müharibəsinin reallıqlarını əks etdirir. Bəs 44 günlük qalibiyyətli, hər günü zəfər dolu, qəhrəmanlıqlarla və şəhidliklə dolu İkinci Qarabağ müharibəsi necə, romanlarda nə vaxt öz əksini tapacaq? Təbii ki, heç bir yazıçıya bunu lap rəsmi şəkildə də olsa, sifariş vermək olmaz. Ədəbiyyat işi könül işidir, lakin yazıçının milli-mənəvi ruhu deyilən bir anlam da var...
Səyyad Aran "İrəvana gedən yollar" romanını yazıb və bu romanda o, İkinci Qarabağ müharibəsindən öncə qələbəmizin təməlini qoyan Lələtəpə döyüşlərini qələmə alıb. Təbii ki, Səyyad Aran bu romanı qələmə alanda həmin döyüşlə bağlı hərbçilərlə, müharibə iştirakçıları ilə görüşmüş, söhbətlər aparmışdır. Heç bunun fərqinə varmadan deyə bilərik ki, romanda əsl müharibə ab-havası var.
Fikrimizcə, "İrəvana gedən yollar" bir roman kimi üç qatı özündə ehtiva edir. Birinci qat (hissə də deyə bilərik) publisistik-təbliği səciyyə daşıyır. Təhsilli ya təhsilsiz əsgərlər və zabitlər üçün ictimai-siyasi hazırlıq məşğələləri keçirilir. Bu məşğələlər əsgərlərin, zabitlərin siyasi biliklərini aşkara çıxarır, dünyada, ölkədə baş verən hadisələrin təhlilinə həsr olunur. Bu məşğələlərin Azərbaycan ordusunun bütün bölmələrində keçirilməsi labüddür. Lələtəpə döyüşləri ərəfəsində əsgər və zabitlərimizi nə düşündürdü? "Vallah, belə olmaz, a kişilər. Biz dinmədikcə, köpək uşağı hey üstümüzə qıcanırlar. Ay Allahuva qurban olum, Ali Baş Komandan, bir əmr ver, hücuma keçib bunları xışdayaq daaa". Yaxud: "Niyə müharibəyə başlamırıq? Axı biz onlardan güclüyük"! Yaxud: "Biz Amerika, Rusiya, Çin... deyilik. Yeri gələndə onlar heç kimdən icazə-filan almadan öz bildiklərini eləyirlər, özlərindən yeni qanun yazır, düzəlişlər edir, hücum edib hansısa dövlətin ərazisinə girirlər... Bir neçə ildir, müstəqilliyimizi bərpa etmişik, amma müstəqil siyasət qurmağa imkan vermirlər". Bu məşğələdə Azərbaycan-Ermənistan münasibətlərinin tarixi kökləri də araşdırılır, SSRİ zamanında torpaqlarımızın hissə-hissə qoparılıb Ermənistan ərazisinə qatılması, azərbaycanlıların yaşadıqları ərazilərdən, dədə-baba yurdlarından qovulması, dünya ölkələrinin bu vəziyyətə heç bir reaksiya verməməsi və sair məsələlər də işıqlandırılır. Bu söhbətlərin əsas aparıcısı ali təhsilli müəllim, çavuş Raufdur. O, belə bir vəziyyətlə barışmır, dözümsüzdür, ona təkcə bədii obraz kimi yanaşmırıq, o, reallığın özüdür. Onun mayor Səfərovla dialoqu 27 sentyabr 2020-ci ilə qədər hamımızı düşündürən, həyəcanlandıran məsələlər idi. Bu dialoq - bu söhbətləşmə iki mənada əhəmiyyətlidir. Birincisi; o dövrün ictimai-sityasi vəziyyətinin reallığı, ikincisi; Azərbaycan əsgərinin müharibə öncəsi mənəvi-psixoloji durumu və ən başlıcası, döyüş hazırlığı. Bunların ikisi bir-birilə sıx bağlı idi, çünki əsgərin, komandirin mənəvi-psixoloji durumu yüksək səviyyədə olmasaydı, qələbəyə gedən yollarda inamla yürüməzdi.
Romanın ikinci qatında Lələtəpə uğrunda gedən döyüşlər təsvir olunur. İnandırıcı lövhələr bir-birini əvəz edir. Düşmən heç də zəif və gücsüz deyil, amma Azərbaycan əsgərinin yüksə hərbi hazırlığı, onun qələbə əzmi və ən əsası komandirlərin peşəkarlığı Lələtəpədə bayrağımızın ucada dalğalanmasına gətirir... Müharibə itgisiz olmur, xüsusilə, qalib tərəfdə. Mayor Elnur Əliyev "Salamat qalın, uşaqlar!" deyib dəstəni öz ardınca düşmən postuna çəkir. "Dəstə üzvlərinə heç nə olmasın deyə Elnur ayağınıfn altındakı taxtanı götürüb sinəsinə sıxaraq özünü qumbaranın üstünə atdı... Dalğadan hərə bir tərəfə düşdü. Əsgərlərin hamısı yüngül bədən xəsarətləri aldılar. Ölən yalnız mayor Əliyev idi. Bədəni parça-parça olmuşdu. Hamının göz yaşı içinə axdı".
Başqa bir səhnə: Lələtəpə döyüşlərində iki qardaş - Şahir və Ruhin bir yerdədirlər. Ruhin "arıq uşaq" olsa da, göz yumub açınca, avtomatı söküb yığırdı. Hətta zabitlər belə onun kimi sürətli deyildi. Hərbi normatvləri də artıqlaması ilə yerinə yetirir. "Ruhin erməni əsgərlərini ot kimi biçirdi. Düşmənin özü məəttəl qalmışdı ki, atılan güllələr ondan necə yan keçir". Amma döyüşlərin birində ona tərəf üç qumbara atılır, qəlpələr bütün bədəninə dolur. Amma yıxıla-yıxıla da olsa, yenə atəş açır". Ağır yaralanan Ruhin həlak olur. Son anda o, qardaşına üz tutub deyir ki: "Qardaş, Həsən müəllimin qızı vardı ha... Gülnarə... mən onu sevirdim. Özünə də demişdim. Amma özünü bilməməzliyə qoydu, guya başa düşmədi... Deyərsən, onun həsrətiylə getdim dünyadan".
Romanın üçüncü qatı bu ağır üzüntüdən sonra başlanır. Sən demə, Şahinlə Gülnarə sevgili imişlər və Rufinin də bundan xəbəri yox. Lirik-dramatik səhnələr bir-birini əvəz edir. Çadırda yaşayan qaçqınların bu müsibətə görə necə sarsıldıqları, Ruhinin atası Əşrəf kişinin oğlanlarıın sorağıyla Lələtəpəyə yollanması və qayıdandan sonra bu faciəyə necə dözəcəyi hamını düşündürür. Bunlar Azərbaycan gerçəkliyi üçün xarakterik hadisələrdir.
Bəs Şahin? Ata-anası onu sevdiyi qızla evləndirmək istəyirlər. Amma Şahin qucağında ölən qardaşının son sözlərini unuda bilərmi? Odur ki, sevdiyi qıza məktub yazır: "Ruhin ölüm ayağında sənin adını çəkdi. Demə o, bizim bir-birimizi sevdiyimizi bilmirmiş... Məni qınama, dözə bilmərəm... Yaşaya bilmərəm... Məni bağışla. Sənə xoşbəxtlik arzulayıram". Qız isə cavab məktubunda onu möhkəm qınayır: "Axı, hamı bilir ki, biz bir-birimizi sevirik. Adım səninlə çıxıb. Bundan sonra hansı köpəkoğlu vicdanına sığışdırıb adımı çəkəcək? Səni heç vaxt bağışlamayacağam". Kim haqlıdır? Keçirdiyi psixoloji sarsıntılara görə haqlı olan Şahindir. Amma qızı da haqlı saymaq olar. Gözünün kökü saralıb ki, Şahin hərbi xidmətini başa vursun və qovuşsunlar, ailə olsunlar. Şahin yenidən hərbi hissəyə qayıdır, müddətdən artıq hərbi xidmətə...
Beləliklə, roman publisistik-təbliği səhnələrlə başlayır, döyüş səhnələri ilə davam edir, lirik-dramatik səhnələrlə bitir, - deyə düşünürdük. Amma yox! Müəllif yenə birinci qata qayıdır. Yenə Raufun çıxışını eşidirik: "Sevinirik ki, Lələtəpəni aldıq. Amma məqsədimizə tam çatmadıq. Şuşa qalıb axı... Xankəndi, Xocalı, Ağdam, Füzuli, Cəbrayıl, Ağdam, Kəlbəcər, Zəngilan, Laçın, Qubadlı qalıb axı... İşğal olunmuş rayonlarımız heç insafdır ki, bir addımlığımızda ola-ola, yenə düşmən əlində qalsın..."
Amma 4 ildən sonra - 27 sentyabrdan başlayan 44 günlük müharibədə Azərbaycan ordusu işğal edilmiş rayonları geri qaytardı. Dəmir yumruq düşmənin başını əzdi.
Səyyad Aranın romanı bu mənada bədii ədəbiyyatımızın hər günü zəfərlə başa çatan 44 günlük müharibəyə ilk töhfələrindən biridir. Belə romanların ardı gələcəkmi? Gözləyirik...
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
Baxış sayı: 771