FACT-INFO.AZ » MÜSAHİBƏ » Professor Məhəmməd Kərimov: “Həyatını həkimlik sənətinə həsr edən insanlarda kliniki təfəkkür deyilən bir təfəkkür formalaşır”
27-08-2021, 07:20 | MÜSAHİBƏ
Professor Məhəmməd Kərimov: “Həyatını həkimlik sənətinə həsr edən insanlarda kliniki təfəkkür deyilən bir təfəkkür formalaşır”

Azərbaycanda damar cərrahiyyəsi sahəsində uğura imza atmış alimsiniz. Xüsusilə, lazer cərrahiyyəsi sahəsində əldə etdiyiniz yenilik bu gün bir çox vətəndaşımızın səhhətində yaranmış problemlərin həll olunmasında böyük rol oynayır. Ölkəmizdə varikoz xəstəliyinin müasir müalicə üsullarının tətbiqi məhz sizin adınızla bağlıdır. Bununla bağlı izləyicilərə məlumat verərdiniz.

– Ümumiyyətlə, son iki yüz il ərzində varikoz xəstəliyinin müalicəsində yalnız bir müalicə üsulu hakim olub, o da damarın çıxa¬rılmasından ibarət idi. Xəstəliyin dünyada, xüsusilə də sivil dünyada çox geniş yayılması, mövcud olan müalicə metodunun lazımi tələblərə cavab verməməsi XXI əsrdə yeni, müasir müalicə üsullarının işlənib hazırlanmasını labüd etdi. Qısa müddət ərzində “xalq xəstəliyi” adlanan bu patologiyanın yeni-yeni müalicə metodları kəşf edildi: lazer, radiotezlikli dalğalar, buxarla müalicə. Ən son isə, Non Termal-Non Tumessent (NT-NT) metodu yarandı. Səhiyyə Nazirliyinin baş cərrahı olduğum dövrdə və sonrakı dönəmlərdə bir çox beynəlxalq forumlara qatıldığımdan dünyada cərrahiyyə sahəsində gedən prosesləri, yenilikləri izləmək imkanım yarandı. Gördükdə ki, damar cərrahiyəsində lazer dövrü başlayır, onun Azərbaycana gətirilməsinə qərar verdim və ona nail oldum. Bu metodla tanışlıq və ona tam yiyələnmək üçün dörd ölkədə oldum və 2011-ci ildə ilk dəfə Azərbaycanda Endovenoz Lazer Ablasiyası əməliyyatını icra etdim, sonra isə ardıcıl olaraq radiotezlikli dalğalarla ablasiya və exoskleroterapiyanı (köpüklə müalicəni) tətbiq etdim. 2019-cu ildə yeni bir ilkə imza atdıq. Bu sahədə dünyada ən son, az invaziv müalicə üsulu sayılan NT-NT obliterasiyanı MDB məkanında ilk dəfə olaraq Azərbaycanda ATU-nun Tədris Cərrahiyyə Klinikasında Türkiyədən dəvət olunmuş mütəxəssislərlə birlikdə uğurla həyata keçirdik və indi ölkəmizdə, xüsusilə də isti aylarda corab geyinmək istəməyən xanımlarımızın ən çox sevdiyi əməliyyat olduğundan ondan geniş istifadə edirik. Məlumat üçün bildirmək istəyirəm ki, bu metodun iki – Amerika və türk variantı var. Fəxrlə demək istəyirəm ki, bu gün daha çox türk üsuluna üstünlük verilir və iştirak etdiyim bir çox beynəlxalq konfranslarda da bunun canlı şahidi və iştirakçısı olmuşam. Aldığım məlumata görə, artıq 70-dən çox ölkədə məhz türk üsulundan istifadə edilir. Bir sözlə, müasir cərrahiyyənin əsas qayəsi nədir? Müalicə üsulları az invaziv, yəni kəsiksiz, ağrısız, qansız olmalı, insana əziyyət verməməli, həyat keyfiyyətinə mənfi təsir etməməlidir. Ancaq effekti klassik üsullardan daha yüksək, radikal olmalıdır. Buna isə həmişə nail olmaq mümkün olmur. Amma günümüzün cərrahiyyə qarşısında qoyduğu əsas tələb bundan ibərətdir.

–Elm elə bir sahədir ki, beynəlxalq aləmə inteqrasiya olunmadan inkişafı çətin olur. Siz elmi fəaliyyətinizdə bu inteqrasiyanı necə qurursunuz?

– Bəli elm, o xüsusilə də tibb elmi hansısa bir xalqın, dövlətin, qurumun və ya korporasiyanın mülkiyyəti deyil, bütün bəşəriyyətə məxsusdur. Yəni o beynəlxalq elmdir və burada olan əsas məsələ hər bir xalqın onun nailiyyətlərindən necə istifadə etməsindədir. Mənim bütün elmi yolum də bunun bariz nümunəsidir, belə ki, ilk elmi fəaliyyətimi Moskvada A.Vişnevski ad.Cərrahiyyə İnstitutunda damar cərrahiyyəsi ilə başladım və sonrakı elmi araşdırmalarım yenə Moskavada N. Bloxin adına Rusiya Onkoloji Mərkəzində qida borusu xərçənginin cərrahi müalicəsinə həsr olundu. Bu elmi iş o dövr üçün çox mürəkkəb, çətin, ağır bir mövzu sayılırdı və heç kəs həyatının dəyərli, qiymətli illərini ona həsr etmək istəmirdi. Bildiyiniz kimi Azərbaycan cərrahiyyəsinin bir çox vacib sahələri, o cümlədən də qida borusu cərrahiyyəsi mərhum akad. M. A. Topçubaşovun adı ilə bağlıdır və təəssüf ki, o həyatdan köçdükdən sonra heç kim bu sahə ilə məşğul olmamışdı. Açığını deyim ki, 90-cı illərin əvvəlində qida borusu cərrahiyyəsilə məşğul olmaq bir çox səbəblərdən böyük cəsarət, risk tələb edirdi. Ən azı ona görə ki, o zaman maddi- texniki imkanlar və digər zəruri şəraitlər yox idi. Bütün çətinliklərə baxmayaraq, biz bu işə professor Ç. Cəfərovun rəhbərliyi ilə 1994-cü ildə başladıq və bir neçə il ərzində 136 xəstəni əməliyyat etdik. Elə olurdu ki, əməliyyatdan sonra 3-4 gün reanimasiyada xəstələrin yanında qalır, onlara ancaq özümüz qulluq edirdik. Sonra bu işlərin miqyası böyüdü, müəyyən təcrübə topladıqdan sonra mən fəaliyyətimi Moskavada N. Bloxin adına Rusiya Onkoloji Mərkəzində MDB məkanında qida borusu cərrahiyyəsi üzrə korifey sayılan akademik M. İ. Davudovun rəhbərliyi ilə davam etdirdim. Bu işlərin tam başa çatmasına isə 10 ildən artıq vaxt getdi və 2006-cı ildə doktorluq dissertasiyasını əvvəlcə Moskvada sonra isə ölkəmizdə uğurla müdafiə etdim. Bunu həyatımın ən böyük uğurlarından biri sayıram. Bu gün Azərbaycanda artıq bu sahə ilə məşğul olan peşəkar həkimlərimiz var. Sizin sualla əlaqıdar son olaraq bildirmək istəyirəm ki, İllərlə iştirak etdiyim çoxsaylı konfrans və konqreslər, simpoziumlarda nəinki dünya korifeylərinin təcrübəsini öyrənir, mənimsəyir, eyni zamanda öz nailiyyətlərimizlə də bölüşürük.Mənim bu günkü həkimlik fəaliyyətim birmənalı olaraq ancaq müasir elmi nailiyyətlərə, beynəlxalq tədqiqatlara və kliniki protokollara əsaslanan bir fəaliyyətdir və bunu başqa cür də təsəvvür edə bilmirəm.

-Professor, fleboloq haqqında məlumat verməyinizi istərdik?

– Fleboloq venoz damarların xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olan, yəni flebologiya sahəsində çalışan həkimə verilən addır. Flebologiya venoz sistemin xəstəliklərini öyrənən elm sahəsidir. Bildiyiniz kimi, insan orqanizmində 3 növ damar sistemi mövcuddur: arterial, venoz və limfatik. Bütün damarların patologiyaları ilə məşğul olan elm angiologiya, həkimlər isə angioloq və angiocərrah adlanır. Müasir angiocərrahiyyə arterial və venoz damar xəstəliklərinin müalicəsində böyük uğurlar qazansa da, limfatik sistem barəsində bunu demək mümkün deyil və ona görə də bəzi problemlər hələ öz həllini gözləməkdədir. Əvvəllər damar cərrahları əsasən genişlənmiş venaları çıxarmaqla öz işlərini bitmiş hesab edirdilərsə, müasir flebologiya genişlənmiş damarların sadəcə çıxarılmasından ibarət olmayıb, damarlarda gedən rekonstruktiv və bərpa əməliyyatlarını, qapaqların korreksiyası, venoz damarların köçürülməsi, kəskin tromboz, tromboflebit və onlardan sonra inkişaf edən posttrombotik xəstəlikdə, anadangəlmə malformasiyalarda və s. aparılan, istər konservativ, istərsə də cərrahi tədbirləri özündə ehtiva edir. Mən isə bu gün müasir angiologiya həm arterial, həm venoz, həm də limfatik damarların beynəlxalq protokollara əsaslanan az invaziv cərrahiyyəsi ilə məşğul oluram.

– Dünya şöhrətli akademik A.V.Pokrovskinin rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə etmisiniz. Hətta rusiyalı mütəxəssislər belə deyirlər ki, Anatoli Vladimiroviç olmasaydı, SSRİ-də, sonra isə Rusiyada damar cərrahiyyəsi də olmazdı. Belə alimin rəhbərliyi altında namizədlik işini yerinə yetirmək nə dərəcə də asan oldu və bu əməkdaşlıq sizin sonrakı fəaliyyətinizə necə təsir göstərdi?

– Doğru buyurursunuz, Anatoli Vladimiroviç olmasaydı, yəqin ki, keçmiş SSRİ və bugünkü Rusiyada damar cərrahiyəsi də bu səviyyəyə qalxmayacaqdı. Bunun bir səbəbi var, o da A.Pokrovskinin o dövrdə dünya cərrahiyyəsinin korifeyi sayılan amerikan cərrahı Maykl Debeykinin yanında 5 illik təcrübə keçməsidir. Bu təcrübə də ona belə yüksək zirvələri fəth etmək, sonda isə özünün böyük məktəbini yaratmaq imkanı verdi. Mənə də ilk növbədə belə bir gözəl insan, böyük alim, virtuoz cərrah, öz sahəsinin korifeyinin rəhbərliyi altında işləmək və onun məktəbini keçmək xoşbəxtliyi nəsib oldu və bu mənada özümü xoşbəxt sayıram. Ən yaddaqalan məsələlərdən biri də mənim akademikin çalışdığı A.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi İnstitutuna aspiranturaya daxil olan vaxtı A.V.Pokrovskinin oradan öz komandası ilə A.V.Vişnevski adına Cərrahiyyə İnstitutuna keçməsi idi. Çox böyük konkursla (1 yerə 11 nəfər) aspiranturaya daxil olmağım azmış kimi, sonra da müxtəlif instansiyaların bürokrütik əngəllərini ağlagəlməz çətinliklərlə dəf edib nəhayət, onun yanına keçə bildim və o tarixi günü heç vaxt unutmuram. A.V.Pokrovski damar cərrahiyyəsi sahəsində bütün dünyada tanınan və qəbul olunan bir cərrahdır. Təsadüfi deyil ki, bir neçə il Avropa Damar Cərrahları Cəmiyyətinin prezidenti oldu və tarixdə bu şərəf tək-tək rus alimlərinə nəsib olub. Ötən il onun 90 yaşı tamam oldu, lakin koronavirus pandemiyası səbəbindən əziz müəllimimin yubileyinə onlayn şəkildə qatıla bildim, amma 1 il əvvəl Yaroslavl şəhərində onun 89 illiyinə həsr olunmuş Rusiya angioloq və angiocərrahlarının qurultayında iştirak etdim. Sualınızın ikinci hissəsinə gəldikdə, demək istərdim ki, A.V.Pokrovski məktəbi çox ciddi məktəbdir, ünsiyyətdə nə qədər mülayim, yumşaq olsa da, iş prosesində, xüsusilə də gənc mütəxəssis hazırlığına, onun keyfiyyətinə qarşı çox tələbkardır. Onun bir sözü var: “Mənim bütün tələbələrim öz sahəsində məndən güclü və savadlı olmalıdır. Əgər, mənim tələbəm öz elmi mövzusunu məndən yaxşı bilmirsə, mən ona heç zaman tələbəm deməyəcəyəm”. Biz də onun bütün prinsiplərinə, tələblərinə əməl etməyə, uyğunlaşmağa, onun istədiyi səviyyədə mütəxəssis olmağa çalışmışıq.

-Professor, tibb sahəsində yüksək sürətli texnoloji inkişafın kliniki təfəkkürə təsirini necə qiymətləndirmək olar? Bu məqamlara sizin münasibətiniz necədir?

–Əgər texniki imkanlar məhduddursa, həkim istədiyi məlumatları ala bilmirsə, o zaman beyninin dərinliklərinə, illərlə topladığı bilik ehtiyatına daha çox baş vurmağa məcburdur. İnsan fəaliyyətinin başqa sahələrindən fərqli olaraq həyatını həkimlik sənətinə həsr edən insanlarda kliniki təfəkkür deyilən bir təfəkkür formalaşır. Bu, uzunmüddətli proses olub tibbin əsası sayılan fundamental elmlərə yiyələnməkdən başlayır və sonrakı tibbi təhsil dönəmində, həkimlik fəaliyyətində-növbələrdə, vizitlərdə, səhər konfranslarında, təkmilləşmə kurslarında, elmi axtarış yollarlnda, konqres və simpoziumlarda getdikcə cilalanır və formalaşır. Klinik təfəkkürə bu günün reallığından yanaşsaq, obrazlı olaraq peşəkar həkimin beynində uzun illər ərzində yaranan bir proqram və ya kodlaşma kimi dəyərləndirilməlidir. O pasientin kliniki, parakliniki və digər məlumatlarını özündə olanlarla tutuşdurur, müqayisə və analiz edir, onun hansı xəstəliyə uyğunluğunu müəyyən edir və sonda bir növ məsələnin cavabını tapır. Əvvəllər həkimlərin geniş texniki imkanları olmadığından aldıqları çox az informasiya ilə qənaətlənir və daha çox kliniki təfəkkürə istinad edirdilər. Sonrakı dövrlərdə tibbi texnikanın bizim peşə fəaliyyətimizə geniş sahədə nüfuzu vəziyyət əsaslı şəkildə dəyişdi. Müqayisə üçün deyim ki, mən Moskvada işlədiyim 80-ci illərin əvvəlində keçmiş SSRİ-də cəmi üç və ya dörd yerdə kompüter tomoqraf vardı və bunlar da İttifaq əhəmiyyətli institutlarda, mərkəzlərdə cəmləşmişdi. Sonralar onların sayı tədricən artdı. Bu gün Azərbaycanda kompüter tomoqrafların sayını heç kim dəqiq deyə bilməz və əslində, onlar da bu gün həkimləri tam qane etmir, yəni onlar artıq dünənki günün səviyyəsidir. Bu gün həkimlərimiz daha müasir tibbi avadanlıqlara və onlardan alınan nəticələrə üstünlük verir, fəaliyyətini də ona uyğun qururlar. Yəni tibb sahəsində son onilliklərdə texniki təchizatın kosmik sürətlə irəliləməsi müəyyən mənada kliniki təfəkkürə mənfi təsir göstərdi. Ona görə ki, bu gün həkimlərə bütün məlumatları texnologiya verir və həkim öz işini onun əsasında qurur, qərar verir, nəticədə texnologiyanın arxasınca getməyə məcbur kimi görünür. Bu, dövrümüzün tələbidir. Ona görə də hər bir həkimin işinin keyfiyyəti onun müasir texnologiyalara necə yiyələnməsi, onlardan nə dərəcədə məharətlə istifadə etməsindən asılıdır. Onlara yiyələnməyən və gündəlik işində yüksək texnoloji imkanlardan istifadə etməyən həkimin böyük uğura imza atması, perspektivi mümkün deyil. İndi oraq-çəkic yox, robot, kompüter texnologiyaları dövrüdür. Amma bunlarla bərabər yenə də mürəkkəb vəziyyətlərdə, qeyri-standart situasiyalarda həkimin köməyinə ilk növbədə çatan onun kliniki təfəkkürü və praktiki təcrübəsi olur. Yüksək texniki imkanlar klinisistin düşünmək və təhlil qabiliyyətini əlindən almamalıdır, yəni texnoloji nailiyyətlərdən bəhrələnib texnisizmin əsirinə çevrilmək olmaz. Təəssüf ki, bir çox hallarda məhz bu tendensiyanın günümüzün reallığına çevrilməsiin şahidi oluruq. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, hər bir halda uğurlu nəticə əsasən bu iki komponentin düzgün uzlaşdırılmasından asılıdır.

– Bu gün robotlaşma ilə əlaqədar, yüksək texnologiyalı əməliyyatlarda supertexnikadan istifadə nəticəsində belə bir fikir formalaşır ki, tezliklə cərrahlara ehtiyac qalmayacaq. Bütün əməliyyatı “ağıllı” texnikalar icra edəcək. Robotların həkimləri əvəz edə biləcəyinə inanırsınızmı?

– Bu gün hamı robot cərrahiyyəsi deyir, amma orada istifadə olunan bir sözün mənasına əhəmiyyət vermirlər: robot assistentliyilə cərrahiyyə. Bunun elmi adı məhz belədir. Robot assistenliyilə - bu nə deməkdir? Robot əməliyyatı icra edir, amma ona əməliyyatı necə icra etməni, komandanı kompüter arxasında əyləşən həkim verir, yəni yenə də məsuluyyət həkimin üzərinə düşür. Robot sərbəst, insan beynini tam əvəz edəcək şəkildə qərar vermək iqtidarında deyil və bu gün dünyada süni zəka sahəsində inanılmaz, fantastik nəticələr əldə olunsa da hələlik o insan beynini tam əvəz edəcək səviyyəyə çatmayıb. Robot bu gün onu yaradan, proqramlaşdıran və idarə edən ağıllı insandan (Homo sapiens) asılıdır. Sadəcə, robot daha dəqiq, daha ağrısız və fəsadsız əməliyyat icra etmək qabiliyyətinə malikdir və onun da əsas üstünlüyü məhz budur. Buna görə də, yaxın gələcəkdə cərrahiyyədə robotun insanı tam əvəz edəcəyinə və onun insan faktorundan asılı olmamasına inanmaq sadəlövhlük olardı.

-Bəzi insanlar sağlamlıqlarına etinasız yanaşırlar. Səhhətində problemləri olmasına baxmayaraq, həkimə getmək istəməyən vətəndaşlarımıza nə demək istərdiniz?

– Bəzi insanlar istirahətə, əyləncəyə vaxt, vəsait tapır, amma səhhətində problemlərlə bağlı müayinəyə getməyə vaxt “tapmırlar”. Bu, normal hal deyil. Belə davranışı, düşüncə tərzini anlamaq olmur və bu kökündən dəyişilməlidir. Sağlamlıq ön planda olmalıdır, çünki həyatda sağlamlıqdan dəyərli heç nə yoxdur və ola da bilməz. Ən azı bunu bu gün yaşadığımız pandemiya dövrü bir daha sübut etdi. Digər tərəfdən də Azərbacyanda sığorta təbabətinə keçid də indiyədək maddi məsələni əsas səbəb kimi gətirənlərin arqumentlərini heçə endirir və əminəm ki, xalqımız onun imkanlarından tam faydalanacaq. Düşünürəm ki, sığorta təbabətinə keçid çox böyük bir addımdır və Azərbaycan səhiyyəsinin tarixində, sosial həyatımızda bəlkə də ən böyük hadisə kimi qiymətləndirilməlidir. Açığını deyim ki, sığorta təbabətinin olmadığı ölkələrdə səhiyyə və tibb elminin köklü inkişafından danışmaq yersizdir. Ümidvaram ki, yaxın on il ərzində Azərbaycanda sığorta təbabəti tibbin, səhiyyənin, o cümlədən cərrahiyyənin çox böyük addımlarla irəliləməsinə geniş imkanlar yaradacaq.

Professor Azərbaycanda mərhələli şəkildə tibbi sığorta sisteminə keçid davam edir. Ümumiyyətlə, bu, sistemə keçid nə dərəcədə effektli olacaq?

-Bu sistemə keçid həyati bir zərurət idi və dediyim kimi onun tam effektli olacağına əminəm, çünki onun alternativi bütün dünyada yoxdur. Ona görə də tibbi sığorta istər tibb elminin inkişafı və istərsə də əhalinin sağlamlığı baxımından məqbul variantdır. Bu model sayəsində insanlar hər zaman dövlətin zəmanət verdiyi tibbi xidmətləri pulsuz əldə edəcəklər. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı məlum sərəncamı var və inanıram ki, onun icrası nəticəsində ciddi müsbət dəyişikliklər olacaq.

Müsahibəyə görə təşəkkür edirik.

Sağ olun.

Fact-info.az




Baxış sayı: 1 749
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930