TƏDQİQATLAR

Duyğulu bir kitab haqqında ədəbi düşüncələr

.

Böyük filosof, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov özünün bir çox əsərləri ilə həm elmi ictimaiyyətin, həm də bütövlükdə Azərbaycan oxucusunun dərin hörmətini qazanmışdır.

Onun məhsuldar elmi fəaliyyəti təkcə Azərbaycanda deyil, Amerika, Almaniya, İngiltərə, Türkiyə, Rusiya və s. kimi ölkələrdə də özünü göstərməkdədir. Öz xeyirxahlığı, ətrafına olan qayğılı münasibəti bu insanı çoxlarına sevdirib. Şəxsən mənim iş otağımdakı kitabxanamda Səlahəddin müəllimin özümüzdə və müxtəlif ölkələrdə nəşr olunmuş əsərlərinin ayrıca rəfləri var. 2010-cu ildə hələ o qədər də yaxından tanımadığım bu filosofun "Baxış bucağı" fəlsəfi publisistika kitabı lap öndədir. Sonralar bir-bir mənə imzaladığı "Həyatın özü və görünən üzü: fəlsəfi və ədəbi bədii publisistika", eyni ildə, eyni adda nəşr olunan ikinci - "Həyatın özü və görünən üzü: maarifçi publisistika”, "Elm adamları elm haqqında", "Şərq zehniyyəti: mənəviyyatın prioritetləri", "Elm haqqında elm", "Sivilizasiyaların dialoqu", "Cavid fəlsəfəsi", "Fəlsəfədən siyasətə" , "Lider, dövlət, cəmiyyət", "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi", "Şərq və Qərb: ümumbəşəri ideala doğru", "Şərq ruhunun Qərb həyatı: Aida İmanquliyeva yaradıcılığının izi ilə", "Elmşünaslığa giriş", "Aforizmlər: seçilmişlərin seçilmişləri", "Əbu Turxanın hikmət dünyası" və s. Mən 50-yə yaxın bu kitabların az qala hamısına bələdəm, bəziləri haqqında mətbuatda söz də demişəm. İndi sakit bir vaxtımda tənha iş otağımda bu kitablara bir də baxıram və tanışlığımızın lap ilk anlarından özümə müəllim kimi qəbul etdiyim bu böyük filosofun "Xatirələrdə davam edən dostluq: şəxsiyyətlər, portretlər" kitabını vərəqləməyə başlayıram. Bu kitabda qəlbində, yaradıcılığında Azərbaycan, Vətən, millət sevgisi olan on altı azman elm adamına həsr edilmiş on altı portret oçerk toplanmışdır. Onların hamısı vaxtilə sayılıb-seçilən, çoxsaylı oxucu auditoriyasına malik mətbuat orqanlarında dərc edilib. Və mən şəxsən o yazıların əksəriyyətini elə o zaman - mətbuatda dərc olunduğu vaxtlarda oxumuşam. İndi bu elmi-publisistik yazılara bir kitab formatında yenidən nəzər salıram. Mən bu kitabı əslində, ikinci dəfə oxuyuram. Çünki hələ 2013-cü ildə Səlahəddin müəllim bu kitabı mənə bağışlayanda o vaxt elə 2-3 günə onun bütün səhifələrinə xüsusi qeydlər etdiyimi indi yenidən görürəm.

Səlahəddin Xəlilov ixtisasca fizikdir. Amma bu fizika adamı elə təhsil illərində fəlsəfəyə dəqiq yolun dəqiq elmlərdən keçdiyini yaxşı hiss edibmiş. Əgər fəlsəfənin elmi interpretasiyasında onun "təbiətin (kursiv mənimdir - C.M.) və cəmiyyətin ümumi inkişaf qanunauyğunluqları haqqında elm" olduğu vurğulanırsa və bu cümlədə "təbiət" sözü hətta birinci gəlirsə, deməli, fəlsəfəyə yolun ən mükəmməliyinin dəqiq elmlərdən keçdiyi bir aksioma kimi qəbul edilə bilər. Amma Tanrı Səlahəddin Xəlilova öz fikrini, biliyini, ideyalarını həm də orijinal bir üslubda, elmi-publisistik üslubun ən imkanlı istiqamətində danışmaq və yazmaq istedadı verib. Ona görə də bu filosofun aydın yazı tərzi onu maraqla oxumağa sövq edən ciddi faktordur.

Haqqında bəhs etdiyim kitaba Səlahəddin müəllimin özünə dost bildiyi böyük ziyalılarla onu birləşdirən cəhətlərdən biri elə onların da öz elmi düşüncələrini publisistika ilə ifadə etmək bacarığıdır. Amma əlbəttə, bu şəxsiyyətləri Səlahəddin müəllimlə birləşdirən onlarda daim gördüyü Vətən, millət sevgisidir. Kimdir o insanlar? O insanlar Azərbaycanımızın elə şəxsiyyətləridir ki, mən həmin o on altı ziyalının adını elə buradaca göstərməklə oxucunu yormayacağıma tam əminəm: Akademik Heydər Hüseynov, akademik İzzət Orucova, AMEA-nın müxbir üzvü Xudu Məmmədov, professor Aida İmanquliyeva, professor Cavad Heyət, filosof Bertran Rassel, filosof-tənqidçi Yaşar Qarayev, akademik Kamal Talıbzadə, akademik Fuad Qasımzadə, akademik Budaq Budaqov, akademik Ömər Eldarov, Xalq şairi Zalimxan Yaqub, akademik Nailə Vəlixanlı, professor Nurəddin Rzayev və professor Rafiq Qurbanov.

Mən oxucunun cavan nəslinə zəmanət verə bilmərəm, lakin Azərbaycanın orta və yaşlı nəslinə məxsus elə bir ziyalı tapmaq çətin olar ki, bu adamları - elm və ictimai xadimləri tanımamış olsun. Səlahəddin Xəlilov hələ bir neçə il əvvəl nəşr etdirdiyi bu kitabla həmin adamların yenidən xatırlanmasına bir cığır açmışdır. Mən kitabın nəşrindən ötən bu illərdə ara-sıra yeri düşəndə "Xatirələrdə davam edən dostluğ"un elmi mühitə nə verdiyini elmi mühitin mənə yaxın olan adamlarından soruşmuşam. Nizami Cəfərov, İzzət Rüstəmov, Rəbiyyət xanım, Könül Bünyadzadə, Şirməmməd Hüseynov (ruhu şad olsun)... kimi ziyalılar bu kitabın səhifələrində qərar tutan elm adamlarının böyük bir filosof tərəfindən yenidən ictimai mühitə çıxarılmasını, həm də necə ustalıqla təsvir edildiklərini müəllifə minnətdarlıq hissilə yada salırdılar. Və mən bu kitaba görkəmli ziyalıların münasibətinin illərin sınağında necə formalaşdığını görəndə bir daha anladım ki, kitabın müəllifi çox böyük maarifçilik işi görüb.

Səlahəddin müəllim öz ifadələrində çox dəqiq adamdır. Onun yuxarıda adlarını göstərdiyim dostlarının bəziləri Səlahəddin Xəlilovun dünyanı dərk etməyə başladığı illərdən xeyli əvvəl yaşamış və məncə, onların eləsi var ki, müəllif nəinki onlarla şəxsən ünsiyyətdə olmamış, hətta onları yaşadıqları dövrdə şəxsən görməmişdir. Bununla belə, S.Xəlilov onların hamısını özünə dost adlandırır. Buradakı "özünə" sözü çox şərtidir. Bu "özünə" sözünü "xalqa", "millətə", "Vətənə", "Azərbaycana" sözləri ilə əvəzləmək mümkündür. Həm də ona görə ki, Səlahəddin Xəlilov özü Vətən sevgisi, millət sevgisi daşıyan bir ziyalıdır, işıq adamıdır.

Bu işıq adamı haqqında danışdığım kitabın ilk sətirlərini əhatə edən ön sözdə və "İntellektual ünsiyyətin dostluq məqamı" sərlövhəli məqaləsində ümumiyyətlə dostluq sözünün semantikasının fəlsəfi anlamını açır və biz bu yazıdan sonra həmin məfhumun mahiyyəti üzərində yenidən düşünməli oluruq.

Bu məqalədə böyük filosof Şərqdə, Qərbdə dostluğun fəlsəfəsini təhlilə çəkir, bəzi məlum filosofların bu barədə fikirlərini misal gətirir, amma mən bütün səmimiyyətimlə deyirəm ki, dostluq haqqında onun öz fikiləri birbaşa postulat səviyyəsinə yüksəlir. Onun "dost-dosta tən gərək, tən olmasa gen gərək" kimi min illərin sınağından çıxmış atalar sözünə yeni və orijinal interpretasiyası, bu postulata yeni baxışı heyrət doğurmaya bilmir. Səlahəddin müəllimə görə "əlbəttə, bu ancaq eyniyyətdən, yaxınlıqdan irəli gələn münasibətlərə aiddir. Amma bu atalar sözü münasibətlərin ancaq bir formasını, növünü nəzərə alır. Yəni insanlar məhz fərqlərinə görə bir-birini tamamlaya bilirlər. Necə ki, məhəbbət iki cür olur, yəni yaxınlıqdan, eyniyyətdən doğan məhəbbətlə yanaşı, fərqdən doğan məhəbbət də vardır, eləcə də dostluğun iki əsas forması vardır. Fərqli adamla yoldaşlıq inkişaf üçün impuls verir. Yəni başqası sənin bilmədiklərini bilir, sənin edə bilmədiklərini edir və nəticədə iki adam birləşəndə daha çox şey bacarır, daha güclü olur". Yazıda belə dəqiq nəticələr çoxdur.

Ayrıca qeyd edim ki, S.Xəlilovun fikri, mövzunu dəqiq ifadə edən çox maraqlı sərlövhələri olur. Onun akademik Heydər Hüseynovun həyat və yaradıcılığına həsr etdiyi esse belə adlanır: "Müasiri olmadığım müasirim". Kalambursayağı bu sərlövhədə müəllif Azərbaycan naminə çalışmış böyük Heydər Hüseynovun yaşadığı dövrün yaşca müasiri olmadığını, amma onun fikirlərinin bu gün üçün də müasir səsləndiyini elə sərlövhədəcə ustalıqla ifadə etmişdir. Kimdir Heydər Hüseynov? Bu vacib suala cavabı müəllif elə ilk sətirlərdən verir:

"Sənət adamları və riyaziyyatçılar şöhrət çələngini tez geyinirlər. Müdriklik isə adətən ömrün yetkin çağında gəldiyindən fəlsəfədə gənc yaşlarından uğur qazanan insanları barmaqla saymaq olar. 31 yaşından (1939-cu il) başlayaraq Azərbaycanda fəlsəfə və ictimai-siyasi elmlərə rəhbərlik edən, 37 yaşında (1945-ci il) akademik olan, Azərbaycan Elmlər Akademiyasının əsasını qoyan və onun ilk vitse-prezidenti seçilən Heydər Hüseynovun hikmət çırağı, nə yaxşı ki, tez şölələndi və xalqımızın milli ideya tarixinin ən çətin bir dövrünə işıq saldı. Repressiyalardan sarsılmış Azərbaycan mlli məfkurəsinin yeni dövrün nəbzini tuta bilən yeni dühalara ehtiyacı var idi. Belə çətin bir məqamda milli şüurun tarım çəkilmiş və incəlmiş varislik körpüsünü dağılmaqdan xilas etmək üçün tale Azərbaycana Heydər Hüseynov şəxsiyyətini bəxş etdi".

Yaxın tarixdən bizə məlumdur ki, akademik Heydər Hüseynov sovet imperiyasının ideoloji repressiya faciələrini yaşamış bir alim, bir millət fədaisi olmuşdur. Lakin biz yaxın keçmişimizdən, olsa-olsa, tarixi faktın konstatasiyası səviyyəsində məlum olan bu faciənin fəlsəfi interpretasiyasını, fəlsəfi təhlilini Səlahəddin Xəlilovun bu məqaləsində daha aydın görürük. Və bu məqalənin belə bir cümləsi yazının mahiyyətini təşkil edir: "Böyük şəxsiyyətlərin faciəsi də böyük olur". Çünki belə şəxsiyyətlər bəzən öz faciələrindən çox millətin faciəsini yaşamalı olurlar. Heydər Hsüeynov bu faciəni yaşadı. Bəs millətin faciəsi nə zaman baş verir? S.Xəlilov öz məqaləsində Heydər Hüseynov fonunda millətin faciəsini belə təqdim edir:

"Millət özünüdərk səviyyəsinə qalxa bilmədikdə, milli hissiyyat rasional düşüncəyə və oradan ictimai-praktik fəaliyyətə yönəldilə bilmədikdə, ancaq ayrı-ayrı böyük şəxsiyyətlərin məfkurəsində yaşayan milli ruhun geniş ictimai təbəqələrə ötürülməsi və ictimai şüurun strukturunda qərarlaşması mümkün olmadıqda millətin faciəsi qaçılmazdır".

Əslində, S.Xəlilovun bu fəlsəfi ümumiləşdirməsi təkcə faciələrə düçar olmuş xalqların deyil, bu düçarlığa ehtimal məqamını yaşayan hər bir millət üçündür. Yaxın tariximizin Heydər Əliyevə qədərki məqamını xatırlamaq kifayətdir.

Böyük filosof belə bir dövrdə "sapı özümüzdən olan baltaların", təkcə imperiya qüvvələrinin deyil, hətta ermənilərin də bizə qarşı repressiyada iştirakının politoloji aspektlərini açmaqla bugünkü gəncliyi tarixin ibrət dərslərinə yönəldir. Əsərin bu məqamında belə bir politoloji postulat diqqəti cəlb edir:

"Moskva dura-dura Azərbaycanın öz rəhbərliyi repressiya təşəbbüsü ilə çıxış edirdi. Bu, faktdır və millətin faciəsidir. Bu faciə Hüseyn Cavidin "Topal Teymur" əsərinin finalında, Yusif Səmədoğlunun "Qətl günü" romanında şairin hökmdara müraciətində, Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" əsərinin sərlövhəyə çıxarılmış mənasında və onlarca bu cür əsərlərdə böyük sənətkarlıqla qələmə alınmışdır. "Sapı özümüzdən olan baltalar", "ağacı içindən yeyən qurdlar" haqqındakı fikirlər atalar sözlərinə, zərb-məsəllərə çevrilmişdir".

Ümumiyyətlə, müəllif "müasiri olmadığı müasirinin" həyatına ekskurs fonunda bütöv bir represiyya epoxasının bu günümüzə dərs olan mənzərəsini bizə təqdim edir. Müəllifin belə bir proqnozu və belə bir uzaqgörənliyi də birbaşa yeni nəslə ünvanlanır: "Düzdür, bu gün biz imperiya buxovlarından azad ikən milliliyimizi bərpa olunmuş zənn edirik. Lakin qlobal siyasətlər cildini dəyişir və hər zaman yeni formalarda ortaya çıxır. İmperiyadan xilas olub qloballaşma dalğalarının qoynuna atılan millətlər özünüdərk yolunda hələ çox faciələr yaşamalı olacaqlar. Lakin faciəni hələ faciə kimi qavramaq qabiliyyəti itməyibsə, buna şükür etmək lazımdır. O gündən qorxmaq lazımdır ki, millət öz düşdüyü vəziyyəti dəyərləndirə bilməsin, ondan feyziyab olsun və hər şeyi qırmızı rəngdə təsvir etsin. Milli daltoniklərin müalicəsi isə təəssüf ki, hələ tapılmayıb". Bu fikirlər əsərin birbaşa publisistik məqamıdır və belə bir proqnozun nəzərə alınması da aydın qüvvələrə - Azərbaycanın müstəqillik faktına etinasızlara ünvanlanır. S.Xəlilovun belə bir fikri də tamamilə yenidir və elmi dövriyyəyə çıxmalıdır. Onun fikrincə, bizim orta əsr filosoflarıız millilikdən daha çox ümumbəşərilik mövqeyindən çıxış edirdilər: "Buna görə də Heydər Hüseynov, bir tərəfdən, qədim dövrlərdən üzü bəri peşəkar Azərbaycan filosoflarının elmi-nəzəri irsinin, ölkəmizdə yayılmış və ictimai şüurda geniş iz buraxmış fəlsəfi cərəyanların üzə çıxarılması, tədqiq edilməsi və yeni nəslə çatdırılması istiqamətində görülən işlərin əsasını qoyur və bu işləri təşkilatlandırırdısa, digər tərəfdən, böyük şairlərimizin, yazıçılarımızın əsərlərini fəlsəfi fikir prizmasından keçirərək dəyərləndirmək, tarixçi, dilçi və ədəbiyyatşünas alimlərimizin, dövlət qulluğunda çalışan ziyalılarımızın fikirlərinin əsas fəlsəfi qayəsini və ideya yönümünü açmaq və bütün bu istiqamətlərdə hərtərəfli və sistemli tədqiqatlar aparılması üçün zəmin hazırlamaq missiyasını öz üzərinə götürmüşdü".

Və Heydər Hüseynovun titanik yaradıcılıq fəaliyyətini müəllif belə qiymətləndirir: "Heydər Hüseynov sadəcə bir tədqiqatçı deyildi. O, Azərbaycanda ümumən ictimai və humanitar elmlərin başında duran və onlara tematik, ideoloji və metodoloji yön verən bir şəxsiyyət idi. Azərbaycanda gələcək tədqiqatların istiqaməti və dərsliklərin məzmunu onun dünyagörüşündən, onun mövqeyindən çox asılı idi".

Belə bir millət və elm fədaisinin intihara pənah gətirməsini ürək ağrısı ilə qeyd edən müəllifin bu günümüzdən doğan optimizmi də oxucunu yeni uğurlara, optimist fəaliyyətə səsləyir: "Yaradıcılığının ən gur və səmərəli dövrünü yaşayan 42 yaşlı akademikin cismani intiharından yarım əsr keçdikdən sonra, artıq müstəqil Azərbaycanın milli özünüdərk axtarışlarında, hər hansı bir buxovdan azad şəkildə öz milli-fəlsəfi fikrinə yeni nəfəs vermək səylərində biz Heydər Hüseynov ruhunun oyanışını görürük".

Bəs Heydər Hüseynov nəyi qoyub getdi? Müəllif göstərir ki, repressiya çağının səngidiyi 50-ci illərdə onun sovet ideologiyasına xidmət etmək vədi olsaydı, yəqin ki, ona dəyib toxunmazdılar: "Lakin Heydər Hüseynovun filosofluğu da elə ondadır ki, o, cismani varlığının deyil, ruhani varlığının, əqidə və amalının yaşamasına üstünlük verdi. Elmi-fəlsəfi fəaliyyəti ilə, böyük yaradıcılıq əzmi ilə, millətə təmənnasız xidməti ilə əsl qəhrəmanlıq göstərmiş olan Heydər Hüseynov "şərəfli ölüm" və "şərəfsiz həyat" seçimində də böyük Sokratların tutduğu yolu davam etdirməklə qəhrəmanlığın daha bir nümunəsini gələcək nəsillərə ərməğan etdi".

Mənim qısa şəkildə ümumi məzmununu danışmaq istədiyim "Müasiri olmadığım müasirim" elmi-publisistik əsərin mahiyyətini daha dəqiq anlamaq üçün onu sakit və aydın bir məkanda oxumaq lazımdır.

Bir qəzet səhifəsinin mənim bu yazıma ayrılacaq yeri ölçüb-biçirəm və çox təəssüf edirəm ki, "Xatirələrdə davam edən dostluq" kitabındakı esselərin heç də hamısını təhlil edə bilmirəm. Amma kitabda elə şəxsiyyətlərin obrazları var ki, taleyin qismətilə onları mən də şəxsən tanıyıram və onlara aid yazıları təhlilə çəkməyə bilmirəm. "Öncə öz milətim üçün!" Bu esse Səlahəddin Xəlilovun öz müəllimi Xudu Məmmədov haqqındadır. Mən ömrümün bir sıra illərini, aylarını, günlərini Xudu Məmmədovun yanında olmuşam. Xudu müəllimin ən yaxın dostları - Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, Şahmar Əkbərzadə, Yaşar Qarayev kimi möhtəşəm bir doğmalıq qrupunda mənim də böyüyüm, əzizim və nəhayət, qardaşım Zeynal Məmmədov, hamının "Bala Marks" adlandırdığı bir Ağdam ziyalısı da var idi və mən, ən azı, bu xətlə həmin dostların əhatəsində tez-tez olurdum. İndi mən Səhaləddin Xəlilovun Xudu Məmmədova həsr etdiyi bu esseni oxuduqca bir tərəfdən o böyük elm adamının portret cizgilərinin nə qədər dəqiq təsvir edildiyinə, digər tərəfdən elm adamının, millət adamının həyatına fəlsəfi baxışın bütövlüyünə heyran qalmaya bilmirəm.

Səlahəddin Xəlilov Xudu Məmmədov obrazını belə bir fəlsəfi yanaşma ilə təqdim edir: "Hər bir alim iki koordinat sistemində dəyərləndirilə bilər. Bir - öz ixtisası üzrə dünya çapında, bir də bütün mənəvi-intellektual potensialı ilə öz xalqı, milləti üçün gördüyü işlərlə. Bir mütəxəssis kimi onun xidmətlərini dəyərləndirmək mənlik deyil. Ona görə də mən ancaq onun bir ziyalı, elmşünas, filosof kimi qısa səciyyəsini verməyə çalışacağam və xatirələrim də onun məhz bu istiqamətdəki fəaliyyətinin işıqlandırılmasına xidmət edəcəkdir".

Müəllif öz yazısının proqram xəritəsini belə müəyyənləşdirir və bu vədinə sona qədər sadiq qalır: "Xudu Məmmədov millətə, vətənə, doğma təbiətə bağlı adam idi. Təbiət vurğunluğu onun elmi yaradıcılığının da əsas ilhamverici amili idi. O, elmi tədqiqatla yanaşı, enerjisinin böyük bir qismini Azərbaycanda elmi-kütləvi fikrin yayılmasına, istedadlı gənclərin yaradıcı fəaliyyətə cəlb olunmasına, ictimai şüurun strukturunda elmi düşüncənin payının artmasına sərf edirdi. Azərbaycan televiziyasında uzun müddət aparıcısı olduğu "Elm və həyat" verilişi neçə-neçə gəncin elmə münasibətinin formalaşmasında böyük rol oynamaqla yanaşı, Azərbaycanda elmi-publisistik üslubun formalaşmasına böyük təsir göstərirdi".

Bu yerdə mən yenə Səlahəddin müəllimin fəlsəfi postulatlarına diqqət çəkmək istəyirəm. O, Xudu Məmmədovun dolğun portretini yaratmaq üçün elm və incəsənətin birgəlik və fərqli cəhətlərini sonda bir suala cavab üçün təhlilə çəkir: "İncəsənətin məqsədi insanın emosional-mənəvi dünyasını zənginləşdirmək, onu daha saf, daha təmiz etmək - onun mənəvi imkanlarını artırmaqdır. Elmin məqsədi isə insanın intellektual dünyasını zənginləşdirmək, onu daha məlumatlı, daha bilikli etmək və bu biliyin qüvvəyə çevrilməsi sayəsində onun maddi təsir imkanlarını artırmaqdır. Elm əhli olmaq, hələ kamal əhli olmaq deyil. Kamalın qələbəsi üçün yüksək elmi-texniki səviyyə ona uyğun gələn yüksək mənəvi-əxlaqi səviyyə ilə tamamlanmalıdır. Belə bir sual ortaya çıxır ki, Xudu Məmmədov - daha çox alim, müəllim, yoxsa ziyalı idi?"

Müəllifin bu suala cavabının əsasında Xudu Məmmədovun fəaliyyətində müəllimliyinin orijinal cəhətləri dayanır. S.Xəlilov onun tələbəsi olaraq (müstəqim mənada) həyatın özünü və üzünü ondan necə öyrəndiyini dilə gətirir. Onun müəllimi elmin və tədrisin sinxron formatında dərs deyən bir insan olub. Onun müəllimi öz yaradıcılıq fəaliyyətində təkcə birbaşa dərs dediyi real tələbələrinin deyil, bütövlükdə millətin mənəvi müəllimi səviyyəsinə yüksəlmişdir. Əsas məsələlərdən biri də budur ki, bu əsərdə müəllif Xudu Məmmədovun "Qoşa qanad" kimi fəlsəfi əsərlərinin mahiyyətini açır, alimin Azərbaycan gəncliyinə töhfələrini, Vətən sevgisini, obyektivliyini göstərir.

Səlahəddin Xəlilovun elmi yaradıcılığında Şərq və Qərb mövzusu ayrıca bir sahə təşkil edir. Onun bu sahədəki çoxsaylı elmi əsərləri içərisində təkcə elə "Şərq zehniyyəti: mənəviyyatın priortetliyi" adlı 32 çap vərəqi həcmində monoqrafiyasına bələd olmaq kifayətdir ki, filosofun Şərqə, Qərbə dair zəhmətinin titanik bəhrəsini görmək mümkün olsun.

Ümumiyyətlə, öz əsərlərində Şərq və Qərb düşüncələrinin oxşar və fərqli cəhətlərini, Şərqin qədim elmlərinin, humanitar düşüncələrinin Qərbə inteqrasiyası barədə maraqlı tədqiqatların müəllifi olan S.Xəlilov Azərbaycanın tanınmış şərqşünas alimi, professor Aida İmanquliyevaya həsr etdiyi "Şərq-Qərb Tədqiqat Mərkəzi hansı ideyalardan yarandı?" sərlövhəli əsəri ilə bu mövzunu tam müasir formatda oxucuya çatdırır.

Səlahəddin Xəlilov professor Aida İmanquliyevanın görkəmli bir şərqşünas alim kimi yaradıcığılına "Şərq və Qərb problematikası kontekstində romantik poeziya" adlı fundamental bir monoqrafiya həsr etmişdir. Bu kitabdakı məzmunca yüksək mahiyyət daşıyan həmin portret oçerki ilə müəllif Aida xanımın bu sahədəki böyük xidmətlərini ümumiləşdirərək bizə təqdim edir. Öz yaradıcılığında "Şərqdə və Qərbdə elmin inkişaf xüsusiyyətləri"ni əsas tematika seçən müəllif etiraf edir ki, onu bu sahəyə məhz Aida İmanquliyevanın Şərq-Qərb problematikasına bağlı əsərləri cəlb etmişdir. Əlbəttə, adını çəkdiyim məqalə, əsasən, Aida xanımın tövsiyəsi ilə meydana gələn "Şərq-Qərb Tədqiqat Mərkəzi"nin yaranması ilə bağlı olsa da, əsas obyekt görkəmli şərqşünas alimin bu ideyasından yaranan elmi təşəbbüslərinin reallaşmasıdır. Müəllif bu istiqamətlərin praktik tərəflərinin də hardan gəldiyini və hansı faktlarla reallaşdığını belə qeyd edir: "Azərbaycan müstəqillik qazandıqdan sonra, xalqımızın Ümummilli lideri Heydər Əliyev Şərq-Qərb münasibətlərinə böyük önəm vermiş və Azərbaycanın bu prosesdə fəal iştirakına, Avropa ilə Asiyada körpü rolu oynamasına nail olmuşdur. Öz çıxışlarında həmişə diqqəti Azərbaycanın Şərqlə Qərbin qovuşmasında oynadığı mühüm rola yönəldən Heydər Əliyev əslində, həm də bu qovuşma prosesini sürətləndirmək üçün həyata keçirilən bir sıra strateji layihələrin müəllifi idi ki, bunlardan təkcə ikisini: Böyük İpək Yolunun bərpası və Bakı-Tbilisi-Ceyhan layihələrini xatırlatmaq kifayətdir. İftixarla qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şərq və Qərb arasında həm Aida xanımın ideyalarına əsaslanan humanitar və mədəni-mənəvi vəhdət layihəsi, həm də böyük Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inteqrasiya və Avrasiya dəhlizi layihələri uğurla həyata keçirilməkdədir".

"Xatirələrdə davam edən dostluq..." kitabındakı şəxsiyyətlər barədə portret oçerklərin hansısa haqqında bəhs etməmək günah olardı. Lakin mən yenə də qəzet üçün nəzərdə tutduğum bu yazının həcm problemini nəzərə alıram. Amma neyləyim ki, hətta bu faktdan sonra da mən filosof-tənqidçi Yaşar Qarayev haqqında "Ədəbiyyatdan fəlsəfəyə" sərlövhəli bir yazıya da toxunmaya bilmirəm. Çünki Səlahəddin müəllimin filosof-tənqidçi kimi təhlil etdiyi Yaşar Qarayev mənim də yaxından tanıdığım və tanıdığım çağlardan bəri yaradıcılığını öyrənmək üçün izlədiyim bir alimdir. Onun elmi xarakterini, bədii sözə fəlsəfi yanaşmasını S.Xəlilovun öz qələmindən təqdim edirəm:

"Yaşar Qarayev nə yazıçı, nə də şairdir. O, hər şeydən əvvəl, fikir sahibidir. Lakin onun fikirləri bədii bir ahənglə ipə-sapa düzülür. Elmi fikir bədiiləşir. Yaşar Qarayev elm aləminin şairi, ədəbi-bədii aləmin alimidir. Onun təfəkkürü bədii duyumla rasional düşüncənin üzvi vəhdətindən yoğrulmuşdur. O, yəqin ki, hər iki istiqamətdə: həm elmi, həm bədii yaradıcılıq sahəsində uğur qazana bilərdi. Lakin Yaşar Qarayev intellektual poeziya nümunələri yaratmaq deyil, poeziyada intellektual məqamları araşdırmaq yolunu tutmuşdur. O, tədqiqat predmeti olaraq elmi deyil, ədəbiyyatı, sənəti seçmişdir. Lakin sənət dünyasının araşdırılmasına elmi rasional düşüncə potensialı ilə qatılmışdır".

Ədəbiyyatşünaslıq aləminin yaxşı tanıdığı Yaşar Qarayevin portret cizgiləri bu sətirlərdə dəqiq ifadə olunmuşdur. Həqiqətən də, Y.Qarayev bədii sözü, poeziyanı, nəsri, dramaturgiyanı elə səviyyədə təhlil etmişdir ki, onun elmi üslubundan, fəlsəfi düşüncələrindən, təhlili ümumiləşdirmələrindən heyrətə gəlməmək olmur.

Müəllif Y.Qarayev yaradıcılığını özünün elmi şəkildə müəyyənləşdirdiyi üç əsas istiqamətdən araşdırmağı təklif edir: birincisi, ədəbiyyatın infrastrukturu və funksiyaları, ikincisi, bədii ədəbiyyatmızın müxtəlif anlarında özünəməxsus bədii üsullarla ifadəsini tapmış ideyaların, fəlsəfi fikirlərin və konsepsiyaların üzə çıxarılması və onlara müasir elmi-fəlsəfi terminlərlə ikinci həyat verilməsi istiqamətində böyük işlər görür. Üçüncü istiqamət bilavasitə ədəbi tənqiddir. "Burda biz bədii əsərin məzmununun lokal miqyasdan çıxarılaraq daha böyük zaman və məkan kontekstinə salınmasının, konkret bir bədii nümunənin ucsuz-bucaqsız ədəbiyyat kəhkəşanında müqayisəli şəkildə nəzərdən keçirilməsinin şahidi oluruq. Digər tərəfdən, tədqiqatçı əsəri təhlil edərkən mahiyyət məqamlarını üzə çıxarmaqla, əslində, bilavasitə fəlsəfi mündəricə daşımayan sənət əsərlərinin də elmi-fəlsəfi təhlil obyektinə çevrilir. Üçüncü istiqamət isə onun ədəbi tənqid yaradıcılığıdır. Və bu üçüncü məqamda Səlahəddin müəllim özü də bədii ədəbiyyatın, ədəbi tənqidin mahiyyətinin dəqiq fəlsəfi anlamını verir..."

Haqqında bəhs etdiyim kitabda Azərbaycan ədəbi ictimaiyyətinin həm sağlığında, həm də bu gün çox hörmət etdiyi akademik Kamal Talıbzadə barədə də çox maraqlı və səmimi bir portret oçerk yer alıb. Bu portret oçerk həcmcə o qədər də böyük deyil. Habelə bu oçerk Kamal Talıbzadənin elmi fəaliyyəti barədə də deyil. Bu kiçik oçerk bu böyük humanist insanın bir neçə ömür anları ilə maraq doğurur. Müəllif çox arxayındır ki, müasirləri də, bu günümüzün ədəbi ictimaiyyəti də Kamal Talıbzadəni çox yaxından tanıyır. Ona görə də Səlahəddin müəllim üçün belə bir şəxsiyyətin aşağıdakı təqdimatı kifayət edir:

"Kamal Talıbzadə Azərbaycan ədəbiyyatşünaslığının ağsaqqallarından biri, milli ədəbi tənqid tariximizin salnaməsini yaradan görkəmli tədqiqatçı, Akademiyanın həqiqi üzvü, neçə-neçə orden və mükafatlarla təltif olunmuş şanlı, şöhrətli bir insan nə qədər məşhurlaşsa da, nə qədər xidmətlər göstərsə də, məlasəf çox vaxt başqa bir adın nüfuz və təsir dairəsindən çıxa bilmədi. Bütün istedadına və xidmətlərinə rəğmən, Kamal Talıbzadə milli məfkurəmizin yaddaşında ilk növbədə Abdulla Şaiqin oğlu və Şaiq ocağının məşəlini tutan davamçı kimi qalmaqdadır. Bunun səbəbi Abdulla Şaiq ulduzunun zaman keçdikcə daha çox parlaması və yaddaşlarda Azərbaycan ziyalılığının simvolu kimi möhkəmlənməsidir. Əslində, Kamal Talıbzadə heç özü də bu parlaq ulduzun kölgəsindən çıxmağa, onun nüfuzunun təsir dairəsindən kənarda özünə fərqli bir nüfuz hazırlamağa can atmırdı. Onun özünün də dönə-dönə dediyi kimi, ən böyük xidməti şəxsi tədqiqatlarından daha çox, Abdulla Şaiq ədəbi irsinin bir küll halında yeni nəsillərə çatdırılması, Şaiq ocağının ədəbi bir işıq mənbəyi kimi qorunub saxlanılmasından ibarət idi".

S.Xəlilov belə bir insanın xarakterindəki sadəliyi, təvazökarlığı, səmimiyyəti və nəhayət, heç də hər kəsə nəsib olmayan etiraf bacarığını özü də çox böyük səmimiyyətlə qələmə alır. Kamal Talıbzadənin maraqlı bir etirafını müəllif misal gətirir: "2000-ci ildə AMEA-ya seçkilər zamanı Kamal Talıbzadə humanitar bölmə üzrə hesablama komissiyasının sədri idi. Mən də seçkilərə qatılmışdım. Fəlsəfəyə ayrılmış yerlərdən ikisi tutuldu, biri isə boş qaldı. Sonradan məlum oldu ki, mən cəmi 13 səs toplamışam və AMEA-nın müxbir üzvü olmaq üçün bir səs çatışmamışdır. Kamal müəllim böyük təəssüflə danışırdı ki, hesablama komissiyasının üzvləri səsi sayanda səhv ediblərmiş. Ona məlumat vermişdilər ki, Səlahəddin cəmi 12 səs toplayıb, amma seçkilərdən sonra bir də sayanda 13 səs olduğu aşkarlanıb. Mən də dedim ki, Kamal müəllim, axı, nə fərqi var, əgər 14 səs toplanmayıbsa, 13 də elə 12-nin tayıdır. Yox, - dedi, - axı, yadımdan çıxıb, heç mən özüm deyəsən, səs verməmişdim, mənim səsimlə məsələ həll olunardı. Onun bu səmimi etirafı mənə o qədər xoş təsir bağışladı ki, əslində, mənim seçilməməyimdə həlledici rolu olmasına baxmayaraq, ondan heç ürəyimdə də inciyə bilmədim. Çünki bunları o, danışmaya da bilərdi".

Və Səlahəddin müəllimin bu oçerkinin son cümlələri: "Akademik Kamal Talıbzadə təkcə səmimiyyəti və sadəliyi ilə deyil, həm də ağsaqqallıq, qocamanlıq missiyası ilə seçilirdi. Ondan xeyli yaşlı olan adamların iştirak etdiyi məclislərdə də hamı məhz Kamal müəllimi böyük, ağsaqqal hesab edirdi. O, elə bil ki, keçən əsrdən, keçmişdən bizə yadigar idi. Zəmanə adamı deyildi. Əməllərində zamanla hesablaşmalı olsa da, qəlbən zamandan yüksəkdə dururdu".

Oxucu bu kitabdan onu da hiss edir ki, Səlahəddin Xəlilov elm öyrəndiyi adamları, elmindən faydalandığı alimləri həmişə səmimi minnətdarlıqla xatırlayır. Aida İmanquliyeva, Yaşar Qarayev, Asif Əfəndiyev portretlərindəki özüylə bağlı xatirələr buna tutarlı sübutdur.

Beləcə, "Xatirələrdə davam edən dostluq: şəxsiyyətlər, portretlər..." kitabında təqdim olunan hər bir elm adamı həm də ictimai xadim, millətinin inkişaf yoluna işıq saçan insan kimi təhlil sürgəcindən keçirilir və fəlsəfi düşüncənin aydın işığında yenidən müasirləşdirilir.

Cahangir MƏMMƏDLİ

BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

QHT və MEDİA

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...