CƏMİYYƏT

Yüz il bundan əvvəlin eyni məkanında

Bakı Dövlət Universiteti - 100

Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri davam edir. Oktyabrın 16-da belə bir tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirildi.

Bu tədbir bir çox istiqamətdən maraqlı oldu. Birincisi, bu tədbir Bakı Universitetinin 100 il bundan əvvəl yarandığı və ilk dərslərə başladığı tarixi binada - bugünkü Dövlət Pedaqoji Universitetinin yerləşdiyi məkandaydı. İkincisi, BDU əməkdaşlarının qonaq olduğu Pedaqoji Universitetin ilk iki ili Bakı Universitetinə bağlıdır. Bu Universitet Bakı Universitetinin ilk illərinin özəyi olan tarix-filologiya fakültəsinin əsasında - 1921-ci ildə təsis edilmişdir. Üçüncüsü, Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti ötən bir əsr ərzində daim bir-birinə dəstək və həyan olmuş, hər iki Universitet bir-biri üçün yüksək səviyyəli kadrlar hazırlamışdır.

Qonaqlar ADPU-nun geniş və vaxtilə klassik Universitet üslubunda inşa edilmiş dəhlizində maraqlı bir sürprizlə qarşılaşdılar: Bu geniş foyedə düzənlənmiş iki sıra uzun masanın üstündə yüzlərlə kitab, jurnal, toplu vardı. Məlum oldu ki, bütün bu çoxsaylı dərslik, dərs vəsaiti və monoqrafiyaların hamısının müəllifləri vaxtilə Bakı Dövlət Universitetini bitirmiş, bu gün ADPU-da fəaliyyət göstərən alimlərdir. Sərgi çox duyğulu bir məqam yaratmışdı. Və bu sərgi bir daha sübut edirdi ki, BDU və ADPU vaxtilə bir-birindən ayrılıb iki möhtəşəm təhsil ocağı yaratmış və bu gün eyni qayə, eyni məqsədlə mənsub olduqları xalqa xidmət göstərməkdədirlər.

Daha bir duyğulu an qonaqların qəbul olunduğu salonun aurası ilə bağlı oldu. Bu salonun baş tərəfində Ulu Öndərimiz Heydər Əliyevin ayaqüstü portreti o qədər canlı və o qədər ustalıqla nəqş edilmişdi ki, sanki bütün rəhbərliyi dövründə Azərbaycan təhsilini xüsusi diqqətdə saxlayan, müəllimliyi müqəddəs peşə adlandıran bu insan elə o salondaca, bizimlə birgəydi...

Bakı Dövlət Universitetinin qonaqlarını böyük məmnuniyyət və hörmətlə qarşılayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov özünün giriş sözündə və həm də çox duyğulu nitqində bu universitetlərin hər zaman bir-birinin yanında olmalarından, dəyirmi masada əyləşən çoxsaylı alim və pedaqoqların əksəriyyətinin BDU məzunu olmağından, elə özünün də həmin Universiteti bitirdiyindən böyük qürur hissilə bəhs etdi. O, Ümummilli liderimiz Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olması ilə fəxr etdiyini söylədi və həm də belə bir məzunun BDU-nu bitirməsindən hər kəsin qürur duyduğunu xüsusi vurğuladı.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə 100 illik yubileyini qeyd etdiyimiz ali təhsil müəssisələrini doğmalaşdıran tarixi faktlardan bəhs etdi, Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı və bu Sərəncamdan irəli gələn vəzifələrlə bağlı hansı tədbirlərin görüldüyü barədə söz açdı. Rektor Elçin Babayev Bakı Dövlət Universitetinin Azərbaycanın elmi, tədris, ictimai-siyasi həyatındakı yerini konkret faktlarla diqqətə çatdırdı və bu gün rəhbərlik etdiyi Universitetdə aparılan genişmiqyaslı islahatlar barədə danışdı. Bu islahatların hamısı Universitetin elmi və tədris prosesləri ilə bağlı olub, bu ali tədris ocağının dünya arenasında öz yerini daha da möhkəmlətməsinə şərait yaradacağını diqqətə çatdırıldı.

Görüşün - tədbirin aparıcısı - ADPU-nun rektoru Cəfər Cəfərov sözü əvvəlcə proqramda nəzərdə tutulan çıxışçılara verdi. ADPU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov özünün lakonik, lakin yüksək məzmunlu çıxışında Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında yüz ildən bəri davam edən elmi, pedaqoji, kadr hazırlığından bəhs etdi. Xüsusilə hər iki universitetin bir-birinə yüksək ixtisaslı kadrlar ötürməsinin tarixi və müasir faktlarını qürur hissilə qeyd etdi. Belə bir vacib məsələyə toxundu ki, dünyanın qabaqcıl universitetlərinin reytinqini onların həm də elmi çevrəyə verdiyi töhfələr müəyyən edir. Asəf Zamanovun bu fikri sonrakı çıxışlarda da öz əksini tapdı.

Bakı Dövlət Universiteti Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli BDU-dan qonaqların qəbul edildiyi bu salonu müqəddəs məkan adlandırdı və bunu belə bir fikirlə izah etdi ki, bu salon Bakı Universitetinin tədris həyatına qədəm qoyduğu tarixi günün - 1919-cu il noyabrın 15-i gününün müqəddəs xatirəsini bir məkan kimi indi də özündə yaşadır. Sonra Cahangir Məmmədli Bakı Universitetinin tarix boyu həmişə innovatif formatlara can atdığını, bu gün isə bu problemə daha əzmlə girişdiyini qeyd etdi, bu gün universitetdə elmi mühitin bir daha canlandığını dedi.

Sonra BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə Bakı Universitetinin həmişə tarix və müasirliyi sinxron fəaliyyətdə apardığını, bu universitetin ölkəyə xidmətini, xüsusilə bu təhsil müəssisəsinin məzunlarının kadr siyasətindəki yerini faktlarla nəzərə çatdırdı. O, Azərbaycanda elm və tədrisin bu günkü inkişaf səviyyəsini bu sahədə Əliyev məktəbinin nəticəsi kimi qiymətləndirdi.

ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov Bakı Dövlət Universitetinin yarandığı çətin tarixi şəraitin xronikasını xatırlatdı və bu tarixin dəqiq faktları ətrafında hər kəsin diqqətini çəkən maraqlı bir məruzə etdi. Sonra məlum oldu ki, BDU-nun və ADPU-nun keşməkeşli tarixi Fərrux Rüstəmovun təzəcə nəşr etdirdiyi sanballı bir kitabda öz əksini tapıb. Məruzəçi müəllif həmin kitabı BDU-nun rektoruna hədiyyə etdi.

Daha sonra sədr Cəfər müəllim çıxışlar üçün salona müraciət etdi. Hiss olunurdu ki, salonda toplaşan hər kəsin ürəyi sözlə doludur.

Professor Himalay Qasımov öz çıxışında hər iki universitetin elmi-pedaqoji gücündən bəhs etdi, hər iki universitetə öz sevgisini bildirdi, bu universitetlərin tarixən davam edən birgəliyinin həmişəyaşarı olmasını arzuladı. Fizika fakültəsinin dekanı, salonda həm də gənc kadrları təmsil edən Arzu Daşdəmirov Bakı Dövlət Universitetinə tələbə marağı və tələbə sevgisini dilə gətirdi.

Bu görüşdə hər kəsin dilində Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik məktəbi və bu məktəbin xalqa, Vətənə gətirdiyi inkişaf prosesinin real faktları səslənirdi.

Sonda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev səmimi qəbula görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinə təşəkkürünü bildirdi.

Cahangir MƏMMƏDLİ

BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-08 16:35:41

CƏMİYYƏT
Bayrağımız - milli qürur mənbəyimiz...
Bayrağımız - milli qürur mənbəyimiz...

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...